Energetika: Xidmət müasir
tələblər səviyyəsindədir
Hazırda ölkəmizdə təqribən 1000 meqavatlıq əlavə enerji gücü vardır ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını gücləndirir. 2019-cu ildə Azərbaycan elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edibdir.
Bütün bu işlərin təməlində generasiya işlərinin yaradılması dayanır. Son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, ölkəmiz bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrdən birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərilib. Əlbəttə, paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin energetika sektorundakı irəliləyişlə bağlı belə bir fikrini xatırlamaq istərdik: “Növbəti illərdə bizim artan tələbatımızı ödəmək üçün həm yeni stansiyalar qurulmalıdır, həm də elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməlidir, yeni yarımstansiyalar inşa olunmalıdır, təmir edilməlidir. Biz bütün bu işləri görürük və ardıcıl şəkildə görəcəyik. “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmuşdur. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir”.
Paytaxtın hər yerində olduğu kimi Səbail rayonunda da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına maksimum səy göstərilir. Məhz buna görə də xidmət abonentləri razı salır, ölkə başçısının qarşıya qoyduğu vəzifələr ləyaqətlə yerinə yetirilir.
Enerji Satışı Şöbəsinin rəisi, təcrübəli energetik Mürsəl Eyvazovla söhbətimizdə bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
–Dörd il bundan əvvəl yaradılan “Azərişıq” Səhmdar Cəmiyyəti irimiqyaslı işlər görür. İstehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin olunur.
2019-cu ildə rayonun energetika sektorunda mühüm nailiyyətlərə imza atılmışdır. Kollektivimizin birgə səyi nəticəsində Səbail Enerji Təchizatı və Satışı İdarəsində satış tapşırığı 102,6 faizlə yerinə yetirilmişdir ki, bu da 2018-ci illə müqayisədə 0,9 faiz çoxdur.
Hazırda rayon ərazisində 40 mindən çox əhali, 4389 qeyri-əhali abonenti qeydə alınmışdır. Ötən il kollektivimizin birgə səyi nəticəsində rayonun 20-ci sahəsində smartkart və ESM sayğacları, 17 TM və KTM quraşdırılmış, 2 km sahədə 6/10-luq kabel xətləri yenilənmiş, 200 ədəddən çox elektrik dayaqları quraşdırılmış və digər texniki dəyişikliklər həyata keçirilmişdir.
Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr və kadr hazırlığı problemini uğurla həll etmək, təcrübəli kadr potensialına nail olmaq məqsədilə bir neçə il öncə “Azərişıq” Səhmdar Cəmiyyətində Tədris Mərkəzi yaradılmışdır. Elektrik şəbəkəsində istifadə olunan və gələcəkdə istifadə ediləcək müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə rayonda çalışan energetiklər mütəmadi olaraq Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur.
2020-ci ildə rayonun energetikləri səylə çalışırlar, müəyyən ərazilərdə çəpərlənmə işləri aparılır ki, bu da təhlükəsizlik texnikasının qorunub saxlanılmasına imkan verəcəkdir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi müasir tipli və hər cür uyğunluğa malik binada yerləşir. Binanın ərazisində geniş abadlıq işləri aparılmışdır.
Söhbəti qələmə aldı:
Qədir ASLAN
Respublika.- 2020.- 7 mart.- S.3.