Hulusi Kılıç: AZƏRTAC “Azərbaycan” adlı salnamənin yazılmasında tarixi missiya həyata keçirib

 

AZƏRTAC ötən yüz ildə “Azərbaycan” adlı salnamənin yazılmasında tarixi missiya həyata keçirib. Burada çalışmaq məsuliyyətli olduğu qədər də şərəflidir. Vətəni ucaltmaq işi hər zaman qürurlu olub.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

 

Agentliyin yüz illik yubileyi münasibətilə ən səmimi sözlərlə kollektivimizə təbriklərini çatdıran səfir deyib: “Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi AZƏRTAC-ın beynəlxalq informasiya məkanına inteqrasiyası üçün tarixi şərait yaratdı. Əlamətdar haldır ki, bu fürsətdən məharətlə istifadə olundu. İndi bütün dünyada AZƏRTAC-ın xəbərləri ən etibarlı informasiya mənbəyi hesab olunur. AZƏRTAC-ın varlığı təkcə Azərbaycan üçün deyil, Türkiyə başda olmaqla, bütün türk dünyası, eləcə də region üçün vacib amildir. Müasir dövrdə informasiya mübarizəsi qaydasız döyüşü xatırladır. İftixar edirəm ki, AZƏRTAC bu mübarizədə birincilər sırasındadır, hər şəraitdə qalib olmağı bacarır. Əminəm ki, agentlik Azərbaycanın dövlətçiliyinin qorunmasında üzərinə düşən missiyanı bundan sonra da şərəflə daşıyacaq. Bir daha AZƏRTAC-ın kollektivini böyük səmimiyyətlə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.

 

Hulusi Kılıç əminliklə bildirib ki, qardaş ölkənin maraq və mənafelərinin beynəlxalq informasiya məkanında qorumasında agentlik bundan sonra da səylərini uğurla davam etdirəcək.

 

 

 

AZƏRTAC

 

Respublika.- 2020.- 3 mart.- S.4.