Kitab ən qiymətli hədiyyədir
“Kitablar
zamanın dalğalarında səyahət edən və öz
qiymətli yükünü ehtiyatla nəsildən-nəslə
aparan fikir gəmiləridir”, “Yer üzündə cənnət
yaxşı kitabda və təmiz vicdanda yerləşir”, “Kitab
qocalıqda ən yaxşı dost, cavanlıqda isə ən
yaxşı bələdçidir”.
Dahilərin kitab haqqında söylədiyi hikmət dolu bu sözlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Beynəlxalq kitab bağışlama günü”nə həsr olunmuş tədbirdə vurğulanmışdır. Müəllim və tələbələrin, kitabsevərlərin bir araya gəldiyi tədbirdə çıxış edənlər çox oldu. Əvvəlcə filialın direktoru, dosent Yusif Alıyev giriş sözü söylədi. Bu tədbirin əhəmiyyətindən və filialda ilk dəfə keçirilməsindən danışdı. Dedi ki, insan təfəkkürünün yorulmaz qanadı olan kitaba bütün dövrlərdə maraq böyük olub. Yaxşı kitab böyük maarifçi Həsən bəy Zərdabinin söylədiyi kimi - ən qiymətli xəzinədir. Kitab bilik xəzinəsi olmaqla bərabər, böyük mədəni sərvətdir. Yaxşı dost, ağıllı məsləhətçi olan kitablara həmişə böyük ehtiyacımız var. Gənclərimiz kitabı əlindən yerə qoymamalıdır. Kitabı sevməli və daim mütaliə etməlidirlər. Direktor qeyd etmişdir ki, tələbələrin kitablardan daha səmərəli istifadə edə bilməsi üçün filialın kitabxanasında yaxşı şərait yaradılmışdır. Kitab fondu xeyli zənginləşdirilmişdir. Kitabxanada akademik Azad Nəbiyev adına “Bilgə ocağı” kitab klubunun yaradılması da tələbələrin kitaba olan marağının artırılmasına xidmət edir. Burada həmçinin “online” oxunun təşkili üçün fiber-optik internet şəbəkəsinə qoşulmuş kompüterlər istifadəyə verilmişdir. O, həmçinin qeyd etmişdir ki, AMEA-nın mərkəzi kitabxanası ilə ADPU-nun Quba filialı arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Daha sonra tədbirdə filialın ədəbiyyat və dillər kafedrasının professoru İsmayıl Kazımov, pedaqoji fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Tələbə Elmi Cəmiyyəti sədr müavini Azər Zahirov çıxış edərək özünüinkişafın kitablardan əldə olunan biliklərdən daha çox asılı olduğunu, kitab bağışlama gününün gənclərdə kitaba marağını daha da artıracağını söyləmişlər.
Sonda bir qrup tələbə gəncə müxtəlif kitablar hədiyyə edilmişdir.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2020.- 1 mart.- S.8.