Qəbələnin işgüzar, təşəbbüskar qadınları

 

Qəbələ, bu gün respublikamızın füsunkarlığına, gəzməli, görməli yerlərinə, mənalı istirahət etmək potensialına, turizmin inkişaf səviyyəsinə, eyni zamanda sənayesinin, aqrar sahəsinin tərəqqisinə, sosial abadlığına, tikinti quruculuğuna görə tanınan, hamıya gözəl bir ünvan kimi təqdim olunan regiondur. Yaxşı deyirlər ki, Qəbələ Azərbaycanımızın dünyaya açılan pəncərələrindən biridir. Bu, dövlətin həmin rayona göstərdiyi yüksək diqqət və qayğının bəhrəsi, eyni zamanda ürəyi daim bu rayonun sosial-iqtisadi həyatı ilə döyünən, bu yolda ürəyinin hərarətini, qollarının qüvvəsini əsirgəməyən qəbələlilərin əməyinin parlaq təzahürüdür. Qocaman Qəbələnin ulu şöhrətini qoruya-qoruya bu günə gətirənlər, sabahımızın etibarlı dayaqları olan gənclərə əmanət edənlər gözəl diyarları ilə qürurlanırlar. Bu ordunun sırasında olanların 5600-dən çoxu qadınlardır. Onların da 2068 nəfəri rayonun ən böyük ziyalılar ordusunun çalışdığı Qəbələ təhsil şöbəsidir. Qəbələnin hər sahəsində çalışan qadınlar öz işgüzarlığı, təşəbbüskarlığı ilə seçilir. Əlamətdar gün - 8 Mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində bölgə müxbirimiz böyük qadınlar ordusunun çalışdığı bu qurumun bəzi rəhbər kadrları ilə görüşüb qısa müsahibələr almışdır.

 

Məhəbbət Rüstəmova - Qəbələ şəhərindəki 1 saylı tam orta məktəbin direktoru: Çoxmillətli rayonumuzda müxtəlif xalqların nümayəndələri mehriban, səmimi, vahid ailənin üzvü kimi yaşayır, fəaliyyət göstərir, hər ili yeni-yeni uğurlarla başa vururlar. Əlbəttə, qadınlarımızın, xüsusilə də müəllim qadınlarımızın əməyini yaddan çıxarmaq olmaz. Axı, müəllim bu günün, sabahın qurucusunu yetişdirən, çiyinlərində ən çox maarifçilik yükü daşıyanlardandır. Bizim üçün ən çox qürurverici hal odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə qadınlara yüksək qayğı ilə yanaşır, əməyimizə yüksək dəyər verirlər. 700 nəfər şagirdin təhsil aldığı, 90 nəfər müəllimin, digər bir sıra texniki işçilərin çalışdığı böyük bir kollektivə rəhbərliyin mənə etimad göstərilməsi, kollektivin üzvlərindən Bilqeyis Məmmədovanın respublikanın “Əməkdar müəllim”i adına, Şəmsiyyə Bayramovanın “Tərəqqi” medalına layiq görülməsi bizə olan yüksək qayğının, göstərilən etimadın bariz nümunəsidir.

 

İşimizin əsas meyarı və qarşımıza qoyduğumuz hədəfi gələcəyin qurucularından olan uşaqlara keyfiyyətli bilik vermək, onlarda yüksək nizam-intizam aşılamaqdır. Buna nail oluruq. Bir faktı qeyd edim ki, təkcə ötən il məktəbi qurtaran oğlan və qızların 50 faizdən çoxu müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Onların 2 nəfəri 600-dən çox bal toplamışdır. 5 məzunumuz Qırmızı attestat almışdır. Məktəbimizi müxtəlif fənn olimpiadalarında, bilik yarışlarında, hərbi idman oyunlarında həmişə nümunə göstərirlər. Mən özüm rayonumuzun ictimai-siyasi həyatında üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni əsirgəmirəm.

 

 

Adilə Əliyeva - Qəbələ şəhərindəki 3 saylı tam orta məktəbin direktoru: 8 Mart biz qadınların ən sevimli, heç vaxt unudulmayan tarixi bayramıdır. Bu bayram ərəfəsində məktəbimizə gələn çoxsaylı teleqramların sırasında məzunlarımızın çoxluq təşkil etməsi bizi qəlbən daha da sevindirir. Sevinirik ki, çəkdiyimiz zəhmət öz gözəl bəhrəsini verir, məzunlarımızın soraqları müxtəlif ali məktəblərdən, istehsalat sahəsindən gəlir və biz müəllimlər onların ürəklərində özümüzə heç vaxt unudulmayan bir guşə ayırmışıq.

Mən rayonumuzun beynəlmiləl məktəbinə rəhbərlik edirəm. Artıq 10 ildir bu şərəfli vəzifəni icra edirəm. Özüm M.F.Axundov adına Azərbaycan Xarici Dillər Universitetinin məzunuyam. Rus dili və ədəbiyyatı müəllimiyəm. Məktəbimizdə rus dilinin öyrədilməsi ilə mənimlə birlikdə çalışanların hamısı beynəlmiləlçilik ənənələrinin, dostluq və qardaşlığın qırılmaz məhəbbət telləri ilə daha da möhkəmləndirilməsinə xüsusi səy göstərir və buna layiqincə nail ola bilirik.

Məktəbimizdə 905 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 106 nəfər müəllim məşğul olur. Orta məktəbi qurtarandan sonra müxtəlif ali təhsil ocaqlarında oxuyan ayrı-ayrı peşələrə yiyələnib nümunə göstərən, sahibkarlığın müxtəlif sahələrində çalışan oğlan və qızların xoş soraqlarını eşitmək müəllim əməyinin ən gözəl bəhrəsi və mükafatıdır. Biz indi bu cür xoş soraqları çox eşidirçox sevinirik. Təkcə ötən dərs ilinin buraxılışından olan 31 məzunumuz müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Onların 3 nəfəri 600-dən çox bal toplamışdır. Bir nəfər şagirdimiz orta məktəbi qızıl medalla qurtarmışdır.

 

Ölkəmizdə, o cümlədən rayonumuzda təhsilə göstərilən dövlət qayğısının ilbəil daha da artdığını yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim müxtəlif təhsil ocaqlarında, uşaq bağçalarında olmaları, yeni-yeni məktəb və uşaq bağçaları binalarının açılışını etmələri, müəllimlərə fəxri adların, orden və medalların verilməsi bizi daha yaxşı işləməyə ruhlandırır. Çünki o sıralarda biz qadınlar da çoxluq təşkil edirik. Gündən-günə inkişaf edib gözəlləşən Azərbaycanımızı, onun Prezidenti cənab İlham Əliyevi bu gün bütün dünya tanıyır və sevir. Bu sevgini, məhəbbəti biz qadınlar da öz əməyimiz, əməlimiz, təşəbbüskarlığımızla təsdiqləməliyik və belə də edirik. Hamımız bu amal uğrunda çalışırıq.

 

Əsmayə Əzizova - Mirzəbəyli kənd tam orta məktəbinin direktoru: Hər dəfə məktəb həyatından, uşaqların təlim-tərbiyəsindən söhbət düşəndə aqillərin aşağıdakı fikirlərini xatırlayıram:

 

- Təlim asan olarsa, döyüş çətin olar, həyatı məktəb dəyişmir, əksinə həyat özü üçün məktəb yaradır və onu öz tələbatına, arzularına tabe edir. Uzun illərin təcrübəsindən bunların canlı şahidi olmuşam. Qənaətim bu olub ki, gələcəyin bacarıqlı, bilikli, peşəkar müəlliminin, həkiminin, aliminin, mühəndisinin yetişməsi üçün məktəbdə bu məsələlərə ciddi fikir verilməli, təlim-tərbiyə bu notlar üstündə köklənməlidir.

 

Müəllim işləyəndə də, 20 illik direktorluq təcrübəmdə də həmişə bu meyarlara diqqət yetirmişəm. Onu da görmüşindi də canlı şahidiyəm ki, ölkəmizdə təhsilə qayğı, müəllim əməyinə dəyər verilməsi ilə Azərbaycan təhsili ildən-ilə yeni-yeni uğurlara imza atır. Fərəhlənirik ki, bu sahədə qadınların da əməyi çoxdur və onların da zəhmətinə yüksək qiymət verilir. Axı, qadınlar da dövlətimizin əyilməyən, poladdan da möhkəm dayaqlarıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bunu aydın görürük.

 

Məktəb qadınların daha çox üstünlük təşkil etdikləri sahədir. Rəhbərlik etdiyim məktəbdə oxuyan 473 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 56 müəllimin 52-nin qadın olması da bu fikrin təsdiqidir. Qeyd edim ki, onların, demək olar, hamısı işgüzar, təşəbbüskardır. Şagirdlərin biliklərə yiyələnməsində, orta təhsillərini başa vurandan sonra həyat məktəbində də fəal olmasında əllərindən gələni əsirgəmirlər. Ötənilki məzunlarımızın 13 nəfəri ali məktəb tələbəsidir. Qadınlar bayramı ərəfəsində aldığımız təbriklərin sırasında məzunlarımızın adları çoxluq təşkil edir.

 

***

 

Qəbələdə digər sahələrdə çalışan qadınların da çoxlu uğurları, mükafatları var. Onlar da gözəllik çələnginə bürünən Qəbələnin daha da gözəlləşməsində ürəyinin hərarətini əsirgəmir, Azərbaycanın dünyaya açılan pəncərəsi olan rayonlarının daha da şöhrətlənməsi üçün yüksək əzmkarlıqla çalışırlar.

 

 

 

Rasim AMANOV

 

Respublika.- 2020.- 7 mart.- S.6.