Günəş Şəfəqli Qadınlar...

 

Bütün bəşəriyyətə həyat verən Günəş böyük gücə, qüdrətə malik olduğundandır ki, hər səhər üfüqdən boylanaraq ətrafı nura qərq edir. Onun Yer üzünə saçılaraq təbiətə, insanlara həyat bəxş etməsi də Tanrının bir möcüzəsidir...

Qadın da Günəş qədər parlaq, hərarətli, şəfqətli, mərhəmətli, qəlbi ülvi hisslərlə çağlayan mətanətli bir varlıqdır. Həyat onun varlığı ilə daha rövnəqli, rayihəli və mənalıdır. O, özünün düşüncəsi, yaratdıqları ilə aləmi şəfəqlərə boyayır. Dünya sanki onun işığı ilə cilvələnmiş cazibədar bir həyat mənbəyidir. Yaşam boyu insanların bütün hərəkət və fəaliyyəti cəmiyyətin inkişaf tempi onun nəfəsi, yaradıcılıq qüdrətilə nizamlanır, daha da gözəlləşir... Azərbaycan qadınları özlərinin nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə hər zaman ehtiramla, məhəbbətlə qarşılanıblar.

Mən qadının sevgi, güc mənbəyi olduğunu dərk edəndən duymuşam ki, onu xəlq edən Uca Yaradan bu ülvi varlığın vücuduna, mənəvi aləminə zəriflik və gözəllik bəxş etməklə məqamını ucada yaradıb. Desək ki, Qadın həyata gəlişi ilə ailəsinə, eləcə də cəmiyyətə əvəzsiz, misilsiz dəyərlər qazandırmaq gücünə malikdir, varlığında daim bir eşq, ülviyyət çağlayır, yaşam boyu düşüncəsinin işığında yaratmaq, yaşatmaq zəhməti, sevgisi ilə çırpınır, deməli, o, özünün mərhəməti, şəfqəti, dəyanəti ilə güclüdür, alidir. Bəlkə elə Tanrının bəxş etdiyi bu ali keyfiyyətlərə görədir ki, qadının şərəfi, ucalığı müqəddəs ana kitabımız olan “Qurani-Kərim”də “Cənnət anaların ayağı altındadır” hikmətli kəlamı ilə dəyərləndirilir...

Azərbaycan qadınları məhz belə qüdrətə malikdirlər. Mən qadınlarımızı bir çox ali keyfiyyətlərinə görə başqa xalqların qadınlarından fərqləndirməli olsam, onların bir çox xüsusiyyətlərini önə çəkərdim. Azərbaycan anasının həyatın ən ağır, çətin zamanlarında heyrətamiz bir dözüm, təpər nümayiş etdirdiyini, balasından ötrü ömrünü şam kimi əritdiyini, ailəsinin bir Mələk timsallı qoruyucusu olduğunu, Ana torpaqdan güc alaraq Vətəni, doğma yurdu naminə canından keçdiyini, bir müdrik kəlamı ilə qan-qadanın qarşısını aldığını, el-obaları birləşdirdiyini, məmləkətlər, xalqlar arasında sülh, əmin-amanlıq yaratdığını bilirik. Biz bütün bunların tarixən, zaman-zaman şahidi olmuşuq. Və heyrətlənmişik ki, Azərbaycan qadınları daha nələrə qadir deyil ki!..

Ötən əsrin əvvəllərində milli oyanışın təsirilə fəaliyyətə başlayan anadilli mətbuat, xeyriyyə cəmiyyətləri, qiraətxanalar, qız məktəbləri, kimsəsiz uşaqlara edilən yardımlar, imkanlı şəxslərin xeyirxahlığı və ziyalı qadınlarımızın fədakarlığı xalqın gözünün açılmasına şərait yaradırdı. Bütün bunlar milli dirçəlişə, ictimai şüurun formalaşmasına özünün təsirini göstərirdi. Maarifçi xanımların bu hərəkata qoşulması zamanı üçün böyük hadisə idi.

Əslində qadınlarımız tarixən həyatımızın bütün sahələrində özlərinin ağlı, işıqlı təfəkkürü, cəsarəti, istedadı, biliyi ilə millətin taleyində böyük rol oynamışlar. Yaşadıqları dövrün qadağalarına, fanatik mühitin çətinliklərinə baxmayaraq, geriliyə, ətalətə qarşı mübarizə aparmış, yaratdıqları sənət inciləri ilə milli düşüncənin yaranmasına təsir göstərmişlər. Bu ənənələr əsrlər boyu azya çox dərəcədə, bəzən vüsətli, bəzən də səngimiş formada davam etmişdir. Zamanında ağır sınaqlardan keçmiş, məhrumiyyətlər yaşamış maarifçi qadınların fəaliyyəti tarixin səhifələrinə böyük dəyərlər məcmusu kimi yazılmışdır. Bütün bunlar ötən yüzilliklərdə qadınlarımızın vətənə, xalqa göstərdikləri çoxçeşidli xidmətin nümunələri kimi, hər gələn nəslin yolunun üstündə bir mayak olmuşdur. Bu gün yaxın keçmişimizə, 100 il bundan əvvəl maarifpərvər qadınlarımızın ömür yoluna nəzər salanda onların fədakarlıqlarının qarşısında heyrətlənməmək olmur. Həyatlarını xalqın tərəqqisinə həsr edən bu vətən, millət sevdalılarının işıqlı arzularını, əməllərini xatırladıqca, bu möhtəşəmlikdən qəlbimiz duyğulanır...

Xatırlayırıq ki, müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması bir çox misli görünməmiş quruculuq işlərilə yanaşı, qadınlara verilən seçib-seçilmək hüquqlarının həyata keçirilməsi ilə də böyük əhəmiyyət kəsb etdi. Bu hüquqlardan istifadə edən Azərbaycan qadınları böyük inamla, sevgilə, fədakarlıqla fəaliyyət göstərməyə başladılar. Ölkənin inkişafı prosesində ziyalı qadınlarımızın təmsil olunması bütün sahələrdə yeniliklərin yaranmasına səbəb oldu. Bundan bir qədər əvvəl qadın mətbuatının yaranması, imkanlı, tərəqqipərvər xanımların açdıqları xeyriyyə cəmiyyətlərinin fəaliyyəti cümhuriyyət dövründə dövlət quruculuğunun əsas sütunu olaraq yeni axtarışlar sayəsində daha səbatlı fəaliyyətlə ölkə həyatında yenilənməyə yol açdı. Müəllim kadrların hazırlanması, qızlarımızın təhsilə cəlb olunması, beləliklə, gələcək anaların cəmiyyət üçün savadlı, milli ruhda övladlar tərbiyə etməsindən ötrü onların yetişdirilməsinə diqqət yetirildi. Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə milli dirçəlişin yaranmasına, azərbaycançılıq məfkurəsinin formalaşmasına böyük təkan verdi. Sonrakı dövrdə də müxtəlif peşə sahibləri olan sənətkar qadınlarımız ölkənin həyatında göstərdikləri rəşadətli əməyi ilə öz adlarını tarixin səhifələrinə yazdılar və xeyirxah, nəcib əməlləri ilə vətənin, xalqın taleyinə günəş kimi saçıldılar.

Əlbəttə, qədim tariximizdən üzü çağdaş dövrümüzədək yüzlərlə, minlərlə belə qadınların adlarını çəkmək mümkündür. Lakin qadınlarımızın şərəfinə həsr etdiyimiz bu yığcam yazıda bunlar, təbii ki, mümkün deyil (bəzi istisnalar isə labüddür), başqa bir tərəfdən də nəzərə alsaq ki, ümumən millətimizin anaları yüksək keyfiyyətlərə malikdi, onlar həyat amalları ilə başqa xalqların qadınlarına nümunə olmaq dəyərindədirlər, o zaman belə qadınları ayrı-ayrılıqda təqdim etməyə lüzum yoxdur. Buna baxmayaraq, yaxın keçmişə nəzər salanda bir çoxlarının əməlləri yaddaşımda közərdiyindən adlarını çəkmək yerinə düşər. Onların sırasında Şəfiqə Əfəndizadə, Sara Vəzirova, Hənifə Məlikova, Nabat Nərimanova, Xədicə Əlibəyova, Səkinə Axundova, Səidə Şeyxzadə, Asiya Axundzadə, Ziba Qayıbova... Bu xanımlar millətin balalarının, xüsusən də cəmiyyətə övlad bəxş edəcək qız uşaqlarının savadlanması yolunda fədakarlıqla çalışmışlar. Mən burda ötən əsrin otuzuncu illər repressiyasının sürgünə məruz qoyduğu Ümgülsüm Sadıqzadə, Şükriyyə Cavad və həmin dövrdə 45 Azərbaycanlı qadınının ana, həyat yoldaşı olaraq nə zillətlər çəkdiyini xatırlatmaq istəyirəm. Vətənin adını şərəflə daşıyan, ərlərinin namusunu qoruyan bu qadınlarımız bütün zamanlarda gəncliyə nümunədirlər.

Azərbaycanın dövlətçilik tarixində qadınların təmsil olunması təcrübəsi yüzillərə əsaslanır. İti zəka, təmkin, dərrakə, müdriklik kimi ümdə keyfiyyətlərə malik olan belə qadınların idarəetmə təcrübəsindən təkcə bir həyat yoldaşı, ana kimi ailəsi deyil, xalq və dövlət qazanır. Başqa sözlə, belə mükəmməl, qüdrətli, diplomat qadınlar dövlətçiliyimizin formalaşması, möhkəmlənməsi və inkişafında bünövrə daşı timsalında misilsiz rol oynayırlar.

Çağdaş dövrümüzə gəlincə, deməliyik ki, bu gün Azərbaycan qadınları elmin, mədəniyyətin, incəsənətin bütün sahələrində fərqlənmiş, böyük zirvələr fəth etmişlər. Bu gün Azərbaycan qadını, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, arxeoloqdur... ən başlıcası isə bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən həyat müəllimi, anadırlar.

Bu gün Azərbaycanın mədəni-mənəvi irsinin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Düşünürəm ki, həyatda bir sıra çətinliklərlə üzləşən, qayğıya, dəstəyə, böyük dayağa, bir ana-övlad timsalında hamiyə ehtiyacı olan insanların xoş halına ki onların böyük mənada hamisi olan Mehriban xanım Əliyeva uca mərtəbədə - Birinci vitse-prezident kürsüsündədir. Bu təmsilçilik sadəcə, pafoslu sözün, təsvirin kölgəsində qalmayıb, real faktlar, həyati hadisələr, həqiqi, əməli həm də operativ çalışmalar, bunların da müqabilində böyük dəyərlərlə, xalqın milli xüsusiyyətlərindən qaynaqlanan bənzərsiz keyfiyyətlərlə müşahidə olunur.

Qadınlarımız bütün zamanlarda olduğu kimi, bu gün də bədii-təsviri əsərlərdə vəsf olunur, xariqüladə əməllərinin timsalında möhtəşəm obrazları yaradılır. Dünyaya övlad gətirən, onu həyat, cəmiyyət üçün yetişdirən, ailənin bir möhkəm qanadı olaraq əziyyətlərə, cəfalara qatlaşması, özünün ağlı, zəkası ilə həyatımızın bütün sahələrində təmsil olunması buna haqq verir...

Həyatda çox möcüzələr baş verir... Tanrının bir möcüzəsi də Günəş timsallı zərif cinsi - qadınları bəşəriyyətə bəxş etməsidir...

Bayramınız mübarək, əziz və sevimli qadınlar!

 

Şəfəq NASİR

 

Respublika.- 2020.- 8 mart.- S.5.