Münxen debatı: Azərbaycan və Xocalı həqiqətləri ilə erməni dezinformasiyasının tarixi ifşası

 

Prezident İlham Əliyev deyib ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, erməni dövləti var. “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

 

Ermənilərin azərbaycanlılara qarşı XIX əsrin əvvəllərindən XX əsrin sonlarına qədər törətdikləri qətliamların, terrorun, təxribatların zirvəsi olan Xocalı soyqırımından 28 il keçir. Törətdikləri amansız etnik təmizləməni, vəhşiliyi, ən qeyri-insani qəddarlığı azərbaycanlıların - zülmə məruz qoyduqlarının adına yazan və yayan, sonra da timsah kimi göz yaşı töküb özlərini “məzlum xalq” kimi tanıdan ermənilərin dezinformasiyası və saxta tarixi faktları bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan dövlət rəhbəri tərəfindən danılmaz dəlillərlə ifşa olundu.

Bir daha diqqətə çatdıraq ki, ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə törətdikləri Xocalı soyqırımının təməli 1813-1828-ci ildən Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalı və imperiyanın İran, Türkiyə və daha sonralar sovet dönəmində Yaxın Şərq ölkələrindən də ermənilərin ərazilərimizə köçürülməsi zamanından yaradılmışdı. Onlar tarix boyu yaşadıqları və qonşu ölkələrə ərazi iddiası ilə saxta tarix yaratmış, yalan kütləvi qırğınlara və sıxışdırmalara məruz qalma hadisələri uydurmuşlar. Özləri qətliamlar, təxribatlar törədərək zülmə məruz qoyduqlarının adına yazaraq dünyaya yayıb göz yaşları tökərək özlərini zülmə uğrayan xalq kimi tanıdıb yüzlərlə terror və təxribat təşkilatları təsis edib ən qəddar zorakılıqlarla etnik təmizləmələrə baş vurmuşlar. Xocalı soyqırımı onların törətdikləri son etnik təmizləmədir. Vurğulamaq lazımdır ki, qeyri-insani aksiyaların dünya birliyi tərəfindən lazımınca, nəinki ittiham, heç qınanmaması bu gün də ərazilərimizin işğalının davam etməsinə şərait yaradan amillərdən biridir. Bəs səbəb nədir ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsini bəzən ən qısa müddətdə icra edən aparıcı və fövqəldövlətlər işğalçı, soyqırımı müəllifi Ermənistana gözün üstə qaşın var demir, bütün beynəlxalq hüquq normalarına əsasən verilən qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda işğala ikili standartlarla yanaşırlar. Bu yanaşma isə Ermənistana geniş imkan verir, ədalətli həllə sədd çəkir. Məsələ ondadır ki, ermənilər əksər dövlətlərdə, beynəlxalq qurumlarda, bütün təşkilat, idarə, müəssisə və sairələrdə hər bir tərəfdə mövqe və kürsü tutub həmin qurumlarda vəzifələri yüksək səviyyədə icra edərək vacib kadr olur və bu vacibliyin özəyinə erməni mənafeyini yerləşdirirlər. Bütün proseslər də buradan başlayır. Böyük güclər və imperiyalar onlardan öz məqsədləri üçün həmişə istifadə etmişlər və bu gün də edirlər. Qeyd edək ki, Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasını məğlub etmək üçün erməni kartından bütün tərəflər istifadə etdilər. Ermənilərə özlərinin milli və dini iradələrini ifadə etmək üçün geniş şərait yaradılmışdı. Lakin onlar yüksək dövlət vəzifələrində təmsil olunmaq imkanı vermiş Osmanlı imperiyasına xəyanət etdilər və türk-müsəlman əhaliyə qarşı etnik təmizləmə və soyqırımını həyata keçirdilər. Nankorları dəstəkləyənlər isə fövqəldövlətlər idi. Ermənilərin məqsədi yerli əhalini kütləvi məhv etməklə demoqrafik üstünlüyə nail olmaq, mifik “Böyük Ermənistan”ı reallaşdırmaq, onları hərtərəfli dəstəkləyənlərin məqsədi isə burada yaranan qondarma dövlətin ərazisini Şərqə qarşı əməliyyat meydanına çevirib cənuba - isti sulara çıxmaq idi. Rusiyanın da həmin siyasi prosesdə məqsədi demək olar ki, eyni idi və Qərb dövlətlərindən fərq bu idi ki, ermənilərin sıx yaşadıqları Rusiya ilə həmsərhəd olan İran və Türkiyə ərazilərindən onları torpaqlarımıza köçürmək, kompaktlaşdırmaq, erməni dövləti yaratmaq, özlərinin nüfuz dairəsində olacaq bu süni dövlətdən - əməliyyat meydanından Hind okeanına çıxmaq strateji hədəfdə çox rahat idi. Və bu köçürmələr, etnik təmizləmələr SSRİ süqut edənədək baş vermişdir. Dəlil üçün tarixə səyahət edək. 1918-ci ildə ingilislərin yardımı ilə kapitalist Ermənistanı yaranır, 1917-ci ilin noyabrında Rusiyada sosialist inqilabı baş verən kimi, V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin edir. Bakıda Xalq Komissarları Sovetinə S.Şaumyan başçılıq edir. 1917-ci ilin 29 dekabrında Lenin 20 saylı dekret imzalayır. Proletar “dahisi” tarixdə mövcud olmamış “Türkiyə Ermənistanında” erməni dövlətinin yaranması üçün hər cür tədbir və yardım barədə göstəriş verir. Bu işi görmək baş komissar təyin olunmuş bolşevik libaslı daşnak S.Şaumyana həvalə edilir. Bu o zaman idi ki, ermənilər Türkiyədə çox dəhşətli qırğınlar törətmişdilər və bu davam edirdi. 1918-ci ilin yanvarında isə Cənubi Azərbaycanda Aysor Milli Şurası yaradılır. Məqsəd burada xristian dövləti yaratmaq idi. 30 minlik erməni-aysor birləşməsi hücuma keçərək 10 minlərlə günahsız azərbaycanlını qətlə yetirir. İstər ermənilərin, istərsə də müstəmləkə siyasəti yürüdən imperiyaların əllərində əsas bəhanə “xalqların öz müqəddəratını təyin etmək” ideyası olub. Bəzən deyirlər ki, tarix təkrar olur, əslində bu belə deyil, tarix davam edir; ermənilərə həmin fövqəldövlətlər İrəvan ərazisində Ermənistan yaradır, daha sonra SSRİ rəhbərliyinin inzibati-siyasi təzyiqi ilə Azərbaycanın digər əraziləri də bu süni dövlətə ilhaq edilir və Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan 114 min kvadratkilometr ərazi 86 minə qədər azalır. 1988-ci ildə isə dünyada baş verən qlobalizm prosesi başlayır. Bundan istifadə edən ermənilər SSRİ-də erməni diasporunun və lobbisinin dəstəyi ilə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsinə nail olurlar. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində separatizm hərəkatı başlayır və SSRİ-nin süqutundan sonra Rusiya Federasiyası zamanı Boris Yeltsinin dövründə də münaqişəyə ədalətsiz yanaşma nəticəsində nəinki DQ, hətta ərazilərimizdən 7 rayon da işğal altına düşür. Bu gün də aydındır ki, Ermənistana siyasi-hərbi dəstək olmasa idi, heç bir vaxt Azərbaycan torpaqlarını zəbt edə bilməzdi. Bütün beynəlxalq normaların pozulması ilə baş verən bu işğala ikili standartlarla yanaşma bu gün də davam edir. Göründüyü kimi, məhz bu supergüclərin siyasi mənafeləri zəminində ermənilər növbəti dəfə Xocalı soyqırımını reallaşdırıblar. Separatizm hərəkatı başlayan ilk vaxtlardan -1988-ci il avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalıya ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxarıb onların evlərini yandırdılar.

Bütün bu etnik təmizləmə prosesinin qarşısını almaq əvəzinə Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də SSRİ Konstitusiyasında müttəfiq respublika kimi təsbit olunmuş Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində azərbaycanlıların imperiya mərkəzindən ədalətli addım tələbinə qarşılıq Bakıda sovet ordusu 1990-cı ilin 20 yanvarında silahsız mülki əhaliyə qarşı qırğın törətdi. Bu qeyri-qanuni zorakılıq və ədalətsiz qəddar cəza vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxardı, erməni təcavüzü isə Moskvanın dəstəyi ilə çox geniş miqyas aldı.

Bu illərdə erməni terroru nəticəsində Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutlarında törədilən terrorda yüzlərlə günahsız azərbaycanlı həyatını itirdi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı, avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobusları erməni yaraqlıları tərəfindən atəşə tutuldu, 17 nəfər öldürüldü, 90 nəfər isə yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, talan edildi - etnik təmizləmə baş verdi. 1992-ci il fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu.

 

Erməni yaraqlılarının fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər uşaq, qadın, qoca əsir götürülmüş, 33 nəfər güllələnmişdir. Bu barbarlar öldürülən və yaralananları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla qətlə yetimişlər. Onlardan yalnız 50 nəfər böyük çətinliklə əsirlikdən azad edilmiş, 118 nəfəri müxtəlif işgəncələrdən aldıqları sağalmaz yaralar nəticəsində sonradan ölmüşdür. Qaradağlı kəndinə hücum zamanı 2 ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdır. Bu soyqırımı nəticəsində bu kənddə 91 nəfər - hər 10 nəfərdən biri qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, canlı qüvvələri ilə Xocalını mühasirəyə aldı. Onlar ən müasir silahlarla hücum edərək şəhəri yerlə-yeksan etdilər və insanları xüsusi qəddarlıqla qətlə yetirdilər. Onların içərisində beynəlxalq normalarla qadağan edilən üsullarla işğəncələr verilib öldürülən, başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər vandallıqlarla qətlə yetirilən çox idi. Bu soyqırımı nəticəsində, rəsmən 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmiş, 56 insan işgəncə ilə qətlə yetirilmiş, 27 ailənin yalnız 1 üzvü qalmış, 25 uşaq hər iki valideynini, 30 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirmişdir. 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır), 1275 insan əsir götürülmüşdür; 1165 insan girovluqdan azad edilmişdir, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Ermənilərin Xocalıda törətdikləri növbəti soyqırımı bəşər tarixində insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi sayılır və tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada durur. Ermənilərin törətdikləri bəşəri cinayətlərdən biri də milli-mədəni dəyərlərimizə qarşı törətdikləri vandalizmdir. Erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə dair həm xalqımız, həm də bəşəriyyət üçün nadir nümunə olan Xocalı-Gədəbəy mədəniyyətinin nümunələrini də dağıtmışlar.

İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeniy Nabokixinin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər. Xarici kütləvi informasiya vasitələri də ermənilərin malik olduğu hərbi sursat və texnikalar barədə materiallar, onların etnik təmizləmə üçün aldıqları xarici yardımlar vasitəsilə necə ciddi hazırlıq apardıqlarını aydın göstəriblər. Məsələn, Fransa nəşri “Valer aktuel” jurnalı 14 mart 1992-ci il sayında ermənilərin ən müasir texnikaları və muzdlu dəstələri haqqında məlumatında yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”. “Le Mond” qəzetində isə 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşiliklər haqqında deyilirdi: “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

Xocalılı şahidin gördüklərini İngiltərənin “The Sunday Times” qəzeti 1992-ci il 1 mart tarixli sayında belə təsvir edirdi: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Rusiyanın “İzvestiya” qəzeti 1992-ci il 13 mart tarixli sayında rus hərbçisinin bu məlumatı dərc olunmuşdur: “Mayor Leonid Kravets: mən təpənin üstündə 100-ə yaxın meyiti gözlərimlə gördüm. Bir oğlanın başı yox idi, hər yanda xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq və qoca meyiti görünürdü”. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında deyilir ki, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bundan əlavə, İngiltərənin “Financial Times” qəzeti 1992-ci il 14 mart tarixli sayında rus ordusunun tərkibində ermənilərin olması haqqında yazırdı: “General Polyakov bildirdi ki, 366-cı alaydan olan 103 erməni hərbi qulluqçusu Dağlıq Qarabağda qalmışdır”.

Xocalıda baş verənlər barədə belə təkzibolunmaz dəlillər və Azərbaycan həqiqətləri haqda tarixi və müasir sübutlar kifayət qədərdir. Lakin bütün bunlara rəğmən erməni dezinformasiyası bütün törətdiklərini zülm etdikləri və soyqırımına məruz qoyduqları xalqın - azərbaycanlıların adına yazıb dünyaya yayırlar, yayırlar ki, yeni soyqırımına təməl yaratsınlar. Məsələ ondadır ki, ermənilər uydurduqları öz yalanlarına erməni tarixi eqoizmi ilə də inanır, özlərinin heç bir vaxt olmamış mifik “böyük Ermənistan” dövlətini reallaşdırmaq üçün də hər cür qeyri-insani qəddarlıq və vəhşilik törədir, yerli əhalini məhv edib demoqrafik üstünlük yaratmaqla hədəflərinə çatmağa çalışırlar. Bu dezinformasiya əleyhinə Azərbaycan elmi tarixi və müasir dəlil və sübutlarla informatik hücuma keçib. Həqiqətlərin bu genişmiqyaslı yayımı öz nəticəsini artıq verir. İnformatik mübarizənin ən mühüm və beynəlxalq səmərəsi bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçiriləndə dünyanın gözü qarşısında təsdiq olundu. Bu debatda iki informatik tərəf üz-üzə idi. Azərbaycan həqiqətləri və erməni dezinformasiyası. Azərbaycan Prezidenti həqiqəti dünya qarşısında erməni saxta tarixi və dezinformasiyasının təmsilçisi Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısına qoydu. Təbii ki, dəqiq tarixi və müasir dəlil və sübutlar təkzibedilə bilməyən faktlar qarşısında Paşinyan aciz qalmalı idi və qaldı. Azərbaycan Prezidenti Ermənistan tərəfinin həmişə həqiqətlərlə qarşılaşmaq istəmədiyini - Ermənistanın əvvəlki prezidentləri R.Köçəryanın və S.Sarkisyanın qaçdıqlarını dünyaya bəyan etdi. O, bir daha vurğuladı ki, Qarabağ Azərbaycan torpağıdır və tarixə qısa ekskursiya edərək xanlığın Rusiya tərkibinə keçməsi tarixini - 1805-ci və 1918-ci ildə bu ərazinin Azərbaycan Xalq Cümhuriyyətinin olması, İrəvanın həmin ildə, daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan birinin İrəvanın (Yerevanın) Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı olduğunu bildirdi. Bu da, təkzibolunmaz tarixi faktdır. İlham Əliyev vurğulayıb ki, əgər siz kiməsə nəsə verirsinizsə, bu, o demək deyildir ki, həmin o nə isə sizə məxsus olub. Daha sonra qeyd edib ki, 1921-ci ildə bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bütün bunlar dünya qarşısında şokedici məntiqi real tarixi dəlillər idi. 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu, 1990-cı illərin əvvəlində isə bizim ərazimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, xalqımızın etnik təmizləməyə məruz qalması 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətməsi danılmaz faktlardır.

Paşinyan debata saxta tarix və milli eqoizm ideologiyası ilə gəlmişdi. O eramızdan əvvələ gedərək ermənilərə aid olmayan Böyük Tiqrana söykəndi və Azərbaycanda DQMV-nin yaranması tarixində də saxtakarlığa yol verməsi, vilayət barədə fərmanın Stalin tərəfindən dəyişdirilməsi, SSRİ süqut edərkən DQMV-nin də müstəqil qurum təki imperiyanın tərkibindən çıxması kimi tarixi təhrifləri əslində dünya qarşısında saxtakarlığın və yalanın əsl erməni xisləti ilə necə yaranmasının nümayişi, bir dövlət daxilində muxtariyyət haqqında beynəlxalq normalara da zidd idi. Paşinyan erməni xislətinin super yalan və böhtan icadçısı olduğunu bu ifadələrlə də nümayiş etdirdi: O dedi ki, Xocalıya gəlincə, 1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub. Azərbaycan Prezidenti və Ayaz Mütəllibov bu növbəti yalanı təkzib etdilər. Paşinyanın hədəfinin biri də Azərbaycanın beynəlxalq hüquq normaları əsasında hərbi yolla ərazi bütövlüyünün bərpasına mane olmaq istəyi olduğu da aydın oldu. Və bu siyasi fırıldaqçı buqələmun status-kvonun dəyişdirilməsi əleyhinədir, danışıqların az qala müddətsiz uzadılmasına çalışır və adını da miniinqilablarla qabağa getmək qoyur, Dağlıq Qarabağı da tərəf kimi qəbul etdirmək üçün danışıqlara “Ermənistan və Dağlıq Qarabağ buna hazırdır” deyir. Sülh danışıqlarından danışan Paşinyana Azərbaycan Prezidenti həqiqəti dəlillərlə təsdiq edən bu sualla cavab verdi: “Baş nazir indicə sülhdən danışdı. Yaxşı mən razılaşıram. Lakin onda bu, bu gün baş verənlə, təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?”.

Ermənistanın işğalçı olduğu hər ifadədə sübut olunurdu. İlham Əliyevin arqumentləri fakt və sübutlara əsaslanır və beynəlxalq normaların işləməsini tələb edirdi: “Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşada bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır”.

İndi isə Ermənistanın Paşinyanın simasında beynəlxalq hüquq normalarına və törətdikləri soyqırımı və etnik təmizləməyə münasibətinə diqqət edək: “İlk növbədə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı. Orada Ermənistan qoşunları sözü yoxdur. Orada “yerli erməni qüvvələri” yazılıb. Bu, o deməkdir ki, Dağlıq Qarabağ əhalisi özünümüdafiə üçün qüvvələr yaradıb, orada Ermənistan qoşunları yazılmayıb. Qurbanlara gəlincə. Bəli, bu, faciədir, bu, münaqişədir və bu münaqişə nəticəsində minlərlə adam, həm erməni, həm də azərbaycanlı həlak olub”. Əgər söz yerli ermənilərdən gedirsə bu separatizmdir və Ermənistan Azərbaycanın daxili işinə qarışa bilməz, lakin masada Ermənistan əyləşib, yəni münaqişə tərəfi iddiaçı məhz Ermənistandır!

BMT Təhlükəsizlik Şurasının ilk 822 saylı qətnaməsində çox aydın tələb olunur ki, Azərbaycanın zəbt edilmiş Kəlbəcər və digər ərazilərindən işğalçı qoşunlar qeyd-şərtsiz çıxarılsın. Bu da o deməkdir ki, istər Ermənistanın öz silahlı qüvvələri, istər muzdlular, istərsə də digər silahlılar torpaqlarımızı tərk etməlidirlər.

İşğal bütün beynəlxalq hüquq normalarının pozulması, təcavüzkarlıqla baş verib və müharibə qanunlarına əsasən mülki əhali heç bir zorakılığa məruz qalmalı deyil, lakin Paşinyan münaqişə zamanı qırğını istisna etmir, deməli o təsdiq edir ki, bu işğal bütünlüklə etnik təmizləmə və soyqırımı ilə baş verib. Xocalı soyqırımının şahidi nəinki yerli xocalılılar, hətta xarici jurnalistlərdir, bundan başqa, bu qətliamı 10 dövlətin parlamenti və ABŞ-ın 22 ştatı tanıyıb. Paşinyan isə müharibə şəraitidir deməklə bir daha Ermənistanın törətdiyi etnik təmizləməyə haqq qazandırmaq istəyir. Bundan başqa, az qala bütün dünyaya erməni gözü ilə baxan Paşinyan yenə də iddiasından qalmır, SSRİ dövründə yaradılmış Azərbaycanın Şaumyan (kənd) rayonunda 100 faiz erməni yaşadığını iddia edir, halbuki o dövrdə bu ərazidə 17 kənd var idi, onun 6-sını azərbaycanlılar təşkil edirdi və DQMV-nin ərazisinə daxil deyildi.

Prezidentimiz Paşinyanın debatda ermənilərin həmişə iddia etdikləri DQ ermənilərinin öz müqəddəratını təyin etməsi sözünə beynəlxalq normalara müvafiq məntiqli cavab verdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”. Ermənilər öz xislətlərinin məğlubiyyətini Paşinyanın hazırlıqsızlığı və səriştəsizliyi ilə bağlayırlar, deyirlər ki, Sumqayıt və Bakı qırğınlarını gərək masaya gətirəydi. Onu yada salmaq istəmirlər ki, bu iki iğtişaşı və zorakılıqları da törədən erməni terrorçuları və təxribatçılarıdır. Törətdikləri həmin vandalizm aktlarınınn təşkilatçılarının və iştirakçılarının özləri olduqları istintaqla sübut olunub. Beləliklə, bu istiqamətdə də onları ciddi məğlubiyyət gözləyirdi. Digər bir zərbə isə Paşinyanın oğlunun rəsmən Azərbaycan ərazisi olan Dağlıq Qarabağda əsgəri xidmətinin dünyaya könüllü kimi təqdim edilməsi idi.

Bir sözlə, Azərbaycan Prezidenti Ermənistanın işğalçı olduğunu, soyqırımı törətdiyini dünyanın qarşısında Paşinyanın simasında sübut etdi. Beləliklə, Münxen debatı dövlət başçısı səviyyəsində Azərbaycan və Xocalı həqiqətləri ilə erməni dezinformasiyasının tarixi ifşası idi.

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2020.- 1 mart.- S.1;4.