NƏRİMAN NƏRİMANOV - 150
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral və
1 mart tarixli saylarımızda)
Bu vaxtlar çar xəfiyyələri liman fəhlələri ilə gizli yığıncaqlar keçirən bir tələbənin izinə düşmüş, onun yaşadığı yeri təxminən müəyyən etmişdilər. N.Nərimanov onu kiminsə izlədiyindən duyuq düşüb yolunu dəyişmiş, gecəyarı tələbə yoldaşlarından birinin mənzilinə köçmüşdü. Ona bu tərəflərdə görünmək olmazdı, çar xəfiyyələri onu tanıya bilərdilər. N.Nərimanov müvəqqəti olsa da, Odessadan uzaqlaşmalı idi. Lakin N.Nərimanov universitetdən təqaüdünü ala bilmirdi. Rektor tələbələrə təqaüd verilməməsi haqqında sərəncam vermişdi. Odur ki, N.Nərimanov Bakı Şəhər Dumasına xahişnamə yazıb göndərməli oldu:
“Cənab Bakı Şəhər Qlavası Zati-Alilərinə Novorossiysk darülfünunun tibb fakültəsinin III kurs tələbəsi Nəriman Nərimanovdan
Xahişnamə
Sizə, əlbəttə aydındır ki, hal-hazırda bütün ali məktəblər, o cümlədən Novorossiysk darülfünunu da bağlıdır. Bu vəziyyətdən, yaxud nöqteyi-nəzərdən istifadə edən müdiriyyət təqaüd verilməsinin dayandırılması haqqında sərəncam vermişdir. Rektorun bu sərəncamı, öyrənib bildiyimə görə, heç də ictimai-xüsusi təqaüd deyil, dövlət tərəfindən verilən təqaüdə aid olmalıdır. Mənə - Bakı Şəhər Dumasının təqaüdçüsünə məxsus olan pul burada çoxdan alınmışdır, mən isə artıq üçüncü aydır ki, pulsuz-parasız oturmuşam. Əvvəllər dəftərxanaya müraciət edib pulun mənə verilməsini xahiş edəndə onlar bəhanə gətirdilər ki, həmin pul Bakı Duması tərəfindən hələ göndərilməmişdir. İndi isə pulun vaxtında göndərildiyi məlum olanda, mənə rektorun qərarını göstərirlər: “Darülfünun açılana qədər təqaüd verilməsin”. Məgər, mən günahkaram ki, darülfünun bağlanmışdır? Məgər, bu il darülfünun tələbələrin təqsiri ucundan bağlanmışdır?
Professorlar mühazirə oxumaqdan imtina etdikləri üçün özləri ki, bağlayıblar. Nəhayət, əgər darülfünun bağlanıbsa, onda müdiriyyət nə üçün 28 gündən çox məzuniyyət bileti vermir ki, buradan çıxıb gedək və indi bizim - yoxsul təqaüdçü tələbələrin dözməli olduğu acı məhrumiyyətlərdən xilas olaq. Bəli, mən ona görə məhrumiyyətlər deyirəm ki, həmin ayların pulunu almaqdan ötrü artıq üçüncü aydır ki, boğazacan borc içərisində burada oturmuşam, mənzil verməkdən boyun qaçırırlar, yalnız acından ölməmək üçün 10-15 qəpiyə cüzi nahar yeməyi aldığımız tələbə yeməkxanası da bağlanmışdır. Hərçənd, dediyim kimi, yalnız 28 günlük məzuniyyət verilir, ancaq yeganə çarə buradan çıxıb getməkdir. Fəqət çıxıb getməzdən əvvəl mənzil haqqı, bəzi əlavə borclar ödənilməli, yolpulu olmalıdır.
Sözün qısası, vəziyyət ümidsizdir. Yuxarıdakıları nəzərə alıb bu barədə Zati-Alilərinizin sərəncamını acizanə surətdə təvəqqe edirəm və özümdə təskinlik tapıram ki, Bakı Şəhər Duması yol verməz ki, onun pulu xəzinədə yatsın, təqaüdçü isə aclıq çəksin.
Siz lazımi məbləğin darülfünun tərəfindən mənə verilməsini də, yaxud Bakıdan birbaşa mənim adıma göndərməkdən ötrü pulun geri qaytarılmasını da tələb edə bilərsiniz. Yeri gəlmişkən, buradaca qeyd edim ki, məndən ötrü darülfünuna Sizin rəsmi kağızınızda qeyd olunan kimi 50 manat yox, yalnız 25 manat verməlisiniz.
Tələbə N.Nərimanov.
Odessa, 21
mart 1905-ci il.
Mənim
ünvanım: Polskaya küçəsi, ev
¹3, mənzil 4”.
N.Nərimanov 1905-ci ilin aprelində Bakıya yola
düşür, Novorossiysk Universitetində dərslərin
başlanması xəbərini burada eşitsə də geri
qayıtmır. Çünki “neft və milyonlar səltənəti”
onu sakit qarşılamamışdı. Hər
yerdə çarizmin və yerli burjuaziyanın fitnəkar siyasətinə
qarşı etiraz dalğası artmaqda idi. Bakıda hərbi vəziyyət elan edilmişdi.
Lakin buna baxmayaraq, get-gedə güclənməkdə
olan siyasi tətil və nümayişlər bütün
Zaqafqaziyada ümumxalq hərəkatına yeni vüsət
vermişdi. Belə bir şəraitdə
“Hümmət” sosial-demokrat qrupu müsəlman fəhlələrini
siyasi tətil və nümayişlərə cəlb etməkdə
ciddi fəaliyyət göstərirdi.
N.Nərimanov inqilabi əhvali-ruhiyyəli ziyalı gənclərdən
ibarət “Hümmət” sosial-demokrat qrupuna ehtimal ki, 1904-cü
ildə daxil olmuşdur. 1904-cü ilin payızında RSDFP Bakı Komitəsinin
təşəbbüsü ilə yaranan bu qrup “...Azərbaycan
bolşeviklərinin yerli şəraiti nəzərə alaraq
istifadə etdikləri ən münasib və məqsədəuyğun
təşkilat forması idi... Həmin dövrdə
azərbaycanlı fəhlələrin mədəni səviyyəsi,
habelə siyasi şüurluluğu rus fəhlələrinə
nisbətən xeyli geri idi. Azərbaycanlılardan
ixtisaslı fəhlələr demək olar ki, yox idi, kənddən
gələn fəhlələrin əksəriyyəti isə
savadsız olmaqla, həm də din və mövhumatın
güclü təsiri altında idilər. Azərbaycanlı
fəhlələrin siyasi mübarizəyə geniş cəlb
edilməsi işi yerli spesifik şəraiti nəzərə
almağı, azərbaycanlı fəhlələr arasında
öz ana dillərində siyasi-kütləvi təbliğat
aparmağı zəruri edirdi. “Hümmət”
məhz bu zərurət nəticəsində yaranan sosial-demokrat
təşkilatı idi”.
“Hümmət” qrupu Azərbaycana İran, Dağıstan,
Volqaboyu və digər yerlərdən axın-axın gələn
müsəlmanları proletariatın beynəlmiləl dəstəsində
sıx birləşdirməli idi. Bu tədbiri həyata
keçirmədən Ümumbakı fəhlə hərəkatının
qələbəsini təmin etmək çətin olardı.
Çünki Bakının müsəlman
burjuaziyası neft sənayesi sahəsində yerli rus, erməni
və Avropa burjuaziyası ilə rəqabətdə öz
mövqeyini itirməmək üçün müsəlman fəhlələrini
inqilabi fəhlə hərəkatından uzaqlaşdırmaq
siyasəti yeridir, bu məqsədlə onlar arasında millətçilik
hissini qızışdırır, pantürkizm, panislamizm
ideyalarını yayırdı. Yerli müsəlman
burjuaziyası “İttihadi-islam”, “Azərbaycan ittihadı” və
“Xristianlara qarşı vahid cəbhə” yaratmaqla müsəlman
fəhlələrini sinfi düşüncə hissindən məhrum
etmək istəyirdilər.
Belə bir şəraitdə Ümumbakı
proletariatının ayrılmaz hissəsi olan müsəlman fəhlələrinin
milli burjuaziyanın əlində alət olması təhlükəsi
vardı. Bu təhlükənin qabağını almaq,
müsəlman fəhlələrində möhkəm sinfi
düşüncə yaratmaq, bütün qüvvəni
proletar sinfinin mənfəəti uğrunda xidmətə sərf
etdirmək üçün onları partiya və həmkarlar
ittifaqı ətrafına cəlb etmək lazım idi. RSDFP Bakı komitəsi bu mühüm, təxirəsalınmaz
vəzifəni neft mədənlərində, sənaye-zavod
rayonlarında müsəlman fəhlələri arasında
özünün bir şöbəsi hüququnda olan “Hümmət”
qrupu vasitəsilə həyata keçirir, proletariatı
geniş dairədə inqilabi mübarizəyə
hazırlayırdı. “Hümmət”
Bakı partiya təşkilatının ayrılmaz tərkib
hissəsi idi”. “Hümmət”in büro
iclaslarında Bakı komitəsinin üzvləri, Bakı komitəsinin
iclaslarında isə “Hümmət”in nümayəndəsi
(Bakı komitəsinin üzvü kimi) iştirak edirdi.
M.Əzizbəyovun
və Bakı partiya komitəsinin nümayəndəsi
A.Caparidzenin başçılığı ilə hümmətçilər
Azərbaycan fəhlə və kəndlilərini azadlıq, bərabərlik,
qardaşlıq bayrağı altına sıx toplamaq,
onları proletar beynəlmiləlçiliyi və xalqlar
dostluğu ruhunda tərbiyə etmək, beləliklə,
kütləvi siyasi mübarizəyə - silahlı üsyana
hazırlamaq üçün geniş təşviqat və təbliğat
işi aparırdılar.
Bakı partiya komitəsi və “Hümmət” sosial-demokrat
qrupu gizli mətbəədə hektoqrafla Azərbaycan dilində
yüzlərlə nüsxə “Hümmət” qəzeti,
intibahnamə (“Ey, fəhlələr, müsəlman
qardaşlar”, “Azadlıq mübarizlərinə” və s.),
kitabça (“Fəhləyə nə lazımdır?”, “RSDFP məramnaməsi”
və s.) çap edib yayırdı.
Bakı partiya komitəsinin katibi A.Stopani 1905-ci ilin
fevralında V.İ.Leninə göndərdiyi məktubunda fərəhlə
yazırdı ki, Azərbaycan dilində gizli nəşriyyat
artmışdır.
1905-ci ilin mart ayında çar xəfiyyələri
Persidski (indiki Murtuza Muxtarov) küçəsində yerləşən
gizli mətbəəni dağıtsalar da, “Hümmət”
sosial-demokrat qrupu Bakı partiya komitəsinin köməyi ilə
yeni mətbəə yaratmağa müvəffəq oldu. RSDFP-nin 1905-ci
ilin aprel-may aylarında Londonda keçirilən III
qurultayında milli dillərdə “təbliğat və təşviqat
ədəbiyyatının nəşrinə” xüsusi
qayğı göstərmək qərara
alınmışdı. Bakı bolşevikləri tərəfindən
bu qurultayda iştirak edən A.Caparidze öz məruzəsinin
qısa icmalında yazmışdı ki, 1905-ci ilin yazında
RSDFP Bakı komitəsinin görəcəyi ən vacib məsələlərdən
biri “Nəşriyyat təşkil etmək və müsəlmanlar
arasında iş aparmaqdır, bunun üçün ədiblər
qrupu vardır və hektoqraf əvəzinə daha mükəmməl
texnika qoyulur”.
Bakı bolşevikləri Azərbaycan və erməni
dilində qeyri-leqal ədəbiyyatın nəşrinə daha
artıq qayğı ilə yanaşırdılar. Buna görə də onlar
1905-ci il iyun ayının 30-da
avadanlıqla təmin edilmiş qüdrətli mətbəə
yaratdılar. Burada müntəzəm surətdə
intibahnamə, siyasi ədəbiyyat çap olunurdu.
Ümumi tətilə hazırlıq dövründə
Bakı partiya komitəsi və “Hümmət” sosial-demokrat
qrupunun gizli mətbəələrində rus, erməni və
Azərbaycan dillərində min nüsxələrlə
intibahnamə nəşr edilmişdi (Bu vaxt Azərbaycan dilində
5 adda 15 min nüsxə intibahnamə
buraxılmışdı).
Əlbəttə, N.Nərimanov ictimai-siyasi aləmdə
baş verən bütün bu hadisələrdən xəbərsiz
deyildi. O,
1905-ci ilin aprelində artıq Bakıda idi. “Hümmət”
sosial-demokrat qrupu tərkibində ən işgüzar, hünərvər,
fədakar döyüşçü kimi neft mədənlərində,
zavod və fabriklərdə fəhlələrlə
görüşür, söhbət edir, onları inqilabın
qırmızı bayrağı altına toplamağa və fəhlə
sinfinin haqq işi uğrunda silahlı mübarizəyə
hazırlamağa çalışırdı. Arxiv sənədlərinə
görə, “Hümmət”in təsir dairəsi, əlaqələri
artıb genişlənir, Zaqafqaziyanın müsəlman fəhlələrinin
yaşadıqları Tiflis, Yerevan, Naxçıvan, Yelizavetpol və
s. şəhərləri əhatə edirdi.
“Hümmət”in Bakıda gizli nəşr olunan
proqramının polisin əlinə keçən nüsxələrində
yerli şöbələrin möhürünün olması
da bu fikri təsdiq edir. 1905-ci ildə Bakı “Hümmət”inin köməyi ilə
Tiflisdə yaranan “Hümmət” bolşevik qrupuna Bakıdan Azərbaycan
dilində gizli inqilabi ədəbiyyat gətirilir,
bakılı nümayəndələrin köməyi və məsləhəti
ilə vərəqələrin nəşri qaydaya
salınır, siyasi-kütləvi iş təşkil edilirdi.
Yerli ziyalıları siyasi mübarizəyə və mədəni-maarif
işinə cəlb etmək üçün Nəriman Nərimanov,
Əşrəf Yüzbaşov, Hüseynqulu Şabanov və
b. həvəskar dram teatrında və digər mədəniyyət
ocaqlarında böyük iş aparırdılar.
“Hümmət” sosial-demokrat qrupunun üzvləri əksəriyyəti
savadsız və dindar olan müsəlman fəhlələrini
siyasi mübarizəyə cəlb etməkdə son dərəcə
çətin şəraitdə işləməli olurdular. Din xadimlərinin və millətçi
burjua ziyalılarının təbliğatı bir tərəfdən,
çar polisinin və qoçuların hədə-qorxusu isə,
o biri tərəfdən bəzi fəhlələri
çaşdırırdı. Buna baxmayaraq, zəhmətkeş
kütlələr hümmətçilərə daha çox
inanır, onların arxasınca inamla gedirdilər. Bu, çar hakimlərini və yerli burjuaziyanı
narahat edirdi.
Qafqaz
canişini qraf Vorontsov-Daşkov II Nikolaya rəsmi məlumatında
“Hümmət” sosial-demokrat qrupu haqqında yazırdı:
“Bakıda həm də tatar (Azərbaycan - T.Ə.) inqilabi təşkilatları,
o cümlədən döyüş drujinası olan
sosial-demokrat “Hümmət” mövcuddur... “Hümmət”ə
gəldikdə, o, tamamilə fəal təşkilatlardandır.
O, Bakı komitəsinin nəzarəti altındadır”.
“Hümmət” siyasi həyata və fəal sinfi mübarizəyə hazırlıq məktəbi idi. Bəhram Ağayev, Qazıməmməd Ağasiyev, Əsədulla Axundov, Müqtədir Aydınbəyov, Muxtar Hacıyev, Balaəmi Dadaşov, Məmməd Məmmədyarov, Ağahüseyn Rəsulzadə, Xanlar Səfərəliyev, Səid Yaqubov kimi ideyaca səbatlı, fəhlə işinə sədaqətli, mübariz adamlar “Hümmət”in tərkibinə daxil idilər. Onlar müsəlman fəhlələri ilə çiyin-çiyinə işləyirdilər. Qazanc arxasınca hər tərəfdən axışıb Bakıya gələn on minlərlə müsəlman fəhlələri hümmətçilərin söhbət və çıxışlarına böyük maraq göstərir, onlara inanırdılar. Bu da çar hakim dairələrinin nəzərindən yayınmırdı. Qafqaz polis idarəsinin rəisi general-leytenant Şirinkin xəfiyyə məlumatları əsasında Qafqaz canişini qraf Vorontsov-Daşkova göndərdiyi məruzəsinin bir yerində “Hümmət” sosial-demokrat qrupu (təşkilatı) haqqında yazırdı: “...tatar, fars və ləzgi kütləsi təşkilatın səsinə qulaq asır... Təşkilat tez-tez vərəqələr nəşr edir. Onun, şübhəsiz gələcəyi vardır. Təşkilatın başında bilikləri az, lakin bacarıqları çox, inqilabi temperamentləri güclü olan adamlar dururlar”.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 3 mart.- S.4.