NƏRİMAN NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir...
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5 və 7 mart tarixli saylarımızda)
N.Nərimanov inanırdı ki, burjua-demokratik inqilabı
müvəqqəti olaraq geri çəkilsə də, yeni
yüksək bir mərhələyə daxil olacaqdır. Bu tarixi vəzifə
maarif və mədəniyyət məsələlərinə
xalqı həlledici inqilabi döyüşlərə
hazırlamaq baxımından yanaşmağı tələb
edirdi.
Məlum olduğu kimi, Azərbaycan məktəblərində
təhsilin milli dildə tədrisinə icazə verilməməsi
demokratik ziyalılarda narahatlıq yaratmışdı. Maarif xadimləri çar
hakim dairələrinə ərzi-hal da yazmışdılar;
onlar ana dilinin məktəblərdə tədrisini, müəllimlərin
hüquqlarını, Azərbaycan ərazisində seminariya
açılmasını və s. tələb edirdilər. Lakin qeyri-rus xalqların öz uşaqlarını
ana dilində oxutmasını qadağan edən çarizm qətiyyən
güzəştə getmirdi.
N.Nərimanovun 1906-cı ilin avqust ayında Bakıda
keçirilən Qafqaz müsəlman müəllimlərinin I
qurultayında bu məsələləri yenidən cəsarətlə
ortaya atması inqilabi mahiyyət daşıyırdı.
Azərbaycanın tərəqqipərvər
ziyalıları bu qurultaya ciddi
hazırlaşmışdılar (1906-cı ilin mayında
“Nicat” maarif cəmiyyətinin qiraətxanasında Bakı
müsəlman müəllimlərinin
yığıncağı olmuşdur. Burada qəbul
edilən qətnaməyə görə Qafqaz müsəlman
müəllimlərinin I qurultayının avqust ayında
çağırılması nəzərdə tutulurdu.
Bütün təşkilati işlər
aşağıdakı tərkibdə olan komissiyaya
tapşırılmışdı: Həsən bəy Zərdabi
Məlikov, Əhməd bəy Ağayev, Nəriman bəy Nərimanov,
Əlisgəndər Cəfərzadə, Abdulla Əfəndiyev,
Həbib bəy Mahmudbəyov, Mehdi bəy Hacıbabayev, Mirzə
Yusif Əfəndiyev. Komissiya həftədə
bir dəfə iclas keçirməli, məramnamə
hazırlamalı və ciddi tədbirlər görməli idi.
Yerli müəllimlər komissiya ilə sıx əlaqə
saxlamaq üçün “Kaspi” (Həsən bəy Zərdabi Məlikova),
“Həyat” (Nəriman bəy Nərimanova) və “İrşad”
(Əhməd bəy Ağayevə) qəzetləri
redaksiyalarına məktub yazır, arzu və təkliflərini
bildirirdilər. (Qurultaya hazırlıq günlərində
N.Nərimanov təsis komissiyasının sədri kimi gecə-gündüz
yorulmadan çalışırdı. O, “yol xərcinə
mümkün dərəcədə kömək” etmək
şərtilə ətraf yerlərdən “yoxsul müəllimlərin”
çağırılması qayğısına da
qalmışdı).
N.Nərimanov
Qafqaz müsəlman müəllimlərinin I qurultayı ərəfəsində
“Müəllimlər ictimainə dair” məqalələr silsiləsini,
açılış günü isə “Bu gün” məqaləsini
dərc etdirmiş, xalq maarifi elçilərinin nəzərini
günün ən vacib məsələlərinə cəlb
etmişdir.
Müəllimlər
qurultayı 1906-cı il avqust ayının
15-də gündüz saat 10-da Şamaxı yolunda yerləşən
ikinci şəhər məktəbinin zalında işə
başladı. İclası təsis
komissiyasının sədri N.Nərimanov açdı və
giriş nitqindən sonra yığıncağı aparmaq
üçün sədr seçməyi təklif etdi. Nümayəndələr Həsən bəy Məlikovu
sədr, Nəriman bəy Nərimanovu sədr müavini, Fərhad
Ağayevi isə katib seçdilər.
Azərbaycanın
xalq müəllimlərinin müzakirə etdiyi məsələlər
bunlar idi:
“1.
Hal-hazırda bulunan proqramları nəzərdən
keçirib təqazayi-zəmanəyə görə təzədən
proqram tərtib etmək;
2. Təzə
tərtib olunan proqrama müvafiq kitablar təyin və təklif
etmək;
3. Oxumaq və
yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi
bir üsuli-tədris və təlim əxz etmək;
4. Kənd
müəllimlərinin əhval-məişəti və
güzəranlığına dair məsələlərə
baxmaq;
5.
Darülmüəllimin (seminariyanın) proqramını nəzərdən
keçirib hal və zamanın təqazasına görə dəyişilməsini
tələb etmək;
6. Üzvlər tərəfindən təqdim olunan məsələləri
məclisdə həll etmək”.
Milli azadlıq hərəkatının tufanlı bir
vaxtında maarif məsələlərinin bu cür
qoyuluşu və müzakirəsi açıq-aşkar inqilabi
mahiyyət daşıyırdı. N.Nərimanov demokratik əhvali-ruhiyyəli
müəllimləri həmrəyliyə və inqilabi
mübarizə yoluna cəlb etməkdə qurultayın siyasi əhəmiyyətini
başa düşürdü. Ona görə
də istər məramnamənin tərtibində, istərsə
də onun müzakirəsində qurultayı çarizmin
milli-müstəmləkə siyasətinə qarşı
qoymağa çalışırdı. Onun
sədrliyi ilə keçən iclaslarda müəllimlərin
ümumi ehtiyaclarının qızğın surətdə
müzakirəsi və irəli sürülən təkliflər
bu mülahizəni sübut edirdi.
N.Nərimanov öz çıxışlarında
mövcud üsuli-idarəni Azərbaycanda maarifin ağır vəziyyətinə
və müəllimlərin acınacaqlı, dözülməz
halına görə ittiham edir, islahat keçirməyi
hökumətdən tələb etmək təklifini irəli
sürürdü. O, avqustun 21-dəki gündüz iclasında tərəqqipərvər
maarif xadimlərini Azərbaycan dilinin icbari fənn kimi məktəblərdə
yeni proqram əsasında tədrisinə və müəllimlərin
hüquq bərabərliyinə nail olmağa
çağırdı. Qurultay yekdilliklə qərar
qəbul etdi.
Bu hadisə liberal-burjua ziyalılarını qorxuya
saldı. Onlar qurultayın “həddən artıq inqilabi” qərarını
“yumşaltmaq” üçün ertəsi gün
H.Z.Tağıyevi məclisə dəvət etdilər. H.Z.Tağıyev qurultayı “inqilabi” yoldan
yayındırmaq və qəbul olunan qərarı pozmaq
üçün nümayəndələri dilə tutmağa
və N.Nərimanova qarşı təhqiramiz hücumlar etməyə
başladı. O öz sözünün təsirli
olması üçün müəllimlərə müraciətlə
dedi: “Sizin dünənki qərarınız göstərir ki,
qurultaya N.Nərimanov kimi uzağı görməyən adamlar
rəhbərlik edir. Bilirsinizmi Nərimanov kimdir?
Onun cibində bir qəpiyi yoxdur, mənim pulumla
oxuyur. İndi gəlib burada inqilabi danışıq
aparır, sizi də ağıldan-başdan çıxarmaq
istəyir... Xahiş edirəm dünənki qərarınızı
dəyişin, çünki hökumət yanında
bütün millətimizə ayıb gətirən işdir”.
Bu sözlərdən sonra qurultaya dərin bir sakitlik
çökür. Hamı N.Nərimanova tərəf
baxır. O, ayağa qalxıb xitabət
kürsüsünə yaxınlaşır. Nümayəndələrin
üzündə təəccüb və heyrət vardır.
Onlar N.Nərimanovun böyük nüfuz sahibi,
milyonçu H.Z.Tağıyevə nə cavab verəcəyini
gözləyirdilər.
“Yoldaşlar! - deyə N.Nərimanov sakit, ciddi bir
tonla dilləndi. - Mən də cənab Tağıyevdən təqaüd
alanlardanam. Lakin mən bilmirdim ki, cənab Tağıyev yoxsul
müəllimlərə kömək etməklə istəyir
ki, onların müstəqil fikirləri olmasın, hərgah
indiyə qədər cənab Tağıyev tələbələrə
ona görə kömək etmiş ki, onlar yalnız
Tağıyevin dediyini desinlər, belə olduqda mən
özümün keçmişimi və hal-hazırımı
heç zaman ləkələyə, fəryad etmək
lazım gələn yerdə susa bilmərəm. Başqalarının nəinki açıq
danışdığı, hətta çar istibdadına
qarşı azadlıq yolunda öz qanlarını
tökdükləri bir zamanda, mən heç kəsə
ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur
qızılın gücü ilə məni susdursun.
Mən zəmanəmizin zalımlarından xilas olmaq
üçün, gələcək nəsillərin
özünü mənfur qızıla satmaması
üçün bütün qurultay qarşısında cənab
Tağıyevin təqaüdündən məmnuniyyətlə
imtina edirəm”.
N.Nərimanovun mərdanə çıxışı
qurultayda hərarətlə qarşılandı. Bu, “millət
atası” H.Z.Tağıyevin simasında Azərbaycan
burjuaziyasının əks-inqilabi siyasətinə
qarşı etiraz kimi səsləndi.
“Münaqişə” Əlimərdan bəy
Topçubaşov kimi “rəhbər ziyalılara” xoş gəlmədi. Onlar, müəllimlər
qurultayında N.Nərimanovun əleyhinə “mürtəce
ziyalıların” çıxışını təşkil
etdilər.
Liberal ziyalılar “N.Nərimanov haqlı olsa da, gərək
Hacının üzünə ağ olmayaydı” deməklə
təsəlli tapırdılar.
Yerli mətbuat “ictimai əhəmiyyəti və gələcək
nəsil üçün tərbiyəvi əhəmiyyəti
olan” bu hadisə haqqında “rüsvayçılıqla” susdu. Bütün
bunlara baxmayaraq, N.Nərimanovun şəxsində mürtəce
qüvvələrlə üz-üzə gələn “gənclərin
inqilabi cəsarəti” (S.M.Əfəndiyev) sınaqdan mətanətlə
çıxdı. N.Nərimanov ideya-siyasi
cəhətdən yetkin, mətin və prinsipial inqilab əsgəri
idi.
N.Nərimanov xalqın taleyini milyonçuların
ixtiyarına tapşırmağı ictimai-siyasi hadisələri
başa düşməmək, siyasi korluq kimi qiymətləndirirdi. O, sonralar
“Özünüzü biabır etdiyiniz bəsdir, yetər!” (1909)
məqaləsində yazırdı:
“Cəmiyyətə
xeyri olduğundan dolayı ictimai qoçulara hörmət
edib, xeyir iş gördürmək üçün həvəsləndirmək
yaxşıdır; ancaq o cür yanlış düşünən
dövlətli qoçulara bütün bir millətin müqəddəratını
tapşırmaq lap azı axmaqlıqdır”.
“Həyat
qəzeti”nin 1906-cı il 25 avqust tarixli
nömrəsində verilən bir məlumatdan
anlaşılır ki, avqust ayının 24-də N.Nərimanovun
müəllimlər qurultayında iştirak etməməsi
böyük narahatlıq doğurmuş, nümayəndələr
onun iclasa çağırılmasını təkidlə tələb
etmişlər. Müəllim Zəkəriyyə
bəy N.Nərimanovun yanına xahişə göndərilmişdir
(“Füyuzat” jurnalı, 1907, ¹27).
Rusiya inqilabi hərəkatı N.Nərimanovun
dünyagörüşündə ciddi dönüş
yaratmışdı. O, Azərbaycan fəhlə və kəndlilərinin
azadlıq və səadətini də inqilabi mübarizədə
görürdü. Ona görə də kütlələri
inqilabi döyüşlərə hazırlamaq
üçün xalqın mədəni inkişafına,
maariflənməsinə böyük əhəmiyyət
verirdi.
Bu
dövrdə “İrşad” qəzetində “Cümə
söhbəti”, “Həyat” qəzetində “Həftə fəryadı”
başlığı altında tez-tez dərc olunan məqalələrində
N.Nərimanov ictimai-siyasi hadisələrə
maarifçi-demokrat kimi deyil, inqilabçı-demokrat kimi
müdaxilə edirdi. O başa düşürdü ki,
xalqın azadlığı və istiqlaliyyəti yalnız
inqilabi mübarizə yolu ilə əldə edilə bilər.
N.Nərimanov bu fikri hər vasitə ilə
öz müasirlərinə aşılamağa
çalışır, ümumxalq mənafeyini şərəflə
qorumağı vətəndaşlıq borcu bilirdi. Onun H.Z.Tağıyev kimi milyonçuya qarşı
durması da ümumxalq işini hər şeydən
üstün tutması ilə bağlı idi. N.Nərimanov
sonralar bu barədə yazırdı: “15 il ən dəyərli
cavan yaşlarımı, el uğrunda, maarif üçün
işlədikdən sonra, güclü bir hacı mənim
şərəfimə toxunmuşdu; xırda, cəfəng ailə
qovğası üstündə deyil, bütün bir xalqın
tərbiyə və maarif məsələsi üstündə
hacıya bərəks olduğum üçün məni təhqir
etmişdi. Mən kasıb tələbə ilə
milyonçu hacı arasındakı bu mübarizə məslək
mübarizəsi idi”.
1906-cı ilin axırlarında N.Nərimanov təhsilini
davam etdirmək üçün Odessaya qayıdır.
Oktyabrın ilk günləri idi. N.Nərimanov ayın
axırına yaxın qış sessiya imtahanlarını verməli
idi. Lakin hələ mühazirəyə
yazıla bilməmişdi. Çünki
Bakı şəhər duması öz təqaüdçüsünə
pul göndərməmişdi. Ona görə də N.Nərimanov
Odessadan Bakı şəhər idarəsinə - “zati-aliləri
möhtərəm Boris Aleksandroviçə”
12 oktyabr
1906-cı il tarixli məktubunu göndərməli
olur. Orada deyilir:
“Oktyabrın axırlarında imtahanları vermək
fikrindəyəm, ancaq indiyə kimi mühazirələrə
yazılmamışam. Sizdən dübarə xahiş edirəm
ki, buna diqqət yetirəsiniz. İdarədə
bildirdim ki, mənim üçün pul göndəriləcək.
İdarə isə qulaq asmaq belə istəmir.
Bəlkə Siz rəsmi kağız yazasınız ki, mən
şəhər dumasının təqaüdçüsüyəm:
bir sözlə, bütün ümidim Sizədir.
Məşğələlər
öz qaydası ilə gedir, iş
boğazacandır. Ayın 15-dən 22-dək
darülfünun bağlanacaq ki, darülfünunla müdiriyyət
arasında anlaşılmazlıq olmasın.
Sağlıqla qalın.
N.Nərimanov.
Ünvan:
Sofiyevskaya 8, mənzil 12” .
1907-ci il avqust ayının son günü Nərimanovlar
ailəsinə bədbəxtlik üz verir: N.Nərimanovun
böyük qardaşı Salman uzun sürən ağır xəstəlikdən
sonra səhər saat 9-da, 60 yaşında vəfat edir. “Kaspi”
qəzetinin Qafqazda, müsəlman aləmində “nabor
korifeyi”, ilk milli mürəttiblərdən biri kimi
tanınmış S.Nərimanovun vəfatı münasibətilə
dərc etdiyi nekroloqda deyilirdi: “...Müsəlmanlar ustad bir
mürəttibi itirdilər. Bakıda, bəlkə
də Qafqazda ondan yaxşı mürəttib yox idi.
Nərimanov qurğuşun hərfləri əlinə ilk
dəfə bir çox illər bundan əvvəl
götürmüş və o vaxtdan bəri nə qədər
mətn yığmışdı.
Mərhum
həm də ədəbiyyat və publisistika həvəskarı
idi, “Həyat” adlı ilk gündəlik müsəlman qəzetinin
(nəşri keçən il
dayandırılmışdır) səhifələrində
yumoristik ruhda çox işgüzar və kəsərli məqalələri,
bəzən şeirləri də çap olunurdu...”
S.Nərimanovun
vəfatından sonra onun himayəsində yaşayan
böyük bir ailə başsız qalır (1905-ci il hadisələri zamanı Tiflisdə ailə
başçılarını itirmiş Səkinə Zamanova və
Mərziyə Zeynalova öz yetim qalmış uşaqları
ilə Bakıya köçüb Salman Nərimanovun himayəsində
yaşayırdılar). Ailənin yeganə pənahı
olan tələbə N.Nərimanov bu acı həqiqəti dərk
etdiyinə görə, necə olursa-olsun təhsili müvəffəqiyyətlə
başa vurub vətənə həkim diplomu ilə
qayıtmalı idi. Bu vaxt Bakıda öz işini davam
etdirən ikinci müəllimlər qurultayı tələbə
N.Nərimanovun bir ildən sonra ali məktəbi
bitirəcəyini nəzərə alıb, onun bacısı
oğlunu məktəblərin birində müəllimlik vəzifəsinə
işə götürmək haqqında məsələ
qaldırır.
Lakin bir sıra ciddi çətinliklər N.Nərimanovun
təhsilini müvəffəqiyyətlə başa
vurmasını təhlükə altına alırdı. Onlardan biri
Bakı şəhər idarəsi Dövlət
Dumasının öz təqaüdçüsünə pulu
vaxtında göndərməməsi idi. Bu,
böyük narahatlıq doğururdu. (1907-ci ilin
sentyabrında Odessaya qayıdan N.Nərimanovun həmkarı Nəcəfbəy
Vəzirova göndərdiyi teleqramı fikrimizi bir daha təsdiq
edər:
Odessa, 25
sentyabr 1907-ci il.
Möhtərəm
Nəcəfbəy!
Mən artıq Odessadayam. Sentyabrın 15-dən məşğələlər
davam edir. Artıq bəzi işləri görmüşəm,
ancaq dərd burasındadır ki, yeni qaydaya görə dinləmək
haqqı ödənilmədən mühazirələrə
yazılmaq olmaz... Zəhmət çəkib
alicənablıq göstərin, xahiş edin ki, mənə
mümkün qədər tez təqaüd göndərsinlər.
Sağlıqla qalın.
Sizin N.Nərimanov”).
Bakı və Tiflis şəhərlərinin demokratik
ziyalıları N.Nərimanova öz təhsilini başa
vurması üçün maddi kömək edirdilər. N.Nərimanov
onlara mətbuat vasitəsilə öz
razılığını bildirirdi. (N.Nərimanov
Odessadan Tiflisə, “Molla Nəsrəddin” jurnalının
redaktoru C.Məmmədquluzadəyə göndərdiyi məktubunda
yazırdı:
Mühərrir əfəndim.
Təvəqqe edirəm mənim bu kağızımı
jurnalınızda dərc edəsiniz. Bu günlərdə
Ağahüseyn Əliyev və Ağa Kərbəlayı Həmid
Cəfər cənablarının vasitələri ilə
Tiflis cavanları tərəfindən əlli manat və
sentyabrda yüz iyirmi manat vüsul oldu, böyük təşəkkürlər
edirəm.
Tələbə N.Nərimanov”).
1908-ci il ağır sınaq ili oldu. Həkim
A.İ.Kobozyevin xatirəsi N.Nərimanovun dəyanəti, məqsədə
çatmaq üçün inadlı mübarizəsi barədə
aydın təsəvvür yaradır; “Tələbəliyin
son illəri beşinci il “qiyamlarının”
yatırıldığı, tolmaçovçuluğun
tüğyan etdiyi irtica illəri idi, öz həmyerlilər təşkilatına
başçılıq edən Nərimanov belə zülmətli
bir şəraitdə işləməli olurdu... Nərimanov etibarsız sayılan yoldaşları ilə
universitetin müdiriyyəti arasında nə qədər
münaqişəni yoluna qoymuş, nə qədər tələbəni
dardan qurtarmışdı? O, belə işləyirdi: bir
mühazirəni də buraxmır, gecələr səhərədək
oxuyur, yazır, canına qəsd edirdi. Bilirdik
ki, ədəbi yaradıcılıqla da məşğul
olur”.
1908-ci
ilin payızında N.Nərimanov yarımillik sessiya
imtahanlarını müvəffəqiyyətlə verdi, oktyabrın 20-də imtahan komissiyası
iclasında yoxlamadan keçdi. Ona 2163 nömrəli
həkimlik vəsiqəsi verildi. N.Nərimanovun
qəlbini sevinc və qürur hissi
bürümüşdü. O, yaxın dostları ilə
vidalaşma məclisində gələcək böyük
işlərdən danışırdı.
İnqilabçı-həkimin
taleyində Odessa mühitinin böyük rolunu onun tələbə
dostlarından biri haqlı olaraq belə səciyyələndirmişdir:
“Nərimanovun inqilabi yolu, onun işi, onun genişlənib
inqilab rəhbərinin parlaq fəaliyyətinə çevrilən
gələcəyi burada, Odessada müəyyənləşmişdi”.
3. Nəriman Nərimanovun burjua mətbuatında əməkdaşlığının
səbəbləri və onun publisistikasının ideya-siyasi
istiqaməti.
1905-ci ilin əvvəllərində - Bakıda
inqilabi hadisələrin geniş vüsət
tapdığı bir dövrdə çar hakim dairələri
Zaqafqaziyada milli ədavət törətdi. Çarizm fitnəkarlıq yolu ilə inqilabi hərəkatın
qarşısını almağa cəhd edirdi. RSDFP
Bakı komitəsi və onun ayrılmaz tərkib hissəsi
olan “Hümmət” təşkilatı mürəkkəb,
ziddiyyətli bir şəraitdə burjua-demokratik
inqilabının mütləqiyyəti devirmək, orta əsr
qalıqlarını dağıtmaq, demokratik respublika yaratmaq
haqqında V.İ.Lenin təlimini həyata keçirmək
üçün Zaqafqaziya xalqlarını
qardaşlığa və həmrəyliyə
çağırır, siyasi intibahnamə və müraciətnamələr
yayır, mitinqlərdə rus, Azərbaycan, gürcü və
erməni dillərində inqilabın ən yaxın vəzifəsini
izah edir, beləliklə, zəhmətkeşləri silahlı
üsyana hazırlayırdılar. Bu zaman qüdrətli təbliğat
və təşviqat vasitəsi olan mətbuata böyük
ehtiyac hiss olunurdu. Bakı sosial-demokratları və
onların mübariz məsləkdaşları - hümmətçilər
inqilabın əməli vəzifələrini vaxtında həyata
keçirməkdə yüksək tribunanın rolunu layiqincə
qiymətləndirsələr də, yeni mətbuat orqanı
yaratmaq o qədər də asan deyildi. Hümmətçilər
1904-cü ilin oktyabrından 1905-ci ilin fevralınadək Azərbaycan
dilində ilk bolşevik qəzeti “Hümmət”in cəmi 6
nömrəsini hektoqrafla nəşr edə bilmişdilər.
Sonra isə çar polisi mətbəəni
dağıtmışdı. Odur ki,
hümmətçilər canlı publisistik sözü
müsəlman fəhlələrinə inqilabi vərəqələr,
mitinqlər vasitəsilə çatdırır, mübarizə
meydanını hər vasitə ilə genişləndirməyə
çalışırdılar.
N.Nərimanov 1905-ci ilin noyabrında Bakıda olduğu
zaman “Hümmət” təşkilatının görkəmli
xadimlərindən biri kimi, Bakının neft mədənlərində,
fabrik və zavodlarında müsəlman fəhlələri
arasında inqilabi ideyaları yayır, çarizmin siyasətinin
mahiyyətini onlara başa salır, hamını beynəlmiləl
birliyə çağırırdı. Onun siyasi
mitinq və yığıncaqlarda cəsarətli, aydın və
inamlı çıxışları fəhlələri
inqilabi mübarizəyə sövq edirdi. Lakin
inqilab ocağında, “hadisələrin davam etdiyi yerdə” fəhlələrə
operativ, əməli kömək etmək, onları
düzgün istiqamətləndirmək, beləliklə,
inqilabi hərəkatı genişləndirmək
üçün böyük mübarizə meydanı -
dövri mətbuat zəruri idi.
N.Nərimanovun 1906-cı ildə Bakıda olduğu zaman
liberal-burjua məsləkli “Həyat” və “İrşad” qəzetləri
ilə əməkdaşlıq etməsi bu cəhətdən
təəccüb doğurmur. Çünki gündəlik
mətbuat kütlələrlə sıx əlaqə
saxlamağa imkan yaradırdı.
Məlum olduğu kimi, “Həyat” qəzeti liberal-burjua
istiqamətli, gündəlik ictimai-siyasi və ədəbi mətbuat
orqanı idi.
1905-ci ilin iyun ayından 1906-cı ilin
axırınadək, fəaliyyəti ərzində “Həyat”
mürəkkəb, ziddiyyətli bir dövrün salnaməsi
olmuşdur. Burjua ideoloqları Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev və din xadimləri
“Həyat”ın ideya istiqamətini “Bizim üçün islam xaricində
nicat yoxdur” ruhunda aparırdılar. C.Məmmədquluzadə
“Xatiratım” əsərində yazırdı: “Həyat”ın
birinci nömrələrini oxuyanda elə yadımdadır ki, mən
çox da artıq təəssüf eləmədim, qeyriləri
belə bir rüznaməyə sahib olurlar, mən ola bilmirəm. Burada mən qəzet sahibləri
Əlibəyin və Əhmədbəyin
yazıçılıqda çox məharətli
olmaqlarını təsdiq edə-edə onların qəzetlərini
o yerdə xoşlamadım ki, birinci nömrənin baş məqaləsində
möhtərəm qələm sahibləri çox da islamdan və
müsəlmançılıqdan dəm vururdular və elə
bilirəm ki, səhv eləmirəm əgər desəm ki, adi
bir islam mübəlliği kimi və şəriət vaizi
kimi müsəlman qardaşları islam dinində dəxi də
sabitqədəm və bərqərar olmağa dəvət
edirdilər”.
Buna baxmayaraq, inqilab tufanının irəli
atdığı bir sıra ictimai problemlər, həyat həqiqətləri
qəzetin səhifələrində özünə yer
tapırdı.
“Həyat”da liberal-burjua ziyalıları Azərbaycan
burjuaziyasının mənafeyini müdafiə edirdilər. Bu “millət fədailəri”
pantürkizm, panislamizm və ya “milli muxtariyyət” hərəkatını
canfəşanlıqla yayır, bir ovuc sərvət sahiblərinə
xidmət edirdilər. Onlar Azərbaycan
xalqının gələcək taleyi ilə bağlı
ictimai problemləri həll etməkdən, həqiqi “nicat”
yolunu göstərməkdən uzaq idilər.
Sözün həqiqi mənasında xalqın dərdçəkəni, onun gələcək mədəni inkişafını düşünən və hər vasitə ilə kömək edən tərəqqipərvər ziyalılar “Həyat” qəzeti səhifələrində ən vacib ictimai problemlərə toxunur, onların həllinə çarə axtarır, beləliklə, öz arzu və ideallarının həyata keçəcəyinə inanırdılar. M.Ə.Sabirin “Beynəlmiləl” şeiri, A.Səhhətin lirik əsərləri, Abdulla Surun, S.Qənizadənin, Ü.Hacıbəyovun, H.Zərdabinin, N.Vəzirovun və b. felyetonları, elmi və publisist məqalələri onların maarifçi-demokratik ideallarını bariz şəkildə ifadə edirdi.
N.Nərimanov “Həyat” qəzetində “Nər”, “Arı bəy” imzası ilə çap etdirdiyi “Həftə fəryadı”, “Hərdənbir” felyetonlarında və məqalələrində ictimai-siyasi hadisələrə müasirlərindən fərqli olaraq daha fəal münasibət bəsləyirdi. O, maarifçi baxışlarından tam xilas ola bilməsə də, dövrün irəli sürdüyü problemlərin həllinə əsasən inqilabi-demokratik mövqedən yanaşırdı. N.Nərimanovun dünyagörüşündə baş verən təkamül təsadüfi deyildi. Odessada, istərsə də Bakıda inqilabi tufanların qaynağında olan N.Nərimanov ümumxalq hərəkatını diqqətlə izləyir, ona böyük ümidlər bəsləyirdi. Məhz buna görə də liberal-burjua məsləkli “Həyat” qəzetindən qabaqcıl ideyaları yaymaq, xalqa həqiqəti başa salmaq və onları inqilabi mübarizəyə hazırlamaq üçün bir tribuna kimi istifadə edirdi. Eyni fikri N.Nərimanovun “İrşad” qəzeti səhifələrində “Nər” imzası ilə buraxılan “Cümə söhbəti” felyetonları və siyasi-publisist məqalələri haqqında da demək olar. Lakin “İrşad” qəzeti “Həyat”a nisbətən mütərəqqi ideyalara, eyni zamanda inqilabi demokratizmə, marksist görüşlərin yayılmasına daha çox meyilli olmuşdur.
Burada N.Nərimanov, S.M.Əfəndiyev kimi hümmətçilər, F.Köçərli, Abdulla Sur, F.Ağazadə, Ü.Hacıbəyov kimi maarifpərvər yazıçılar müntəzəm çıxış edirdilər. Qəzet inqilabi hadisələrə həssas münasibət bəsləyir, bəzən bolşevik və inqilabi-demokratik mətbuatın təbliğ etdiyi ideologiyanı yayırdı.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 8 mart.- S.3.