Ata yolunun
davamçısı
Elşən Məhərrəmov 1966-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası Kamal Məhərrəmov ortopediya və travmatologiya sahəsində tanınmış alim, tibb elmləri doktoru, professor, 140-dan artıq elmi işin və 3 monoqrafiyanın müəllifidir. O, 26 fevral 1929-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1947-ci ildə orta təhsilini bitirdikdən sonra Leninqrad şəhərində 1 ¹-li Pavlov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni bitirmişdir. 1954-1957-ci illərdə bu şəhərdə Turner adına Uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında təhsil almışdır. 1958-ci ildə tibb elmləri namizədi, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almış və 1970-ci ildə elmi fəaliyyətinə görə professor adına layiq görülmüşdür.
Kamal Məhərrəmov 1959-cu ildə öz doğma ölkəsinə qayıdıb, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, 1960-cı ildən böyük elmi işçi, 1972- 1986-cı illərdə institutun direktoru vəzifəsində çalışmışdır. O, direktor və respublikanın baş travmatoloq və ortopedi kimi “travmatologiya və ortopediyanın” inkişafında, elmi kadrların hazırlanmasında böyük rolu olmuşdur.
Alim keçmiş SSRİ Tibb Elmlər Akademiyasının və Travmatologiya və Ortopediya Cəmiyyətinin İdarə Heyətinin üzvü olub. K.Məhərrəmovun rəhbərliyi altında 1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda laborator korpusu inşa olunmuş və 1986-1993-cü illərdə Ortopediya şöbəsinin elmi rəhbəri vəzifəsində işləmişdir. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 5 elmlər namizədi müdafiə etmişdir.
Elşən Məhərrəmov atasının yolunu şərəflə davam etdirir. O, 1983-cü ildə 23 saylı orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1986-cı ildə ali məktəbdə təhsil alarkən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Hazırda tibb üzrə fəlsəfə doktoru və Uşaq Ortopediya və Travmatologiya Bölməsinin rəhbəri vəzifəsində çalışır.
Elşən Məhərrəmov işlədiyi müddətdə özünü bacarıqlı, işgüzar tibb işçisi kimi göstərmiş, xəstələrin və çalışdığı kollektivinin böyük hörmətini qazanmışdır. O, daim öz üzərində çalışır, xəstələrin müalicəsində yeni və müasir üsullardan istifadə edir. 54-dən çox elmi məqalənin, 3 səmərələşdirici təklifin və 3 patentin müəllifidir.
2002-ci ildə İran İslam Respublikasında, 2012-ci ildə Almaniya Federativ Respublikasında, 2014-cü ildə Türkiyə Respublikasında, 2016-cı ildə Nyu-Yorkda elmi-praktiki kurslarda olub.
Elşən Məhərrəmov söhbət zamanı dedi:
- Bizə müraciət edən xəstələr anadangəlmə bud-çanaq oynağının displaziyası və budların çıxığı ilə olan xəstələrdir. Bu xəstələrdə erkən diaqnostika aparılsa, onlar böyüyəndə bu fəsadlar əlilliyə gətirib çıxarmaz.
Uşaq anadan olandan 1 ay sonra bud-çanaq oynağının müayinəsi aparılmalıdır, əgər problem çıxarsa xəstə mütəxəssis tərəfindən müalicə olunmalıdır. Bu gün bud-çanaq oynağının çıxıqlarında müalicə taktikası tam dəyişmişdir. Valideynlər cərrahi əməliyyatdan çox vaxt imtina edirlər, ancaq nə qədər tez müalicə başlasa, o qədər tez effektini görmək olar. Təəssüf ki, əksər bölgələrimizdə ortopedlər köhnə üsullarla müalicə edirlər, bu isə uşaqların gələcəkdə əlilliyinə gətirib çıxarır. İkinci patologiyaya aid pəncədə olan deformasiya ilə olan xəstələr müraciət edirlər. Bu gün onun da sağalma taktikası tam dəyişilib və mütəxəssis tərəfdən düzgün müalicə aparılsa uşaqlarda tam sağalma əldə etmək olar.
Valideynlər tez-tez uşağın yerişinin pozulmasına görə müraciət edirlər. Birinci tövsiyə uşaq 6-7 aylığında olanda xodunokdan istifadə etməsinlər və uşaq özü yeriməyə başlasın. Uşaq yeriməyə başlayan zaman ona normal ayaqqabı seçmək lazımdır.
Uşaqlarda yeniyetmə dövrünə yaxın tez-tez onurğa deformasiyasına rast gəlinir. Valideynlər bunu nəzarətdə saxlamalı və həkimə müraciət etməlidirlər.
Uşaqlarda patologiyalar çoxdur. Bunlardan: əyripəncəlik, skolioz, budların anadangəlmə çıxığı, uşaq serebral iflici, onurğa beyni yırtığı və Şarko-Mari-Tut xəstəliyi, baldırın valqus deformasiyası, baldırın varus deformasiyası, aşağı ətrafların raxitik deformasiyaları və s. misal göstərə bilərik.
Xüsusi vurğulayım ki, institutda xəstələrin müayinə və müalicəsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Çalışırıq ki, bizə müraciət edən xəstələr tam sağalsın və sevinclə evlərinə qayıtsınlar. Biz həkimlər isə bundan qürur duyur və fərəhlənirik.
Söhbəti apardı:
Kamil İSMAYILOV
Respublika.- 2020.- 8 mart.- S.8.