NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral, 1, 3 və 5 mart tarixli saylarımızda)

 

 

 

Sonralar N.Nərimanov Tiflisdə həbsə alındığı vaxt polis müsadirə etdiyi həmin referat haqqında yazır: “N.Nərimanovdan onun öz əli ilə tatar (Azərbaycan - T.Ə.) dilində yazdığı 1905-ci ildə Odessa şəhərində oxuduğu konstitusiyalı respublika hökumətinin monarxiyadan üstünlüyü haqqındakı referatın konspekti alınmışdır. Həmin əlyazmasında olan qeyddən məlum olur ki, N.Nərimanov referatı oxuduğu zaman Odessa şəhərində hökumətə qarşı mübarizədə həlak olmuş inqilab qəhrəmanlarının xatirəsini yad etmək üçün camaata ayağa qalxmağı təklif etmişdir”.

 

Polis idarəsi tərəfindən rus dilinə ixtisarla tərcüməsi verilmiş həmin referatın aşkara çıxarılması N.Nərimanovun ictimai-siyasi görüşlərinin inkişafının və inqilabi fəaliyyətinin mühüm bir dövrünü öyrənmək üçün olduqca faydalıdır.

 

Referat N.Nərimanovun dünyagörüşünün təkamülü, onun inqilabi fikrinin formalaşması haqqında bizə bəlli olan sənədlərdən hələlik əvvəlincisidir. Sənəd göstərir ki, o, hələ birinci rus inqilabının başlandığı dövrdə inqilabçı idi, xalqı azadlıq və tərəqqiyə çatdırmaq yolunu maarifçilikdə deyil, inqilabda, inqilabi mübarizədə görürdü; inqilabı “həqiqət yolunda mübarizə” adlandırır, inqilabın təbii, zəruri bir hadisə olduğunu əsaslandırırdı. N.Nərimanova görə, inqilabın baş verməsinə əsas səbəb zəhmətkeş kütlələrin dəhşətli istismarı, yoxsulluq və dilənçiliyidir. O yazırdı ki, istibdad üsuli-idarəsi zülm, əsarət, hüquqsuzluq və zəncir deməkdir. Rusiyanın hakim sinifləri öz şəxsi mənafeləri xatirinə zəhmətkeşləri nadanlıq və cəhalət içərisində saxlayırdılar. Odur ki, inqilabi mübarizə aparmadan çarizmi devirmək, xalqı azadlığa çıxarmaq olmaz. N.Nərimanov görürdü ki, zəhmətkeşlərin azadlıq uğrunda mübarizəsinin bayraqdarı və rəhbəri Rusiya sosial-demokrat fəhlə partiyasıdır. O öz dinləyicilərinə deyirdi: “İrsən taxtda əyləşən çarın devrilməsi və əhalinin azadlıq əldə etməsi heç zaman mübarizəsiz və qan axıdılmadan olmamışdır, çünki xalq nə qədər inkişaf etmişelmli olsa da, hər halda dövlətdə həmişə xeyli avam, küt və itaətkar adamlar tapılır. Onlar azadlıq əldə etməyə can atan adamlara qarşı vuruşurlar. İndi siz məhz bu cür iki firqə: bir tərəfdən qırmızı azadlıq bayrağı altında ziyalı və elmli firqə, digər tərəfdən də, rus çarının şəklini əlində gəzdirən avam, küt və itaətkar fırqə arasında müharibə (mübarizə - T.Ə.) getdiyini görürsünüz”.

 

Referatda çar mütləqiyyətinin başqa millətləri əsarət altında saxlamaq, onların mədəniyyət və dilini təqib etmək, hüquqlarını tapdalamaq kimi iyrənc müstəmləkəçilik siyasəti amansızcasına ifşa olunur. Müəllif göstərir ki, çarizm Rusiyanın bütün xalqlarının, xüsusilə rus olmayan xalqların qatı düşmənidir; çarizm Rusiya xalqlarına könüllü surətdə hüquqlar verməyəcəkdir. Həmin hüquqları birləşib mübarizə vasitəsilə almaq lazımdır.

 

N.Nərimanov zəhmətkeşlərin hakimiyyət orqanı olan demokratik respublika ideyasını irəli sürür və xalqı demokratik respublika uğrunda mübarizəyə çağırırdı. O, xalqı başa salırdı ki, dövlətin bir haldan digərinə keçməsi “qansız, iğtişaşsız mümkün olmayacaqdır”. Beləliklə, N.Nərimanov xalqın azadlığa çıxması məsələsini dövlət hakimiyyətinin bilavasitə kütlələrin ixtiyarına keçməsilə əlaqələndirirdi.

 

N.Nərimanovun 17 oktyabr çar manifestinə münasibəti də diqqəti cəlb edir. Referatda deyilir ki, manifesti çar könüllü surətdə verməmişdir. Çarı manifest verməyə xalqın qəzəbi və hiddəti məcbur etmişdi. Rusiyanın əzilən, təhqir olunan xalqları birləşərək çar mütləqiyyətilə açıq döyüşə girmiş və beləliklə də əlacsız qalan hökumət ciddi müqavimətdən sonra manifest verməyə məcbur olmuşdu. “Lakin çar manifest verməklə yanaşı, qoşunu, fitnəkarları, qaragüruhçuları da işə salmış, xalqın qabaqcıl fikirli övladlarına amansız divan tutmağa başlamışdı”. N.Nərimanov manifestin həqiqi olmağına şübhəli baxır və xalqı azadlıq uğrunda mübarizəni davam etdirməyə çağırırdı.

 

Həmin referatda N.Nərimanov mənəvi azadlıq problemi, insan əqlinin daim inkişaf etməsi və təkmilləşməsi məsələsi haqqında da ətraflı danışmışdır. O, mühazirəsinin sonunda xalqı tərəqqiyə, maarifə, azadlıq uğrunda mübarizəyə çağıraraq demişdir: “Qardaşlar, çalışmaq və kömək etmək vaxtı çatmışdır. Başqa xalqlarla əl-ələ verib getmək və azadlığın səmərəsindən məhrum olmamağa çalışmaq lazımdır”.

 

N.Nərimanov elə buradaca bir şairin mübariz ruhlu çağırışını xatırladır: “Yoldaşlar, yatmayın! Qan tökmək vaxtı çatmışdır”. Bu məsul dövrdə zəhmətkeş kütlələrin öhdəsinə tarixi bir vəzifə düşürdü: silahlı mübarizə yolu ilə azadlıq əldə etmək, zülmistismar buxovundan əbədi xilas olmaq vəzifəsi.

 

N.Nərimanov Azərbaycan xalqının “azadlığın səmərəsindən” məhrum olmaması üçün hər bir millətpərəst ziyalının öz vətəndaşlıq borcunu yerinə yetirməsini tələb edirdi. O, Bakıya qayıtmaq və xalqın azadlığı yolunda var qüvvəsi ilə çalışmaq əzmilə coşurdu. Lakin Odessada görüləsi işlər vardı...

 

1905-ci ilin avqust-sentyabr aylarında N.Nərimanov yay sessiya imtahanlarından qalmış yarımillik borcunu vermişdördüncü kursda mühazirələrə qulaq asmaq hüququ almışdı. Oktyabr hadisələrindən sonra o, tələbə yoldaşlarından geri qalmamaq üçün mühazirələrdə müntəzəm iştirak edir, öz üzərində ciddi çalışırdı. Lakin Odessada vəziyyət gərgin idi. Hər yerdə kütləvi həbslər başlanmışdı. Çox çəkmədi ki, universitet qapandı (1905-ci il oktyabr ayının 10-da universitetdə dərslər başlar-başlamaz müsəlman tələbələri Bakıya “Kaspi” qəzeti redaksiyasına bu məzmunda bir teleqram göndərmişdilər:Novorossiysk imperator universitetinin müsəlman tələbələri həmin universitetdə oxuyan müsəlman tələbə yoldaşlarından xahiş edirlər ki, oktyabrın 23-də Odessa şəhərində olsunlar. Başqa qəzetlərdən xahiş edirik ki, bizim bu teleqramımızı onlar da dərc etsinlər”.

 

Lakin oktyabr ayının 12-də ümumoktyabr tətilinin təsiri altında universitet yenidən bağlanmışdı. Yüzlərlə tələbə inqilabi üstündə həbsə alınmışdı. N.Nərimanov bu dəfə də çar xəfiyyələrinin gözündən yayına bilmişdi.

 

Əlbəttə, bu tədbirlərin heç biri inqilab selinin qarşısını ala bilmirdi. 1905-ci ilin noyabr ayında qüdrətli axın geniş vüsət almışdı. RSDFP Odessa komitəsi ətraf fəhlə rayonlarına, fabrikzavodlara, kəndlərə tələbələr qrupu göndərir, siyasi təbliğat və təşviqatı gücləndirirdilər.

 

İnqilabi yüksəlişin həlledici günlərində N.Nərimanov da, ehtimal ki, Bakıya qayıtmağı, neft fəhlələrini al bayraq altında ölüm-dirim mübarizəsinə qaldırmağı üstün tutmuşdu. O, Bakıda ilk günlərdən bu narahat şəhərin dərdinə şərik oldu. Çar hökuməti və yerli burjuaziya səbri tükənmiş fəhlə və kəndlilərin silahlı üsyana hazırlığının qabağını almaq, beləliklə, inqilabi qüvvələri dağıtmaq üçün Zaqafqaziya xalqları arasında milli ixtilaf törətmiş, çaxnaşma salmışdı. On minlərlə Bakı fəhləsi fitnəkarlığa qarşı etiraz nümayişinə çıxır, beynəlmiləl mitinqlər keçirirdilər. Noyabr ayının 27-də 20 min nəfərin iştirakı ilə Bakıda keçirilən beynəlmiləl mitinqlərin təşkilatçıları arasında M.Əzizbəyov, S.Əfəndiyev, Ə.Axundovb. ilə birlikdə N.Nərimanov da var idi.

 

N.Nərimanov əzəmətli mitinqlərdə hərarətlə çıxış edir, çarizmin fitnəkar siyasətini pisləyir, fəhlələri qardaşlıq birliyinə, mütləqiyyətə qarşı silahlı mübarizəyə çağırırdı. Bakı hadisələri Zaqafqaziyanın hər yerində inqilabi hərəkata vüsət vermişdi. Lakin inqilabi çıxışlar silahlı üsyan mərhələsinə çata bilməsə də, “Azərbaycan proletariatının siyasi şüurununinqilabi fəallığının xeyli yetkinləşdiyini sübut edirdi”.

 

Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi - dekabr silahlı üsyanı proletariatın çarizm istibdadını tarmar etməyə kifayət qədər hazır olmadığını göstərdi. Bundan istifadə edən çar hökuməti inqilabi hərəkata qarşı hücuma keçdi: cəza dəstələri, yerli polislər fəhlə və kəndlilərə amansız divan tutur, işgəncə verir, həbsxanalara salır, sürgün edirdilər.

 

1905-ci ilin sərt dekabr günlərində N.Nərimanov Odessaya qayıtdı. Burada irtica qüvvələri fəallaşmış, hərbi vəziyyət elan edilmişdi. Universitetdə mürtəce professorlar heyətinin təkidi ilə tibb fakültəsinin dekanı Medvedyev istefa vermiş, onun yerini qatı irticaçı Levaşov tutmuşdu. Bu, universitetdə irtica qüvvələrinin ilk qələbəsi idi.

 

N.Nərimanov ağır şəraitdə dərslərdə iştirak edir, qış sessiyası imtahanlarına hazırlaşırdı. O, Bakıya, dostlarına da məktub yazmırdı. “Kaspi” qəzeti redaksiyasından Talıbzadə familiyalı bir nəfər 5 yanvar 1906-cı il tarixli teleqramla Novorossiysk imperator universitetinin rektoruna təşvişlə yazırdı: “Tələbə Nərimanov haqqında məlumat vermənizi xahiş edirik”.

 

Lakin rektorluq teleqramı cavabsız qoydu: Universitet bağlanmışdı. N.Nərimanovun ünvanı heç kəsə məlum deyildi. Onun Odessada, ali məktəblərin mərkəzi arxivində saxlanan şəxsi işinin son vərəqi olan teleqraf blankının arxasında mavi karandaşla yazılmışdı: “N.Nərimanov familiyalı iki tələbə var. Yaşayış yerləri məlum deyil”.

 

N.Nərimanov 1906-cı ilin yanvarında Bakıya gəlib çıxdı, həmin ilin axırınadək bir daha Odessaya qayıtmadı. Bu vaxtneftmilyonlar səltənəti”ndə vəziyyət get-gedə ağırlaşırdı. 1906-cı il yanvarın 26-dan “inqilabi-demokratik təşkilatlara mitinqlər və iclaslar keçirmək qəti surətdə qadağan edilirdi”.

 

Buna baxmayaraq, cəza tədbirləri və təqiblər Bakı proletariatının iradəsini sarsıda bilmədi. Azərbaycan fəhlələri bolşeviklərin rəhbərliyi altında əks-inqilabın hücumuna qarşı inadla müqavimət göstərir, irticanın güclü təzyiqi altında tədriclə, mütəşəkkil surətdə geri çəkilirdilər.

 

Birinci rus inqilabının məğlubiyyətindən sonra fəhlə hərəkatının təlatümlü dalğası yeni tufanlar qoparmaq üçün öz gücünü qoruyub saxlamalı idi. Odur ki, bolşeviklər inqilabi qüvvələri yeni döyüşlərə hazırlamaq və səfərbərliyə almaqdan ötrü leqal işi qeyri-leqal işlə birləşdirmək taktikasına keçdilər.

 

Bu dövrdə mədəni-maarif və xeyriyyə cəmiyyətləri kütlələrlə sıx əlaqə saxlamaqqeyri-leqal işdən məharətlə istifadə etmək üçün geniş imkan verirdi. Buna görə də N.Nərimanov 1906-cı ilin mart ayında təşkil olunmuşNicatmaarif cəmiyyətində ciddi ictimai fəaliyyətə başlayır. Məlum olduğu kimi, bu cəmiyyətdə liberal və millətçi əhvali-ruhiyyəli ziyalılar da vardı. Lakin mütərəqqi fikirli ziyalılar, həmçinin, bolşeviklər cəmiyyətdə çoxluq təşkil etdiyinə görə, bütün ictimai tədbirlər dövrün siyasi tələblərini zəhmətkeş kütlələrə başa salmağa, onları inqilabi döyüşlərə hazırlamağa xidmət edirdi. Belə mürəkkəb siyasi şəraitdə siyasi təşviqat və təşkilat işləri böyük ehtiyat tələb edirdi.

 

Hümmətçilər “Nicatmaarif cəmiyyətində fəhlə kursları, teatrkonsert tamaşaları, ədəbi dərnəklər və s. təşkil etmək yolu ilə zəhmətkeş kütlələrlə sıx əlaqə saxlayırdılar. N.Nərimanov zəhmətkeş kütlələrin siyasimilli şüurunun oyanması üçün hər vasitədən istifadə edirdi. O, 1906-cı il yanvar ayının ilk günlərindən gizli inqilabi fəaliyyətini ictimai-siyasielmi biliklərin leqal təbliği ilə əlaqələndirirdi. OnunTibbislam”, “Rus dövləti hal-hazırda” və s. ictimai-siyasielmi mövzularda oxuduğu kütləvi mühazirələr böyük maraqla qarşılanırdı. Çünki mühazirə zamanı dinləyicilərə xəstəliyin səbəbləri, müalicə üsulları barədə elmi məlumatla yanaşı, Rusiya inqilabi hərəkatının əsas mahiyyətindən, silahlı üsyanın zərurətindən də danışılırdı.

 

N.Nərimanov Bakıya gəldiyi ilk günlərdə inqilabi-demokratik “Üxüvvət” (“Qardaşlıq”) təşkilatı ilə də sıx əlaqə saxlayırdı. Bu leqal təşkilat “Azərbaycanın tələbə gənclərinin beynəlmiləl birliyini möhkəmləndirmə”yə xidmət edirdi. “Üxüvvət”in üzvləri - tələbə-gənclər N.Nərimanovun “Dilin bəlası”, Kazımovun “Daşəm-daşəm” komediyalarını tamaşaya qoymuşdular. Bu tamaşaların rejissoru N.Nərimanov idi.

 

Maraqlı budur ki, o, tələbə-gənclərin köməyi ilə “Nadir şahtarixi faciəsini də rus dilində tamaşaya hazırlamışdı. Bütün bunlarla yanaşı, N.Nərimanov “Müsəlman teatr kompaniyası” yaratmaq, müntəzəm teatr tamaşaları vermək niyyətində də olmuşdur.

 

İrtica qüvvələrinin hücuma keçdiyi bir şəraitdə N.Nərimanov müxtəlif vasitə və metodlarla zəhmətkeş kütlələrin mənəvi həyatına təsir göstərməyə, onların siyasi şüurunun artmasına kömək etməyə çalışırdı. 1905-ci il hadisələri xalq kütlələrinin dünyagörüşündə ciddi dönüş yaratmışdı. Çar Rusiyasında əsarətdə yaşayan xalqlar öz hüquqmilli ləyaqətləri haqqında düşünməyə başlamışdılar.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 7 mart.- S.4.