Gülün ki,
dünyamız da gülsün!
Qadın
gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Bu şeirin, bu misraların qələmə alınmasından bir əsrdən çox vaxt keçir Dahi şairimiz, böyük azərbaycanlımız Hüseyn Cavid bu misralarında nə qədər haqlıymış, həm də nə qədər uzaqgörənmiş... Sanki 100 il öncədən bu günlərimizi görürmüş, siyasi-politoloji dillə ifadə etməli olsaq, şair fəhmi, intuisiyası ilə sonradan olacaqları, baş verəcəkləri dəqiqliyi ilə proqnozlaşdırırmış... Çünki gerçəkdən də, dünya siyasətində, beynəlxalq münasibətlər sisteminin formalaşdırılması və qurulmasında, dünya düzəninin müəyyənləşdirilməsində, diplomatiyada, iqtisadiyyatda, mədəniyyət, incəsənət aləmində, idmanda, hərbdə... kişilər nə qədər böyük ağırlıq təşkil etsələr, nə qədər öndə getsələr belə, öz iti, parlaq zəkası, fitri istedadı, bacarığı, qabiliyyəti ilə seçilən, fərqlənən, bəzən kişiləri ötüb-keçən qadınlar, xanımlar da az rol oynamayıblar... Onlar öz bilik və bacarıqları, ən əsası sülhpərvərlikləri və tərəqqipərvərlikləri ilə dünya nizamının qurulmasında, əmin-amanlığın, təhlükəsizliyin yaradılmasında, göz yaşlarının durdurulmasında... öz qüvvələrini əsirgəməyiblər, əksinə, daha fəal, təşəbbüskar olublar...
Son 100 ilə qısaca nəzər salaq, kimlərin adlarını xatırlamırıq... Mariya Küri, İndira Qandi, Benəzir Bhutto, Marqeret Tetçer, Valentina Tereşkova, İrina Rodnina, Klara Setkin, Sofi Loren, Merlin Monro, Edit Piaf, Şahzadə Diana, Jaklin Kennedi, Alla Puqaçova, Sofiya Rotaru, Anna Axmatova, Marina Svetayeva, Maya Çiburdanidze, Suat Derviş, Tansu Çillər, elə müasirlərimiz olan Tereza Mey, Angela Merkel... daha kimlər, kimlər... Bunlar hər biri öz sahəsində, öz peşəsində, öz fəaliyyətində böyük uğurlara imza atmış, bəşəriyyətə töhfələr vermiş insanlar, qadınlardır... Və yaxud, öz yaxın keçmişimizə, Azərbaycanımızın dünəninə, həm də bu gününə nəzər salaq... Kimlər yada düşür... Sara Xatun, Xurşudbanu Natəvan, Məhsəti Gəncəvi, Heyran xanım, Ağabacı Rzayeva, Şövkət Məmmədova, Hənifə Məlikova Zərdabi, Məleykə Hacıbəyova, Maral Rəhmanzadə, Əzizə Cəfərzadə, Aida İmanquliyeva, Hökumə Qurbanova, Firəngiz Əhmədova, Mirvarid Dilbazi, Leyla Vəkilova, Qəmər Almaszadə, Şövkət Ələkbərova, Rübabə Muradova, İzzət Orucova, Nigar Rəfibəyli, Kubra Fərəcova, Züleyxa Seyidməmmədova, Elmira Qafarova, Adilə Namazova, Lidiya Rəsulova, Bəsti Bağırova, Şamama Həsənova, Sevil Qazıyeva, Sürəyya Kərimova, Manya Kərimova, Fatma Hüseynova, Tərlan Musayeva, Sevil Əliyeva, Nərgiz Paşayeva, Zeynəb Xanlarova və başqaları...
Bu sırada öz qələmiylə, elmilə, sənətiylə, istedadıyla, cəsarətiylə, siyasətiylə, ləyaqətiylə onlarla, yüzlərlə uğur hekayəsi yazıb-yaratmış xanımlarımız var. Parlaq, unudulmaz, adları hər zaman ehtiramla çəkiləcək qadınlar... Bu dəyərli xanımlardan indi həyatda olanları da var, bizləri cismən tərk etsələr də, mənən, ruhən bizimlə qalanları da... Qalanlara cansağlığı, uzun ömürlər, növbəti qələbələr, bizləri tərk edənlərə isə Allahdan rəhmət diləyirik...
Bu məqamda XX-XXI əsr Azərbaycan qadın tarixinə adı qızıl hərflərlə yazılan, ölkəmizi istər daxildə, istərsə də onun hüdudlarından kənarda ləyaqətlə təmsil edən, Azərbaycan qadınının simvoluna çevrilən, xalqına, dövlətinə, həm də bəşəriyyətə öz misilsiz töhfəsini verən iki Azərbaycan qadınının adını çəkməmək mümkün deyil... Ulu öndərimizin ömür-gün yoldaşı, dostu, sirdaşı olmuş, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə həyat bəxş etmiş müqəddəs Ana - akademik Zərifə xanım Əliyeva və ölkənin birinci xanımı, Birinci vitse-prezident sevimlimiz, dəyərlimiz, fəxrimiz, xanımlar xanımı Mehriban Əliyeva... Zərifə xanım ötən əsrin 60-80-ci illərində Azərbaycan qadınlarının bayraqdarı, mənəvi anası olub Həm biliyi, savadı, tükənməz enerjisi ilə Azərbaycan və dünya tibb elminə, onun ən ağır sahələrindən olan oftalmologiyaya töhfələrini verib, həm də ulu öndərimizin təkcə ömür-gün yoldaşı deyil, eyni zamanda, O, böyük əzəmətli insanın silahdaşı, köməkdaşı, arxa-dayağı, mənəvi güvənc yeri olub... Bunu hər zaman ulu öndərimiz özü də fəxrlə vurğulayıb, dilə gətirib. Atalarımız təsadüfən “ot kökü üstə bitər” deməyiblər. Bu ənənə, bu nümunə yenə də var və davam edir...
Böyük ziyalı-Paşayevlər nəslindən olan, Mir Cəlal Paşayev dühasından rişələnən, bəhrələnən, boy atan və 35 ildən artıq müddət ərzində böyük bir nəslin, ocağın —Əliyevlər ailəsinin gəlini, nümayəndəsi, ölkə Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, silahdaşı Mehriban xanım Əliyeva... Azərbaycanın tarixini, ikinci müstəqilliyini, xüsusilə, son 20-25 ilimizi Mehriban xanımsız təsəvvür etmək mümkün deyil. Çünki müstəqilliyin ilk ağır və çətin illərində böyük sınaqlardan keçmiş Azərbaycanımızın uğurlarında, parlaq zəfərlərində və qələbələrində Mehriban xanımın bilavasitə və birbaşa rolu, xidmətləri var... Dövlət başçımızla birlikdə Azərbaycanımızın dünya dövlətləri arasında lider dövlətlərdən biri kimi tanınmasında Mehriban xanımın əməyi, zəhməti misilsizdir...
O, nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın mərhəmət, şəfqət simovuludur. Demokratiyadan, insan haqlarından dəm vuranların çoxlarından daha öncə qadınlara seçmək və seçilmək hüququ verən cəhalət içində sürünən müsəlman Şərqində çadradan imtina edən, sivil dünyaya inteqrasiya yoluna qədəm qoyan Azərbaycanın, Azərbaycan qadınının simvoludur Mehriban xanım... Öz geniş qəlbi, sevgisi, rəhmi, ədaləti, mərhəməti, şəfqəti, xeyirxahlığı ilə dünyanın qadın liderlərindən birinə və bəlkə də birincisinə çevrilib. Dünyada dara düşən, rəhmə, mərhəmət, şəfqətə ehtiyacı olan kimsə varsa, Mehriban xanım onun yanındadır. Hamı ona öz xilaskarı kimi baxır, güvənir. Mehriban xanım öz yorulmaz, sülhpərvər, xeyirpərvər, tərəqqipərvər fəaliyyəti ilə nəinki azərbaycanlıların, dünya xalqlarının qəlbində də özünə heykəl ucaldıb.
8 Mart-Beynəlxalq Qadınlar Günü... Zərif çiyinlərində dünya boyda ağırlığın yükünü çəkən, cəfakeş, qayğıkeş, ailəsini, Vətənini hər zaman özündən çox sevən, onların yolunda hər möhnətə, məhrumiyyətə qatlaşan xanımların günü... Bu gün münasibəti ilə əzizimiz, dəyərlimiz Mehriban xanım başda olmaqla, bütün Azərbaycan və dünya qadınlarını ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində, həyatlarında uğurlar arzulayıram... Əziz xanımlar, sevinin ki, dünyamız da sevinsin, gülün ki, hələ də göz yaşları çöhrəsindən əksik olmayan kədərli, nisgilli dünyamız da gülsün, yaşayın ki, dünyamız da var və əbədi olsun. Amin, milyon kərə Amin!
Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, Mədəniyyət
Komitəsinin sədr müavini,
filologiya elmləri doktoru, professor.
Respublika.- 2020.- 8 mart.- S.5.