SÖZÜN QÜDRƏTİ
Publisistika ədəbi prosesdə yaradıcı təfəkkürün
kifayət qədər dinamik, sirayətedici və sosial-mədəni,
ictimai-siyasi düşüncənin formalaşmasında istiqamətverici
sahələrindən biridir. Cəmiyyətdə cərəyan
edən hadisə və proseslərə uyğun olaraq ən
müxtəlif baxışları, prinsipləri əks etdirən
publisistikanı təkcə bugünkü demokratiyanın
göstəricisi adlandırmaq düzgün olmaz. Söz yox ki, XX əsrdə Azərbaycan müstəqilliyini
bərpa edəndən sonra publisistika ictimai-mədəni
mühitə və sosial-siyasi həyata fəal müdaxilə
etməyə başladı. Lakin XIX əsrin
ortalarında M.F.Axundzadə ilə başlayan, N.B.Vəzirovla
davam edən və XX əsrin əvvəllərində
Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə,
Ü.Hacıbəyli, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ə.Qəmküsar,
M.Ə.Möcuz və digərləri tərəfindən davam
etdirilən publisistika milli özünüdərk prosesinin
güclənməsində mühüm rol
oynamışdır. Çarizmin xalqlar arasında milli ədavət
toxumu səpdiyi dövrdə qələmi ilə
xalqımızın milli-mənəvi dəyərlərinin
qorunması uğrunda fəal mübarizə aparan, elmin, mədəniyyətin
inkişafına, xalqın maariflənməsi işində
misilsiz xidmət göstərən Ömər Faiq Nemanzadə,
Məhəmmədağa Şaxtaxtlı, Məhəmməd
Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev və başqa
publisistlərimizin yaradıcılığı bu
günümüz üçün də çox aktual olaraq
qalır.
Ötən
əsrin 50-60-cı illərində Mirzə İbrahimov,
İlyas Əfəndiyev, İsa Hüseynov, Rəsul Rza, Həsən
Seyidbəli kimi qələm sahibləri həm bədii, həm
də publisistik əsərləri ilə Azərbaycanın
müstəqillik ideyasını, demokratik fikirləri ortaya
qoyurdular.
Jurnalistikanın ayrılmaz tərkib hissəsi sayılan
sənədli publisistika adından da göründüyü
kimi, faktların sənədli təsdiqinin yer
aldığı janrdır. Publisistikanın məqsədi
müraciət olunan mövzunu ətraflı tədqiq etmək,
onun haqqında kütləni düşündürərək
inandıracaq formada danışmaqdır.
Yazıçı-publisist, filologiya elmləri doktoru Elçin
Mehrəliyevin dediyi kimi: “Biz həyat axarının ahəngini,
dövrün nəbzinin döyüntüsünü ədəbi
yaradıcılığın digər növlərindən
daha çox publisistikada hiss edirik.” Bu gün Azərbaycanda xalq
yazıçıları Anar, Elçin, Elmira Axundova, akademiklərimizdən
İsa Həbibbəyli, Nizami Cəfərov, Rafael Hüseynov,
yazıçı-publisistlərimizdən Əli
İldırımoğlu, Hüseynbala Mirələmov, Mustafa
Çəmənli, İmamverdi İsmayılov və
başqalarının dövri mətbuatda dərc olunan
publisistik düşüncələri dünənimizə, bu
günümüzə və gələcəyə
baxış tərzinə görə, orijinallığı
ilə seçilib fərqlənir.
Bu qəbildən
publisistik əsərlər arasında ədəbiyyatşünas
alim, təcrübəli və bacarıqlı elm və təhsil
təşkilatçısı, nüfuzlu ictimai-siyasi xadim, dəyərli
ziyalı, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin üzvü,
partiyanın Qadınlar Şurasının sədri, filologiya
elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət”
ordenli professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan
naminə” adlı yeni kitabı da öz maraqlı məzmunu,
yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə
diqqəti cəlb edir. (Bakı, “Mütərcim”, 2019).
Xalqımızın ümummilli lideri Heydər
Əliyevin Azərbaycanda siyasi fəaliyyətə
başlamasının 50 illiyinə həsr olunmuş bu
kitabında Nurlana xanımın illərlə qələmə
aldığı publisistik məqalələri
toplanmışdır. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar
elm xadimi Nizami Cəfərovun kitaba yazdığı “Ulu
öndər Heydər Əliyevin zəngin fəaliyyətinə
fundamental elmi baxış” adlı ön sözdə
monoqrafiyanı geniş və hərtərəfli təhlil
edir, onun yüksək elmi-siyasi və bədii keyfiyyətlərini
əsaslandırır.
Nurlana xanım “Qüdrətli Azərbaycan naminə”
kitabında elə məqamları qabardır, aktuallaşdırır
ki, həmin məqamlar cəmiyyətin, zamanın diktəsini
və insanın şəxsi keyfiyyətinin, mübarizəsinin
özünəməxsusluğunu səciyyələndirə
bilir. Akademik Nizami Cəfərovun monoqrafiya
adlandırdığı bu kitaba daxil edilən məqalələr
mövzu etibarı ilə çox zəngin, çoxşaxəli
və çoxsahəlidir. Üç
bölmədən ibarət olan bu kitabda ölkənin ən
böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası, örnəyə çevrilmiş Azərbaycan
qadınlarının həyatı, fəaliyyəti,
Qarabağ həqiqətləri təhlil edilir. Azərbaycanın uğurlu siyasəti, xalqın
xoşbəxtliyi naminə töhfə vermiş şəxsiyyətlərin
fəaliyyəti haqqında söhbət açılır.
Oxucuya təqdim olunan istər tarixi, istər
siyasi, istərsə də milli mövzuda qələmə
alınan hər bir məqalə əslində həm də
böyük tədqiqat işidir. Çünki
bu məqalələr toplusundakı hər bir yazı daha
çox tarixi həqiqətə, fakta əsaslanır və
aydınlığı ilə seçilir.
Təxminən müəllifin 40-a yaxın
irili-xırdalı tədqiqat xarakterli bu publisistik məqalələrində
insanın keşməkeşli həyat yolu, daxili aləmi, Vətənə
məhəbbəti, cəmiyyətdə mövqeyi,
ictimai-siyasi mübarizəsi, qurub-yaratmaq eşqi və
başqa komponentlər başlıca yer tutur. Nurlana
xanım tarixi hadisələri, zamanın ruhunu, nəbzini
mövzu obyekti seçdiyi şəxsiyyətlərin
adında, fəaliyyətində, taleyində yüksək səviyyədə
tərənnüm edir. Kitabda oxucuya təqdim
olunan bədii, elmi düşüncələrində tarixi
faktoqrafiyaya meyllilik güclüdür. Şübhəsiz
ki, həm ədəbiyyatşünas alim, həm də
ictimai-siyası prosesdə fəal bir ziyalı mövqeyi olan
Nurlana Əliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin
“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
olduğu kimi qiymətləndirmək lazımdır” tövsiyəsini
qələm adam kimi diqqət mərkəzinə
saxlamışdır. Onu da qeyd edim ki, Nurlana xanım “Qüdrətli
Azərbaycan naminə” kitabını ulu öndər Heydər
Əliyevin Azərbaycanda siyasi fəaliyyətə
başlamasının 50 illiyinə həsr etsə də, bu
kitabda toplanmış monoqrafik oçerklərində, bədii
və elmi düşüncələrində, hətta
müsahibələrində belə Azərbaycanın bir əsrlik
tarixi görünür. Nurlana xanım siyasi
proseslərə, cəmiyyətdə baş verən hadisələrə
təkcə müəllif kimi deyil, həm də bir vətəndaş
mövqeyindən yanaşır. “XXI əsrin
lideri” bölməsində müəllif sanki “Sıravi vətəndaşın
arzuları” ilə oxucuları sorğu-sual edir. Əslində bu suallar müstəqillik
dövründə yol ayrıcında qalmış hər bir
müasir Azərbaycan ziyalısı üçün ibrət
məktəbidir.
Böyük
vətənpərvərlik hissinin aşılanmasına ehtiyac
duyulan müasir cəmiyyətimizdə “bədxah
çağırışların və səslərin
eşidilməz olmasını təmin” etməyin vacibliyini
vurğulayan müəllif dünya siyasətinə qatılmaq
üçün Azərbaycan müxalifətinin təcrübəsinin
yetərsiz olduğunu ətraflı təhlil edir, siyasi
zövq, siyasi mədəniyyət məsələsini önə
çəkir. “Bu adamların çoxu peşəsi və hər
hansı iş qabiliyyəti olmayandır... Peşəsi,
ixtisası olan adamların çoxu iş tapıb
çalışır. Bunun üçün
imkan var. Təəssüf ki, bizim müxalifləri bu imkanlar
maraqlandırmır. Onlar öz
zamanlarını gözləyirlər. Elə
bir zaman ki, Azərbaycan cəmiyyəti çaxnaşmaya
düşsün, böhran və başıpozuqluq
yaransın. Bir ovuc adam bunu
arzulayır. Öz xalqına belə gələcək
diləyənlərə nə ad vermək olar.”
Nurlana Əliyeva bu xüsusda daha sonra yazır: “Dünya bizə baxır! Qədim Odlar Yurdu dünyanın gözünə necə görünür? Bu sual məni həmişə düşündürüb və hər dəfə seçki keçiriləndə bu sual məni çox narahat edib. Düzdür, seçki bizim daxili işimizdir, lakin unutmaq olmaz ki, bizi bu dünyada həmin seçilmişlər təmsil edir. Onların fərasət və fəhminə, intellektual potensialına və digər məziyyətlərinə görə bizə qiymət verirlər.
Dünya bizə baxır! Həm də bu baxış birmənalı deyil. Onların arasında dost baxışı da var, düşmən nəzəri də. Hamı düşünür: “Baxaq görək öz müstəqilliklərindən bunlar necə istifadə edəcəklər?” (səh.17) Bu suallara müəllifin cavabları da məntiqli və düşündürücüdür. Çünki siyasət həm məsuliyyət, həm də uzun müddət hazırlıq tələb edən bir işdir. Xalq qarşısında cavabdehlik həlledici məqamlarda sözlə əməli işin üst-üstə düşməsidir. Müəllif yazır: “Bu gün kimin hansı siyasi mövqedə olmasından asılı olmayaraq, bizim Vətən, xalq və dövlət ünvanımız dəyişməzdir: bu Azərbaycandır. Onun taleyi, şərəfi, iqbalı üçün bizim hər birimiz eyni dərəcədə məsuliyyət daşımalıyıq. Bunu iqtidarda olan da bilməlidir, müxalifətdə olan da.”
“Kamillik və mənəviyyat zirvəsində” məqaləsində diqqəti çəkən əsas məqam XX əsrdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında öz tarixi izini qoymuş, şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın daxili aləminin zəngiliyi ilə zahiri gözəlliyinin parelel təqdimatıdır. Yazıcı-dramaturq İlyas Əfəndiyevin: “hər bir insanın tale yolu, yaradıcılıq qabiliyyəti onu əhatə edən mühitə, məkana və zamana bağlıdır” fikrinin işığında Nurlana Əliyeva oxucunun gözləri önündə həm cəfakeş elm xadiminin, həm də qayğıkeş ana və zərif bir qadının mənalı ömür yolunu canlandırır.
Bu geniş məzmunlu publisistika nümunəsində müəllif oxucunu hər bir əsəri, monoqrafiyası böyük maraq doğuran Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin üzvü, Azərbaycanda və bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunun yaradıcısı professor Aida İmanquliyeva ilə yanaşı, həm də milli mətbuat jurnalistikamızın patriarxlarından sayılan atası Nəsir müəllimdən, ocağına gəlin köçdüyü görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşeyevdən, ömür-gün yoldaşı akademik Arif Paşayevədən, övladları - ölkənin birinci xanımı Mehriban xanım Əliyeva və professor Nərgiz xanım Paşayevadan da söz açır.
Vaxtilə xalq şairi Bəxtiyar Vahabzadə Aida xanımdan bəhs edərkən belə fikir demişdir: “Onun qədim Misir mənşəli adı - Aida sonradan C.Verdinin eyniadlı operasında təsvir edilən məhəbbətə sədaqətli, eşqini hər cür mənafelərdən yüksək tutan safürəkli, fədakar qadın obrazına çevrilmişdi.”
Professor Nurlana Əliyeva da oxucuya kamillik və mənəviyyat zirvəsinə ucalan bu fədəkar qadının obrazını mükəmməl təqdim etmişdir.
“Gələcək barədə xoş arzu və düşüncələr insanları daha yaxşı çalışaraq daxili güc və imkanlarını, potensialını səfərbər etməyə sövq edir” - deyən müəllif “Gələcəyin inkişaf hədəfləri” başlıqlı yazıda Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən söz açır. “Gələcək naminə müdrik seçim”, “Lider əzmi xəyalları gerçəyə çevirir”, “Mədəniyyətlərarası dialoq məkanı” publisistik düşüncələri də dövlət başçısının Prezidentlik dövrünün uğurlarından bəhs olunur.
Nurlana xanımın özünün həm sənədli, həm də siyasi publisistikasında müraciət etdiyi hər mövzuda fundamental araşdırmalar ortaya qoyulmuşdur. Belə oxunaqlı yazılardan biri də “Analıq, Qadınlıq, Həkimlik mücəssəməsi” adlanır. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında publisistik düşüncələr böyük bir sənədli əsərin epizodları ilə zəngindir.
Müəllif məqalənin epiqrafını bədii-publisistik üslubla başlayır: “Dünya xəlq olunandan yer üzünə saysız-hesabsız insanlar gəlib-gedib. Sirrini sirdaşa verməyən dünya indi də, min illər boyu olduğu kimi, bir yandan boşalıb, bir yandan dolmaqdadır. Gələnlər tanrı payı olan ömrünü yaşayır. Gedənlərdən isə iz qalır. Böyüklərdən böyük, kiçiklərdən isə kiçik iz. Əlbəttə, söhbət bütün anaların öz övladlarını sevə-sevə oxşamalarından, qürur duymalarından deyil, əməllərin, arzuların aliliyindən və bütün bunların fövqündə duran, məhəbbətin böyük-kiçikliyindən gedir” (səh.46). Burada oxucu ədəbi janrlarında olduğu kimi, sənədli publisistikanın yaratdığı bədii-lirik xüsusiyyətlərin özünəməxsus tərəflərini görür. Bu da ilk növbədə müəllifin öz fərdi üslubunun göstəricisidir. Zərifə xanım Əliyeva haqqında Nurlana Əliyevanın publisist qələmindən çıxan düşüncələri öz dil-üslub, fərdi üslub tərzi və orijinallığı ilə seçilib fərqlənir: “Elə insanlar var ki, məhəbbəti ilə böyük bir nəsli, eli, obanı isidir və həyatdan köçəndə də el insanlar tərəfindən xatırlanır. Belə anımın ömrü bir qədər uzun olur - bir neçə nəsil boyu. Lakin elə insanlar da vardır ki, günəş timsallıdırlar. Ömürlərinin məhəbbət işığından həm yaxına, uzağa, doğmaya, yada, həm də bütövlükdə mənsub olduğu xalqa, hamımızın ümumi evi olan planetimizdə bizimlə eyni zaman kəsiyində yaşayan digər xalqlara, eləcə də gələcək nəsillərə işıq və hərarət payı verirlər. Təbii ki, belə insanlar min illər boyu olumdan-ölümə köç edən bəşər övladları arasında dərya-damla nisbətində olur. Bu baxımdan tale həmişə xalqımızın üzünə gülüb. Günəş timsallı insanları tarix boyu xalqımıza bol-bol bəxş etməsi ilə”...
Nurlana Əliyeva sənədli publisistika müstəvisində “qan yaddaşımıza ötəri bir nəzər” salır, “yaxın-uzaq tariximizdən bizə boylanan” Cavanşir, Babək, Qızıl Arslan, Nizami, Möminə xatun, Bəhmənyar, Tusi, Sara xatun, Nəsimi, Füzuli, Şah İsmayıl, Mirzə Fətəli, H.Z.Tağıyev, ulu öndər Heydər Əliyev və onlarca başqalarını təqdim edərək, sanki oxucusuna sual verir: “Məgər onların hər biri bir əsrdə Azərbaycanın üzərində doğan qüdrət, zəka, mənəviyyat, xeyirxahlıq, mübarizlik günəşi olmayıblarmı.” Maraqlı üslubdur, deyilmi? Əslində bu ritoriklik müəllifin toxunduğu mövzunu ictimailəşdirmək üçün istifadə etdiyi üslubunun sənətkarlıq xüsusiyyətinin göstəricisi olmaqla yanaşı, həm də bir ədəbiyyatşünas alimin düşüncəsini, dünyagörüşünü təyin edən məziyyətdir.
“XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri, xalqımızın böyük qızı Zərifə zanım Əliyevanı” yuxarıda adları sadalanan dahilərlə bir sırada götürən müəllif yazır: “1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövləti yolundakı fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur.”
Professor Nurlana Əliyeva bu yazısında çətin sınaqlardan çıxmış İNSAN sevgisindən, Zərifə xanımın analıq fenomenini, onun valideynlərinin, Əliyevlər ailəsinin sadə dolanışığını, elmi fəaliyyətini, böyük dövlət xadimi Heydər Əliyevlə ailə həyatı qurmasını çox oxunaqlı şəkildə, həm də xronikal ardıcıllıqla oxucuya təqdim edir. Müəllif ulu öndər Heydər Əliyevə həsr etdiyi “Zamanla mübarizənin qalibi” publisistik qeydlərində də bir-biri üçün yaranmış iki böyük İNSANIN saf sevgisindən bəhs edir: “Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, akademik Zərifə Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafı ilə bütöv nəsillərə örnək ola biləcək bir sevgi pritçası da yaratdı.” (səh.70-71), Peşəkar qələm sahibinin bu məqaləsində ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan uğrunda mübarizəsi, uzaqgörən daxili və xarici siyasəti, parlaq şəxsiyyəti, siyasi iradəsi, Vətən sevgisi haqqında həqiqətlər əksini tapır.
Kitaba daxil edilən “Böyük idealların xilası naminə” (səh.74) məqaləsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanının birinci xanımı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanır. Məqalədə “Xeyirxahlıq - sağlam həyat fəlsəfəsi”, “İrs-varislik ənənəsi”, “İtə ataram, yada satmaram...”, “Arzuların çin olduğu ünvan”, “Qadın hərəkatının önündə” yarımbaşlıqlardan istifadə edərək publisistik yazının məzmunun daha da zəngiləşdirmişdir.
“Xeyirxahlıq ilahəsi” adlanan ikinci bölməyə daxil edilən müsahibələr və sanballı məqalələr müxtəlif illəri əhatə etsə də, bu çağımızla səsləşir, anaya, qadına dərin sevgi, sabaha inam hissi aşılayır. Bu yazıları diqqətlə oxuyan hər kəs qeyd-şərtsiz özünü qadınlara borclu bilir! “Azərbaycan qadınları cəmiyyətin fəal və aparıcı qüvvəsidir” (səh.87), “Azərbaycan qadınının uğurlarının təməlində ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır” (müsahibə, səh.114), “Ölkə - ana ocağı” (səh.126), “Zərifə xanım nadir bir qadın idi” (müsahibə, səh.134), “İnsanlara nur bəxş edən şəxsiyyət” (səh.145), “Bəşəri missiya” (səh.161), “Zərifə xanım Əliyevanın həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam meyarıdır” (müsahibə, səh.191), “Dövlətimizin çiyindaşı” (səh.197), “Nur heykəli” (səh.276), “Zərif güclülərin tribunası” (səh.302), “Qadın, anaya münasibətin ən nadir nümunəsi məhz Azərbaycandır” (müsahibə, səh.334) kitaba daxil edilən mükəmməl QADIN, gözəl ANA, vəfalı HƏYAT yoldaş haqqında qadın qəlbindən və qələmindən süzülüb gələn könül nəğmələridir. Bəlkə elə Nurlana xanımın “Zəriflik” elmi-publisistik, ictimai-siyasi jurnalının baş redaktoru kimi fəaliyyətinə təkan verən belə könül nəğmələriridir?!. Qadın dünyasının sosial-siyasi, mənəvi-əxlaqi, intellektual və zəriflik-gözəllik kimi aktual problemlərinə güzgü tutan, milli mentalitetimizin qorunub saxlanılmasına xidmət edən bu mövzuların öhdəsindən yalnız yüksək istedad sahibi, dərin bilikli sənətkar gələ bilər.
Nurlana xanım yuxarıda adıçəkilən bu yazılarda eyni zamanda, qadın haqqı, gender mədəniyyətindən, təhsil islahatından bəhs edir. Özü də necə? “Koroğlu” dastanındakı Nigar, “Dədə Qorqud”dakı Burla Xatın, “Qaçaq Nəbi”dəki Həcər obrazları Azərbaycan qadınının hünərinə və qeyrətinə qoyulan abidələrdir. “Aslanın erkəyi, dişisi olmaz” məsəli də məhz Azərbaycan qadını haqqındadır. Biz onun zəhmətkeşliyinə və möhlətkeşliyinə öyrəşmişik, o qədər öyrəşmişik ki, bəzən buna qiymət də qoymuruq. Elat ailəsindən çıxmış bir adam kimi deyim ki, bu qədirbilməzliyin əsas səbəbkarı bəlkə də bizim qadınların özüdür. Bilmirəm, buna qüsur demək olar, ya yox. Amma bizim dağ dolanışığında ananın öhdəsinə düşənlər o qədər çoxdur ki, əmək bölgüsündə ədalətsizlik yaranır. Analarımız isə buna heç zaman ədalətsizlik kimi baxmayıblar, əksinə, bununla fəxr ediblər. Fitri bir fədakarlıq - ata, qardaş, övlad üçün hər şeydən keçmək - bizdə bir əxlaqi ideal olub.” (“Ölkə-ana ocağı”) Nurlana xanımın bu publisistik düşüncələrini oxuduqca düşünürsən ki, analar təkcə bizi dünyaya gətirməyib, nənələrimiz biz nəvələrinə şirin qoğal bişirdiyinə görə şirinləşməyib. Həm də Nurlana xanımın dediyi kimi: “Azərbaycan folkloru ən çox nənələrimizin mirasıdır, ocaq-elat mirasıdır. Çünki bərəkətlə yaddaş ayrılmazdır. Ocaq isə bərəkətin yuvasıdır... Ana dilimizin şəhdi-şirəsi nənələrin söhbətlərindən, xatirələrindən, həyat nağıllarından övladların, nəvələrin qan yaddaşına keçib.”
Müstəqillik illərini ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrü adlandıran müəllif bu dövrü ilk növbədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıyır və bu fəaliyyətin həm ölkəmizin daxilində, həm xaricdə qol-budaq atıb böydüyü, respublikanın beynəlxalq imicini, xalqımızın nəcib xarakterini, humanizmini tanıdıb, sevdirdiyini vurğulayır: “Onun öz şəxsiyyəti də Azərbaycan qadınlığının timsalıdır, onun qədim köklərinin və ən yaxşı keyfiyyətlərinin timsalıdır. Bu baxımdan Mehriban xanım Əliyevanın humanitar sahədə fəaliyyəti və layihələri ölkəmizdə yeni bir hərəkata çevrilmişdir. Bu hərəkatın əsas qüvvəsi də bizim qadınlarımızdır, gənc qızlarımızdır.” Səsi Parisin, Vaşinqtonun, Moskvanın, Romanın uca mədəniyyət tribunalarından gələn Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən yazı belə bir sonluqla bitirir: “Bəlkə də biz hiss etmədən Azərbaycan xalqının tarixində parlaq bir mərhələni yaşayırıq: bu XXI əsrdə Azərbaycanın yeniləşməsi dövrüdür, möcüzə kimi davam edən intibah dövrüdür. Bu yeniləşməni quranlardan biri də Azərbaycan qadınıdır, onun xoşbəxtlik və yaxşı həyat haqqında arzularıdır. Çünki ölkə də bir ocaqdır, ana ocağıdır. Ocağın bərəkəti və sevinci də anaların ürəklərindəki niyyətlərlə gəlir.”
Bu bölmədə “Məsuliyyət və məhəbbət” (səh.95), “Azərbaycanın müasir dünyada yeri” (səh 106), “Milli Qurtuluş Günü - millətin özünə inamın bərqərar olduğu gün” (səh.154). “Ali Baş Komandan və qələbəyə böyük inam” (səh. 171), “Heydər Əliyev və sürətli islahatlar strategiyası” (səh.182) “Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır” (səh.226), “XXI əsrin lideri” (səh.252), “Azərbaycan zirvəsi” (səh.263), “Müstəqilliyin banisi” (səh.292) və “Şəxsiyyət və zaman” adlanan üçüncü bölmədə eyni adlı məqalə (səh.342), “Əsrə bərabər gün” (səh.353), “Azərbaycan naminə 50 il” (səh.364), “Qarabağ həqiqətlərinə funtamental elmi baxış” (səh.378), “Anda sadiqlik” (səh. 395), “Heydər Əliyev ideyaları və XXI əsr” (səh.408) məqalələrində müstəqillik tariximizin çox mühüm dövrləri işıqlandırılır.
Nurlana xanımın yaradıcılığında publisistikanın imkanlar fərqli xüsusiyyətlərə malikdir. Tarixi qaynaqlara müraciət, zamanı müxtəlif baxış bucaqlarından öyrənmək, folklor nümunələrindən, atalar sözlərindən, böyük mütəfəkkirlərin aforizmlərindən yerli-yerində istifadə etmək və s. Nurlana Əliyeva publisistikasının ictimai təsir qüvvəsini daha da artırır.
“1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı günlərdə eşitdiyim və el arasında məşhur olan bir bəndlik şeir o vaxtdan bəri yaddaşıma həkk olunub:
Seyid gəldi, qırdı getdi,
İmam gəldi, vardı getdi,
Axund gəldi, baxdı getdi,
Ya, Əli səndən mədəd!
Bu yığcam el söyləməsində Azərbaycanın təxminən bir əsrlik tarixi, keçmişin əzabları, məyusluqları, gələcəklə bağlı gözləntilər öz əksini tapırdı. (“Azərbaycan naminə 50 il”, səh.366) Əgər tarixi yaşayan, onun əzab-əziyyətlərinə qatlaşan insanlardırsa, deməli, tarixi insan talelərindən kənarda təsəvvür edib, qələmə almaq mümkün olmaz. “Türk dünyasının lideri Heydər Əliyevin ideyaları işığında yaşanmış 50 ilin Azərbaycan xalqına bəxş etdiyi tarixi naliyyət” adlandıran müəllif ulu öndərin fəaliyyətini oxucusuna “Arzulardan gəlmiş lider”, “Xalq adamı”, “Ədalət carçısı”, “Əliqabarlı insanların dayağı” kimi təqdim edir, Heydər Əliyevin missiyasını “İlahi missiya” adlandırır: “Allahımız Azərbaycan xalqının bu igid övladını, təhlükələrdən həqiqiətən qoruyurdu. Qoruyurdu ki, o da öz xalqını, millətini, dövlətini qorusun, Azərbaycanın bugünkü və gələcək uğurlarına yol açsın...” Bu gün Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurların, qazandığı nailiyyətlərin təməlində məhz böyük siyasi xadim Heydər Əliyevin müdrik siyasəti dayanır.
Tarixi baxımından geniş əhatə dairəsi olduğu üçün kitabın mövzusu tutumludur və aktuallıq yönümdən oxucunun diqqəti cəlb edir. Real fakt və hadisələrə söykənən publisistik janrda yazılmış geniş məqalələrdə bu proses öz dolğun əskini tapmışdır. İctimai-siyasi araşdırmaların həm tarixi faktalar üzərində qurulması, həm də təhkiyənin xronikallığı, yarıməsrlik hadisələrin başvermə ardıcıllığının saxlanılması monoqrafiya müəllifinin tarixi prosesə yanaşma meyarını, elmi-filoloji, elmi-fəlsəfi dünyasını və elmi-əxlaqi keyfiyyətlərinin sabitliyini qiymətləndirməyə əsas verir. Yaxın-uzaq tarixi hadisələr fonunda həyatını Azərbaycanın xilasına və tərəqqisinə həsr edən dahi tarixi şəxsiyyətdən - ulu öndər Heydər Əliyevdən əxz olunmuş siyasət ustalığının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, yeni əsrin yeni lideri olaraq Azərbaycanı irəli aparması barədə konkret faktlar və mülahizələr bu gün vətandaşı olduğumuiz ölkə haqda bütöv təəssürat yaradır.
Son bölümdə müəllifin yaradıcılığında əsasən Heydər Əliyev - İlham Əliyev epoxasının dəyərləndirilməsi əsas yer tutur. Ümumiyyətlə, “Qüdrətli Azərbaycan naminə” kitabının hər üç bölməsinə daxil edilən məqalələr müxtəlif vaxtlarda, müxtəlif mövzularda yazılsa da, məna etibarı ilə bir vəhdətdə birləşir. İdeya bir amala, bir məqsədə əsaslanır. 458 səhifəlik kitabın ilk cümləsindən axıra kimi, publisistik təfəkkürün, düşüncənin təməlində güclü milli təəssübkeşlik hissi duyulur. İstedadlı müəllif kimi Nurlana xanım milli dövlətçilik və azərbaycançılıq mövqeyini tam ortaya qoyur. Başlıcası isə bu kitabda müəllifin ulu öndər Heydər Əliyevlə Azərbaycan Prezidenti İlham Əliyevə və onun xanımına böyük sevgisi ifadə olunur.
Eyni zamanda, bu kitabda dövrün ictimai - siyasi xadimlərinin, o cümlədən Akademik Zərifə Əliyeva, Azərbaycanın ilk şərqşünas alimi Aidə İmanquliyeva, partiya və dövlət xadimi Əziz Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fəaliyyətlərinə verilən dəyər, onların şəxsi keyfiyyətləri ilə bağlı canlı müşahidələr, zamanın tələbi ilə səsləşən ideyalar və s. millətin taleyinə cavabdehlik hissi ilə üzvi kontekstdə təqdim olunaraq sözün çəkisini, səmimiyyətini və təsirliliyini gücləndirir. Oxucu bir daha şahid olur ki, söz cəmiyyətdə insana verilən dəyərin ən dəqiq barometridir. Sözə “ehya verənlər” cərgəsində yazıb-yaradan professor Nurlana Əliyevanın bu kitabı Azərbaycan siyasi publisistikasının zənginləşməsinə və inkişafına böyük töhfəsidir.
Professor Nurlana Əliyevanın “Qudrətli Azərbaycan naminə” kitabını ulu öndər Heydər Əliyev irsinin və Azərbaycanın yarıməsrlik tarixinin öyrənilməsi sahəsində faydalı elmi mənbə kimi səciyyələndirmək olar. Nurlana xanımın bu kitabı haqqında qeydlərimi professor Nizaməddin Şəmsizadənin onun haqqında fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Həm ictimai-siyasi, həm ədəbi-tarixi hadisələrə qlobal meyarlarla yanaşma, milli təəssübkeşlik, dövlətçilik duyğusu, milli-mənəvi yaddaş üçün məsuliyyət, Azərbaycan qadınının taleyi üçün cavabdehlik hissi bir insan və ziyalı kimi Nurlana Əliyevaya xas nəcib xüsusiyyətlərdir. Bu gün onun ana olduğu ailədə beş alim yaşayıb-yaradır. Bu cəhətlər onun ictimai-mənəvi simasını müəyyənləşdirir, iş prinsiplərini təyin edir, əyarlarını formalaşdırır.”
Qoy bundan sonra da yaşının müdriklik çağında QÜDRƏTLİ AZƏRBAYCAN NAMİNƏ - Vətənimiz üçün, xalqımız üçün dilədiyi bütün arzuları həmişə çin olsun!..
Nurəddin MUĞANLI,
Yazıçı-publisist
Respublika.- 2020.- 24 iyun.- S.5;6