Riyaziyyat
bütün elmlərin açarıdır
Birləşmiş
Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət
üzrə qurumu olan UNESCO 3 sentyabr 2019-cu ildə Paris şəhərində,
hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi
qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Bununla əlaqədar
fikirlərimizi oxucuların diqqətinə
çatdırırıq.
Dövrümüz
elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin
maddi və mənəvi həyatında baş verən
mühüm dəyişikliklərlə əlamətdardır.
Elm və texnika cəmiyyətin həyatında getdikcə daha
böyük rol oynayır, onun inkişafı üçün
hədsiz imkanlar açılır. Məlumdur ki,
qloballaşmanın tüğyan etdiyi müasir dövrdə,
hər bir ölkənin qapısını döyməkdə
olan müxtəlif növ böhranların, insan artımı
ilə bağlı yaranmış ərzaq
qıtlığının, getdikcə özünü daha
çox büruzə verən təbii fəlakətlərin və
hər bir regionda meydana çıxan digər problemlərin
müsbət həlli elmin inkişafı ilə birbaşa əlaqədardır.
Digər tərəfdən, hər bir ölkənin iqtisadi, hərbi
və siyasi qüdrəti onun elmi potensialından və bu
potensialın səmərəli istifadəsindən
asılıdır.
Elm
sahələri arasında riyaziyyatın özünəməxsus
yeri vardır. Ən qədim elmlərdən biri olan riyaziyyat
elmi biliklər sistemində mühüm yer tutur. O,
dünyanın öyrənilməsində və dəyişdirilməsində,
insanların praktiki fəaliyyətində çox
böyük rol oynayır. Bu elmin beynəlxalq aləmdə
geniş adı “Matematika” (yeri gəlmişkən, deyək ki,
bizim dil üçün bu ad daha münasibdir) yunanca “mathema”
sözündən olub, “biliklənmə, elmlənmə” mənasını
verir. Sonralar bizdə bu elmi “riyaziyyat” adlandırıblar ki,
bunun da mənası (ərəb dilindən
götürülmüş) “tərbiyə”, “məşq” deməkdir.
Riyaziyyat, bizi əhatə edən dünyanı anlamağa
kömək edən qanunauyğunluqların sirlərini
açır. İnsan oğlu dünyaya gələndən onu
əhatə edən sirli ətraf aləmi dərk etməyə
çalışmış, yaşamaq və öz şəraitini
yaxşılaşdırmaq üçün daim
düşünmüş, beynində alqoritmlər qurmuş və
düşündüklərini həyata keçirmək
üçün addımlar atmışdır. İki min ildən
çoxdur ki, riyaziyyat gerçəkliyin dərk edilməsində
insan tədqiqatının əsas hissəsindən birinə
çevrilmişdir. Riyaziyyat elmi ucsuz-bucaqsız bir aləmdir,
nəhayətsiz bilik dəryasıdır. Bu bilklər aləmindən
baş çıxarmaq üçün dərin zəka, gərgin
düşüncə, güclü məntiq, mücərrəd
təfəkkür prosesi tələb olunur. Bundan qorxmaq
lazım deyil, cəsarətlə bu bilik dəryasına
baş vuranları o, heç də pis qarşılamır,
onunla xoş rəftar edir, ona nəinki həyatda gərəkli
olur, onun həyatının bəzəyinə çevrilə
bilir, onunla sevimli dost olur, düşüncə tərzinə
təsir edir... Heç də təsadüfi deyil ki, bəzi
böyük şəxsiyyətlər öz məntiqi
düşüncə qabiliyyətini inkişaf etdirmək
üçün riyaziyyat elmi ilə məşğul
olmuş, onu öyrənməyə xüsusi səy göstərmişlər.
O da təsadüfi deyil ki, bu elmi çox zaman “əqlin
gimnastikası” adlandırırlar.
Müasir
elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə
getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə
olunur. Riyaziyyat dünyanı dərk etməyin metodu və
dilidir. Riyaziyyat həyatımıza nizam gətirən, təfsirdə
(izahda) özbaşınalığa yol verməyən dəqiq
bir elmdir. Riyaziyyat - nizam və sərt məntiqin təcəssümüdür.
O, ətrafımızdakı dünyanı anlamağa, onun
qanunları haqqında daha çox məlumat əldə etməyə
kömək edir. Çünki bu qanunlar, məhz riyaziyyatda
hökm sürən qaydalara tabe olur.
Riyaziyyatı
öyrənərək riyazi düşüncə tərzini,
ümumiləşdirmə və təhlil etmək
bacarığını inkişaf etdiririk. Nizamlılıq
tapmağı öyrənirik, tez düşünmək və
qərar vermək bacarığına yiyələnirik. Məntiqi
düşünmək, əsaslandırmaq, düşüncələri
düzgün və aydın şəkildə
formalaşdırmaq, düzgün məntiqi nəticələr
çıxarmaq, əvvəlcədən planlaşdırma,
yaddaşda bir neçə ardıcıl addım saxlamaq bacarıqlarını
formalaşdırırıq. Konseptual və mücərrəd
düşünmə bacarıqlarını, ardıcıl və
məntiqi olaraq mürəkkəb anlayışlar və ya əməliyyatlar
qurmaq və onları yadda saxlamaq bacarığını
inkişaf etdiririk.
Riyaziyyat
- təbiətdə baş verən proseslərin obyektiv xassələrini
və onlar arasındakı əlaqələri əks etdirən
riyazi modelləri öyrənən bilik sahəsidir. Məhşur
rus riyaziyyatçısı, akademik Kolmoqorovun tələbələrindən
biri olmuş Vladimir Andreyeviç Uspenski yazırdı: “Riyazi
model insan təfəkkürünün nəticəsi olsa da,
o, obyektiv araşdırma mövzusuna çevrilə bilər.
Onun xüsusiyyətlərini bilməklə, bu modelin əks
etdirdiyi prosesin xüsusiyyətlərini öyrənirik”. Bundan
əlavə, riyaziyyat obyektiv aləmin ən müxtəlif
hadisələrini təsvir etmək üçün əlverişli
yollar təqdim edir və beləliklə, elm dili rolunu
oynayır. Nəhayət, riyaziyyat insanlara dünyanı
öyrənmək və dərk etmək metodlarını, həmçinin
nəzəri və praktiki problemlərin tədqiqat
üsullarını təqdim edir.
Bəşəriyyətin
məlum inkişaf tarixinə və mərhələlərinə
uyğun olaraq riyaziyyat elmi formalaşmış, şaxələnmiş
və inkişaf etmişdir. Kainatın da özünün
sanki riyazi obyekt olması və oradakı sonsuz simmetriyalar,
çeşidli formalar və hadisələr də onun “riyazi
dildə” yazılmasına bir sübutdur.
Tarixçilər,
filosoflar və siyasətçilər tərəfindən bəşər
tarixinin eralara bölünməsi, əslində insan zəkasının
yüksək forması olan riyaziyyatın etdiyi böyük kəşflər
arasındakı müddətlə ölçülsə daha
yaxşı olardı. Çünki bəşər tarixində
insanların qarşısına çıxan ən
böyük problemlər məhz riyaziyyatın tətbiqi ilə
həll edilmişdir. Zəruri ehtiyacların ödənilməsi
üçün zəmanəyə uyğun (və bəzən
onu qabaqlayan) texnologiyaların yaranması və təkmilləşdirilməsi
məhz riyaziyyatın tətbiqi sayəsində mümkün
olmuşdur.
Riyaziyyat
bizi düşünməyə, təhlil etməyə məcbur
edir. Riyaziyyatda yanlış yoxdur. Bütün düsturlar və
teoremlər ciddi isbat olunur. Riyaziyyat məntiqi
düşünmə qabiliyyətini inkişaf etdirir və bu
da öz növbəsində insanın maraqla yaşamasına
səbəb olur. Riyaziyyat məntiqi təfəkkürü,
problemləri müstəqil həll etmək
bacarığını, mahiyyəti tez dərk etmək və
həyati məsələlərdə ən uyğun və sadə
bir yanaşma tapmaq bacarığını inkişaf etdirir. Həmçinin,
riyaziyyat, şəxsiyyətin intellektual inkişafında
böyük rol oynayır. Sovet yazıçısı Veniamin
Aleksandroviç Kaverin demişdi: “Müstəqil təfəkkürə
gedən ən qısa yol riyaziyyatdır”.
Əgər
XVIII əsrin axırlarına qədər riyaziyyat əsasən
mexanika və astronomiyada, XIX əsrdə isə fizikanın
müxtəlif sahələrində tətbiq olunur və bu
elmlərdən qidalanırdısa, hazırda riyazi metodlar ən
müxtəlif elm sahələrinə - iqtisadiyyat,
dilçilik, biologiya, kimya, tibb və s. sahələrə dərin
nüfuz edir. “Riyazi dilçilik”, “Riyazi biologiya”, “Riyazi
iqtisadiyyat”, “Riyazi informatika” kimi terminlər artıq adi,
heç kimi təəccübləndirməyən terminlər
olmuşdur.
XXI əsr
texnologiyanın sürətlə inkişaf etdyi bir əsrdir.
Biz, əhalinin sosial rifahının inkişafının əsas
istiqaməti kimi cəmiyyətin zamanla ayaqlaşaraq inkişaf
etdiyi bir informasiya cəmiyyətində yaşayırıq.
Riyaziyyat bütün müasir texnologiyaların və elmi tədqiqatların
əsasını təşkil edir, biliklərə əsaslanan
iqtisadiyyatın zəruri bir hissəsidir. Müasir informasiya və
kommunikasiya texnologiyalarının (İKT) yaradılması ilk
növbədə riyazi fəaliyyətə əsaslanır.
Bütün vətəndaşlar üçün riyazi savad -
mədəniyyətin, sosial, şəxsi və peşəkar
səriştənin zəruri bir elementidir. Riyaziyyat, XXI əsrdə
hər hansı bir ölkənin inkişafında vacib bir
element, innovativ və texnoloji potensialın əsası ola bilər.
Fikrimizcə, riyazi təhsil əslində dövlət
proqramının mövzusu olmalıdır. Dövlətin istənilən
strateji istiqaməti riyazi üsulların köməyi ilə
onun yüksək səviyyədə əsaslandırılmasını
tələb edir.
Reallığın
dərk olunması prosesində riyaziyyatın rolu getdikcə
artır. Müasir dövrdə elə bir bilik sahəsi yoxdur
ki, orada riyazi anlayışlar və metodlar bu və ya digər
dərəcədə istifadə edilməsin. Hazırda
riyaziyyat çox fərqli bilik sahələrini vahid bir sistemə
birləşdirir.
Riyaziyyat
yalnız tətbiqi məsələləri həll etmək
üçün güclü bir vasitə və universal bir elm
dili deyil, eyni zamanda ümumi mədəniyyətin bir
elementidir. Riyaziyyat fundamental bir elmdir, onun metodları fizika,
kimya, biologiya, astronomiya və s. kimi bir çox təbiət
elmlərində geniş istifadə olunur. Həmçinin,
riyaziyyat əsas sosial və ekoloji məsələləri anlamaqda
mühüm rol oynayır. Burada iqlim dəyişikliyinə və
bioloji müxtəlifliyin azalmasına qarşı mübarizə,
dəniz səviyyəsinin yüksəlməsi, dünya əhalisinin
artımının proqnozlaşdırılması və
bununla əlaqəli qida ehtiyaclarının meydana gəlməsi
kimi məsələlər nəzərdə tutulur.
Riyaziyyatı
iki tamamlayıcı hissəyə bölmək olar - nəzəri
və tətbiqi riyaziyyata. Nəzəri hissə daxili riyazi
quruluşları dərindən təhlil etməklə məşğuldur,
yəni nəzəri riyaziyyat, riyaziyyatın mövcud
strukturunu təkmilləşdirir, onun daxili tələbatından
irəli gələn ehtiyacları ödəməklə, ciddi
analizlərin aparılmasını həyata keçirir. Tətbiqi
hissə digər bilik sahələri üçün öz
modellərini təqdim edir. Tətbiqi riyaziyyat əsasən
praktikanın riyaziyyat qarşısında qoyduğu problemləri
həll etməklə məşğuldur. Bu zaman əsas məsələ
öyrənilən obyekt və ya prosesin abstrakt modelini qurmaq və
bu modelə riyazi metodlar tətbiq edərək obyekt və ya
proses haqqında lazımi informasiya almaqdan ibarətdir. Onun
köməyi ilə kəşflər edilir, nümunələr
aşkar edilir, hadisələr proqnozlaşdırılır.
Bu mənada riyaziyyatın insan həyatındakı əhəmiyyətini
olduğu kimi qiymətləndirmək çox çətindir.
Qeyd
etmək lazımdır ki, riyaziyyatda bu bölgü nisbi
xarakter daşıyır. Məsələn, ellipsin xassələri,
İohann Kepler tərəfindən planetlərin
trayektoriyasını müəyyənləşdirmək
üçün bu xassələrdən istifadə etdiyi
vaxtdan min beş yüz ildən çox əvvəl yunanlar tərəfindən
öyrənilmişdi. Nisbilik nəzəriyyəsinin riyazi
aparatı bu nəzəriyyənin Albert Eynşteyn tərəfindən
yaradılmasından otuz il əvvəl mövcud idi. Digər tərəfdən,
bir çox sırf riyazi nəzəriyyələr mexanika,
fizika və digər elmlərin tələbatı əsasında
yaranmışdır.
Riyazi
üsullardan istifadə etməklə hər hansı bir
mürəkkəb layihəni reallaşdırmaq
üçün sınaqdan əvvəl bahalı və həyati
təhlükəsi olan təcrübələr aparmağa
ehtiyac yoxdur. Məsələn, astronavtları orbital
stansiyasına çatdırmaq üçün yerdən
qalxan bir kosmik gəminin orbitasının parametrlərini riyazi
üsulların köməyi ilə əvvəlcədən
hesablaya bilərik. Raketin yer səthindən kosmosa göndərilməsi
üçün riyazi hesablamaların vasitəsilə
lazımlı bütün parametrləri əvvəlcədən
təxmin edərək təhlükəsiz və etibarlı
şəkildə uçuşu təmin etmək olar.
Riyazi
hesablamaların tətbiqini hər yerdə görmək
mümkündür - idarə etdiyiniz avtomobildə,
kompüterdə və ya başqa portativ cihazlarda. Bütün
binaların, tikintilərin öz ağırlığı
altında dağılmamasının səbəbi, məhz
tikinti üçün lazım olan bütün verilənlərin
əvvəlcədən riyazi düsturların vasitəsilə
hesablanmasıdır.
Bu da
bir həqiqətdir ki, tibb və səhiyyənin bir çox
sahələri də müasir riyazi üsulların tətbiqi
sayəsində inkişaf etməkdədir. Məsələn,
tibbi cihazların hazırlanmasında, müəyyən bir
müalicənin effektivliyinə dair məlumatların təhlilində
riyazi statistikadan geniş istifadə olunur. Hətta hava
proqnozunda da riyazi modellərdən istifadə edilir. Bir sözlə,
riyaziyyat elminin sayəsində bu gün biz bütün
texnologiyalara sahibik, şəhərlər qururuq, kosmosu
araşdırırıq və mədəniyyətimizi
inkişaf etdiririk! Kompüterləşmə, məlumatlandırma,
internet, sosial şəbəkələr sürətlə həyatımıza
daxil olub. Kompüterlə işləmək üçün
isə məntiq, məlumatı sistemləşdirmək,
sorğularınızı sosial şəbəkələrdə
və axtarış sistemlərində dəqiq təqdim etmək
və formalaşdırmaq bacarığı lazımdır.
Əsas
riyazi qanunlar və müasir dünyada onlardan istifadə etmək
bacarığı olmadan hər hansı bir peşəyə
yiyələnmək çox çətindir. Rəqəmlər
və onlarla aparılan əməliyyatlarla yalnız maliyyəçilər
və mühasiblər məşğul olmur. Xüsusi riyazi
biliklərə sahib olmadan bir astronom ulduza qədər olan məsafəni
və onu müşahidə etmək üçün ən
uyğun vaxtı təyin edə bilməz, molekulyar bioloq bir
gen mutasiyası ilə necə davranacağını anlaya bilməz.
Mühəndis həyəcan siqnalını və ya video nəzarət
sistemini tərtib edə bilməz, proqramçı əməliyyat
sisteminə bir yanaşma tapmaqda çətinlik çəkər.
Riyaziyyat
haqqında danışdıqca qarşıya belə bir sual
çıxır: “Riyaziyyat nədir?”
Birincisi,
bunu əsas tutmaq lazımdır ki, riyaziyyat - dünya və
onun qanunauyğunluqlarını açmaqda, təbiət və
cəmiyyət hadisələrini öyrənməkdə,
kainatın sirlərini aşkar etməkdə qüdrətli
bir alətdir, vasitədir. “Riyaziyyat - kəmiyyət və
miqdar haqqında elmdir. Rəqəmlə ifadə edilə bilən
hər şey riyaziyyata aiddir”. Riyaziyyat - “real aləmin (həyatın)
fəza formalarının və kəmiyyət əlaqələrinin
(münasibətlərinin)” öyrənilməsinə əsaslanan
bir elmdir. Elmin böyük korifeylərindən biri olan Qalileo
Qaliley demişdir ki, dünya riyaziyyat dilində
yazılmış əzəmətli bir kitabdır, onu ancaq həmin
dilə yiyələnən oxuyub öyrənə bilər.
XVII əsrin
əvvəllərinə qədər riyaziyyat əsasən ədədlər,
sabit kəmiyyətlər, sadə həndəsi fiqurlar
haqqında elm idi. Onun əhatə dairəsi ticarət, kənd
təsərrüfatı, astronomiya, memarlıqdan ibarət idi.
XVII-XVIII əsrlərdə təbiət elminin
inkişafına olan ehtiyaclar - naviqasiya, astronomiya, ballistika və
s. - dəyişən kəmiyyətlərin riyaziyyata daxil
olmasına, onların arasında funksional asılılıq
şəklində əlaqənin qurulmasına, diferensial və
inteqral hesabının inkişafına səbəb oldu.
XIX-XX
əsrlərdə riyaziyyat, abstraksiyanın yeni mərhələlərinə
yüksəldi. Adi kəmiyyətlərə və ədədlərə
müasir cəbrdə öyrənilən cisimlərin
xüsusi bir halı kimi baxılırdı. Böyük rus
alimi Lobaçevskinin ideyalarının təsiri ilə Evklid fəzasının
ümumi halı olan “fəzaların” öyrənilməsinə
başlanılır. Bu dövrdə, eyni zamanda, riyaziyyatda zəruriliyi
təcrübə ilə müəyyən edilən yeni sahələr
inkişaf etməyə başlayır: mürəkkəb dəyişənli
funksiyalar nəzəriyyəsi, qruplar nəzəriyyəsi,
proyektiv həndəsə, riyazi məntiq, funksional analiz,
çoxluqlar nəzəriyyəsi və s. Bu sahələrdə
elmi tədqiqatların aparılması ədədi
üsullarla bağlıdır. Bunlarla əlaqədar, XIX-XX əsr
ədədi üsulların inkişafı ilə xarakterizə
olunur, onlar müstəqil bir elm sahəsinə - hesablama riyaziyyatına
çevrilir.
Riyaziyyatın
özünün inkişaf ehtiyacları, elmin müxtəlif
sahələrinin “riyaziləşdirilməsi”, riyazi
metodların tətbiqi fəaliyyətin bir çox sahəsinə
nüfuz etməsi, kompüter texnologiyalarının sürətli
inkişafı bir sıra yeni riyazi istiqamətlərin: oyunlar
nəzəriyyəsi, informasiya nəzəriyyəsi, qrafika nəzəriyyəsi,
diskret riyaziyyat, optimal idarəetmə nəzəriyyəsinin
yaranmasına səbəb olmuşdur.
XX əsr
ümumi texnoloji tərəqqi üçün səciyyəvi
olan elə mürəkkəb texniki sistemlərin yaranması
ilə fərqlənir ki, onları idarə etmək vəzifələri
bəzi hallarda insanın fizioloji imkanlarını üstələyir.
İdarə olunmayan və ya təsadüfi amillərin təsiri
ilə çətin vəziyyətlərdə təcrübə
və intuisiya kifayət deyil: qəbul etdiyiniz qərarlar
üçün möhkəm bir elmi əsas lazımdır, nəzarət
proseslərini, riyazi təsviri, riyazi modelləşdirmə və
idarəetmə sistemlərinin riyazi-statistik təhlilini öyrənmək
üçün analitik metodlara ehtiyac var. Texnoloji tərəqqinin
nəticəsində elə bir informasiya axını
yaranıb ki, çap olunan bütün məqalələrin
alimlər tərəfindən izlənməsi mümkün
deyil. Təbii ki, praktiki ehtiyaclar artıq yeni tədqiqat
metodlarının həyata keçirilməsini tələb
edir.
Riyaziyyatın
sürətli inkişafı, onun texnoloji prosesslərdə
geniş yayılması, kompüter texnologiyalarının meydana
çıxması, bir çox elmlərin “riyaziləşməsinə”
səbəb oldu.
Hazırda
riyaziyyatın istifadə olunmayacağı insan fəaliyyət
sahəsini göstərmək çətindir. Həqiqi ədədlər
çoxluğunun ümumiləşdirilməsi kompleks ədədlər
çoxluğunun yalnız formal ümumiləşdirilmə mənasına
malik olmadığına, həqiqi fiziki kəmiyyətlərin
təsvirində də tətbiq oluna biləcəyinə əsas
verdi. Bu nöqteyi-nəzərə əsasən riyazi
fizikanın - hidrodinamika, aerodinamika, elektrik mühəndisliyi,
radiotexnikanın və s. müxtəlif məsələlərinin
həllində böyük uğurlar əldə edildi. Sosial
elmlər arasında riyaziyyatdan ən çox iqtisadiyyatda
istifadə olunur. Dahi alman filosofu İmmanuil Kantın fikrincə,
elm - yalnız riyaziyyatdan istifadə edərkən kamilliyə
çatır. İqtisadi problemlərdə hesablamaların
mürəkkəbliyi müəyyən amillərin artması
ilə bağlıdır. Formalaşdırma sadəcə
lazımlı bir texnikadır, öyrənilən fenomenin əsas
xüsusiyyətlərini aydın şəkildə
vurğulamağa imkan verir. Xətti proqramlaşdırma
metodlarının, işgüzar oyunların istifadəsi bizə
optimal həllər (maksimum mənfəət və ya minimum xərc)
axtarışı ilə əlaqəli böyük bir iqtisadi
problem həll etməyə imkan verir. İqtisadiyyat və tibb,
hüquqşünaslıq və mülki aviasiya - bütün
bu elmlər və bir çoxları inkişafından irəli
gələn problemlərin böyük bir qismini həll etmək
üçün riyazi metodlardan istifadə edirlər.
Burada
bir neçə nümunə göstərmək olar, məsələn,
müxtəlif mülki təyyarə sistemlərinin sıradan
çıxması və okeanların dibində vulkanların
yaranması. Yaranan suallara cavab vermək üçün eyni riyazi
statistik metodlardan istifadə olunur. Didona məsələsi
və meşə yanğınlarının
söndürülməsi və ya sahələrin çilənməsi
ilə bağlı mülki aviasiyada ortaya çıxan məsələlərin
həlli, funksionalın şərti ekstremumunun
tapılmasını tələb edir, yəni burada variasiya
hesabından istifadə olunur. Məhşur alman
alim-filosofu, kibernetik Georq Klaus “Kibernetika və Fəlsəfə”
adlı kitabında yazırdı: “Kepler tərəfindən
planetlərin hərəkət nəzəriyyəsinin
inkişafından başlayaraq sovet alimləri tərəfindən
Maya dilinin (Klassik Maya dili - Maya dili ailəsinə aid ən qədim
yazılı dildir. Klassik Maya dövrünə
aid kitabələrin əsas dili) deşifrə edilməsinə
qədər davam edən elmi təcrübə, elm tarixinin
gedişatı göstərir ki, bu və ya digər problemi
riyaziyyatın köməyi olmadan həll etmək çox
çətindir”.
Riyaziyyat da daxil olmaqla bütün elmlər,
dünyanın müəyyən cəhətlərini və əlaqələrini
öz üsullarının köməyi ilə əks etdirir. Hər bir elm,
hadisələrin səbəblərini və mahiyyətini dərindən
açan, obyektiv dünyanın qanunlarına nüfuz edən
ümumiləşdirici nəzəriyyələr qurur. Eyni zamanda, alimlər daim ümumi anlayışlar,
abstraksiyalar, məntiqi və fəlsəfi kateqoriyalarla fəaliyyət
göstərmək məcburiyyətindədirlər. Riyazi anlayışların mücərrəd təbiəti,
riyaziyyatda nəticələrinə universallıq və zərurət
xarakteri verən məntiqi dəlillərin müstəsna rolu,
reallığa və təcrübəyə münasibətdə
böyük dərəcədə müstəqillik, onun
inkişafında simvolizmin rolu - bütün bunlar
riyaziyyatın fəlsəfi məsələlərinə
marağı artırır. Bir
riyaziyyatçı, abstraksiya, ümumiləşdirmə,
idealizasiya, sonlu, sonsuz, forma, məzmun, kəmiyyət, keyfiyyət,
oxşarlıq, fərqlilik, ziddiyyət və bir çox fəlsəfi
anlayışlar olmadan öz fikrini ifadə edə bilməz.
Məhşur yunan alimi Pifaqor hesab edirdi ki, riyaziyyatla məşğul
olmaq insan ruhunun təmizlənməsinə xidmət edir.
Riyaziyyatda əsas fəlsəfi məsələ - riyazi
anlayışların, aksiomaların, nəzəriyyələrin,
qaydaların və nəticələrin obyektiv aləmlə
olan əlaqəsi haqqında məsələdir. Bu məsələnin
həlli riyaziyyatın inkişafı prosesində yaranan digər
fəlsəfi sualların həllinə də təsir göstərir.
Məhşur alman fiziki, kvant mexanikasının
yaradıcılarından biri Verner Heyzenberq “Fizika və fəlsəfə”
adlı əsərində yazırdı: “Təbiətşünaslıqda
ümumi qanunların əsas anlayışları ən
yüksək dəqiqliklə müəyyən edilməlidir və
bu yalnız riyazi abstraksiyanın köməyi ilə
mümkündür”.
Qeyd edək
ki, riyaziyyata əsaslanan kompüter elmləri və mühəndislik
XXI əsrdə getdikcə əhəmiyyətli bir yer
tutduğundan, bu sahələrdə inkişafa nail
olunmasında riyaziyyatın tətbiqi mühüm rol
oynayır və bu da, öz növbəsində, avtomatlaşdırılmaya
artan təlabatın ödənməsinə və internet vasitəsilə
informasiyaların əldə etmə imkanının təmin
edilməsinə öz təsirini göstərməkdədir.
Ən fundamental səviyyədə, riyaziyyat kainatı
idarə edən qanunları dərk etməyimizin əsasını
qoyur. Bu, həm də cəmiyyətimizdəki texnoloji tərəqqini
müəyyən edən amildir. Riyaziyyatın
kompüter elmlərində, internet şəbəkəsində
və kompüterlərin istifadə etdiyi güclü alqoritmlərə
əsaslanan texnologiyalarda tətbiqi cəmiyyətdə əsl
inqilab yaratmışdır.
Beləliklə,
riyaziyyatın elm, texnologiya və innovasiya sahəsindəki
rolunu və tətbiqini nəzərə alaraq, riyaziyyat
haqqında maarifləndirmənin artırılması və bu
sahədə təhsilin qlobal səviyyədə dərinləşdirilməsi,
süni intellekt, iqlim dəyişikliyi kimi fəaliyyət sahələrində,
həmçinin, inkişaf etmiş və inkişaf etməkdə
olan ölkələrdə insanların yaşam tərzinin
keyfiyyətinin yüksəldirilməsi istiqamətində
qarşıda duran məsələlərin həllində və
hədəflərə çatmasında əsas rol
oynadığını qeyd etmək lazımdır.
Birləşmiş
Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət
sahələri üzrə qurumu olan UNESKO, Riyaziyyatın cəmiyyət
həyatındakı rolunu və üzv ölkələrin
müraciətlərini nəzərə alıb, 2019-cu il
sentyabrın 3-də, hər ilin 14 mart tarixinin Beynəlxalq
Riyaziyyat Günü kimi qeyd olunması haqqında qərar qəbul
etmişdir. Qeyd etmək lazımdır ki, həmin
gün indiyə qədər P ədədi günü kimi qeyd
olunurdu.
Beynəlxalq Riyaziyyat Cəmiyyətinin UNESCO ilə beynəlxalq
səviyyədə uzlaşdırılmış təbliğat
və maarifləndirmə fəaliyyət proqramları çərçivəsində
əməkdaşlıqların davam etdirilməsinin vacibliyini
və Beynəlxalq Riyaziyyat Gününün təşkili və
əlaqəli tədbirlərdə iştirakı
üçün tərəfdaşların cəlb edilməsində
Beynəlxalq Riyaziyyat Cəmiyyətinin aparıcı rolunu qeyd
etmək lazımdır.
Bu qərarın qəbul edilməsi UNESKO-ya əsas elm
sahələrində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsinə dair missiyasına geniş imkanlar
yaradacaq, fundamental elmlər üzrə Beynəlxalq
Proqramın nüfuzunu artıracaqdır. Beynəlxalq Riyaziyyat
Günü UNESKO-nun “Elmin bəşəriyyətin
inkişafında rolu” adlı böyük proqramının məqsədlərinə
nail olmağa kömək edəcək. Bu
proqramla bağlı UNESKO-nun fəaliyyətinin əsas istiqaməti
“Elm, texnologiya və innovasiyaların inkişafı,
yayılması və tətbiqi məqsədilə institusional
və insan resurslarının gücləndirilməsi”ndən
ibarətdir. Həmçinin, Beynəlxalq
Riyaziyyat Günü UNESKO-nun bəşəriyyətin
inkişafına dair elmi və texniki potensialının
dünya səviyyəsində gücləndirilməsi məqsədinə
nail olmasına imkan yaradacaqdır.
Beynəlxalq Riyaziyyat Günü davamlı inkişaf
üçün elm, cəmiyyət və təbiət
arasında yeni körpülər qurmağa şərait
yaradacaq və tədqiqatçılar, vətəndaşlar,
yüksək vəzifəli şəxslər, şirkət rəhbərləri
və qeyri-hökumət təşkilatları arasında yeni əlaqələrin
qurulmasına təkan verəcək. Beynəlxalq Riyaziyyat
Gününü qeyd etməklə, elm adamları, vətəndaşlar
və liderlər arasında dialoqun qurulmasına və yüksək
səviyyədə davam etdirilməsinə nail olmaq
mümkündür.
Qeyd edək
ki, UNESKO, 2000-ci ili Ümumdünya Riyaziyyat ili, 2005-ci ili Beynəlxalq
Fizika ili, 2009-cu ili Beynəlxalq Astronomiya ili, 2011-ci ili Beynəlxalq
Kimya ili, 2014-cü ili Beynəlxalq Kristaloqrafiya ili, 2015-ci ili
Beynəlxalq İşıq ili elan etməklə dünyada
elmin inkişafında həlledici rol oynamışdır.
Düşünürük ki, fənlərarası
xarakter daşıyan Riyaziyyat bütün əvvəlki beynəlxalq
bayramları bir araya gətirəcək və beləliklə,
Beynəlxalq Riyaziyyat Günü indiyədək əldə
olunmuş nailiyyətlərin daha da möhkəmlənməsini
təmin edəcəkdir.
Hesab
edirik ki, Beynəlxalq Riyaziyyat Gününün hər il qeyd edilməsi müasir riyaziyyatın surətli
inkişafına müsbət təsir göstərəcək,
onun bəşəriyyətin tərəqqisində rolunu
artıracaqdır.
Üzv olan dövlətlər, hökumətlərarası
və qeyri-hökumət təşkilatları, universitetlər,
tədqiqat mərkəzləri, təşkilatlar, məktəblər
və digər tərəflər bu günün qeyd olunmasında
fəal iştirak etməlidirlər.
14 mart -
Beynəlxalq Riyaziyyat Günü bu il ilk dəfədir
ki, bayram kimi qeyd edilir. Həmin gün dünya
riyaziyyatçılarının bayramıdır. Fürsətdən istifadə edib Azərbaycan
riyaziyyatçılarını bu bayram münasibətilə
ürəkdən təbrik edir, onlara möhkəm
cansağlığı, ölkəmizdə Riyaziyyat elminin
inkişafı naminə daha böyük uğurlar arzu edirik.
Riyaziyyatsız
həyat olmamış, yoxdur və olmayacaqdır!
Misir Mərdanov,
AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru,
professor.
Aynur Həsənova,
riyaziyyat üzrə fəlsəfə doktoru, dosent.
Səbinə Salmanova,
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun əməkdaşı.
Respublika.- 2020.- 13 mart.- S.5.