NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir...
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28 və 29
fevral tarixli saylarımızda)
Lakin fəqirlərin var-yoxunu acgözlüklə
çapıb-talayan, “boyunları albuxara torbasına
oxşayan” qeyrətsiz varlıları yola gətirmək
olardımı? Tələbələri
düşündürən də bu idi. Heç kəs,
hətta N.Nərimanov özü də Odessa şəhərinin
“ağrı çəkdiyini” hiss etmir, tətil və
nümayişlərin əsl tarixi mənasını başa
düşmürdü. O güman edirdi ki, xeyirxah varlılar
milli tərəqqiyə kömək edərlərsə, mədəni
yüksəlişə səbəb olar, beləliklə, xalq
xoşbəxtliyə, azadlığa qovuşmaq imkanı
qazanar. Məhz ona görə də, səxavətli
varlıları xeyirxah əməllərinə görə təqdir
etmək, bəzən onları mədəni tədbirlər həyata
keçirməyə təhrik etmək vacibdir. Onun Odessadan Bakıya göndərdiyi bir məktub bu
cəhətdən maraqlıdır. N.Nərimanov
yazırdı: “...Dəxi özümə borc bilib
Baxçasaraya və Simferopola studentlərin səyahətini
yazıram, yəni yanvar ayının 5-də səkkiz nəfər
student Baxçasarayda bulunduq. Şəhərin
mütəşəxxis adamları ilə tapışıb
bir-birimizin dərdindən və məqsədindən xəbərdar
olduq. ...Sonra Baxçasaray müəllimləri
hamını nahara dəvət edib böyük hörmətlər
etdilər. Yanvarın 7-də bunların
hörmətlərinin müqabilində biz dəxi
Baxçasarayda müsəlmanlar üçün teatr verdik, əhli
Baxçasaray studentlərdən razı qaldılar. Baxçasarayda olan müsəlman məktəblərinə
vardıq. Bu bir özgə halətdir! Göz gərək
həmin məktəbləri görüb bülbülə bənzər
tatar balalarına qulaq asa! Belə qeyrət, belə
fədakarlıq mən hələ görməmişəm.
Hansı məktəbə getdik, yeddi və səkkiz
sinnində tatar balaları orada türkcə yazırlar və
oxuyurlar. Bundan əlavə tarixdən və
coğrafiyadan və qeyri-dünyəvi elmlərdən verdikləri
cavablara insan təəccüb edir. Hərgah on il də belə getsə demək olur ki,
Baxçasaray məktəblərindən ən qeyrətli, ən
maarifli və məlumatlı müsəlman balaları
çıxıb millətin bəzəyi olsunlar!
Baxçasaray
məktəbləri və burada olan müəllimlər bir qeyri
aləmdir! Bu məktəblərdən Qafqazda hər şəhərdə
bir məktəb olsaydı, yəqin ki, bir az
tez zamanda Qafqaz müsəlmanları dəyişərdilər...
Göstərdiyimiz qayda və qanunu, məktəblərin
vəsf halını dil ilə və qələm ilə təhrirə
gətirmək mümkün deyildir. Bakı
məktəbdarlarından bir nəfəri Baxçasaraya
göndərib üsuli-cədidlə aşina olmağı və
məktəblərin proqrammasını bilməyi bu zəmanədə
vacib olan işlərdən biridir. Həmin
məktəbdar qız məktəbi ilə də aşina
olar. Baxçasarayda qız məktəbləri
çoxdur. Sağ və var olsun
Baxçasaray məktəbləri.
Yanvarın 12-də Baxçasaraydan Simferopola gedib orada dəxi
müsəlmanlar üçün teatr verdik. Simferopol fəalları
bizlərə böyük hörmətlər etdilər”.
Göründüyü
kimi, N.Nərimanov 1903-cü ilin yanvar tətilini Krımda
keçirmiş, tatar xalqının həyatı, məişəti
ilə yaxından tanış olmuşdur. Onu bir müəllim kimi hər yerdə məktəb
həyatı xüsusilə cəlb etmişdir. N.Nərimanov Baxçasaray məktəblərinə
həsəd aparmış, ürəkdən
inanmışdır ki, məktəblərdən Qafqaz şəhərlərində
olarsa qısa müddətdə “ən qeyrətli, ən maarifli
və məlumatlı” adamlar tərbiyə etmək olar.
N.Nərimanov bu məktubu yazmaqla “varlıların” nəzərinə
çatdırırdı ki, üsuli-cədid və məktəb
proqramını öyrənmək və yerlərdə tətbiq
etmək üçün Bakı məktəbdarlarından bir
nəfərini Baxçasaraya göndərsinlər. Bu, millətə
ən böyük xidmət olar.
N.Nərimanov öz məktubunda tələbə
yoldaşlarından ibarət kiçik bir teatr truppası
yaratdığını və Krımın şəhərlərində
tamaşalar göstərdiyini də xəbər verirdi. Lakin nədənsə
həvəskar teatr truppasının repertuarını qeyd
etmir. Bu barədə Baxçasarayda
çıxan “Tərcüman” qəzetində maraqlı məlumat
dərc olunmuşdur. Qəzet 1903-cü il 15 yanvar tarixli
nömrəsində, “Qafqazlılar Krımda” sərlövhəli
məqaləsində Novorossiysk Universitetinin yetirmələri
olan bir dəstə qafqazlı tələbənin
Baxçasaray və Simferopolda V.Mədətovun
“Qırt-qırt”, N.Nərimanovun “Nadanlıq” pyeslərini
tamaşaya qoyduqlarını bildirir. Simferopol polismeysteri
“Nadanlıq” komediyasının tamaşasına icazə vermədiyindən
müəllif 1900-cü il yanvar
ayının 9-da Tiflisə, Qafqaz Senzura Komitəsinin baş
senzoru A.O.Kişmişova teleqram vurmuş, əsərin
tamaşasına icazə verilməsi barədə məlumat
göndərməyi xahiş etmişdir. Həmin
günün ertəsi Qafqaz Senzura Komitəsi Simferopol
polismeysterinə teleqramla bildirmişdir ki, N.Nərimanovun
“Nadanlıq” pyesinin tamaşaya qoyulmasına icazə
verilmişdir.
“Tərcüman” yazır ki, tamaşalara müsəlmanlarla
birlikdə çoxlu rus və erməni də böyük həvəslə
baxmışdır. Gənclər qafqazlı tələbələrə
ziyafət vermişlər.
Rusiyada zəhmətkeş kütlələrin həyat tərzi,
əməl və mübarizəsi ilə tanışlıq
N.Nərimanovun dünyagörüşünə təsirsiz
qalmırdı. O görürdü ki, hər yerdə mütləqiyyətə
qarşı dərin nifrət və etiraz son həddə
çatıbdır. Tətillər və
nümayişlər cənub şəhərində adi hal idi.
Bu gərgin siyasi-ictimai vəziyyət qüdrətli
bir tufan qopacağını göstərirdi.
N.Nərimanovun Odessaya gəlişinin birinci ilində -
1903-cü ilin yayında xalq hərəkatı geniş vüsət
almışdı. Tətil dalğası bütün şəhəri
bürümüşdü. Hər yerdə
fəhlələr işi dayandırmışdılar. Ümumxalq etirazı açıq-aşkar siyasi
xarakter almışdı. Kütlələr
küçələrdən axın-axın keçir,
“Marselyoza”, “Dubinuşka” siyasi mahnılarını oxuyurdular.
Bu əzəmətli xalq hərəkatına
RSDFP Odessa Şəhər Komitəsi rəhbərlik edirdi.
Onun hər gün yaydığı intibahnamələrdə,
divarlara vurulan “İskra” qəzetində əməkhaqqını
artırmaq, mətbuat və söz azadlığı, 8
saatlıq iş günü tələb olunurdu. Hər
intibahnamə bu şüarlarla bitirdi: “Yaşasın inqilab və
azadlıq!”, “Yaşasın 8 saatlıq iş günü!”, “Rədd
olsun mütləqiyyət!”. Bunlar
fəhlələri həmrəyliyə, mütəşəkkilliyə
səfərbər edirdi. 1903-cü ilin
axırlarında RSDFP Odessa Şəhər Komitəsi Dyukovski
bağında əzəmətli mitinq təşkil etmişdi.
N.Nərimanov sosial-demokratların hərarətli,
inamlı çıxışlarında xalqın xoşbəxt
gələcəyinə dərin inam duyurdu, intibahnamələr
isə onda mübarizə əhvali-ruhiyyəsi oyadır, onu
düşündürürdü. Belə
bir vaxtda ürəyi odlu qafqazlı tələbələr
inqilabi qüvvələrə qoşulmaya bilməzdilər.
Çünki gizli inqilabi vərəqələrin
çar monarxiyasına qarşı cəsarətli
ittihamı, üsyankar məzmunu onların coşqun gənclik
əhvali-ruhiyyəsi ilə həmahəng idi. Əldən-ələ keçən gizli siyasi ədəbiyyat
N.Nərimanovun gözləri önündə yeni aləm
açırdı. Beləliklə, o,
inqilabi hərəkata qoşulur, çox çəkmir ki, tələbə
dərnəklərinin gizli təşkilatçı rəhbərlərindən
biri olur.
Məşhur rus aktyoru M.S.Şepkinin nəvəsi prof.
Yevgeni Nikolayeviç Şepkin N.Nərimanovla tez-tez “Kaxetiya”
adlı tələbə yeməkxanasında
yığıncaqlar keçirərdi. Qocaman inqilabçı
V.Elts gurultulu, səs-küylü keçən tələbə
yığıncaqlarını sonralar xatırlayaraq
yazırdı: “N.Nərimanov ciddi, düşüncəli
görkəmi, həddən artıq sakit davranışı
ilə insanı heyrətə gətirərdi. Əslində
bu sakitliyin arxasında əsrlərcə zülm altında
qalan xalqların bütün qəzəb odu ilə yanan bir
inqilabçı ürəyi gizlənir və
döyünürdü”.
Siyasi dərnəklərdə
N.Nərimanovla əlbir işləyən tələbə
dostu A.İ.Kobozyev təxminən iyirmi ildən sonra
yazmışdı: “Nərimanov yoldaş indiki kimi
yadımdadır. O, səmimi, həssas, son dərəcə təvazökar,
öz mənəvi, ülvi keyfiyyətlərinə görə
nadir adam idi, azadfikirli, öz ideyalarına,
öz böyük işinə möhkəm sadiq olan bir insan
idi.
N.Nərimanov inqilabi hərəkatın ümumi mənzərəsini
aydın təsəvvür edirdi. Bu onu fərəhləndirir,
onun mübarizə cəhdlərinə qol-qanad verirdi. O,
Odessa fəhlələri arasında inqilabi təbliğat
aparmaq üçün limandakı “Volnorez”
(“Dalğaqıran”) adlanan ucuz fəhlə yeməkxanasına
tez-tez gedirdi. Burada hər bazar günləri
teatr tamaşası olurdu. N.Nərimanov həvəskar
rus aktyorları ilə yaxınlıq edir, onlara klassik rus
yazıçılarının əsərlərini
tamaşaya qoymaqda köməyini əsirgəmir, hətta bəzən
suflyor olurdu.
N.Nərimanov liman fəhlələri arasında siyasi təbliğat
apardığı dövrdə çoxlu inqilabi ədəbiyyat
oxumalı olurdu ki, bu da onun həyata baxışında müəyyən
təbəddülat yaradırdı.
1903-cü ilin noyabr ayında bütün Rusiya
imperiyasını bürüyən fəhlə hərəkatı
Odessa şəhərində də öz əks-sədasını
tapmışdı. Hər yerdə ümumxalq nümayişləri
dəniz kimi təlatümə gəlmişdi. Novorossiysk İmperator Universitetinin tələbələri
əllərində qırmızı bayraq fəhlələrlə
həmrəy olduqlarını bildirirdilər.
N.Nərimanov
1903-cü il noyabr ayının 17-də
qadağan olunmuş tələbə toplanışında fəal
iştirak etdi və bu çar xəfiyyələrinin nəzərindən
yayınmadı. Bundan sonra inqilabçı tələbə
daha ehtiyatlı olmağa çalışdı. Rusiya imperiyasının tələbə gəncliyi
inqilabi mübarizə əhvali-ruhiyyəsi ilə
yaşayırdı. Peterburq, Moskva və
digər şəhərlərdə olduğu kimi, Odessada da tələbə
çıxışlarının ardı-arası kəsilmirdi.
Çar polisi kütləvi həbslə etiraz və
həyəcanları yatıracağına ümid bəsləyirdi.
Lakin Novorossiysk Universitetinin təşkilat komitəsi
tez-tez vərəqələr yayır, hamını möhkəm
bir cəbhədə yekdil çıxış etməyə
çağırırdı. 1904-cü il
martın 1-də “Tələbələrə” adlı vərəqəsində
komitə yazırdı: “Yoldaşlar! Bütün Rusiya vətəndaşlarını
çar hökumətinin törətdiyi mənfur, cinayətkar
müharibəyə qəti etiraz etməyə
çağıran Odessa tələbələri öz səslərini
ucaltmağa məhz hazır olduqları bir anda Rusiya
camaatına onun üzərindən heç vaxt əskik olmayan
polis-mütləqiyyət özbaşınalığı dəyənəyinin
zərbəsi endirildi - yüzlərlə yaxşı
yoldaşımız sıralarımızdan qoparıldı,
jandarm zindanına çevrilmiş universitetdən qovuldu, mənfur
həbsxanaların küncünə atıldı, dustaq evlərinə,
polis məntəqələrinə salındı”. Bu çətinliklərə baxmayaraq, mübarizə
inadla davam edirdi. Tələbələr
mütləqiyyətə, müharibəyə, əsarətə
və zülmə qarşı etiraz nümayişlərinə
çıxırdılar. Novorossiysk Universitetinin təşkilat
komitəsinin müraciətində deyilirdi: “Odessa tələbələrinin
hərəkata başlaması xəbəri böyük
Rusiyanın hər yerinə yayılır, ağlı kəsən
adamların hamısına bu yaxınlarda olmuş tələbə
nümayişlərinin əsl mahiyyətini göstərir, hər
yerdə ictimai əhvali-ruhiyyənin müəyyənləşməsinə
kömək edir, xalq kütlələrini qəzəbli,
mübariz etiraz səslərini ucaltmağa
çağırır, onları cinayətkar və müqəssir
olan Rusiya mütləqiyyətinə qarşı amansız
mübarizəyə qaldırır”.
Novorossiysk Universitetinin rektoru nümayişlərdə
çıxış edən tələbələrə
qarşı ciddi cəza tədbirləri müəyyən
etmişdi. N.Nərimanov özünü ehtiyatlı aparsa da,
rektor onun hərəkətlərindən narazı
qalmışdı. Sonralar, yəni 1904-cü il iyun
ayının 24-də Bakı Şəhər Duması nəzdində
olan məktəb komissiyası sədrinin sorğusuna cavab məktubunda
rektor yazırdı: “tələbə N.Nərimanovun
“nizam-intizamına gəldikdə isə, 1903-cü il
noyabrın 1-də qadağan edilmiş tələbə
toplanışında iştirakı istisna olunarsa, heç bir
ittihamedici hərəkətə yol verilməmişdir” .
Nərimanov
Bakı, Şamaxı, Gəncə və Tiflis şəhərlərindən
müntəzəm məktub alırdı. Odur
ki, Zaqafqaziyada baş verən hadisələrdən xəbərdar
idi. O, bir gün qardaşı Salmanın Tiflisdən
göndərdiyi məktubla azərbaycanlı tələbələri
sevindirdi. Salman F.Köçərlinin 1903-cü
ildə Tiflisdə rusca nəşr olunan “Azərbaycan
tatarlarının ədəbiyyatı” əsərini göndərmişdi.
İstedadlı ədəbiyyatşünas-alim
burada Molla Pənah Vaqif (XVIII əsr) dövründən
başlayaraq realist ədəbiyyatın inkişaf yoluna nəzər
salmış, elmi baxımdan bir sıra aktual, təravətli
və dəyərli mülahizələr söyləmişdir.
Bəzi ədəbi cərəyanlara qiymət
verilməsində müəyyən qüsurlar nəzərə
çarpsa da, ümumiyyətlə, bu əsər böyük
ədəbi hadisə idi. Kitab əldən-ələ
gəzdi. N.Nərimanov sevinclə dedi: “Bəli, doğma ədəbiyyat
tariximizin ilk qaranquşu qanadlandı”. Onun
gözləri sevincdən yaşarmışdı. Tələbələr kitabı böyük maraqla
oxudular. Əsər hamıya xoş gəldi.
Onlar F.Köçərliyə məktub
yazmağı qərara aldılar. Hamı
öz fikrini bildirdi. N.Nərimanov F.Köçərliyə
tələbələr adından razılıq hissilə
yazırdı: “Sizin bu kitabçanız bütün türk
(azərbaycanlı - T.Ə.) tələbələrinin
xoşuna gəldi. Tələbələr bilirlər
ki, sizin daha çox materiallarınız var. Bunları siz
türkcə çap etdirmək xəyalındasınız.
Ona görə çox şad oldular və bunun
türkcəsini (azərbaycancasını - T.Ə.) çapda
görmək arzusundadırlar”.
Bu ilk tədqiqatın qabaqcıl ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanması F.Köçərliyə
Azərbaycan ədəbiyyatı tarixini yaratmaq arzusunu həyata
keçirməkdə böyük mənəvi kömək
oldu. O, “Azərbaycan
türklərinin ədəbiyyatı” adlanan sanballı əsərlərinin
ilk cildlərini beşillik gərgin zəhmət və
yaradıcılıq əzabından sonra müvəffəqiyyətlə
başa çatdırdı. F.Köçərli
“Azərbaycan türklərinin ədəbiyyatı” əsərinin
son cildini - müasir ədəbiyyat tarixini yazmaq
üçün Azərbaycanın bütün ədəbi
hadisələrini diqqətlə izləyir, zəngin material
toplayırdı. Məhz bu məqsədlə
“Köçərli müasiri olan hər bir
yazıçıya ayrılıqda məktub yazaraq onlardan əsərlərinin
əlyazmalarını, habelə tərcümeyi-hallarını
göndərməyi xahiş edir”di.
F.Köçərlinin arxivində onun
yazışdığı ədiblərin ad və
familiyalarının tərtib edilmiş böyük
siyahısı saxlanır. Bu siyahıda bəzi məktubların
annotasiyası verilmişdir. Əlimirzə
Nərimanovun məktubuna yazılmış annotasiyadan məlum
olur ki, N.Nərimanovun tərcümeyi-halını
F.Köçərliyə Əlimirzə göndərmişdir.
Bu məktubların
siyahısında C.Məmmədquluzadə, H.Vəzirov, A.Səhhət,
M.Ə.Sabir, Ə.Haqverdiyev, A.Şaiq, S.Qənizadə,
S.Mümtaz, Ü.Hacıbəyov, Məmmədəli Sidqi kimi
XX əsrin bir sıra görkəmli yazıçı, alim və
mühərrirlərinin adı vardır. Burada
N.Nərimanovun F.Köçərliyə yazdığı iki
məktub da qeydə alınmışdır. Göründüyü kimi, N.Nərimanov və
F.Köçərli qarşılıqlı
yaradıcılıq əlaqəsi saxlamışlar.
F.Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı”
(1903) kitabında N.Nərimanovun “Türk-Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi” (1899) əsərini
yazdığını, Qoqolun “Müfəttiş”
komediyasını tərcümə etdiyini, M.F.Axundovun təsiri
altında dram əsərləri qələmə
aldığını qeyd etmişdir.
Gürcüstan
Mərkəzi Dövlət Arxivində ədəbiyyatşünas
K.Talıbzadənin əldə etdiyi “Azərbaycan
tatarlarının ədəbiyyatı” kitabının əlyazmasında
redaktə zamanı ixtisar olunub kitaba düşməyən
hissələrdə N.Nərimanovun
yaradıcılığına dair maraqlı faktlar vardır.
F.Köçərli burada yazır ki, “Nadanlıq” və “Dilin
bəlası” adlı komediyaları hələlik müəllifin
xeyrinə heç bir şey demir”... “Nadir
şah” faciəsi gələcəkdə ondan gözəl bir
dramatik yazıçı yetişə biləcəyi
haqqında ümidlər doğurur”.
F.Köçərli N.Nərimanovun “Bahadır və
Sona” romanını nədənsə müvəffəqiyyətsiz
qələm təcrübəsi hesab etmiş,
yazıçının “ilk iki komediyasında olduğu kimi,
burada da... ideya və istiqamətverici bir
başlanğıcın yoxluğu” iddiasında olmuşdur. Bu yanlış mülahizələrlə
yanaşı, F.Köçərli yazırdı: “...Onun (N.Nərimanovun
- T.Ə.) ağıllı nitqləri, xeyirxahlığın əhəmiyyəti
haqda doğru fikirləri, mülahizələrində
ardıcıllığı, dilin sadə və
düzgünlüyü çox yaxşı təsir
bağışlayır. Görünür ki, cənab
Nərimanov öz üzərində, öz istedad və
biliyinin inkişafı üzərində, öz
yazıçılıq sənətinin təkmilləşməsi
üzərində ciddi işləyir. Bu isə
ədəbi yaradıcılıq sahəsində
çalışan, yorulmaq bilməyən gənc əməkçi
üçün şərəfdir”.
F.Köçərli hələ 1895-ci ildə
yazdığı “Azərbaycan komediyaları” adlı ilk tənqidi
məqaləsində N.Nərimanovun “Nadanlıq” əsərindən
ayrıca bəhs etmişdir.
Doğrudur, F.Köçərli N.Nərimanovun
yaradıcılığındakı
tendensiyalılığı obyektiv qiymətləndirə bilməmiş,
onun ilk qələm təcrübəsini zəif əsər
hesab etmişdir. B.Nəbiyev “Firidunbəy Köçərli”
monoqrafiyasında nədənsə, onun tənqidi mülahizələrinə
ehtiyatla yanaşır, onu tam haqlı sayır. Halbuki “Nadanlıq” komediyası haqqında
F.Köçərlinin tənqidini qeyd-şərtsiz qəbul
etmək olmaz. Şübhəsiz ki, N.Nərimanovun
bədii yaradıcılığında bu tənqidi
mülahizələrin müəyyən təsiri olmuşdur.
Hətta N.Nərimanov doktor Kərim bəy Sultanovun “Hifzü-səhhət”
adlı kitabına yazdığı resenziyasında bunu etiraf
etmişdir: “Düz iyirmi il bundan müqəddəm
mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur
mühərrirlərimizdən biri Firidunbəy Köçərli
“Nadanlığ”ı rus dilində tənqid etdi: Yaramaz bir
şey hesab edib yazanını, yəni məni lazımınca
çubuqladı. Oxuyan deyirdi: “Nadanlığ”ı yazan daha gərək
əlinə qələm götürməsin. Fəqət onun
çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə
səbəb oldu...”.
Buna baxmayaraq, K.Talıbzadənin qeyd etdiyi kimi,
F.Köçərli N.Nərimanovun
yaradıcılığına birtərəfli, ifrat tələbkarlıqla
yanaşmışdır. “...Sonralar ədibin “Həyat” qəzetində
“Həftə fəryadı” adı ilə çap etdirdiyi
siyasi məqalələr də onun xoşuna gəlməmişdi”.
Doğrudur, N.Nərimanovun bədii
yaradıcılığı haqqında F.Köçərlinin
tənqidi mülahizələri “realizmin tələbləri
nöqteyi-nəzərindən bir çox cəhətdən
etiraz doğurmur”. Lakin tənqidçinin N.Nərimanov
yaradıcılığına ümumiyyətlə birtərəfli,
ifrat tələbkarlıqla yanaşması, onun istər bədii,
istərsə də publisist əsərlərindəki
mübariz ruhu, tendensiyalılığı dərk edə bilməməsindən,
ictimai-siyasi hadisələrə liberal münasibətindən
irəli gəlirdi.
N.Nərimanov müsəlman tələbələri cəmiyyətinin
xeyriyyə tədbirləri üçün “Nadir şah”
tarixi faciəsini tamaşaya qoymaq arzusunda idi. O istəyirdi ki, tələbələrin
həvəskar teatr truppası 1905-ci ilin qış tətili
zamanı Krımda tamaşalar göstərsin. Ona
görə ki, yığılan pula kitablar çap etmək,
yoxsul tələbələrə əl tutmaq və bir sıra
faydalı işlər görmək olardı. Belə
xeyirxah məqsəd izləyən N.Nərimanov 1904-cü il dekabr ayının 2-də “Nadir şah” əsərindən
bir nüsxə Peterburqa Ali Senzura Komitəsinə göndərib,
tarixi faciənin titul vərəqəsində yazır: “Həmin
pyesin Rusiya imperiyası səhnələrində tamaşaya
qoyulmasına icazə verməyi Ali Senzura Komitəsindən
acizanə xahiş edirəm”.
Çar
hökumətinin ali orqanları N.Nərimanovun
xahişinə xüsusi ehtiyatkarlıqla yanaşdılar. Mürtəce fikirli professor Smirnov “Nadir şah” pyesinə
yazdığı rəydə onu dram janrının tələblərinə
cavab verməyən ləyaqətsiz bir əsər kimi gözdən
salmağa çalışdı. Qatı
mütləqiyyətçi alimin rəyin sonunda verdiyi hökm
onun canfəşanlığının əsas səbəblərini
tam aydınlaşdırırdı. Smirnov təşvişlə
yazırdı: “Pyesdəki hadisələrin keçmiş
tarixi dövrdə cərəyan etməsinə baxmayaraq,
müasir dövlət və hakimiyyət məsələlərinə
toxunur. Lakin bu, ört-basdır edildiyi
üçün əvvəl quldur, başkəsən, sonralar
isə birdən müdrik hökmdar olan Nadirin şəxsiyyəti
indi Zaqafqaziya və Qafqazda çox yayılmış quldur
tipinin nümunəsidir.
Buna görə də müasir həyatda cərəyan
edən hadisələrlə əlaqədar olaraq N.Nərimanovun
pyesinin Qafqaz tatar dilində səhnədə göstərilməsi
onsuz da son hadisələrdən və iğtişaşlardan həyəcanlanmış
yerli əhalinin şüuruna mənfi təsir göstərə
bilər. Bu
haqda mənim fikrim belədir...”.
Buradan göründüyü kimi, çar hökumətinin
sədaqətli nökərlərini narahat edən əsərin
bədii ləyaqəti və ya dramatik tələblərə
necə cavab verməsi məsələsi deyil, onun ideyası,
dərin ictimai məzmunu olmuşdur. Çar senzurası
üsyankar ruhlu əsərin müstəbid və müstəmləkəçi
hökumətdən narazı olan kütlələrə
göstərəcəyi təsirdən ehtiyat edirdi. Baş senzura komitəsinin rəisi də professor
Smirnovun raportu ilə tamamilə razı olduğunu
bildirmişdi. Beləliklə, 1905-ci il
iyun ayının 25-də müəllifə cavab vermək
üçün əsərin üzərində “Tamaşaya
qoyulması münasib görülmür” sözləri
yazıldı.
1905-ci ilin yanvar ayında N.Nərimanov qış
sessiyası imtahanlarını müvəffəqiyyətlə
başa çatdırdı. Tələbələr
yenə də hər axşam onun mənzilinə
toplaşır, “Nadir şah”ın son məşqlərini
keçirirdilər. Günlər bir-birini əvəz
edirdi, ancaq əsərin tamaşaya qoyulub-qoyulmaması
haqqında bir xəbər çıxmırdı. Beləliklə, qastrol səfəri baş
tutmadı. Bir neçə gündən
sonra tələbələr qış tətilini öz
doğma vətənlərində keçirməyi qət etsələr
də, şəhərdən çıxa bilmədilər.
Çünki Odessada fəhlələrin inqilabi
hərəkatı başlanmışdı. İnqilabın coşqun tufanı Romanovlar sülaləsinin
çoxəsrlik “xalqlar həbsxanasını” lərzəyə
salmışdı.
1905-ci il yanvarın 9-da Qış sarayına doğru ərzi halla gedən böyük bir izdihamı - minlərlə Peterburq fəhləsini çar II Nikolayın qatil soyuqqanlılığı ilə gülləbaran etdirməsi bütün Rusiyanın zəhmətkeş kütlələrini hərəkətə gətirdi. 9 yanvar hadisəsi zülmət qaranlıqda çaxan qüdrətli şimşək kimi bütün Rusiya imperiyasını inqilab alovuna bürüdü. Bakıda, Odessada, Kiyevdə, Xarkovda və digər sənaye mərkəzlərində fəhlələr “Rədd olsun mütləqiyyət!” şüarı altında nümayişlərə çıxdılar. Odessanın fabrik və zavodlarında, gəmi tərsanələrində, dəmir yol deposunda və digər müəssisələrində tətil başlandı. Ağır həyatdan cana doymuş fəhlələr 8 saatlıq iş günü və əməkhaqqının artırılmasını tələb edirdilər. 9 yanvar hadisəsi insanların kin və qəzəbini son həddə çatdırmışdı. Odessa sosial-demokrat təşkilatı tətil və nümayişləri mütəşəkkil ümumxalq hərəkatına çevirməyə səy göstərirdi. Bu təşkilatın əməli fəaliyyətinə Novorossiysk Universitetinin gizli tələbə yığıncaqlarının üzvləri kömək edirdilər. Onlar vərəqələr yayır, fəhlələri qəti siyasi mübarizəyə, həmrəyliyə və birliyə çağırırdılar.
Odessada gərgin vəziyyət yaranırdı. Çar hakim dairələri artmaqda olan iğtişaşın qabağını ala bilmirdi. Novorossiysk Universitetinin professor və müəllim heyəti 9 yanvar hadisəsinə etiraz əlaməti olaraq mühazirə oxumaqdan imtina etmişdilər.
N.Nərimanov Bakıya qayıtmaq istəyirdi. O, dövri mətbuat səhifələrindən, qohum və dostların göndərdiyi məktublardan Zaqafqaziyada baş verən hadisələrdən xəbər tuturdu. Bu ağır sınaq günlərində Bakıda xalqın inqilabi-siyasi və mədəni hadisələrə münasibəti onu daha çox düşündürürdü. O öz həmvətənlərinə kömək əlini uzatmaq arzusunda idi.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 1 mart.- S.3.