NƏRİMAN
NƏRİMANOV - 150
(əvvəli 16,
18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1,
3, 5, 7, 8 və 11 mart tarixli
saylarımızda)
Haqqınız var cənab Şamdan bəylər! Hələ dövran sizindir! Lakin ayda 400-500 manata əqidənizi satırsınızsa, özgənin çörəyinə mane olmayınız... Özünüz tülkü olub ağalarınıza özünüzü quzu surətində göstərirsinizsə, qeyrilərini “qurd” qələminə verməyiniz... Məgər ki, “baykotlamaq” felindən xəbəriniz yoxdur?”.
N.Nərimanov “Müsəlman müəllimləri” adlı məqaləsində yazırdı ki, millətin xoşbəxtliyini məktəbdə görən qeyri millət ruhaniləri və camaatı ictimai milli məktəblərin daha da tərəqqi tapması üçün əlbir olub qeyrət və hümmət göstərirlər. Lakin Azərbaycanda nəinki ruhanilər, hətta ziyalılar arasında belə “hümmət, həmiyyət və qeyrət” nəzərə çarpmır. N.Nərimanov öz məqalələrinin birində bunun səbəbini aydınlaşdırır:
O, Gəncənin mötəbər hacılarından birinin sözləri ilə ruhanilərin yeni üsulda məktəb açılmasına münasibətini bildirir. Hacı öz müsahibinə deyir: “...Bu sözlər boşdur, dünya üçündür, biz axirəti gərəkdir nəzərdə tutaq. Filan axund buyurur. Mən gecə-gündüz ömrümü məscidlərdə keçirirəm. Dünyamıza dair elmlərdən mən bir şey eşitməmişəm. Axund lazım bilsəydi vəz edərdi. Mən bunu anlamışam ki, bu dünyanın axırı yoxdur, özümüzü axirətə hazırlamaq. O da ibadət ilə olar, mən də axund buyruğuna əməl edib ibadətə məşğulam... Mənim nə borcum mədrəsə açırlar, ya yox. Ondan savayı bu mədrəsədən çıxan “müqəddəs olmaz, Xorasanda, Nəcəfdə gərəkdir oxumaq ki, ehkam ilahini yaxşı anlayasan”.
N.Nərimanov həmin məqaləsində bəzi müəllimlərin yeni ictimai milli məktəblərin açılmasına etinasız olduqlarını, onların öz şəxsi mənafeyini hər şeydən üstün tutduqlarını açıb göstərirdi: “...Müəllimləri öz işlərindən ötrü, ümumi dərdlərinə əlac aramaqdan ötrü bir məclisə dəvət edəndə “bir parası” dəvətnamənin üstə yazırmış, görəsən, plov da olacaqmı? Ya xeyr: biri “yetər xabi qəflətdə qalmağımız, gərək işləyək, dövlətə ümid bağlamaq olmaz. Bizə lazım şeyləri tələb edək, verməsə güc ilə alaq! İndi aləmi-hürriyyətdir. Qorxmamaq!” - belə sözləri deyirmiş, fəqət bir qeyrisi bundan “ağıllı”, “fərasətli”, “qeyrətli” yoldaşına baxıb da gülürmüş: “ay biçarə aldığın çoxca məvacib, üç-dörd müftə otaq, müftə odun, müftə çıraq, müftə qulluqçu, hər il də “çox zəhmətlərdən” azarlayıb şəhər kassasından aldığımız “pasobiya” qarnımızı dəlir?! Bizə nə düşübdür özümüzü bəlaya salaq? Millət qeyrətini gərək bizmi çəkək? Arxayın ye-iç, kef çək. Kim kimədir? Axı, hünərimiz nədir, dövlətdən biz bir şey tələb edək? “Bayili” görmürsənmi? Daha qoymazsınızmı bir doyunca şəhərin pullarından xərc edək? Həm də “Tərəqqi” edək...”.
Ancaq öz rahatlığını, şəxsi mənafeyini güdən əqidəsiz ziyalılar dövrün tələbini başa düşmək istəmir, şəhərlərdə tikilən “bir cüt bir tək” məktəblə təsəlli tapırdılar. N.Nərimanov qəflətdən ayılıb həyatın tələbləri ilə ayaqlaşmağın, cəsarətli olmağın vaxtı çatdığını dönə-dönə xatırladırdı. O yazırdı: “Fəqət qeyrilərinə baxıb da dərsi ibrət almalı! Vaxt keçibsə də, iltifaq edib qabaqda gedən qonşuları elm və fəndə, sənətdə təqib etməli, yüyürüb onlara çatmalı! Yoxsa getdikcə qaranlıqda qalıb işlərimiz fəna, özümüz xar və zəlil olacağız”.
Mübariz ədib millətin dərdinə qalan, onun tərəqqisinə çalışan mühərrirlərin fəaliyyətini yüksək qiymətləndirirdi. N.Nərimanova görə, mühərrir millətin adət-ənənəsini, tarixi keçmişini, mədəniyyətini yaxşı bilməsə, öz doğma vətənini bütün hissi, varlığı ilə sevməsə onun dərdinə şərik ola bilməz. Mühərrirə həyat həqiqətinə sadiq olmağı, nədən yazırsa-yazsın insafı əldən verməməyi məsləhət görürdü: “...bir mühərrir ki, ... ağzına gələni yazıb da işin sonunu gözləmədi, “anlamadığı şeylərdən dəm vurarkən özünü anlayan göstərdi, elə mühərririn heç olmamağı məsləhətdir... Çünki belə bir mühərririn camaata, millətə zərərindən savayı xeyri olmaz, zənn edirəm”.
N.Nərimanov vətəndaş mühərrirlərə tövsiyə edirdi ki, məsləkini qara pula satan, yaxşını yaman yerinə qələmə verən, beləliklə, milli tərəqqiyə mane olan cızmaqaraçılara qarşı amansız olsunlar, öz iti qələmlərini yüksək ideallardan ehtikar edən xırda burjua ünsürlərinə və hər şeyə öz mənafeyi nöqteyi-nəzərindən yanaşan adamlara qarşı çevirsinlər.
N.Nərimanov avam kütlələrin gözünü açmaq, onlara yaxşı ilə yamanı anlatmaq, beləliklə, milli ləyaqət hissi oyatmaq üçün tənqidi ən gözəl vasitə hesab edirdi. Məhz buna görə də xalqa xidməti hər şeydən üstün tutan mühərrirlərə felyetondan kəskin silah kimi istifadə etməyi məsləhət görürdü. O deyirdi ki, əqidəni, məsləki pula satmağın kütləvi “azara” çevrilməsi böyük fəlakətdir. Biz adamları bu “azar”dan xilas etməyə ciddi səy edəriksə, bəlkə, onlar “yavaş-yavaş tərbiyə tapıb puldan savayı bir qeyri şeylərə də baxmağı öyrənələr, adət tutalar, bəlkə aya, ulduza, insanı müəyyən fikrə salan dəryanın üzünə baxıb ürəklərini daş edən, ağıllarını paslandıran, gözəl hissiyyatını mürur ilə fəna edən şeylərdən yavaş-yavaş əl çəkə, heç olmazsa, on iki saat pula baxanda, bir-iki saat da ətrafında olan şeylərə baxa, özgələrin sözlərini eşidələr, ah və nalə edənlərin imdadına çatmasalar da, ürəkləri bəlkə bir az yumşala, zehinləri açıla, fikirləri təzələnə. Yavaş-yavaş ümmət, millət, lisan və ədəbiyyati-milliyyə, camaat, insaniyyət, vətən, din, əfkar və hissiyyati-milliyyə nə olmağını bəlkə düşünələr, bunların tərəqqisinə özləri çalışmasalar da, qeyri çalışanlara da mane olmayalar...”.
Vətənpərvər publisist öz müasirlərinə belə bir fikri təlqin edirdi ki, “yaman əməllərin, pis hərəkətlərin” gündən-günə azalması üçün ilkin şərt camaatın təsəvvür, əqidə və söz birliyini tələb edir: “Bu məqsədə çatmaq üçün camaat özünü gərəkdir tanıtsın, nəyə dost və nəyə düşmən olmağını bildirsin. Bu da camaatın ittifaqı-ittihadı ilə, əqidə və fikirlərin birliyi ilə ola bilər...”. Həmrəylik olmadan ümumi məqsəd uğrunda aparılan mübarizədə qələbə qazanmaq olmaz. Çünki tək-tənha “bu əfkarımız, amalımız, mənəviyyatımız da fani olar”.
N.Nərimanov xalqın birliyini millət, vətən üçün böyük xoşbəxtlik hesab edirdi. O, “camaatı sərgərdan qoyub dostunu, düşmənini gizlətmək siyasəti” yeridən, əsl həqiqəti ört-basdır edən, xırda hisslərlə yaşayan mühərrirlərin hərəkətini millətə, vətənə xəyanət hesab edirdi: “Ah, bədbəxt camaat mühərrirlər! Əli qələm tutub meydana çıxan bədbəxt mühərrirlər!..
Özünüzü ağalarınıza oxşadıb tədbirsiz bir qələmlə camaata yol göstərirsiniz! Özgələrin işlərinə, fikirlərinə rişxənd edib özünüz nə əqidədə olmağınızı camaata aşkar ediniz. Üstüörtülü zövzəklikdən maskanızı atınız, yoxsa vaxt gələr ki, zəmanə özü maskanızı üzünüzdən qoparıb darmadağın edər”.
N.Nərimanov mühərrirliyin çətin, məsuliyyətli olduğunu da dönə-dönə xatırladırdı. Milli intibah dövrü vətəndaş mühərririn üzərinə ciddi vəzifələr qoymuşdu. Lakin 1905-ci il hadisələrindən sonra irticanın güclənməsi ən zəruri məsələlərə mühərrirlərin açıq müdaxilə etməsinə imkan vermirdi. N.Nərimanov “Həyat” qəzetində “Arı bəy” imzası ilə çap etdirdiyi “Hərdənbir” felyetonunda əqidə dostlarını ehtiyatlı, məsələlərə üstüörtülü, ancaq oxucuların başa düşəcəyi şəkildə toxunmağa çağırırdı: “...Bundan müqəddəm məqalə yazmaq çox asan idi. Nə yazırdın inanmırdılar. Ona görə də çox da fikir lazım deyildi. Ordan-burdan ağzına nə gəlirdi vururdun. İndi yox. İki gündən bir məqalə yazsan yenə şükür elə. Çünki indiki məqalə çox fikir aparır... Məqaləni elə bir tövr düzəldirsən ki, üstünə düşəndə də cavab verməyə sözün olsun.
...Düz-düzünə indi daha demək olmaz, gərək əyri-üyrü yollar tapıb “ürəyindəki” mətləbi bir növ ilə yetirəsən, üstüörtülü də olmuş olsa. “Mənim” əqidəmdə olanlar tez başa düşərlər, düşüb də “istifadə” edərlər. Özləri anlayırlar ki, indi o vaxt deyil”.
Milli-mədəni gerilik, maarifə, teatra, mətbuata münasibət, dini xurafat, avamlıq və cəhalət qabaqcıl ziyalıların ictimai həyatda əl-qol açmasına imkan vermir, ümumi tərəqqiyə mane olurdu. N.Nərimanov Azərbaycanın mədəni mərkəzi olan Bakının ictimai mühitini öz felyetonlarının birində kinayə ilə təsvir edir. Burada publisist dərəbəylik aləmini satira atəşinə tutur, zamanın tələbindən geri qalmağı “qeyrət mücəssəməsi” olan bəylərin üzünə hiddətlə çırpırdı. O yazırdı: “Cənab bəylər! Gözünüzü açınız, qulaqlarınızdan pambığı çıxarınız, görünüz, eşidiniz: Bakı kimi “kasıb” şəhərdə sizin din qardaşlarınız necə “qeyrət, hümmət, həmiyyət” göstərirlər. Bakı camaatı elmin, fənnin, sənətin mənfəətini anlayıb qət ediblər ki, hamı gərək uşaqlarını oxutsun, bu səbəbdən Bakı gimnaziyalarında və ibtidai məktəblərində “uşaqlara” yer yoxdur. Ona görə müsəlman uşaqları üçün təzə gimnaziya, realnı uçiliş və qeyri sənət üçün məktəbləri camaatın öz xərcinə açılacaqdır. Açılan məktəblər bəs etmədiyinə görə, uşaqları evlərdə müəllim tutub oxudacaqlar. Müəllim isə indi azdır, ona görə Qori seminariyasını Bakıya köçürəcəklər və bir qeyri seminariya darülmüəllimin açmaq üçün çox pul yığılıbdır... Camaat yetim uşaqları da öz xərcinə oxudur! Cəmiyyəti-xeyriyyəyə zəngin hacılar “böyük köməklik” edirlər. Cəmiyyəti-xeyriyyənin kassası “dolub” böyük prosent götürməyinə görə cəmiyyəti-xeyriyyənin pulunu banklar götürmürlər... Şəhərin küçələrində bir ayaqyalın arvad, bir başıaçıq yetim tapılmır... Korlar, şillər, qocalar üçün bir darüləcza tikilir. Kasıb fəqir-füqəra üçün azarxana “bu yaxında” qurtaracaqdır... Bakıda çıxan qəzetələr camaata çatmır. Bir nömrəni on, iyirmi adam bir yerə yığılıb oxuyur, qəzetələr çox olmağına görə camaat adlarını unudurlar, hamı qəzetələrə “Kaspi” deyirlər. “Adə, bir o “müsəlman kaspisi”ni gətir oxuyum” deyib, qəzetələrin üstə ac qurd kimi düşürlər. Bunların qəzetələrə olan həvəsi siyasi işlərində gözlərinin açılmağına səbəb olur. Camaat, xüsusən müsəlman cavanları hürriyyət yolunda canlarını fəda etməyə, qanlarından, başlarından, var-yoxlarından keçməyə hazırlanırlar, kimyagərlik, qiyam və inqilab kimyagərliyi öyrənirlər... Camaatın gözü hürriyyətin yolundadır”.
N.Nərimanov elm, maarif, texnika və iqtisadiyyatın bütün sahələrində geriliyin başlıca səbəbini millətin fəaliyyətsizliyində görürdü. Onu dərin fikirlərə salıb qəlbini sıxan da bu idi: “Bundan çox bağırmaq, bundan çox yazmaq olarmı?” - deyən N.Nərimanov öz-özünə cavab verirdi: “Yox, əfəndim! Hər halda sakit olmayacağız, mümkün olan qədər dərdlərimiz barəsində söyləyəcəyiz, bəlkə çıraq tapıb onun işığı ilə zülmətdən xilas olaq, nadanlığın kəməndindən özümüzü qurtaraq. Bəlkə biz də insaniyyət nə olmağını və əsası nədən ibarət bulunduğunu düşünüb özümüz, bilzat özümüz, yavaş-yavaş hərəkət edək...”. Nərimanov avam kütlənin çar məmurlarına ümid gözü ilə baxmasına, onların riyakar siyasətindən baş açmamasına ictimai fəlakət kimi baxırdı. Çar hökumətinin ruhanilərə “pərəstarlıq” edib onlara maaş verməsi və milli məktəbləri bağlayıb rus-tatar məktəbləri açması hadisəsinə camaatın münasibəti də bunu sübut edirdi.
N.Nərimanov göstərirdi ki, dövlət ruhanilərə əməkhaqqı təklif edəndə “ah, nə gözəl rəhmpərəstdir” deyib düşündük. Halbuki, ruhanilərin dövlət əlaltısına çevriləcəyini nəzərə almadıq. İndi ruhaniləri millətə xəyanətdə ittiham edirik.
Ədib yazırdı: “İnsaf ortalığa gəldisə, açıq söyləməliyiz: dünya elmlərini “oxumuşlarımız”, siyasətdən dəm “vuranlarımız”, əllərində tarix kitabları keçmişə diqqət edib gələcəkdən “peyğəmbərlik edənlərimiz”, adlarını millət xadimi qoyub millətin cilovunu “haradansa əllərinə keçirənlərimiz” gündə bir əqidədə olanda bir şəriət elmini oxuyanlardan nə gözlənməli idi...”.
N.Nərimanov maarif sahəsində hərc-mərclik yaranmasını camaatın gənc nəslin tərbiyəsi məsələsinə etinasız münasibətində görürdü. Dövlət məktəblərində həftədə bir dəfə Azərbaycan dili və şəriət dərsləri keçirilməsi heç kəsi narahat etmirdi. Çünki valideynlər öz doğma dillərinə həqarətlə baxırdılar. Milli məktəblərdə isə “nuhun əsrindən qalan üsul ilə dərs” verilirdi ki, bu da millət balalarının fəhmini, zehnini korlayırdı. N.Nərimanov müasirlərinə üz tutub deyirdi: “...hankı mühüm məsələlərimizi həll edib də onun dalınca getmişik? Həmin məsələnin meydana gəlməsini dövlətdən tələb etmişik? Hankı ümumi millətə dair işin üstə qazamatlara düşmüşük, canımızdan, malımızdan keçmişik? Bunlar heç biri olmayıbdır... Lakin cilovumuzu dövlətə, daha doğrusu, “mən dövlət qulluqçusuyam” deyənlərə verib bəxtimizi onlara tapşırmışıq... necə rəftar ediblər şükürlər etmişik... Hətta aşkara zərərimizə olan əmrlərin, feillərin intişar tapmağına özümüz kömək etmişik”.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 12 mart.- S.6.