Xocalı soyqırımı: XX əsrin
faciəsi
Xocalı
soyqırımı - ermənilərin törətdikləri
kütləvi cinayətlərin bir həlqəsi olan, faciənin
miqyasına görə analoqsuz, qəddarlığı və
amansızlığı ilə xüsusi seçilən, ən
qanlı, ən əzablı, yaddan çıxmayan,
xalqımıza qarşı amansız kütləvi terror hadisəsi
kimi dünya tarixinin ən faciəli səhifəsindən
biridir.
Soyqırım hadisəsi dünyanın bir çox yerlərində baş vermişdir. Lakin erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ah-nalələri ilə qulaqları batıran, insanlıqdan kömək istəyən, amansız işgəncələrə məruz qalan, vəhşiliyi və cəza üsulları ilə seçilən Xocalı soyqırımının törədilməsindən 28 il keçir. Xalqımıza qarşı törədilən bu vandalizm aktı bizim tariximizin ən ağır yaralarından biridir. Xocalı soyqırımına aid tədbirlərdə Azərbaycanın bütün regionları ilə yanaşı dost və qardaş ölkələrdə də bu qanlı terror aktı nəticəsində qətlə yetirilmiş insanların xatirəsi yad edilir. Keçmiş sovetlər birliyinin süqutu ərəfəsində xarici himayədarların dəstəyi ilə şovinist-millətçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddası irəli sürərək xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar. Bu gözəl və səfalı torpaqlarda, tarixən Azərbaycan xalqına məxsus Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni barbarların “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi, kəndlərin və şəhərlərin dağılması, günahsız insanların ölümü, azərbaycanlıların öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıya hücum edərək, şəhəri tamamilə dağıdıb azərbaycanlı sakinləri xüsusi qəddarlıqla qətlə yetirdilər. Mühasirədə olan, köməksiz və silahsız Xocalı şəhərində erməni daşnakları əsl genosid aktı həyata keçirdilər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Bu vəşilikləri sözlə ifadə etmək çox çətindir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər öz xislətlərindən geri qalmayaraq meyitləri belə təhqir etməkdən çəkinməmişlər.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, Amerika və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Soyqırımının miqyasını göstərən bu rəqəmlər nəinki ayrı-ayrı kitablarda və nəşrlərdə daimi qeyd edilməli, həm də xalqımızın hər bir vətənpərvər övladının yaddaşına həkk olunmalıdır. Çünki bizim indiki və gələcək nəsillərimiz bu amansız cinayəti heç vaxt unutmamalı, onu törədənləri həmişə, hər yerdə ifşa etməlidir. Xocalı soyqırımı haqqında həqiqətlər yalnız ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymətini aldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, ulu öndər azərbaycanlılara qarşı davamlı olaraq törədilmiş soyqırımı ilə əlaqədar 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi barədə 26 mart 1998-ci il tarixli Fərman imzaladı. Ümummilli lider faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulayaraq deyirdi ki, “Bu, amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
Xocalı soyqırımı ilə bağlı real və konkret faktların daha dolğun şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondu sistemli və ardıcıl iş aparır. Xocalı faciəsinin əsl mahiyyətini anmaq, cinayətkarları və onların havadarlarını dünyaya tanıtmaq üçün “Xocalıya ədalət!” beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamışdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina, Peru, Honduras parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, dünyanın supergücü olan ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənədlər qəbul etmişdir. Bu da Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin nəticəsidir.
Almaniyanın Münxen şəhərində Azərbaycan və Ermənistan liderlərinin debatı zamanı ən absurd məqamlardan biri Nikol Paşinyanın Xocalı soyqırımı ilə bağlı cəfəng fikirləri idi. İşğalçı dövlətin baş naziri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun “Xocalıda qırğını azərbaycanlıların özləri törətdiyi haqda etiraf etdiyini” iddia edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev cavabında bildirdi ki, bu, sadəcə “feyk” xəbərdir. Keçmiş prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəngin tarixi və hüquqi biliyi, siyasi təfəkkürü, hazırcavablığı ona növbəti dəfə diplomatik zəfər qazandırdı.
Azərbaycan üçün diplomatik qələbə hesab edilə biləcək Münxen Konfransı təsdiqlədi ki, dövlətimizin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipal, dönməz və inamlı mövqedədir. Ancaq, Ermənistan baş nazir Nikol Paşinyanın timsalında bir daha dünya ictimaiyyəti qarşısında ifşa olundu.
Hüseyn VƏLİYEV,
Qaz Anbarlarının İstismarı İdarəsi,
YAP Qaradağ rayon İdarə Heyətinin üzvü.
Respublika.- 2020.- 1 mart.- S.7.