OD ÇƏRŞƏNBƏSİ
Od çərşənbə xalq arasında “Atəşçərşənbə”, “Üsküçərşənbə”, “Üskü gecəsi”, “Xız çərşənbə // Xızır çərşənbə” adları ilə də tanınır. Deyirlər, bu mübarək Od çərşənbəsi Axşamı göyün IX qatından yerə nazil olmuş müqəddəs Xızır yer üzündəki cəmi od-alova qovuşaraq ətraf mühiti əməlli-başlı qızdırmağa başlayır. Babalarımız bu dəfə onun adını XIZIR-XIZIR // XIZIRHAXIZIR deyə, qoşalaşdırmaqla II doğru üskü ODÇƏRŞƏNBƏ-nin məhz onun himayəsi altında keçirildiyinə inanırdı. Həmçinin inanırdı ki, bu gecə Səma odunun yerdəki “vəkili” od-alov özü təzələnməklə yanaşı, qış günləri yer üzündə yığılıb qalmış bütün murdarlıqları təmizləyib, insanları “çillə”dən xilas edib, azar-bezardan qoruyaraq sağlamlıq, yüngüllük və gümrahlıq bəxş etməliydi. Bu çərşənbədə insanlar OD varlığı tək təzələnmək, paklanmaq istəyir və XI XIZIR-XIZIRın simasında mümkün vasitələrlə bu varlığı cuşə gətirərək onun güc-qüvvətini ikiqat gücləndirib, “Xızır Atəşin”də isinir, onun sehrli təbiətilə aşılanmağa çalışırdılar.
El-oba adətinə görə, bu mübarək Çərşənbə Axşamı hamı ev-eşiyinin hər dörd bucağında şam-çıraq yandırmaqla hər tərəfi çıraqban edirdi. Xalq içində “od-çıraq yandıran xeyir aparar, onun çırağı heç vaxt sönməz”, - deyirlər. Şam çırağı adət üzrə evin, ailənin sonbeşiyi yandırmalıydı. Bununla da nəslin, soyun artmasının bir əlaməti tək çırağın sönməzliyinə ümid bəsləyirdilər. Beləliklə, lap ertədən “taxçaya qoydum çırağı, rövşən eyləsin bucağı, işıqlandırsın otağı” sözlərilə başlanan “Çərşənbə Oxuması”nın müşayiətilə bir otaq belə qalmadan, evin bütün çilçırağını alışdırır, otaqların taxçalarında yerləşdirilmiş güzgülər isə oradakı şam-çırağın işığını 2-3 qat gücləndirərək bayram büsatına xüsusi bir rövnəq verirdi ki, ona “üskübəzəmə” deyirdilər.
Əski el adətinə görə bu mübarək Axşamda ocağı boş qoymazlar, orada hökmən qazan qaynamalıdı. Ev sahibi hələ gün doğmayıb, xoruzbanı eşitmədən, bir kəslə danışmayaraq evdən çıxar, bağçadakı heyva və ya fındıq ağacından (heyva-havva behişt meyvəsi sayılır) bir çubuq kəsib arxaya çevrilmədən evinə qayıdırdı. Sonra o, həmin çubuğu xırda-xırda doğrayıb, ailə və mal-qaranı bədnəzər, əcinnə-şəyatindən qorumaqdan ötrü onlardan gözmuncuğu hazırlar, uşaqların, mal-qaranın boynuna, qız-gəlinin üstünə sancardı. Muncuğun birini isə ev sahibi özü gəzdirir, yerdə qalanları isə evin bir yerindən asırdı.
Əslində Çərşənbə tonqalları hökmən meşəətrafı çöllükdən gətirilmiş quru odun, kol-kos və ya çırpıdan ibarət olmalı, təmiz ağac (zoğal, əncir və tut ağaclarını yandırmaq olmaz) və qaratikandan çatılmalıydı. İnanırdılar ki, od-ocağı daim söndürməyə can atan şər qüvvələr tikanların batmasından qorxub tonqala, ocağa yaxın düşmürlər. Hər ev, hər ailə, hər soy-nəsil öz evləri qarşısında, darvaza önündə, həyət-bacada, yaxud evin damında kiçik ailə tonqalları qalamağa çalışır, uzaq səfərdə olan ailə üzvləri üçün də ayrıca tonqal çatır və tonqalların içinə ilk əvvəl XIZIR-XIZIRın, sonra isə hər ailə üzvünün, hətta hələ doğulmayıb ana bətnində olan körpənin adına bir odun, yaxud bir çöp atmalıydılar.
Deyilənə görə bu axşam alovlanan müqəddəs Çərşənbə tonqallarının bütün gecə, Günəş üfüqdə görünənə kimi yanması böyük əhəmiyyət kəsb edir. Belə ki, ötən çağların düşünüşündə ODÇƏRŞƏNBƏ Axşamı tonqallar evlərin damlarında yandırılarsa, onların uzun müddət yanıb-sönməməsi xoş niyyət, pak bir arzunun nəticəsi tək yozulmalıydı. Tonqalların səmanın ənginliklərinə can atan alov dilimləri guya göyün 9 qatından keçərək ərşi-əlaya çatıb insanların arzu-niyyətini Ulu Tanrıya çatdırırdılar. Bu səbəbdən ocaq-tonqal ətrafında hər ailə üzvünün adına şam-çıraq yandırıb, qablarda qənd-noğul, kökə və s. yeməklər düzürdülər. Nəhayət, hamı, hər ailə üzvü XIZIR-XIZIRın adına bir şam sancılmış Üskü Xonçası və şirniyyat, ləziz yeməklərlə dolu pak “Çərşənbə Süfrəsi” (o Çərşənbə Şam Süfrəsi adı da daşıyır) başına əyləşərək paxlaplov yeyirdi. Yeyib-içdikdən sonra Çərşənbə Süfrəsini bir qayda kimi ocaq-manqal üstünə silkələyib, onu necə deyərlər, od-alovla saflaşdırardılar. “Üskü Xonçası”nın şam-çırağını, tonqallar tək yarımçıq söndürmək olmaz. İnanırmışlar ki, kimin şamı tez yanıb qurtarsa, onun ömrü gödək, kiminki axıra qalsa uzun olacaq.
OD ÇƏRŞƏNBƏ Axşamı əksər qız-gəlin, adət üzrə saçlarına, əllərinə xına qoyub vəsmə yaxır, kiçik qızlar isə “daşxınası” vururdular. Bundan ötrü onlar rəngi yaşıla çalan daşların üstünə su damızdırıb onu bu daşla sürtür və əmələ gəlmiş sarımtıl-narıncı mayeni dırnaqlarına, ovuclarına çəkirdilər. Xalq əqidəsincə, bu Çərşənbə Axşamı bütün arzu-diləklər hökmən həyata keçməlidir. Odur ki, fürsətdən istifadə edən ərgən qızlar bu gecə ürəklərində niyyət tutub saçlarını açıb tökür, bir şamı başı üstə, o birini ayağı altında yandırıb, bir güzgünü başı üstünə, o birisini ayağı altına söykəyib yatır və gecəyarısı yerlərindən qalxaraq güzgüyə baxırdılar. Bu vaxt sən demə, güzgüdə onların gələcək nişanlıları görünməliydi.
Deyirlər ki, ötənlərdə bu mübarək Çərşənbə Axşamı cavanlardan biri Çıraqqaladan bir məşəl alışdırıb at üstə, arxasınca bir neçə atlı, çapa-çapa səhərə yaxın özünü Bakıdakı Qızqalasına yetirib onun başındakı tonqalı alışdırıbmış. Bu da sözsüz ki, çox əski bir adət-ənənənin qalığı, izidir... Çərşənbələrlə bağlı gözəl adətlərimizin əksəri bu gün də xalq arasında yaşamaqdadır.
Elçin Muxtar
Elxan.
Respublika.- 2020.- 3 mart.- S.5.