Qadınlar ölkənin həyatında fəaldır

 

Müasir dövrdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir varlıqdır. Ölkəmizdə qadınlar böyük nüfuza malikdir. İstər ailədə, istər peşə fəaliyyətində qadınlar diqqət və qayğı ilə əhatə olunmuşlar. Qadın böyük qüvvədir, çünki bu incə, zərif və güclü varlıq haqq-ədalətin bərqərar olmasında, sülhün yaranmasında və qorunmasında böyük rola malikdir. Azərbaycan qadını hər zaman öz elmi, ictimai, siyasi, təşkilati fəaliyyəti ilə cəmiyyətin inkişaf etməsinə təkan vermişdir. Bütün tarixi dövrlərdə qadınlar kişilərlə birlikdə iqtisadi, siyasi, elmi, mədəni, diplomatik sahələrdə çiyin-çiyinə fəaliyyət göstərərək onlardan geridə qalmadıqlarını sübut etmişlər.

 

 

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın hüquq azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş görkəmli siyasi xadim Heydər Əliyev Azərbayana rəhbərlik etdiyi bütün dövrlərdə qadın hərəkatını, onlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır.

 

Ümummilli liderimiz Heydər Əliyev 8 Mart Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır, çünki bu bayram qadınlara həsr olunmuşdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda sosial-iqtisadi mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verir. Bu gün Azərbaycan qadını ziyalı, alim, müəllim, siyasətçi, millət vəkilidir. Azərbaycan xanımı ağıllı, ailəsinə bağlı olan bir qadın, ana kimi tanınır.

 

Hazırda müstəqil Azərbaycanın müasir qadınlarının səsi-sorağı dünyanın hər yerindən gəlir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla ölkəmizin müxtəlif tutumlu, rəngarəng peşəli, nümunəvi qadınları Vətən timsalına çevrilərək, dünyanın hər yerində Azərbaycanımızı bacarıqla təmsil edir, xalqımızı tanıdır, onun başını ucadan-uca edirlər.

 

Azərbaycanın mənəvi zənginliklərinə malik yenilməz xanımlarını sidq ürəklə təbrik edirəm. Əziz qadınlarımız, ölkəmizin sevimli, gözəl, işgüzar, zəhmətkeş insanları kimi siz dünyanın ən gözəl ən qiymətli varlığısınız. Qoy, zərif vücudunuzla böyük işlər görməyə qadir olan qəlbiniz daim qurmaq, yaşamaq eşqi ilə döyünsün, ölkəmizin rifahı naminə ikiqat səylə çalışın, XXI əsrin hər ili, hər günü sizə uğur gətirsin!

 

Esmira ƏLƏSGƏROVA,

Göygöl rayonundakı

Quşqara kənd tam orta

məktəbinin müəllimi.

 

Respublika.- 2020.- 8 mart.- S.5.