QƏLƏBƏNİN AZƏRBAYCANLI QƏHRƏMANLARI

 

II Dünya müharibəsinin başa çatmasından 75 il ötür. Bu gün də həmin dəhşətli günlərin xatirələri, itkinlərin nisgilləri qəlblərdə həyat hekayələri ilə yaddaşlarda yaşayır, onlar haqda ən kiçik xəbər belə hələ də böyük ümidin işıltısı kimi görünür. “Bəlkə sağdır?”, “Bəlkə haradasa, uzaq bir ölkədə özü də olmasa, təsəlli ola biləcək yadigarı var?” kimi suallar düşüncələrdə dolaşır. Böyük Vətən müharibəsinə Azərbaycandan 600 mindən çox insan qatılıb. Onların yarısı geri qayıtmayıb. Bu gün də vaxtilə SSRİ-yə daxil olan respublikalardan II Dünya müharibəsində itkin düşənlərlə bağlı xəbərlər gəlməkdədir. Azərbaycandan səfərbər olunaraq düşmənlə döyüşlərə göndərilən, lakin öldü-qaldısı bilinməyən insanlar əksər ailələrdə var. Ötən illərdə müharibə getmiş ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb.

 

 

İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. 1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. SSRİ xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi. Adolf Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!”. Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 1941-ci il iyunun 22-də SSRİ-yə qarşı müharibəyə başlamaq əmrini verdi və beləliklə, həmin gün faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci Dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli Vətən müharibəsinə çevrildi və ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Olenburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (“Edelveys” planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verilməli idi. Eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”.

Azərbaycanda II Dünya müharibəsinə 3,4 milyon əhalidən (1941-ci il) 600 mindən çox adam cəbhəyə göndərilmişdi (onlardan 10 mindən artığı qadınlar idi), 250 min Azərbaycan əsgəri həlak olmuşdu. Arxiv fondlarında 1941-1945-ci illərdə Qızıl ordu sıralarında çağırılanların sayı haqqında sənədli məlumatlar qorunub saxlanmaqdadır. Bəzi məlumatlara görə, müharibə illərində əsir düşənlərin 50 min nəfərini təkcə azərbaycanlılar təşkil edirdi (əsir düşən əsgər və zabitlərin ümumi sayı - 5 milyon nəfərdən çox idi). Əsir düşənlərin çoxu sonradan vətənə qayıtmadı. 400 mindən artıq azərbaycanlı hərbi orden və medallar ilə təltif olundu - 14 döyüşçü - “Şərəf” ordeni ilə, 123-ü isə - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanın ərazisində 87 batalyon, 1123 müdafiə dəstələri, 77- ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli piyada diviziyaları təşkil olunmuş və Qafqazdan Baltikyanı ölkələrə qədər, Şərqi Avropadan Berlinə qədər döyüş yolu keçmişlər.

Məlumdur ki, müharibə illərində əsasən Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təchiz edirdi. Bu dövrdə Bakıda neft hasilatı əvvəlki illərə nisbətən qat-qat artırılmışdı. Müharibənin birinci ilində Bakı şəhəri ölkəyə 23,5 milyon ton neft və 2,6 milyon kubmetr təbii qaz verdi. Bu, Bakı mədənlərinin xammal istehsalında o vaxta qədər göstərdiyi ən yüksək göstərici idi. 1942-ci ildə döyüşlər Qafqaz ərazisində getdiyi səbəbindən Bakıda neft quyularının yarısında hasilat müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar açılmadı. Bundan başqa, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz dəmiryolu və Volqa çayı ilə daşımaq mümkün deyildi, çünki bu kommunikasiyalar hərbi əməliyyatlar getdiyi ərazilərdən keçirdi. Tezliklə çıxış yolu tapıldı: neft məhsulları “yer anbarlarına” və Zığ, Masazır və başqa göllərə dolduruldu. Sonra onlar Xəzər dənizi ilə nəql olunurdu. Yüksəkkeyfiyətli xammal istehsal edən Bakı neftçilərinin və kimyaçı-alimlərin Yusif Məmmədəliyev başda olmaqla əsas səyləri aviasiya yanacağının və yüksək oktanlı benzinin, eləcə də sürtkü yağlarının alınmasına yönəldilmişdi. Müharibə illərində respublikada silah da istehsal olunub: təkcə Bakıda 130 növdən çox silah və döyüş sursatı istehsal olunurdu. Respublika vətəndaşları şəxsi əmanətlərindən müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 320 milyon manat pul vermiş, 125 vaqon isti paltar göndərilmişdilər. Arxivdə Azərbaycanın cəbhəyə köməyi, müdafiyə fondunun maddi gəliri haqqında sənədli materiallar mühafizə olunur. 440 mindən artıq yaralı müharibə illərində respublikada səyyar hərbi hospitallarından keçmişdir. Artıq müharibənin ilk günlərində 5 min çarpayılıq 5 hərbi hospital fəaliyyətə başlamışdı. Azərbaycanın şanlı oğulları partizan dəstələrində vuruşmaqla yanaşı, həm də Avropa ölkələri ərazisində Müqavimət hərəkatında iştirak etmişdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: “Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bugünkü gənc nəslə və gələcək nəsillərə nümunədir”. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilmişdi.

Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, bütün ölkə vətəndaşları ilə çiyin-çiyinə faşist ordusuna cəsarətlə müqavimət göstərmiş, əhalinin təhlükəsizliyini qorumuşlar. 1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Süleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leytenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri olmuşdur.

Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş və düşmənə ağır zərbələr endirmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş və nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərmişdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F. Səfərova Sofet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya “Simferopol diviziyası” fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqləndi.

416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusi ilə də komanda heyətinin 92 faizi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, “Taqanroq diviziyası” adına layiq görüldü. 1943-cü ilin iyulundan sonra diviziyaya general- mayor Heybət Heybətov komandanlıq etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi. Diviziyanın 1368-ci atıcı alayı “Qırmızı Bayraq” ordeni, 1054-cü topçu alayı “Suvorov” ordeni, 444-cü əlahiddə topçu divizionu “Boqdan Xmelnitski” ordeni, 348-ci əlahiddə sanitar batalyonu “Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdi. Diviziya Qafqazdan Berlinə kimi 2500 kilometr müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların istifadəsində olan çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi. 416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında iştirak etmişdir. Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı Berlinin müdafiə xəttini yararaq, aprelin 21-də şəhərin kənarına daxil oldu. May ayının 3-də marşal Georgi Jukov başda olmaqla birinci Belorusiya cəbhəsinin hərbi şurasının üzvləri, 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə yüksək qiymət vermişdilər. Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü “Qırmızı Bayraq” və “II dərəcəli Suvorov” ordeni ilə təltif edilmişdir, onun qələbələri şərəfinə Taqanroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində xatirə ansamblı yaradılmışdır, Taqanroqda, Kiyevdə, Nikolayev və Odessa şəhərlərində və Moskvada diviziyaya həsr olunmuş şöhrət muzeyləri təşkil edilmişdir.

Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və b. ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belorusiya torpaqlarında və Baltikyanı respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər.

1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti və Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. 1941-ci ildə müharibənin ilk dörd ayı ərzində respublikamızın süqutuna, xalqımızın sürgün edilməsinə iki dəfə cəhd edilmişdi. Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da, dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.

Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci Dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın İ tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”. Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən “Krasnaya zvezda” qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar”.

İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.

Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945- ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.

Ulu öndər Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda “Şərq- Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda nitqində demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə - Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

İndiki nəsil o qanlı-qadalı illərdə baş verən hadisələr barədə daha dolğun və obyektiv məlumat almağa ehtiyac duyur. Müharibənin başlıca yekunları və dərsləri problemini, Azərbaycan xalqının müharibələrdə iştirakı məsələsini açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. İkinci cahan müharibəsinin tarixinə müraciət etmək xüsusilə ona görə aktualdır ki, hazırda beynəlxalq vəziyyət daha da mürəkkəbləşmişdir, həm də dünyada elə qüvvələr var ki, alman faşizminin təcavüzünə bəraət qazandırmağa cəhd göstərirlər.

Onlardan biri də faşizmə qarşı müharibədə rəşadətlə vuruşmuş və öz canını Vətən uğrunda fəda etmiş Tovuzun Əlibəyli kəndinin sakini Qəribov Ənvər Qərib oğlu olmuşdur. O, 1918-ci ildə Tovuz rayonun Əlibəyli kəndində anadan olmuşdur. Gənc yaşlarında yaşadığı rayonda seçilən gənclərdən biri idi. Daim ürəyində Vətənə olan sevgisi ilə 1941-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ənvərin döyüş yolu Ukraynadan başlamışdır. Döyüşlərdə göstərdiyi şücaəti və bacarığı ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır. Onun cəbhədəki döyüş taleyinə əsirlik düşsə də, 1949-cu ilədək yaşaması haqda məktubları sübut etmişdir. Məlumdur ki, müharibədə alman ordusuna əsir düşüb, geri alınan sovet əsgərləri Stalinin göstərişi ilə Sibirə sürgün edilirdi. Müharibə başlayan kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali Baş Komandanı oldu. Ali Baş Komandanın Qərargahının 16 avqust 1941-ci il tarixli 270 saylı əmrində deyilirdi: “Döyüş zamanı üzərlərindən fərqlənmə nişanlarını çıxarmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı fərari hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış fərarilərin ailəsi kimi həbs edilsin”. Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə göndərilir, orada düşmən tərəfindən əməkdaşlığa cəlb olunub-olunmamaları yoxlanılır, bundan sonra bir qayda olaraq böyük əksəriyyəti yenidən orduya qaytarılırdılar. Müharibədən sonra alman həbs düşərgələrindən azad olmuş bütün sovet əsgərləri XDİK (NKVD)-in yoxlanışından keçirilirdilər. Onların bir hissəsi alman faşistləri ilə əməkdaşlıq etdiklərinə görə həbs və məhkum olunmuşdur. Bu amansız qərar minlərlə igid oğulların da Sibir “soyuqlarında” məhv olmasına gətirib çıxarmışdı.

II Dünya müharibəsindən xeyli zaman ötsə də, onun ağrı-acıları hələ yaddaşlardan silinməmişdir. Rusiya Müdafiə Nazirliyi Böyük Vətən müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsindəki arxiv məlumatlarından ibarət İnformasiya Məlumat Bankı - Elektron Arxiv yaradıb. Bu Elektron Arxiv Rusiya prezidentinin 23 aprel 2003- cü il sərəncamı ilə yaradılıb. Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Bunun üçün Rusiya Silahlı Qüvvələrinin hərbi-memorial Mərkəzi tərəfindən unikal informasiya axtarış sistemi təşkil edilib. Bu sistem dünyada unikallığı ilə tanınır.

Zaman-zaman müharibəyə getmiş digər ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb. II Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yer aşkarlanıb. Bundan başqa, Slovakiya ərazisində həlak olmuş, aldığı yaralardan dünyasını dəyişmiş və burada dəfn edilmiş 63 min 382 sovet hərbçisi arasında 281 azərbaycanlının olduğu müəyyənləşib. Lakin bu say çox azdır. Əsas çoxluq hələ də müəmmaya qarışıb. Artıq sərhədlər açılıb. Sovet rejimi çoxdandır tarixin arxivinə gömülüb. Müharibədə itkin düşmüş soydaşlarımızı axtarmaq üçün əl-qolumuz açılıb. Bu işə hazırda dayanmadan inkişafda olan texnologiya da böyük imkanlar yaradır. Bir də ki 75 il tarix üçün çox da böyük rəqəm deyil... Almaniya bu gün də 200 il əvvəl Azərbaycana köçmüş alman ailələri ilə maraqlanır, araşdırma aparır. Bizim isə II Dünya müharibəsində itkin düşmüş minlərlə soydaşımız haqda məlumatımız yoxdur. Axı günü bu gün də gözü yolda olan, atasının, qardaşının, həyat yoldaşının yolunu gözləyənlər var...

 

 

 

İlham MƏMMƏDOV,

elmi işçi.

 

Respublika.- 2020.- 24 iyun.- S.5;6