YEL ÇƏRŞƏNBƏSİ

 

İlaxır çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsinə xalq arasında “Külək oyadan çərşənbə”, “Badi-çərşənbə”, “Nəfəs çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” də deyirlər. Yel - külək insanların həyatında böyük əhəmiyyət daşıyır. Taxılın döyülməsi - xırman zamanı sovrulma prosesində yel həlledici rola malikdir. Su hövzələri kənarında yaşayan və gəmiçiliklə, balıqçılıqla məşğul olan xalqlarda da küləyin lazımi istiqamətdə əsməsindən çox şey asılı idi. Yel dəyirmanlarını hərəkətə gətirən də külək idi. Bitkilərin, meyvə ağaclarının çiçəklərinin tozlandırılması da külək vasitəsilə həyata keçirilir və məhsulun necə olacağı məhz ondan asılıdır. Odur ki, insanlar Yelin arxasında müəyyən bir qüvvənin olduğuna inanmış, onu antropomorflaşdırmış, yəni şəxsləndirmiş, insan cildində təsəvvür etmiş, Tanrı səviyyəsinə qaldırmışlar. Onunla öz istəklərinə uyğun manipulyasiya etməkdən ötrü müəyyən mərasimlər keçirməyi, şərəfinə nəğmələr oxumağı lazım bilmişlər. Küləyə bu cür münasibət yalnız bizim əcdadlarımıza deyil, demək olar ki, bütün xalqlara aiddir. Məsələn, yəhudi mifik düşüncəsində əsas tanrı olan Yəhva və Elahim məhz küləyə çevrilərək bir anda bütün dünyanı dolaşır. Yunan mifologiyasına müraciət etsək, daha zəngin bir fantaziyanın şahidi olarıq. Mifə görə küləklər allahı Eol mis divarla əhatə olunmuş, sahillərində sıldırım qayalar ucalan bir adada ailəsi ilə birgə xoşbəxt həyat sürürmüş. Odissey öz yoldaşları ilə Eolun adasında bir ay qonaq qalır, ondan böyük hörmət görür, ona öz macəralarından söhbət açır. Nəhayət, Odissey ondan evə qayıtmaq üçün icazə istəyir. Eol razılaşır və Odisseyə ağzı gümüş kəndirlə büzülmüş böyük tuluq verir. O, qərb küləyi olan Zefiri azad buraxaraq digər 3 küləyi həmin tuluğun içində həbs etmişdi. Zefir Odisseyin gəmisini evinə doğru istiqamətləndirməli idi. Lakin ölkəsinə çathaçatda allahlar Odisseyi yuxuya verirlər. Yoldaşları isə tuluğun içində qızıl, gümüş olduğunu düşünərək onu açırlar. Bunun nəticəsində dənizdə tufan qalxır və gəmini yenidən Eolun adasına doğru aparır. Odissey Eoldan bir daha ona kömək göstərməsini xahiş edir. Lakin Eol qəzəblənərək cavab verir ki, allahların nifrət və təqib etdiyi bir şəxsə yardım göstərməyəcəkdir. O, Odisseyi qovur.

 

Qeyd etməliyik ki, yunan mifologiyasında 4 cür külək ayırd edilir. Bunlardan birincisi Qərb küləyi olan Zefirdir. Onun atası Titan Astrey (ulduzlu səma), anası isə Səhər şəfəqi ilahəsi Eosdur.

 

İkincisi Şimal küləyi olan Boreydir. O, qanadlı, uzun saçlı və saqqallı təsvir edilir. Məskəni zülmət və soyuğun hökm sürdüyü Frakiyadır. Çox vaxt ayğır - erkək at şəklində təsəvvür olunur. Üçüncüsü Cənub küləyi Notdur. O da saqqallı və qanadlıdır. Zefir, Borey və Not eyni valideynlərin övladlarıdır, yəni qardaşdırlar. Dördüncüsü Şərq küləyi Evrdir. Onun mənşəyi məlum deyildir və antropomorfik özəllikləri yoxdur.

 

Əgər rus nağıllarına diqqət yetirsək, görərik ki, bəzən qəhrəman şər qüvvələr tərəfindən qaçırılmış sevgilisinin, yaxud axtardığı ölkənin yerini küləkdən xəbər alır, onunla soraqlaşır.

 

Dini mənbələr və səmavi kitablar da külək haqqında müəyyən informasiya verir. Məhəmməd peyğəmbər salavatullah buyurub ki, “külək Allahın qullarına bir nemətidir. Bəzən rəhmət, bəzən də əzab gətirir. Külək əsdiyi zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının”. Başqa sözlə, külək Allahın əmrindədir.

 

Quranın “Əhqat” (“Qumsal təpələr”) surəsinin 24-cü ayəsində küləyin dağıdıcı gücü ilə bağlı bir əhvalata işarə edilir. Bir zaman Allaha şərik qoşan Ad qövmü (tayfası) varmış. Allah Hud peyğəmbəri göndərdi ki, onları düz yola çağırsın. Lakin bu alınmayanda Allah Ad qövmünün üzərinə “sarsar” deyilən məhvedici bir rüzgar göndərdi. 7 gecə və 8 gün davam edən bu soyuq qasırğa həmin tayfanı yer üzündən sildi.

 

İslam dinində 4 böyük mələkdən biri olan Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etmək Allah tərəfindən vəzifə kimi buyrulmuşdur.

 

Beləliklə, külək barədə mifoloji və dini mənbələrdə olan fikirlərdən sonra elmin bu sahədə mövqeyini öyrənmək də maraqlı olardı. Əvvəla, külək havanın üfüqi istiqamətdə hərəkətinə deyilir. Əgər külək olmasaydı, təsəvvür edin ki, isti yerlər həmişə isti, soyuq yerlər isə daim soyuq olardı. Elmdə daimi, mövsümi hakim külək anlayışları mövcuddur. Şimal, Cənub, Şərq, Qərb deyə cəhətlərin adı ilə adlandırılan küləklərin yerli adları da vardır: Ağ yel, qara yel, Xəzri, Gilavar. Xalqımızın əski etiqadlarına görə Ağ yel libasda, Qara yel qara libasda, Xəzri göy libasda, Gilavar isə qırmızı libasda təsəvvür edilir.

 

Burada rənglər müəyyən semantik yük - məna daşıyır. Hesab edilir ki, Yel çərşənbəsində qara nəhrdə yatmış 4 cür külək oyanıb yer üzünə çıxır. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu isə Yelin özünün təmizlənməsi kimi yozulur. Çərşənbədə oyanan külək əvvəlki həftələrdə oyanmış suyu və odu hərəkətə gətirir, yazın gəlişindən xəbər verir. Yellə bağlı mərasimlər yalnız Novruz ərəfəsində deyil, insanın ona ehtiyacı olan hər bir məqamda keçirilə bilərdi. Bu baxımdan taxıl döyülən zaman keçirilən Yel baba mərasimi də kökü etibarı ilə Yel tanrısına etiqadla və deməli, həm də Novruzla bağlıdır.

 

Zəngin ana dilimizdə külək anlayışını ifadə edən bir çox sözlər var. Lakin onlar kiçik məna çalarları ilə bir-birindən seçilir. Məsələn, səmum - səhralarda əsən çox şiddətli, isti və quru küləkdir, nəsim - yüngül yeldir, səba - şimal-şərqdən əsən yüngül və lətif mehdir. Rüzgar, boğanaq və s. kəlmələr də külək anlayışını ifadə edir.

 

Yel çərşənbəsində külək ağacların qol-budağını o tərəf, bu tərəfə yellədərək, onları qış yuxusundan oyadır, puçurlarını, tumurcuqlarını açır, buludları ora-bura qovaraq bir-birilə toqquşdurub ilıq yaz yağışları yağdırır.

 

Dini rəvayətə görə, Yel - Hava Allahın insanı yaradarkən onun cisminə üfürdüyü nəfəsini, yəni insanın ruhunu təcəssüm etdirir. Əcdadlarımızın təsəvvüründə “ruh-can” insan bədənini quş cildində tərk edir. Hava-səma can quşlarının - ata-baba ruhlarının əbədi məskənidir. Nağıl və dastanlarımızda ruh-can göyərçin şəklində təsvir edilir. Təsadüfi deyildir ki, el-oba içində göyərçin toxunulmaz və müqəddəs quş sayılır, onu öldürmək ən böyük günah, əti isə yasaqdır. Yel çərşənbəsində quşbazlar qışdan sonra ilk dəfə qısa müddətə də olsa, quşxanaları açıb göyərçinləri səmaya qaldırırlar.

 

Adətən Yel çərşənbəsində bazarlarda qəfəslərdə çöldən, meşədən ovlanmış quşlar satılırdı. Günahlarını yumaq, savab qazanmaq istəyənlər bu quşları satın alıb çöl-çəmənə çıxır, qəfəsi açıb quşları sərbəst buraxırdılar. Bu zaman belə sözlər deyərdilər: “azad-bezat, məni cənnətdə gözət”. Bundan başqa, gözlə görülməyən, əllə tutulmayan yelin varlığını bizə hiss etdirən vasitədən, əşyalardan biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb damların və ya təpələrin başından uçurmuşlar. Bu çərpələnglərin üzərinə Tanrıya şikayət məktubu və ya xahişnamələr yerləşdirənlər də tapılırdı. Bəzən hər məhəllə yığışıb bir darvaza boyda çərpələng hazırlayardı. Hərdən səmada ipləri bir-birinə dolaşmış çərpələnglərin sanki savaşı baş verirdi və əhali böyük maraqla bunu seyr edirdi.

 

Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq məqsədilə də çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında basdırılmış insan boyunda bir dirəyə çərpələng asır, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışır və oxuyurdular. “Yel babam, yelli babam, elim-obam batdı, gəl, çərpələngim yatdı, gəl”. Bu zaman kiçik oğlan uşaqları tütək, fıştırıq, sümsü kimi nəfəs alətlərini üfürərək onları səsləndirməklə yeli oyatmağa cəhd göstərirdilər. İnsanlar yel dəyirmanlarının pərlərini əlvan parça, gümüşü kağız zolaqları, güzgü qıraqları ilə bəzəyib hərlədərək çərşənbə günündə onun ətrafında çalıb-oxuyurdular. Dənizkənarı ərazilərdə yaşayanlar yelkənli qayıqlarla gəzintiyə çıxardılar.

 

Yel çərşənbəsində icra olunan mərasimlərdən biri də küfdibidir. Burada əsasən gənclər iştirak edərdilər. Yaşlı meyvə ağacından yelləncək asıb onu həmişəyaşıl bitkilərin yarpaqları, gül-çiçək və rəngli qaytanlarla bəzəyərdilər.

 

Məlumdur ki, küləyin bitkiləri tozlandırmaq, yəni mayalandırıb məhsul-bar verməsini təmin etmək kimi mühüm xüsusiyyəti vardır. Rəvayətə görə, Yel çərşənbəsində yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb bütün yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir. Etiqada görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında eşq-məhəbbət o qədər geniş vüsət alar. Əbəs yerə deyildir ki, folklorumuzda - nağıl və dastanlarımızda övlad həsrəti çəkən yaşı keçmiş cütlüklər Xızırın və ya dərvişin verdiyi qırmızı almanı bölüb yeməklə arzularına çatırlar. Odur ki, çərşənbə axşamı cavanlar qırmızı almalardan yeyib onların 10 toxumunu yastıqlarının altına qoyaraq yatırlar. Deyilənə görə, bu yolla yuxuda gələcək qismətini - nişanlısını görmək mümkündür.

 

 

 

Almara NƏBİYEVA,

Bakı Dövlət Universiteti,

filologiya üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 11 mart.- S.6.