Qadınlarımız bütün
sahələrdə mühüm rol oynayır
Bu gün Azərbaycan qadını üzərinə düşən sosial yükün ağırlığına baxmayaraq, daim cəmiyyətimizin mənəvi dayağı olmuş, mürəkkəb ictimai-siyasi proseslərin yaşandığı zamanlarda dəyanət və mərdlik nümayiş etdirmişdir. Uzun illərdən bəri respublikamızın iqtisadi, siyasi və mədəni həyatının fəal iştirakçısı olaraq qadınlarımız milli dövlətçilik quruculuğu işinə, ölkəmizin sürətli dinamik inkişafına öz dəyərli töhfələrini verirlər. Azərbaycan qadınının nəcibliyi, vətənpərvərliyi və müdrikliyi tariximizin hər bir dövründə özünü qabarıq şəkildə büruzə vermişdir.
Ölkəmizdə qadınlarımızın hüquq və azadlıqları tam təmin olunmuş və onlar dövlət idarəçiliyinin bütün sahələrində yüksək mövqeyə malikdirlər. Qeyd etmək lazımdır ki, ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərliyinin hər iki dönəmində qadınlarımızın cəmiyyətimizdə fəallığının daha da artırılması və mövqelərinin möhkəmləndirilməsinə, dövlət işində yüksək vəzifələrə çəkilmələrinə qayğı və diqqətlə yanaşmışdır. Dahi öndər Azərbaycan qadını barədə danışarkən demişdir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana dili ilə bərabər tutmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin 14 yanvar tarixli fərmanı ilə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasında və ölkənin sosial və siyasi həyatında onların daha yaxından iştirakını təmin etmək olmuşdur. “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf-şan, şöhrətdir. Qadın ucalıq, ülvilik, bakirəlik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir” ifadəsi də ulu öndər Heydər Əliyevə məxsusdur.
Azərbaycanda bütün sahələrdə çalışan qadınlara diqqət və qayğı artır, onların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı naminə həyata keçirdiyi məqsədyönlü işlər, geniş islahatlar öz müsbət nəticələrini verir ki, bu istiqamətdə də qadınlarımızın oynadığı rol böyük əhəmiyyət kəsb edir. Bu barədə danışarkən cənab Prezident demişdir: “Qadınlarımız suveren ölkəmizin dinamik inkişafını təmin edən təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan qadınından söz açarkən ilk növbədə xalqımızın fəxri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı və şərəfli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Qürur hissi keçiririk ki, Mehriban xanım Əliyeva Azərbaycan qadınına məxsus olan ən gözəl keyfiyyətləri özündə cəmləşdirir. Onun bütün məsul vəzifələrdə fəaliyyəti, gördüyü və uğurla həyat keçirdiyi tədbirlər, o cümlədən insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətindəki genişmiqyaslı işlər, ehtiyacı olanlara, şəhid ailələri və məcburi köçkünlərə, kimsəsiz-valideyn himayəsindən məhrum olan uşaqlara qayğı və köməklik bütün cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Qadınlarımızın fəxri olan Mehriban xanım Əliyeva yüksək dövləti rəhbərliyində öz Vətəni və xalqına ləyaqətlə xidmət edir, ölkəmizin davamlı inkişafına yeni-yeni töhfələr verir. Mehriban xanım Əliyeva Azərbaycan qadını, onların ölkəmizin ictimai həyatındakı oynadığı rol, tutduğu mövqe haqqında demişdir: “Azərbaycan qadınları həyatın bütün sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, Adət-ənənələrimizin qorunub saxlanmasında qadınların misilsiz xidmətləri olubdur. Azərbaycanda həmişə qadın və ana hər zaman müqəddəs sayılıbdır”.
Müstəqil Azərbaycan dövləti durmadan inkişaf edir, həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində də yeniləşmə, sürətli inkişaf və tərəqqi dövrü baş verir. Milli təhsilimizin bu gün inkişaf edərək beynəlxalq tələblər səviyyəsində olmasında bu sahədə çalışan qadınlarımızın oynadığı rol danılmazdır. Öz zəkası, fədakarlığı, vətənpərvərliyi ilə fərqlənən qadınlarımızın böyük əksəriyyəti təhsil sahəsində çalışırlar. Mən də öz həyat fəaliyyətimi bu çətin, həm də çox şərəfli peşəyə bağlamışam. 2012-ci ildən Bakı şəhəri 138 saylı tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyirəm. 2019-cu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqə “Sosialinklüzivlik” layihəsinin qalibi olmuşam. Təhsil ocağında gənc nəslin müasir elmi biliklərə yiyələnməsi, Vətənimizə, xalqımıza layiq övlad yetişdirilməsi işində fəaliyyət göstərən, məktəbin son illər qazandığı uğurlarda əməyi olan qadınlarımız çoxdur. Onlar müəllim adını ləyaqətlə doğruldurlar, ölkə təhsilinin inkişafına öz müsbət töhfələrini verirlər.
Fürsətdən istifadə edib bütün qadınlarımızı 8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm, onlara işlərində böyük uğurlar, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Pikə ƏHMƏDOVA,
Bakı şəhəri 138 saylı tam
orta məktəb, təlim-tərbiyə
işləri üzrə direktor müavini.
Respublika.- 2020.- 8 mart.- S.5.