NƏRİMAN NƏRİMANOV - 150

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12 və 13 mart tarixli saylarımızda)

 

 

Bütün bunlar xalqı yüz illər boyu zülm və əsarətdə saxlayan çar üsuli-idarəsinin sarsıldığını göstərirdi. İnqilabi qüvvələr xalqın azadlığı uğrunda çarizmlə qəti və həlledici ölüm-dirim mübarizəsinə girişməli idi. Böyük qurbanlar bahasına başa gələcək bu döyüşün axırıncı olacağına N.Nərimanov möhkəm inanırdı. O görürdü ki, inqilabi hərəkatın qarşısını almaq üçün çarizmin əl atdığı ciddi tədbirlər - katorqa, dar ağacı və sui-qəsd azadlıq uğrunda mübarizləri müqəddəs yoldan döndərə bilmir. Ona görə də N.Nərimanov zəhmətkeşləri azadlıq, bərabərlik, haqq-ədalət uğrunda mübarizəyə çağırırdı: Yüz illərdə can çəkişdirib axırda yenə də ixtiyarsız qul olmaqdansa, məhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və müsavat yolu kimi şanlı, müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə, daha məsləhətdir!.. Ya hürr yaşamalı, ya hürriyyət yolunda getməli! Yoxsa bu yaşayış yaşayış deyildir”.

O, xalqı sinfi mübarizədən uzaqlaşdırmağa can atan xırda burjua liberalizmini və millətçiliyini vətənə, millətə xəyanət kimi qiymətləndirirdi. N.Nərimanov publisist məqalələrində zəhmətkeşlərin siyasi azadlıq uğrunda mübarizəsinə əngəl törətməyə çalışan burjua liberal qüvvələrin anarxist xətti-hərəkətini belə ifşa edirdi: “Hürriyyət odur ki, mənim heç kəsdən möhtaclığım olmasın. Vaxtı fövt etməyib yalan-doğru öz dolanacağımı xoş keçirməkdən ötrü pulum olsun. Pul ki oldu, hürriyyət, yəni azadlıq əlindədir. Heç kimsədən ki ehtiyaclığın olmadı, “azadə” bir adamsan, nə istəyirsən elə, nə qədər kef çəkirsən çək, kimi istəyirsən al, kimi istəyirsən sat, kimi istəyirsən öldür, ya öldürt, kimi istəyirsən dirilt, daha bundan artıqmı da “azadəlik?”.Pul hakimiyyəti” olan vaxt kimdir mənim yolumu tutan? Kluba da gedərəm, teatrda lojada da oturaram. Məni əvvəllər oraya qoymayan adamlar ilə “bərabər” oturub çörək yeyərəm, şampan içərəm, hələ istəyirsən tans da edərəm. Buyurun, bu da sizin istədiyiniz bərabərlik (müsavat). Məndən ədalətmi gözləyirsiniz, buyurunuz: bundan müqəddəm bir adam əmanət tapşıranda onu qarət edirdim, indi etməyirəm, ancaq prosent alıram, bundan müqəddəm yüzə otuz prosent alırdım, indi on eləmişəm. Bundan müqəddəm iki-üç arvad alanda köhnələri zirzəmidə saxlayırdım, təzəni yuxarı mərtəbədə; birinə zər alanda o birinə çit alırdım, birinə can deyəndə, o birinə çor deyirdim, indi xeyr, hərəsinə ayrı ev tuturam, köhnəyə zər də almasam, çılpaq da qoymuram...

Buyurunuz, bu da sizə ədalət! İndi görürsünüz ki, hər şey, yəni hürriyyət cəm “quyruqları” ilə bir pula bənddir. Pul oldu “hürriyyət” də olacaqdır, “müsavat”, “ədalət” də onunla belə...”.

İnqilabi hərəkatın bütün ölkəni bürüdüyü bir şəraitdə burjua sinfinionun mənafeyini müdafiə edən partiyaların riyakar siyasəti N.Nərimanovun publisist məqalələrində təsadüfən əsas tənqid obyektinə çevrilməmişdi. Çarizm inqilabi hərəkatı boğmaq üçün hazırlaşmaq niyyəti ilə 17 oktyabr manifesti və dövlət duması vasitəsilə vədlər verdiyi, xalqı aldatdığı bir zamanda, burjua partiyaları əsl həqiqəti gizlədirdi. N.Nərimanov göstərirdi ki, dövlətin əlacsız qalıb verdiyi 17 oktyabr manifesti əslində “qanlı hürriyyət” konstitusiyasıdır. Çar əldən çıxan şan və şöhrətinin intiqamını almaq üçün xuliqanlara, qaragüruhçulara, ifrat irticaçı ünsürlərə, cəza dəstələrinə, “talan və qarət azadlığı”, milli ixtilaflar törətmək, vətənin mərifətli oğullarını həbsxanalara doldurmaq ixtiyarı verirdi. N.Nərimanov 17 oktyabr manifestindən bir neçə ay sonra yazırdı: Bu iki ilin ərzində haraya baxdıqsa, hansı bir qanuna yapışdıqsa, həqiqət üstüörtülü nəzərə gəldi: bir tərəfdən söz azadəliyi verildi, digər tərəfdən natiqlərin ağzını möhürlədilər, mətbuat azadəliyi verildi, çapxanaları, qəzetləri qapadılar; ictimai azadəliyi elan olundu, kazaklara isə marş deyib də, qamçıları ilə məclisə yığılanları qovalayıb “baş-gözlərini əzdilər”, bir tərəfdən millətlərin sülhünə çalışdılar, digər tərəfdən nakaşidzelərin, qoloşçapovların ədədini artırıb onların qulluqlarını artırdılar...”

Məlum olduğu kimi, V.İ.Lenin “Dövlət dumasını baykot etməlimi?” (1906) adlı məqaləsində dumanın parlaman deyil, mütləqiyyətin hiyləsi olduğunu söyləmişdir. N.Nərimanovun dumaya münasibətinin bu fikirlə səsləşməsi maraqlıdır. O öz məqalələrinin birində yazırdı: “Parlamentlə dumanın təfavütü çoxdur, əfəndim!.. Parlament, yəni söylənən yer, bir yer ki, orada hər nə dərdin, fikrin olsa açıq şöləyə bilərsən... Fəqət “dumasözü rus dilində “fikir” deməkdir. Yəni nəyin barəsində və nə tövr istəsən fikir etməyə ixtiyarın var, heç kəs mane olmaz. Lakin fikrinizdəkini dilinizə alsanız, dərinizə saman təpərlər... Duma parlament olmağına hələ çox qalıbdır”.

N.Nərimanov “Sahibimiz kim olacaqdır?”, “Cavabınız nə olacaqdır?”, “Dövlət dumasının bağlanması”, “Duma və Dövlət”, “Bəzi mülahizat”, “Güc birlikdədir” və s. publisist əsərlərində mütləqiyyətin mürtəce mahiyyətini, onun zəhmətkeş kütlələrin başına gətirdiyi müsibətləri açıb göstərmişdir. O, dövlət dumasına dair bütün yazılarında xalqı birlikittifaqa çağırır, zəhmətkeşlərin yekdil çıxışlarını təqdir edirdi. Yol verin, millət gəlir” məqaləsində N.Nərimanov “ürəyi dağlı camaatın” öz dərdlərinin əlacını hürriyyətpərəstlərdə görməsini, elə buna görə də “böyük ittifaqedib dumaya “həqiqi vətənpərəstlərdən” deputatlar seçib göndərməsini alqışlayırdı. O yazırdı ki, “Radişşevdən başlamış ən axırıncı kəndçiyədək, Arxangelskin rusundan, Kazan tatarından yəhudilərə, latışlara qədər” hamının tələbi - padşaha xalqın ərzi-halını yetirmək, əlac və hüquq tələb etmək cəsarəti çar hakimlərini təşvişə salmışdır.

N.Nərimanov “Bəzi mülahizat” adlı publisist əsərində Stolıpinin baş nazir vəzifəsinə keçməsi ilə Rusiyanın qanlı tarixinin başlanğıcına işarə edirdi. Çünki çarın verdiyi bəzi demokratik tədbirlər ləğv edilir, “...məclislər, cəmiyyətlər, hətta sənət ittifaqları da bir-bir qapanır; qəzetə idarələrinə möhür vurulur, qazamatlar genə də dolmağa başlayır...”.

Xalqların, millətlərin bir-birindən ayrı düşməsi, onların bir ittifaqda həmrəy olmaması üzündən dövlət qoşunları çar hakimiyyətinə qarşı çevrilmiş iğtişaşları asanlıqla darmadağın edirdi. N.Nərimanov “Güc birlikdədir” adlı məqaləsində də yazırdı ki, dövlət xalqlar birliyinin gücünü gözəl anladığına görə, hiylə işlədir, millətləri bir-birinə yağı edir, beləliklə, öz ömrünü uzatmağa çalışır. “Lakin olmur, haqqı, həqiqəti batil edə bilmir, sel güclü olub içinə atılan ağır daşları çox asanlıqla diyirləyir, özünə yol açır; tarix öz bildiyini edir”. N.Nərimanov həmin məqaləsində yazırdı ki, xalq “...dövlətin hamı hiylələrini görüb bir düşdüyü tora daha düşməyəcəklər, dadı şirin zəhərli şərbətdən daha dadmayacaqlar... Nifaqın ləzzətini görüb də getdikcə ittifaqların qüvvətləndirəcəklər. Hamı bir yol ilə gedib ali məqsədlərinə çatacaqdır...”.

Birinci rus inqilabı fırtınasının coşqun dalğaları Şərq ölkələrində zəhmətkeş kütlələrin milli azadlıq hərəkatına güclü təkan vermişdi. Belə bir şəraitdə Azərbaycanın qabaqcıl fikirli yazıçıları Şərqin oyanmasını hüsn-rəğbətlə qarşılayır, onların azadlıq, istiqlaliyyət və xoşbəxt həyat uğrunda mübarizələrilə həmrəy olurdular. N.Nərimanov gizli inqilabi fəaliyyətilə yanaşı, liberal-burjua dövri mətbuatında çıxan publisist məqalələri ilə qoca Şərqin milli azadlıq hərəkatına ciddi kömək edirdi. Onun İran məşrutə hərəkatına münasibəti bu cəhətdən çox səciyyəvidir.

N.Nərimanovu Şərq xalqlarının azadlıq və istiqlaliyyəti düşündürürdü. O, əsrlər boyu xalqı feodal-patriarxal əsarətdə saxlayan müstəbid üsuli-idarəni, fanatizmin zülmünü aradan qaldırmaq yolunu inqilabi mübarizədə görürİran zəhmətkeşlərinin Rusiya inqilab fırtınasının təsiri altında ölüm-dirim mübarizəsi meydanına çıxmasını təqdir edirdi: “Təklikdə insan insandan tərbiyə alan kimi, millət də millətdən tərbiyə alır. Ümumi tərəqqi-insan, tərəqqi-millət belə bir yol ilə gedir. Marksın “Millət millətdən dərs gərəkdir alsın” sözləri bunu təsdiq edir. Hal-hazırda İranda zahir olan əhvalata, iğtişaşa yainki, istəyirsiniz, “inqilaba” deyərik təəccüb etməməli. Bu axırıncı vaxtda Rusiyanın inqilabı, Rusiyada tökülən qanlar, harada bir vəhşi millət olsaydı, ayıldardı, nəinki milləti-İran. Bu millətin mazisi məlum; hal-hazırda da zehində, fərasətdə, dəyanətdə heç bir millətdən əskik olmamağma şübhə yoxdur”.

N.Nərimanov İran hadisələrini diqqətlə izləyir, İran milli azadlıq hərəkatının vüsətinə sevinirdi. O, geniş xalq kütlələrini inqilabi mübarizəyə cəlb etmək üçün onları dini fanatizm əsarətindən xilas etməyi, qəflət yuxusundan ayıldıb əsl həqiqəti onlara başa salmağı məsləhət görürdü. O yazırdı ki, hökumət millətə, vətənə xidmət etməlidir... “Heç bir “hökumət” Allahın hökmü ilə, yainki onun “xeyir-duası” ilə olmayıbdır (və) olmayacaqdır”. N.Nərimanova görə, əgər millətdə belə bir əqidə yaranarsa, “barıt bir qığılcıma bənd” olan kimi, o da mübarizə meydanına çıxmağa hazır olacaqdır. Çünki mövcud üsuli-idarə millətin səbrini son həddə çatdırmışdır.

İnqilab alovunun bütün İranı başdan-başa bürüyəcəyinə böyük inam bəsləyən N.Nərimanov fərəhlə bildirirdi: “...İranın xoşbəxtlik ulduzu yavaş-yavaş doğmağa başlayır. Deyə bilərik ki, yüz illərlə sərgərdan, başıaçıq, ayaqyalın vətənindən qaçaq düşən millət indi öz yuvasını tanıyacaqdır; illərdə oğul, qardaş həsrətində olan atalar, analar, bacılar, sahib həsrətində olan arvadlar, uşaqların dağlı ürəkləri bir az sakit olacaqdır. Bəli! Deyə bilərik ki, bu gündən mazisi heybət gətirən, sonra yüz illərlə zəlillikdə qalmış millət axırda öz hüququnu anlayıb əzrayillərin əllərindən, hörümçəklərin torlarından xilas olmaq istəyir”.

N.Nərimanov zəhmətkeş xalq kütlələrini birləşməyə, əksinqilabi qüvvələrin qarşısında cürətsizlik, qorxaqlıq göstərməməyə çağırırdı: “Ey vətənini, millətini sevən İranyan! Rus inqilabı sizə gərəkdir görk olsun.

Rusiyanın topu, tüfəngi hürriyyət selinin müqabilində davam etdisə, İran hökumətinin də tüfəngləri hürriyyəti boğacaqdır. Hürriyyəti nifaq, cürətsizlik boğa bilər. Ona görə lazımdır Tehranda güllə qabağına sinələrini verən hürriyyət vətənpərəstləri ilə ittifaq bağlayıb hər yerdən səs verəsiniz; tainki qanınızı içən, vətəninizi viran qoyan vaizlərin, bürokratların zülmlərindən bilmərrə qurtarıb, mədəniyyətli millətlərin cərgəsinə daxil olasınız.

Güc birlikdədir!” sözlərini heç vaxt unutmayınız”.

N.Nərimanovun publisist yazılarında İran milli azadlıq hərəkatının sadəcə icmalı deyil, bu hadisələrin xarakteri, mahiyyəti və istiqaməti obyektiv şəkildə izah edilmişdir. İran inqilabi hadisələrini diqqətlə izləyən görkəmli ictimai xadimin alovlu sözləri xalqı ölüm-dirim mübarizəsində qətiyyətli, cəsarətli, sərvaxt və həmrəy olmağa ruhlandırırdı. “Bir İran əhli ilə söhbətim”, “İranda qanuni əsası və məşrutiyyət”, “İranın əhvali-həzirəsi” və s. məqalələrində N.Nərimanov İranda milli müstəqillik, siyasi azadlıq uğrunda mübarizə meydanına atılan xalqın get-gedə güclənən hərəkatına düzgün istiqamət verməyin, zəhmətkeşlərin məfkurəvi tərbiyəsinə xüsusi diqqət yetirməyin zəruriliyindən bəhs etmişdir. O yazırdı: “Söz, yığıncaq, mətbuat azadəliyi olsa, inandırıram İran əhlini bir ayın ərzində hazırlamaq olar”. Ona görə ki, “Bir balaca işıqlıq görsə, ixtiyar olsa, öz-özünə yol açacaqdır”.

N.Nərimanov Avropada təhsil alıb İrana qayıdan vətənpərvər qələm sahiblərini və ziyalıları başa salmağa çalışırdı ki, onlar öz yazı və çıxışları ilə “hürriyyət, ədalət, müsavat” nə olduğunu təbliğ etsinlər. O yazırdı: “Ey əhli qələm İranyan! Bu vaxtadək ağzı möhürlü oturub millət, vətən fikrini çəkənlər! Qeyrətiniz, hümmətiniz, həmiyyətiniz həqiqət ayılıbsa, özünüzü vətənə yetirin, onu nitq, ya qəzet vasitəsilə dövr-cədidə hazırlayınız... Yoxsa hökumət “millət hələ hazır deyildeyib, verdiyi konstitusiyanı geri alıb yenə yüz illərlə sizi başıaçıq, ayaqyalın, vətəninizdən avara salacaqdır. Yenə yüz illərlə qul olub vücudunuz heç bir şey hesab olunacaqdır. Hər kəs bu vaxtda bacarıb vətəninə, millətinə kömək etməsə, o şəxs millətə, vətənə xain hesab olunacaqdır. İttifaq, ittihad məqamıdır”.

N.Nərimanov İran milli azadlıq hərəkatının başçılarına xatırladırdı ki, din xadimlərinin və mollaların “camaatla birləşib hürriyyət, müsavat, ədalət” istəməsinə inanıb, etibar etməyin. Çünki onlar inqilabın mənafeyinə xəyanət edəcəklər, ona qarşı duracaqlar! “...Çox molla da var ki, xanlardan, qubernatorlardan əskik dolanmırlar, kəndləri, pulları olardan çox... Bu qisim mollalar bilsələr ki, onların əllərindən yerlər alınacaqdır, nəinki camaatla birləşərlər, hətta ona böyük zərərlər gətirərlər. Bunların o vaxt hökumət tərəfinə keçməklərinə şübhəm yoxdur. Ona görə mən yenə də deyirəm, mollalara çox da ümid bağlamamaq, rəiyyət, camaat özü gərəkdir öz dərdini bilsin, özü əlac axtarsın. “Toxun acdan xəbəri olmaz” məsəlini unutmamaq... Mən deyə bilərəm ki, dava məqamında rəiyyətin müqabilinə çıxanların bir qismiböyük mollalardan olacaqdır”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 14 mart.- S.5.