Məsuliyyətli peşə
sahibləri
Bildiyiniz kimi, 23 iyun həm
ölkəmizdə, həm
də dünyada dövlət qulluqçularının
peşə bayramı
günü kimi qeyd olunur. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasının tarixi
dövlət müstəqilliyimizin
əldə olunmasından
başlayır. Çünki
məhz 1991-ci ildə
öz dövlət müstəqilliyini yenidən
qazanan Azərbaycan Respublikası dövlət
qulluğu sahəsində
müasir inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Müstəqillik əldə edildikdən sonra Azərbaycanda yeni bir dövlət
qulluğu sistemi və dövlət qulluğunun həyata keçirilməsinin yeni prinsipləri formalaşmağa
başlamışdır. Lakin müstəqilliyin
ilk illərində yaşanan xaos, siyasi hərc-mərclik və qeyri-peşəkar dövlət idarəetməsi
bu sahədə ciddi bir irəliləyişə
nail olmağımıza
əngəl törətmiş,
eləcə də dövlət qulluğunun formalaşdırılmasının hüquqi bazası yaradılmamışdır.
Lakin ümummilli lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan
sonra respublikada əldə olunan ictimai-siyasi sabitlik və dayanıqlı iqtisadi təməllərin
atılması dövlət
qulluğunun da inkişafına səbəb
olmuş, dövlət
qulluğu sisteminin yaradılması yolunda önəmli addımlar atılmışdır.
Belə ki, ilk təşəbbüs olaraq Heydər Əliyevin səyləri nəticəsində hazırlanmış
1995-ci il Konstitusiyasını
göstərmək olar.
Sözügedən Konstitusiyanın
55-ci maddəsi Azərbaycan
vətəndaşlarının dövlət qulluğuna qəbulu, eləcə də dövlət qulluğunda iştirakı
ilə bağlı bir sıra məqamlara
toxunmuşdur.
Bundan
bir il sonra,
1996-cı ildə ulu öndərin imzaladığı
sərəncamla dövlət
qulluğunun normativ-hüquqi
bazasının formalaşmasının
başlanğıcı hesab
olunan hüquqi islahatlar komissiyasının
yaradılması Azərbaycan
Respublikasında dövlət
idarəçiliyinin müxtəlif
sahələrində inkişafının
əsasını qoymuşdur. Bu komissiyanın yaradılmasından
sonra dövlət qulluğu sahəsinin inkişafını şərtləndirən
səylər daha da sürətlə davam etdirilmişdir. Bunun əyani göstəricisi olaraq
1998-ci ilin dekabrında
Heydər Əliyevin
“AR-nin dövlət idarəetmə sistemində
islahatlar aparılması
üzrə dövlət
komissiyasının yaradılması
haqqında” imzaladığı
fərmanı misal göstərmək olar. Bu fərman əsasında 17
nəfərdən ibarət
olan xüsusi komissiya yaradılmış
və komissiyaya sədrliyi Heydər Əliyev öz üzərinə götürmüşdür.
Ölkəmizdə dövlət
qulluğu sistemində
zəruri islahatların
həyata keçirilməsinə
faktiki olaraq bu komissiyanın fəaliyyəti ilə başlanılmışdır.
Bildiyimiz
kimi, Heydər Əliyev Azərbaycanda dövlət qulluğunun təkmilləşdirilməsi prosesində
qanunvericilik bazasının
yaradılması məsələsinin
öncüllərindən biri
olmuşdur. 2003-cü ilə
qədər müvafiq
sahə ilə əlaqədar yaradılmış
bütün qanunvericilik
bazası demək olar ki, ancaq
onun adı ilə bağlı olmuşdur. Misal üçün 2000-ci ilin
iyul ayının 21-də
Heydər Əliyev tərəfindən təsdiq
edilmiş “Dövlət
qulluğu haqqında”
Azərbaycan Respublikasının
Qanunu Azərbaycan Respublikasında səmərəli
dövlət qulluğu
sisteminin formalaşması
prosesində xüsusi
yerə malikdir. Bu qanunla Azərbaycan
Respublikasının dövlət
qulluqçularının hüquqi
əsasları qəti
şəkildə müəyyənləşdirilmişdir.
Bununla yanaşı, sözügedən qanun dövlət qulluqçularının
hüquqi vəziyyətinə
də olduqca müsbət təsir göstərmişdir.
Heydər
Əliyev dövlət
qulluğunun inkişaf
etdirilməsi ilə əlaqədar olaraq həm Azərbaycan daxilində qanunvericilik bazasının yaradılması
ilə məşğul
olmuş, həm də analoji sahədə Avropa təcrübəsindən yararlanmaq
üçün xüsusi
diplomatik addımlar atmışdır. Bunun bariz nümunəsi olaraq, 2002-ci ilin mart ayında Azərbaycanda dövlət
qulluğu sahəsində
Avropa İttifaqı mütəxəssisləri tərəfindən
islahatların həyata
keçirilməsini nəzərdə
tutan “TACİS” layihəsi
fəaliyyətə başlamışdır.
Ulu öndər
Heydər Əliyevin siyasi xəttini davam etdirən onun layiqli davamçısı
İlham Əliyev də Azərbaycan Respublikasının Prezidenti
seçildikdən sonra
bu sahədə öz müvəffəqiyyətli
işlərini davam etdirmişdir. Cənab İlham Əliyev prezidentliyinin ilk illərində dövlət
qulluğunun inkişafı
naminə iki mühüm addım atmışdır. Birinci addımda
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 19
yanvar tarixli 180 nömrəli Fərmanı
ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
Qulluğu Məsələləri
üzrə Komissiya yaradılmış, bundan
iki il sonra
isə (31 may 2007-ci ildə) “Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilmişdir. Cənab İlham Əliyevin bu sahədəki ikinci mühüm addımı kimi qiymətləndirilən bu
qanunla birlikdə Azərbaycanda dövlət
qulluğu sahəsində
hüquqi mexanizmlər
konkretləşdirilmişdir.
Prezident İlham Əliyev Azərbaycanda dövlət
qulluqçularının vahid
kodeksinin yaradılması,
onun Avropa standartları səviyyəsinə
yüksəldilməsi məsələsinə
olduqca böyük əhəmiyyət vermişdir.
Belə ki, Nazirlər Kabinetinin 2009-cu
il martın 19-da qəbul etdiyi “Dövlət qulluqçularının
əlavə peşə
təhsilinin növü,
forması, müddəti
və maliyyə təminatı qaydaları”
buna əyani sübut göstərilə
bilər. Burada dövlət qulluqçularının
peşə təhsili
müəyyən kateqoriyalara
bölünmüşdür. Bu qaydalara əsasən, onlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Məhkəmə-Hüquq
Şurasının və
Azərbaycan Respublikası
İnsan Hüquqları
üzrə Müvəkkilinin
(Ombudsmanın) aparatlarında,
habelə 2-5-ci kateqoriya
dövlət orqanlarında
ali hüquq təhsili tələb
edən vəzifələrdə
qulluq keçən dövlət qulluqçuları
mütəmadi olaraq Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasında
peşə hazırlığına
və ixtisasının
artırılmasına cəlb
edilirlər. Bununla yanaşı, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyası
da dövlət qulluqçularının peşə
hazırlığının yüksəldilməsi baxımından
olduqca əhəmiyyətli
təhsil müəssisəsidir.
Bu qaydalar 2010-cu il yanvarın 1-dən etibarən qüvvədədir.
Eyni zamanda, Azərbaycan Respublikasında
dövlət qulluqçuları
ilə bağlı əsas problemlərdən
biri olan korrupsiya hallarının aradan qaldırılması
istiqamətində də
cənab Prezidentin xüsusi rolu olmuşdur. Bu baxımdan dövlət
orqanlarının fəaliyyətinin
müasir standartlara uyğun təkmilləşdirilməsi
məqsədilə 2007-2011-ci illərdə “Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya” icra edilmiş, bununla əlaqədar olaraq Açıq Hökumətin təşviqinə
dair 2012-2015-ci illər
üçün Milli
Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması, hesabatlılığın,
yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunmuşdur. Bu məsələ ilə əlaqədar olaraq bir məqama da toxunmaq yerinə
düşər ki, son aylar ərzində
Azərbaycanda dövlət
qulluqçuları arasında
yaramaz hallara rast gəlinmiş, Prezident cənab İlham Əliyevin operativ və qətiyyətli addımları
sayəsində bu cür nöqsanlara yol verən müxtəlif yüksək çinli məmurlar cəzalandırılmışdır.
Bu addımlar son dövrlərdə ölkə başçısının
dövlət qulluğu
sisteminin şəffaflaşdırılması
istiqamətində apardığı
islahatların bir hissəsi hesab oluna bilər.
Bununla yanaşı, cənab Prezidentin dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar üçün
yaratdığı şərait
də göz önündədir. Dövlət
qulluğuna qəbul prosesinin sadələşdirilməsi,
eləcə də bu prosesin şəffaflıq
prinsipi üzrə həyata keçirilməsi
xüsusilə vurğulanmalıdır.
Həmin
müstəvidə dövlət
qulluğuna qəbul prosesinin mərkəzləşdirilməsi
məqsədilə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
Qulluğu Məsələləri
üzrə Komissiyanın
hüquq və vəzifələri Azərbaycan
Respublikasının Dövlət
İmtahan Mərkəzinə həvalə olunmuşdur.
Ümumilikdə bu sahədə şəffaflıq
prinsipinin tətbiq olunması dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi, bu sahədə kadr siyasətinin inkişafı,
eləcə də müxtəlif modellərin
tətbiq edilməsinin
əsas açarıdır.
Bu baxımdan, dövlət qulluğu sisteminin inkişaf mexanizmlərinin yenilənməsi
və dövlət qulluğunun gələcək
perspektivlərinin qiymətləndirilməsi
də Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olan məsələlərdən
biridir. Belə ki, cənab İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli
Sərəncamı ilə
təsdiq edilmiş Azərbaycan Respublikasında
dövlət qulluğunun
inkişafına dair
2019-2025-ci illər üçün
nəzərdə tutulmuş
Strategiya xüsusi əhəmiyyətə malikdir.
Beləliklə,
ölkə rəhbərliyinin
qəbul etdiyi qanunların, həyata keçirdiyi ardıcıl
və davamlı islahatların nəticəsi
olaraq vətəndaşlar
tərəfindən Azərbaycanda
dövlət qulluğunun
dayanıqlı inkişafına
olan inam və etimad günü-gündən artmaqdadır.
Aytən MUSTAFAZADƏ,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor.
Respublika. - 2020.- 23 iyun.- S.5.