NƏRİMAN
NƏRİMANOV - 150
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7 və 8 mart tarixli saylarımızda)
Elə ona görə də tərəqqipərvər ziyalılar “İrşad”ı millət üçün “mənbəyi-nicat, bir mövqeyi-ümid və xilas” hesab edirdilər. Onlar hətta güman edirdilər ki, “İrşad” qəzetinin varlığı pəncərədən otağa düşən günəş şüası kimi yatmış insanları oyatmağa qadirdir”. Şübhəsiz, demək olar ki, N.Nərimanovun “İrşad” redaksiyasında işləməsi qəzetin ideya istiqamətinə ciddi təsir göstərmişdir. Onun qayğısı sayəsində redaksiya ətrafına toplaşan sağlam, qabaqcıl dünyagörüşlü əməkdaşlar bolşeviklərin, xüsusən hümmətçilərin inqilabi, demokratik ideyaları yaymaq üçün qəzetdən bir tribuna kimi istifadə etməsinə imkan yaratmışdı. Məhz buna görə bəzi tədqiqatçıların “İrşad”ı hümmətçilərin ciddi təsiri altında olan və fəaliyyətinə bir çox cəhətdən onlar tərəfindən istiqamət verilən demokratik məsləkli mütərəqqi” qəzet kimi səciyyələndirməsi təsadüfi deyildir.
“İstər “Həyat”, istərsə də “İrşad” qəzetlərində burjua cəmiyyətinin riyakarlıq pərdələrini yırtmaq, zəhmətkeş kütlələri əsarət altında saxlayan, onun mədəni tərəqqisinə mane olan mürtəce qüvvələri ifşa etmək, xalqı şüurlu mübarizəyə hazırlamaq publisist-yazıçıdan möhkəm əqidə, xoş niyyət, dərin zəka, fikir aydınlığı və bilikdən əlavə, həm də incə mətləbləri təsirli, inandırıcı və “üstüörtülü” üslubda oxuculara çatdırmaq məharəti tələb edirdi. Firidun Köçərli yazır ki, ictimai fikrimizin bir sıra görkəmli nümayəndələri “burjua mətbuatı səhifələrində həmin mətbuatın ideya-siyasi istiqamətinə zidd ideyaları təbliğ etmək üçün müxtəlif ədəbi priyomlar işlətməli - bir çox hallarda isə öz fikirlərini üstüörtülü şəkildə və hətta müxtəlif işarələrlə ifadə etməli olurdular”.
N.Nərimanovun felyetonlarını və siyasi-publisist məqalələrini nəzərdən keçirmək bu cəhətdən maraqlıdır. Lakin onun felyetonlarının əsas problemləri və xüsusiyyətlərindən bəhs etməzdən əvvəl, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında bu janrın yarandığı tarixi şəraiti xatırlatmaq vacibdir.
Məlum olduğu kimi, Azərbaycanda milli dövri mətbuatın təməlini qoyan “Əkinçi” (1875) qəzetindən “Şərqi-Rus” (1903) qəzetinədək felyeton janrına təsadüf edilmir. Lakin feodal qayda-qanunlarına, geriliyə, ətalətə, mövhumata və haqsızlığa qarşı maarifpərvər ziyalıların apardıqları mübarizə dövründə milli mətbuatda yeni ədəbi janrlar yaranır və ya ayrı-ayrı ədəbi janrların yaranması üçün zəmin hazırlanırdı. Bu mənada XX əsrin əvvəllərində dövri mətbuatda meydana çıxan ədəbi-publisist felyeton göydəndüşmə olmamışdır.
XX əsr Azərbaycan ictimai fikri tarixində yeni mərhələdir. Burjua-demokratik inqilabın dövründə milli mətbuat mürəkkəb siyasi-ictimai həyatın salnaməsinə çevrilmişdi. Bolşevik mətbuatı (“Hümmət”, “Dəvət-Qoç”, “Təkamül”, “Yoldaş” və s.) inqilabi-demokratik mətbuat (“Molla Nəsrəddin”) və liberal burjua mətbuatı (“Həyat”, “İrşad”, “Füyuzat” və s.) təmsil etdikləri ictimai qüvvələrin qüdrətli mübarizə silahı idi. Lakin liberal-burjua mətbuatı inqilabi-demokratik hərəkatın güclü təsiri altında öz səhifələrində qabaqcıl ideyaların təbliğinə geniş yer verməli olurdu. Bu da istər-istəməz “Həyat” və “İrşad” qəzetlərini öz əsas ideya istiqamətindən uzaqlaşmağa, müəyyən mənada demokratik təmayüllü olmağa gətirib çıxarırdı. Felyeton janrı da məhz belə bir ictimai-siyasi mühitdə yaranmışdı. Y.İ.Jurbina yazır: “Felyeton - mətbuatın demokratikləşməsi hadisəsidir... O, geniş, kütləvi oxucularla bilavasitə söhbətə ehtiyac oyandığı və demokratik fikrin bu oxuculara müraciət etdiyi bir vaxtda yaranmışdır. Ona görə də felyeton digər “rəsmi” qəzet və jurnal janrlarından sonra meydana çıxmışdır”.
Azərbaycan ədəbiyyatşünaslığında felyeton janrının xarakteri və konkret vəzifəsi haqqında ilk nəzəri mülahizəni N.Nərimanov söyləmişdir: “Felyeton nə deməkdir? Felyeton, yəni asan məqalə deməkdir. Avropa mühərrirləri felyetonları çox vaxt bayram günləri çap edirlər ki, hamı üçün asan məqalələri oxumaq müyəssər olsun”.
N.Nərimanov hər həftədən bir - cümə günü “lazım olan məlumatı asan məqalələrin vasitəsilə” geniş xalq kütləsinə çatdırmağı həmkarlarına tövsiyə edirdi. O, “lazım olan məlumat” dedikdə, nəyi nəzərdə tuturdu? Əlbəttə, bu sualın cavabı bədii publisistika janrı kimi felyetonun vəzifəsini aydınlaşdırmağa kömək edər. Felyetonun əsas tənqid obyekti haqqında N.Nərimanov yazırdı: “Felyeton - ömürlərini bu dünyada zövq-səfa ilə keçirənlərə, bu dünya nə olmağını “dürüst” anlayanlara, “məndən sonra Nuhun tufanı olsun” deyənlərə, nəfslərini əqllərinə qul edənlərə, insaniyyəti dövlətdə, xoşbəxtliyi pulda görənlərə, qeyrəti namus yerinə işlədənlərə, öz nadanlığının səbəbinə özgəni nadan hesab edənlərə, əqli gödək olub kinayəni anlamayanlara, cəfəngiyyat yazıb adını mühərrir qoyanlara və qeyri-qeyri bu qisim həriflərə felyeton lazımdır və bəlkə vacibdir”.
Deməli, felyeton əhli-kef, xudbin, pulgir, şöhrətpərəst varlılara, eyş-işrətlə ömür sürməyi zəhmətkeş xalqın gələcək taleyini düşünməkdən üstün tutan qeyrətsiz ziyalılara, heysiyyətsiz, nadan adamlara və cəmiyyətin tərəqqisinə əngəl olan digər tüfeylilərə qarşı mübarizə vasitəsidir.
N.Nərimanova görə, felyeton ifşa yolu ilə əsl həqiqəti söyləməli, ictimai fikrin inkişafına kömək etməlidir. O, “millət yolunda çalışan”, oxumuş cavanların qəzetlərdə bu ruhda gözəl məqalələrlə çıxış etməsini xatırladaraq yazırdı ki, onlara “tərif, mədh” lazım deyildir. “Ədib yazdığı inşanın təsirini camaatda görsə və camaat onun fikrini anlayıb əməl etsə, heç bir tərif bunun yerini verməz, heç bir tərifnamə bunun kimi ürəyini döyündürməz...”.
N.Nərimanovun felyetonları, siyasi-publisist və ədəbi-tənqidi məqalələri bu cəhətdən diqqəti cəlb edir. O, ədəbi fəaliyyətinə keçən əsrin axırlarında başlasa da, onu dünyagörüşü baxımından inqilabçı-demokrat kimi səciyyələndirən inqilabi ruhlu siyasi-ictimai məqalələri 1905-ci ildən sonra “Həyat” və “İrşad” qəzetlərində çap olunmuşdur.
Rusiya imperiyasını məhvərindən sarsıdan burjua-demokratik inqilabı Zaqafqaziyanın tərəqqipərvər ziyalılarının qəlbində böyük inam yaratmışdı. Siyasi-ictimai aləmdə baş verən hadisələr N.Nərimanovu doğma xalqının gələcək taleyi haqqında ciddi düşünməyə vadar edirdi. O, inqilabi tufanların geniş xalq kütlələrinə nicat verəcəyinə, azadlığa və səadətə qovuşduracağına inanırdı. N.Nərimanovun burjua mətbuatında çap etdirdiyi məqalələrində xalq həyatının zəruri tələb və ehtiyaclarına böyük əhəmiyyət verməsinə də səbəb bu idi.
N.Nərimanov müasir həyatın ən mühüm və zəruri məsələlərinə publisist məqalələrində necə cavab verirdi? Onun publisistikasının ideya məzmunu və səciyyəvi xüsusiyyətləri nədən ibarət idi? Böyük vətəndaş publisistin felyetonlarını və məqalələrini bu baxımdan nəzərdən keçirmək maraqlıdır.
N.Nərimanovun zəngin ədəbi irsində publisistika mühüm yer tutur. XIX əsrin sonlarından ömrünün
axırınadək dövri
mətbuatda onun bədii əsərləri
ilə yanaşı, külli miqdarda felyetonu, ədəbi-tənqidi
və publisist məqalələri dərc
olunmuşdur.
N.Nərimanovun dünyagörüşünün tədricən təkmilləşməsi
prosesi inqilabçı
ədibin istər bədii, istərsə də ədəbi-tənqidi
və publisist əsərlərində aydın
nəzərə çarpır.
Akademik F.Köçərli yazıçının
irsini toplu halda tədqiq etdiyi zaman onun
ictimai-siyasi görüşlərinin
təkamül prosesini
haqlı olaraq üç dövrə ayırmışdır: XIX əsrin
90-cı illərindən 1905-ci il inqilabı
ərəfəsinədək; 1905-1917-ci illər; Rusiyada fevral burjua-demokratik inqilabından sonra.
Bu xronoloji ardıcıllıq
vətəndaş-yazıçının,
görkəmli ictimai xadimin maarifçilikdən
inqilabi demokratizmə,
sonra isə marksizm-leninizmə doğru
məfkurəvi təkamül
yolunun mahiyyətini, xarakterini öyrənmək
baxımından elmi əhəmiyyətə malikdir.
N.Nərimanovun 1906-cı ildə liberal-burjua mətbuatında çap etdirdiyi məqalələrdə
günün ən zəruri tələblərinə
və ictimai-siyasi hadisələrinə marksizm
dünyagörüşü mövqeyindən vaxtında
cavab verməsi, onu inqilabçı-demokrat
kimi səciyyələndirməyə
əsas verir. Görkəmli
ədibin liberal-burjua mətbuatında marksizm ideyalarını son dərəcə
ehtiyatla təbliğ etməsini, eyni zamanda gizlin inqilabi fəaliyyətini
(“Hümmət” təşkilatının
inqilabi məzmunlu intibahnamələrini və
s.) nəzərə alsaq,
onun inqilabi demokratizminin öz təbiəti etibarıilə
bilavasitə marksizm mənbəyindən qidalanmasını,
başqa sözlə desək, marksizm-leninizm ideyalarının təsiri
altında inkişaf etməsini görmək olar. Bu nöqteyi-nəzərdən
N.Nərimanovun 1906-cı ildə
“Həyat” və “İrşad” qəzetlərində
çap etdirdiyi məqalələri nəzərdən
keçirmək maraqlıdır.
***
1906-cı ildə N.Nərimanov
öz publisist məqalələrinin birində
məslək, əqidə
və ideyalılığın
bütün vətəndaşlar
üçün başlıca
mənəvi keyfiyyət
olması məsələsinə
toxunmuşdur. Çünki inqilabçı-demokrat yazıçıların və
qabaqcıl ictimai xadimlərin yüksək ideallar uğrunda fədakarlıqla mübarizə
apardıqları bir dövrdə bəzi səbatsız ziyalılar
hadisələr fırtınasından
vahiməyə düşüb
tez-tez məsləkini
dəyişirdilər.
Burjua-mülkədar ziyalıların xətti-hərəkəti
xalqın inkişafına
və tərəqqisinə
mane olur, adamların əxlaq və görüşlərinə mənfi
təsir göstərirdi. Belə bir
vaxtda N.Nərimanovun siyasi publisistikasında məslək, əqidə
və ideyalılığa
insanın vətəndaşlıq
simasını müəyyən
edən keyfiyyət kimi yanaşılması aktual əhəmiyyət kəsb edirdi. N.Nərimanov
Azərbaycanın siyasi-ictimai
həyatını əməli
olaraq dəyişməyə
kömək edən mütərəqqi etiqadı,
məsləki müdafiə
etməklə bərabər,
alovlu publisist kimi, xalqın azadlığı, tərəqqisi
və səadəti yolunda mübarizə aparmağı bacaran adamları birliyə, ittifaqa, əlbir olmağa çağırırdı.
N.Nərimanov 1905-ci il inqilabının
fırtınalı günlərində
“döşlərinə döyüb,
camaata yol göstərmək istəyən”
bəzi ziyalıların
mütərəqqi ictimai
ideallar uğrunda mübarizənin təhlükəli
olduğunu duyar-duymaz
“inqilabın çovğunundan
sonra vicdanlarını
qara pula satıb yaman nifrətli rol” oynadıqlarını
xatırladaraq yazırdı:
“Bunlar inqilaba hazır olsa idilər, bir məslək dalınca getməyə tərbiyə
tapsa idilər, əlbəttə, belə
vicdansız işlər
tutmazdılar”.
N.Nərimanov Azərbaycanın ictimai
həyatında bu fəsadların, özbaşınalığın
baş verməsinin əsas
səbəblərini mənsəbpərəst
ziyalıların xəyanətində,
onların “istiqbala dair hər məsələdə
kor olmağında”, ümumxalq işinə etinasızlığında görürdü.
O, ürəkağrısı ilə deyirdi: “Müsəlman aləmi bir maskarad aləmidir.
Avropada maskaradlar müəyyən bir vaxtda bir üstüörtülü
damda - zalda olarkən, müsəlman aləmində maskaradlar küçələrdə olur,
fəqət müəyyən
bir vaxtda yox, hər gün,
hər saat, hər dəqiqə fəsad içində yaşayırıq, özümüz
özümüzü aldadırıq,
başımızı gizlədib
quyruğumuzdan xəbərimiz
olmur”.
N.Nərimanov müasirlərinə belə
bir fikri təlqin etməyə çalışırdı ki,
“ümumi millət, vətən dərdi” hər kəsin vətəndaşlıq borcudur. O, müasirlərinə
üz tutaraq deyirdi: “Öz dərdinəmi əlac edəsən, ya millətin dərdinə. Məndən soruşursunuzsa
mən deyirəm: Siz özünüzü bir millətdən hesab edirsinizsə özünüz üçün
bir müəyyən vətən varsa, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və ya xeyir,
bir millət və ya bir
vətən sizi öz üzvlərindən
bilirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün
ümumi dərd və qəm olacaqdır. Belə olan surətdə
cidd-cəhd iki tərəfdən etməlidir.
Hər iki tərəf bir-birinin tərəqqi tapmağına gərəkdir
çalışsın”.
Lakin “ümumi millət, vətən dərdi” çəkən adamlar az idi. Hər kəsi öz xüsusi mənafeyi düşündürürdü. “...Zənginlərimiz millət
sözü eşidəndə
qulaqlarını pambıqlayırlar...
Yainki bir neçə axund əfəndilərimiz
ittihad bərəks olurlar, yainki bir neçə oxumuş cavanlarımız
analarını ac qoyub
qazandıqları pulu
“tans klassa” verirlər.
Yainki zahirdə millətpərəstlər, batində
millətə quyular qazıyırlar, zahirdə
əqidə sahibləri
batində əqidələrini
pula satırlar...”.
Hərdən bir cildə girən, yalnız öz şəxsi mənafeyini güdən mənsəbpərəst ziyalılara
N.Nərimanov müraciətlə
deyirdi: “Bəs nə oldu? Səbəb nədir?
Dünən millət adı
gələndə ağzınız
köpüklənmiş, onun
tərəqqi tapmağına
tövrbətövr yollar
göstərirdiniz, şimdi
“millət mənim cibimdir” deyirsiniz?
Dünən hürriyyətdən dəm
vurub fəhləni özünüzə yoldaş
bilirdiniz, indi fəhlə yox, elmdə özünüzə
bərabər hürriyyətpərəst
yoldaşınızı qurdmu
hesab edirsiniz? Nə səbəbə
dünənki yoldaşınızdan
qorxub “qurdu quzu içinə buraxmaq olmaz” deyib bir parça
çörəyinə mane olursunuz?
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 11 mart.- S.5.