Bir ümidin işığında

 

Miranə Tağıyeva Masallı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Atası Mirqabil müəllim təkcə cənub bölgəsində deyil, respublikamızda bacarıqlı, təcrübəli, nüfuzlu təhsil işçisi kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına, Əməkdar müəllim adına layiq görülüb. Uzun illər rəhbərlik etdiyi R.Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbi “İlin ən yaxşı məktəbi” adını şərəflə daşıyır.

 

Miranə xanım ailənin ilkidir. Hələ orta məktəbdə oxuyarkən qardaşı Mirxəyal və bacısı Mirlamiyə hüquqşünas, Mirzamin mühəndis olmaq arzusu ilə yaşayırdılar. Miranə isə anası Lətifə xanım kimi həkim olacağını, xəstələrə şəfa paylayacağını düşünürdü.

 

1999-cu ildə sonsuz arzuların qanadlarında Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olundu. Təhsil illərində bilikli, nümunəvi tələbə kimi tanındı. Tibbin çətin sahələrindən olan cərrahiyyə ixtisasını seçdi. Nəzəri biliklərini Bakı şəhər 5 nömrəli klinik xəstəxanada praktik olaraq möhkəmləndirdi. Ali təhsilini başa vurub bir müddət həmin xəstəxanada işlədi. Burada peşəkar, təcrübəli həkimlərdən öyrəndi, apardığı ilk əməliyyatın uğurunu, sevincini yaşadı.

 

2015-ci ildə Səhiyyə Nazirliyinin işə qəbul üzrə keçirdiyi imtahandan yüksək nəticə qazanıb Masallı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə ümumi cərrah vəzifəsinə təyin olundu. Artıq 5 ildir ki, doğma rayonda çalışır. Masallının ilk qadın cərrahıdır. Cərrahi xəstəliklərin müalicəsində konservativ müalicəyə üstünlük verir. Zəruri ehtiyac olduqda əməliyyatın imkanlarından istifadə edir.

 

Hər əməliyyatda alnından puçur-puçur tər damcılanır. İnamla, ümidlə, bir ömrə ömür calamaq niyyətilə finendoskopu əlinə alıb xəstəliklə mübarizəyə başlayır. Bəzən əməliyyat bir neçə saat çəkir. Adəti üzrə əməliyyatdan sonra üz-gözündən sevinc yağır, xəstənin köməyinə yetişdiyi üçün sevinir, ürəyi fərəhlə dolur. Müqəddəs peşəsinin, cərrah bıçağının möcüzəsinə, şəfasına inanır, xəstəni qayğı, mərhəmət, sevinc dolu baxışlarla süzür. Xəstə bu baxışlardan əməliyyatın uğurla keçdiyinə, sağalacağına əmin olur. İndiyə kimi neçə-neçə xəstə onun şəfalı əllərilə sağlam həyata qayıdıb.

 

Miranə xanım gənc olmasına baxmayaraq peşəsini yaxşı bilir, daim öz üzərində çalışır. Dəfələrlə ixtisası üzrə kurslarda, treninqlərdə iştirak edib. Çoxlu sertifikatlar qazanıb. Ən böyük mükafatı isə xəstələrin ürək dolu xoş sözləri, minnətdarlıqlarıdır.

 

Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək qayğısı sayəsində milli səhiyyəmiz sürətlə inkişaf edərək yeniləşir, - deyə Miranə Tağıyeva bildirir. Səhiyyənin üzləşdiyi bütün problemlər həll olunur, insanlar dövlətimizin yaratdığı müasir tibbi xidmətlərdən yararlanır. Son 16 ildə respublikamızın bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. İki il əvvəl Masallı rayon mərkəzi xəstəxanası da əsaslı şəkildə yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib. Əhalinin sağlamlığının qorunması, müayinə-müalicə işinin yüksək səviyyədə qurulması üçün xəstəxanada hər cür şərait yaradılıb. Bütün şöbələrdə yeniliyin, qabaqcıl təcrübənin, müasir tibbi texnologiyaların tətbiqinə üstünlük verilir. Respublika Səhiyyə Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin qayğısını daim hiss edirik. Yeni ilin ilk günü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun xəstəxanaya gəlişi, xəstələrlə, səhiyyə işçilərilə görüşü, qayğılarımızla yaxından maraqlanması məsuliyyətimizi daha da artırır. Məqsədimiz əhaliyə nümunəvi, keyfiyyətli tibbi xidmət göstərməkdir.

 

Ümummilli lider Heydər Əliyev insan sağlamlığını cəmiyyətin sərvəti adlandırıb. Müqəddəs, nəcib xeyirxah peşə sahibi olan Miranə xanımın ən böyük arzusu insanları sağlam, xoşbəxt görməkdir. Gənc həkim sağlamlığını ona etibar edən xəstələrə yüksək diqqət həssaslıqla yanaşır, onlara keyfiyyətli tibbi xidmət göstərmək üçün var qüvvəsini əsirgəmir.

 

Əlisəfa Həsənov

 

Respublika.- 2020.- 8 mart.- S.7.