NƏRİMAN
NƏRİMANOV - 150
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7, 8, 11 və 12 mart tarixli saylarımızda)
Çar hökumətinin milli siyasəti Qori Müəllimlər Seminariyasının təlim-tərbiyə proqramında da aşkar hiss edilirdi.
Seminariyanın tatar şöbəsində (1879) Azərbaycan dilinin tədrisinə diqqət yetirilmirdi. İlminski, Smirnov kimi qatı monarxistlərin təzyiqi nəticəsində Azərbaycan dilinə “həqarətlə baxılır”dı, burada təhsil alıb qurtaran müəllimlər doğma əlifbanı lazım olan səviyyədə bilmirdilər. N.Nərimanov yazırdı: “O vaxt, indi üsuli-cədid ilə yazılmış “Vətən dili” kitabçasının müsənnifi mütəvvifi Çernyayevski müsəlman şöbəsinin naziri idi. Demək olar ki, onun vaxtında türk (Azərbaycan - T.Ə.) dilinə bir az diqqət olunur idi, özü türk dilini öyrənməyə cidd-cəhd edib haman dildə dərslərə artıq diqqət edirdi”.
1879-1893-cü illərdə seminariyanın Azərbaycan şöbəsinə rəhbərlik edən A.O.Çernyayevski Azərbaycanda maarifin inkişafında, demokratik əhvali-ruhiyyəli, vətənpərvər müəllimlərin yetişməsində nəcib xidmətlər göstərmişdir. N.Nərimanov yazırdı: “Mütəvvifi Çernyayevski cavanlıqdan müsəlmanların arasında tərbiyə tapıb adətlərinə, şəriətlərinə aşina bir zat idi. Müsəlman balaları ilə mülayimliklə dolanırdı”.
Göründüyü kimi, demokratik fikirli müəllimlər Dövlət Proqramı çərçivəsindən kənara çıxmayan qatı monarxist müəllimlərin əksinə olaraq, sağlam düşüncəli, bilikli, maarifpərvər gənclər tərbiyə etməyə çalışır, onların hərtərəfli inkişafı üçün müxtəlif tədbirlərə əl atırdılar.
Qori Müəllimlər Seminariyasının Azərbaycanda maarif və mədəniyyətin tərəqqisindəki böyük rolunu yüksək qiymətləndirən mübariz publisist 1906-cı ildə yazırdı ki, bu seminariya 27 il ərzində “bizim kənd və şəhər ibtidai məktəblərinə müəllimlər hazırlayıbdır... Bakıda gördüyünüz rus-müsəlman məktəblərinin müəllimləri, Qafqazın qeyri şəhərlərində, kəndlərində ibtidai məktəblərdə dərs verən müəllimlərin əksəri orada tərbiyə alıblar”.
N.Nərimanov müəllimlər seminariyasının Azərbaycan şəhərlərindən birinə - Bakıya və Gəncəyə köçürülməsini daha faydalı və məqsədəuyğun hesab edirdi. O, “Müəllimlər ictimainə dair” adlı silsilə məqalələrində dövrün ən zəruri problemlərindən birinə - maarif və mədəniyyətin inkişafında ziyalıların və geniş zəhmətkeş kütlələrin rolu məsələsinə toxunmuşdur. Məlum olduğu kimi, keçən əsrin 90-cı illərində Bakıda tərəqqi nəzərə çarpırdı. Gənc maarifpərvər ziyalılar yeni məktəblər və qiraətxanalar açır, üsuli-cədid metodu ilə təlim verir, dərsliklər yazır, teatr tamaşaları göstərir, beləliklə, xalqın maarif və mədəniyyətinin inkişafına ciddi kömək etməyə çalışırdılar. N.Nərimanov yazırdı: “Müəllimlər çəkdikləri zəhmətin meyvəsini gördükcə hümmət, həmiyyət qeyrətləri artırdı. İttifaq ittihadları daha ziyadə qüvvət tapır idi. Bəli, müəllimlər böyük bir ittifaq edib boş vaxtlarını millətin yolunda sərf edirdilər. Bunların ittifaqı, tərəqqi yolunda hərəkətləri, nəinki Qafqaz müsəlmanlarını, hətta Rusiyada bitərəf, ümumtərəqqiyə şad olan rus camaatını belə sevindirirdi. Bakı müəllimlərinin hərəkəti barəsində mədəniyyətə dost rus qəzetələri kərratilə məqalələr yazıb müsəlman camaatını təbrik edirdilər. Edib də işığın yolunu daha ziyadə asan etmək üçün cavan müsəlman müəllimlərinə yol göstərirdilər”.
Lakin bir müddət sonra geniş kütlənin qayğı və köməyini görməyən müəllimlər millətin tərəqqisi işinə qarışa bilmədilər. Onların vəziyyəti ilə yaxından maraqlanmayan “camaat” nədənsə narazılıq etməyə, müəllimləri “milli tərəqqiyə” qarışmamaq üstündə töhmətləndirməyə başladılar. Halbuki, heç kəs müəllimlərin pərakəndə halda, bir-birindən xəbərsiz fəaliyyət göstərmələrinin səbəbini bilmək istəmirdi.
N.Nərimanov təəssüf hissi ilə yazırdı: “Müəllimlər “bir vaxtadək” ildə neçə dəfə teatr qoyub yetim uşaqları gimnaziyada, realnıda bu teatrdan yığılan pullara oxudurdular, “bir vaxtdan sonra” müəllimlər bu işdə soyuq tərpəndilər; yetim uşaqları gimnaziyadan qovurdular. Direktorlar müsəlman uşaqlarını qovmaq istəməyib üzlərini camaata tuturdular, kömək istəyirdilər. Camaat isə heç bir fikir etmirdi ki, bu vaxtadək bu yetim uşaqlar kimin xərcinə oxuyurdular? Onlara müəllimlər kömək edirdilərsə, niyə indi kömək etmirlər?”.
Saf ürəklə ümumxalq işinə kömək edən, bütün qüvvələrini toplayıb “nadanlığın müqabilində zor qoşunla çıxmağa ciddi” çalışan maarifpərvər ziyalıların xalqın nəzərindən düşməsini, onların pərakəndə halını N.Nərimanov özlərini “millətpərəst, millətin dərdinə dərmanşünas” kimi tanıdan bəzi mürtəce fikirli, başabəla ziyalıların hərəkətlərində, sədəmlərində görürdü.
O yazırdı ki, Bakı “tənəzzül və nifaq” mərkəzinə çevrilmişdir. Müəllimlər birləşib qeyrət və hümmət göstərməli, “millətin dərdinə əlac axtarmaqda heç kəsdən geri” qalmamalıdırlar. Belə olarsa, camaat özü ikinci qurultayın çağrılmasını tələb edər.
Dövrün var-dövlət sahiblərinə təsir edib onlarda milli heysiyyət, qeyrət və hümmət kimi nəcib bəşəri hisslər oyatmaq, onları rəhmə gətirmək N.Nərimanovun publisist əsərlərində səciyyəvi cəhətlərdən biri olmuşdur. Əlbəttə, bu münasibətə birtərəfli yanaşmaq, onu ədibin dünyagörüşündə olan məhdudluq kimi qiymətləndirmək düzgün olmazdı. Çünki N.Nərimanov yoxsul kütlələrin gələcək səadəti, xoşbəxtliyi və iqtisadi, mədəni tərəqqisi üçün var-dövlət sahiblərinin maddi köməyinə arxalanmırdı. Əksinə, özlərini xalqa millətin dərdçəkəni, “hamisi” kimi tanıtdıran, “millət, millət” deyə səsi gəldikcə bağıran, əslində isə öz şəxsi mənafeyini güdən varlıları ifşa edir, onların həqiqi simasını fanatik dindarlara, yoxsullara açıb göstərirdi. Məsələn, 1906-cı ildə “Həyat”da çap etdirdiyi “Həftə fəryadı” sərlövhəli felyetonlarının birində yazırdı ki, millətin dərdi, faciəsi bəzi oxucuları maraqlandırmır. “Bunlar üçün gələcəkdə nə olacaq? Millət və ya vətən tərəqqi edəcəkdir, ya yox? Bu təsəvvürdə olanlar üçün birdir, təfavüt yoxdur: Bunlar “Ah, keçən günə gün çatmaz, calasan günü-günə” deyib də istiqbaldan bir şey gözləyirlər”.
N.Nərimanov ötən günlərin həsrətini ancaq “bədən ləzzətindən”, nəfsdən ötrü çəkən zəngin qocalara - “Millətin dərdçəkənlərinə” bu “xəyalplovdan” əllərini üzməyi məsləhət görürdü: “Cavan olmaqda muradınız nədir? Tutalım ki, indi cavan oldunuz. Cavan olub da həmişə bu cavanlıqda qalmaq istəyəcəksiniz. Beləmi? Yəni həmişə baqi qalmaq istəyəcəksiniz. Bədəniniz ləzzət çəkmək istəyəcəkdir. Fəqət, görürsünüz, bədən rüzgarın sədəmələrinə davam etməyir. Puç olur”. N.Nərimanov onlara həmişə “baqi qalmağın” yolunu kiçik hisslərə əsir olmaqda deyil, ali fikirlərə xidmətdə axtarmağı tapşırırdı. O yazırdı ki, bunun üçün vasitə çoxdur. “Lakin sizə əqidənizə, sinninizə münasib vasitə söyləməyəcəyiz. Sizə deməyəcəyiz: bir qız məktəbi açınız, millətə tərbiyəli, məlumatlı qızlar, analar hazırlayınız; çünki uşaqlarınızın tərbiyəsizliyindən atalarımız, analarımız qanlı yaşlar tökürlər... Onların tərbiyəsizliyindən əcnəbilərə gülünc olmuşuq... Sizə deməyəcəyiz: darülfünunlar açınız. Çünki ümumi vətən, millət işlərində elmsizlik bizi ayaq altına verir. Sevdiyiniz din və məzhəb hamisiz qalır. Sizə deməyəcəyiz: hal-hazırda hürriyyətə çalışınız, hürriyyətpərəstləri dost tutunuz, onlara kömək ediniz: çünki onlardır əsl insaniyyətə yol açanlar, onlardır millətləri, məzhəbləri bir-birinə yavuqlaşdıranlar. Onlardır fəqirlərin, kasıbların pərəstarı. Onlardır möhürlü ağızları açanlar, paslanmış ağıllara seyqəl verənlər, ixtiyarsızlara ixtiyar verənlər, qulları azad edənlər, ədaləti meydana gətirib zülmü puç edənlər. Bunlardır yüz illər ilə gizli-gizli bizə quyu qazanları indi aşkar edənlər. Kor gözlərimizi açanlar, kar qulaqlarımızı dələnlər. Dərdlərimizi göstərənlər. Fəryadımızı eşidənlər... Yox, əfəndim! Bu barədə söyləməyəcəyiz. Vaxtınız keçibdir. Həmçinin söyləməyəcəyiz, yetim, oxuyan uşaqlara kömək ediniz. Darülfünunlarda həftələr ilə ac qalan tələbələrə rəhm ediniz, çünki gələcəkdə bunlardır qələm müharibəsində qabaqda durub düşmənə cavab verənlər. Bunlardır dininizə, dilinizə böhtan deyənlərin eyiblərini üzlərinə vuranlar. Bunlardır millətə, vətənə dair məsələlərinizi layiqincə həll edib asana çıxaranlar... Yox bunu da sizdən tələb etməyəcəyiz. Bu məsələ də cüzidir. İstədiyiniz “şəni və şövkəti” bunun ilə qazana bilməyəcəksiniz... Bir və ya iki yetim, fəqir uşağı oxutmaq ilə istədiyiniz “adı” qazana bilməyəcəksiniz. Fikir edirsiniz: biz filan uşağı oxutduq qurtardı. Onun da alnında yazılmayıbdır ki, bunu filan hacı, filan tacir oxudubdur. Bir dəfə qəzetədə yazmaq ilə bizə kifayət etməyir...
Ha beləmi, əfəndim?! Belədirsə həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. Bir uşaq yox, minlərcə uşaqları xoşbəxt ediniz. Minlərcə ata-analarımızı qazamatların, sudların qapılarından çəkindiriniz, saldatların ürəyə dağ çəkən sözlərindən xilas ediniz... Həm həyatınızda, həm həyatınız puç olandan sonra adınız söylənəcəkdir. Ruhunuz təzə qalıb cavanlaşacaqdır... Siz bina etdiyiniz məktəbdə tərbiyə alıb qurtaran uşaqlardan xeyirli işlərin, yaxşı əməllərin sadir olduğunu atalarımız, analarımız gördükcə sizləri yada salıb rəhmət oxuyacaqlar”.
***
Əsrin əvvəllərində inqilabi fırtınalar dövrü başlanmış, zülm və istismar dünyasını lərzəyə salmışdı. 1905-ci il inqilabı və Şərq xalqlarının milli azadlıq hərəkatına onun təsiri tərəqqipərvər ziyalıları düşündürən ən zəruri ictimai problemə çevrilmişdi. Azərbaycan inqilabçı-demokratları, mütərəqqi ziyalıları bu dövrdə burjua-demokratik inqilabının tarixi əhəmiyyətini öz publisist yazılarında, ədəbi-bədii əsərlərində yüksək qiymətləndirir, günün tələblərindən irəli gələn vətənpərvərlik, milli azadlıq ideyaları, elm, maarif, xalqlar dostluğu və humanizm ideyalarının təbliği kimi məsələlərə geniş yer verirdilər.
N.Nərimanov 1905-ci il inqilabının tarixi məna və əhəmiyyətini dərindən anlayırdı. Onun “Həyat”, “İrşad” qəzetlərində çap olunmuş publisist məqalələrində mürtəce qüvvələrin dayağı olan çar üsuli-idarəsi kəskin tənqid edilirdi. N.Nərimanov göstərirdi ki, mütləqiyyətin zülmü və insafsız qanun-qaydaları hamını cana gətirmişdir. Odur ki, “qeyrətli camaat” ayılıb hürriyyət yoluna qədəm qoydu. N.Nərimanov “Hürriyyətə dair bir neçə söz” adlı məqaləsində xalqın çarizmə, yerli burjua-mülkədar zülmünə qarşı mübarizəsini “müqəddəs yol” hesab edir, müsəlmanlara əsl həqiqəti anlatmağa çalışırdı. O yazırdı ki, hürriyyətpərəstlər “şəri-gizbin kökünü kəsməyə çalışırlar. Əllərindən bir şey gəlməyən müftəxor zənginlərin əllərindən gözləri qanlı, yaşlı, ürəkləri dağlı kasıb fəqirləri xilas etmək istəyirlər. Bunlar ədaləti, müsavatı nəzərdə tutub haman kasıb fəqirlərin hünərinə zəngin olanların zülmlərini azaltmaq istəyirlər. Bunlar yeri qan-tərlə, yaralı əllərilə işləyən zəhmətkeşlərə vermək xəyalındadırlar. Haman zəhmətkeşlər gah xaçpərəst, gah müsəlman, gah yəhudi olalar.
Belə olursa kin-küdurət
aradan götürülür.
Bunlar milyonlarla
can puç edən davaya bərəksdirlər.
Hamı millətləri bir nəzərdə tutub onların bir ixtiyarda olmaqlarına cidd-cəhd edirlər.
Bu ali məqsədlərə,
əlbəttə, birdən-birə
çatmaq qeyri-mümkündür;
çünki millət
hələ nadanlıqda
olarkən öz xeyrini anlamır”.
N.Nərimanov tədricən 8 saatlıq
iş gününə
keçməyi, torpağı
“öz əlləri ilə işləyənlərin”
ixtiyarına” verməyi,
zirzəmilərdə yaşayan
yoxsulların mənzil
şəraitini yaxşılaşdırmağı,
dövlət xərcinə
məktəblər açmağı,
vergiləri azaltmağı,
ən zəruri ərzaq məhsullarını
ucuzlaşdırmağı və “ümrəti-səltənəti
camaatdan seçilmiş
vəkillərin ixtiyarına
verməyi” burjua-demokratik
inqilabının təxirəsalınmaz
vəzifələri hesab
edirdi. Zəhmətkeş kütlələri, milləti “dövlət vəzirlərindən başlamış
axırıncı yasavuladək
hamı müftəxor,
qeyrətsiz və insafsız yarımvəhşi
quldurlar”dan xilas etmək uğrunda mübarizə meydanına
çıxmış hürriyyətpərəstlərlə
həmrəy olmağa,
onların ətrafında
sıx birləşməyə
çağırırdı. O, inqilabın mahiyyətini başa düşməyən,
ondan üz çevirən adamlara isə müraciətlə
deyirdi: “Ay hürriyyətə
bərəks olan bir para müsəlmanlar!
Siz nə ilə meydana çıxırsınız?
Nə səbəbə
belə bir müqəddəs yolda çalışanlara mane olursunuz?.. Bir yaxşı
fikir ediniz! Lamühalə yoldaş olmağa qeyrətiniz oyanmayıbsa mane olmayınız!
Günün işığını
bulud söndürə
bilərsə, siz də haqqı məhv edərsiniz!”.
N.Nərimanov birinci rus inqilabının Azərbaycan xalqının ictimai fikrinə və milli azadlıq hərəkatına faydalı təsirinə inanırdı. Çünki bu inqilab çarizmin, mülkədar və kapitalistlərin zəhmətkeşlərə münasibətində olan riyakarlıq pərdəsini parçalayıb atmışdı. O görürdü ki, inqilabdan sonra “möhürlü ağızlar açıldı, neçə illərlə bir-birinin üstə toplanmış dərdlər aşkar olmağa başladı. Camaatın və millətin dostu və düşməni kim olmağı məlum oldu, qara ağ yerinə, ağ qara yerinə daha işlənmədi. Camaatı düz yoldan azdıran “böyüklər” “quyruqlarını” gizlətdilər, sözləri məclislərdə camaat üçün daha qanun olmadı, niyyətləri, planları daha işə keçmədi”.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 13 mart.- S.4.