Azərbaycan dünyabaxışında terrora qarşı
tərbiyənin
əsasları
Azərbaycan coğrafiyasında yaşayan insanların keçdiyi təkamül prosesinin, xüsusilə də gözəllik anlayışının etnopsixoloji cəhətdən dərki və qəbulu yerli sosiumun milli-mənəvi dəyərlər kompleksinin tarixi əsaslarını müəyyənləşdirməklə sıx bağlıdır. Bu insanların cəmiyyətdə davranış qaydalarını, yaşamaq eşqini, azadlıq ideallarını anlamağın metodologiyası məhz bu məntiqə əsaslanır. Azərbaycan insanının vəhşət üsullarına qarşı sərtlik tərbiyəsi və Şər qüvvəyə nifrət ruhu buradan qaynaqlanır. Qeyd olunan metodoloji baza Azərbaycanda antiterrorun əsaslarını formalaşdırmışdır. Bu kontekstdə ümumvəhdət konsepsiyasının sosiomədəni problemlərin tədqiqi prosesinə təsiri məsələsi də əhəmiyyətli rol oynayır.
İnsan amili əsasında baş vermiş vəhşətli hadisələrin mahiyyəti, bu günün terrogen reallıqları göstərir ki, keçmişdə də, hazırda da terrorun kökündə cəmiyyətin mədəni-psixoloji tənəzzülü faktı durur. Problemə bu istiqamətdən diqqət ayırsaq aydın olur ki, Azərbaycan insanının şər törətmək hissindən uzaq tərbiyəsi uzun proses keçmişdir. Azərbaycan insanının təbiətin ölməsi və yenidən dirilməsi, “dirilik ağacı” haqqında humanist inanca malik olması, yaşamaq eşqi düşüncələri ilə vəhşət törətmək, nahaq qan tökmək kimi iddialar bir-birinə yad, zidd və uzaq estetik görüşdür. Bu kontekstdə, demək olar ki, Azərbaycan coğrafiyasında yaşayan insanların keçdiyi təkamül prosesi yerli mədəniyyətin mahiyyətini anlamaqda, müasir sosiumun milli-mənəvi dəyərlər sistemini dərk etməkdə xüsusi önəm daşıyır.
Erkən tarixdə Azərbaycan insanının əqli səviyyəsi ətraf mühiti müşahidə və ona diqqət yetirmək əlamətləri ilə dəstəklənən sitayiş üsuluna bağlı olmuşdur. Azərbaycan ərazisindəki Azıx mağarası, Qobustan qayaüstü rəsmləri üzərində aparılan araşdırmalar göstərir ki, bu coğrafiyanın insanı təcavüz motivlərindən uzaqdır. Bu baxımdan bəzi müəlliflər ümumiləşdirici qənaət olaraq qeyd edəndə ki, ibtidai icma dövründə “primitiv insanların həyatda sağ qalmaq üçün bir-birinin canına qəsd etməsi” ilk terrorçuluqdur mülahizəsi səhvdir. Qobustandakı əski təsvirlərdə qadın məhz ana - qadın başlanğıca işarə kimi humanist düşüncədən qaynaqlanır, analıq duyğusunun mahiyyətindəki qorumaq, müdafiə etmək, həyatı sevmək anlayışlarının realizəsi kimi xatırladılır. Qayaüstü rəsmdəki yallı rəqsi rəmzi birlik və dinc yanaşı yaşamaq ideyasının tərənnümüdür. Bunlar kompleks halda qədim Azərbaycan insanının düşüncəsində vəhşət törətmək hissinə ögeylik kimi qəbul edilə bilər.
Azərbaycan mifik təfəkkürünün qaynaqları göstərir ki, təbiətlə harmoniyada yaşamaq və sosial ədalət prinsipini insanlararası münasibətlərin zirvəsi hesab etmək qədim azərbaycanlıların yaşamaq və düşünmək tərzi, Xeyiri həyata tətbiq mədəniyyəti olmuşdur. Həmin insanların yaşadığı coğrafiyada müxtəlif inancların yaranması və tədricən müxtəlif etnopsixoloji xüsusiyyətlərin və ictimai-humanitar qanunların həyatda hegemonluq qazanması insan və cəmiyyət arasındakı münasibətlərə siyasət əlamətləri və savaş motivləri aşılamışdır. Bu düzən ən qədim və ilkin strateji təfəkkürün - “Xeyir və Şər” qüvvə daşıyıcılarının həyata baxış ölçüsü olmasına birbaşa təsir etmiş, buradan qaynaqlanan “Hərb və Sülh” dünyagörüşünə yanaşmada nəyin seçimi əxlaqını müəyyənləşdirmişdir. Azərbaycan coğrafiyasında yaşayan xalqın etnogenezi məhz bu strateji təfəkkürlə böyük təkamül prosesi keçmişdir. Bu prosesdə, Şər, ilk növbədə, insan həyatına qəsd kimi təfəkkürə hopmuş və Şərə qarşı mübarizə amal, milli-mənəvi xarakter olaraq formalaşmışdır.
Azərbaycan coğrafiyasında əski fəlsəfi baxış kimi Zərvanilik qeyd olunur. Bu təlimə görə həyatda iki qüvvə: bütün varlığın Yaradıcısı və bütün varlığın Məhvedicisi olan qüvvələr bir-biri ilə mübarizədədir. İctimai mühit o dövrün insanını birinci qüvvəyə tapınmaq üçün inandıraraq tərbiyələndirirdi. Bu təlim özündən sonra bir çox dünya fəlsəfi fikirlərinin əsaslarına təsir göstərmişdir. Zərdüştlük bu təlimi tənqid etsə də, sonra ondan bəhrələnmişdir. İlk utopik cəmiyyət və onun sosial ədalət, insan azadlığı, xeyir işlər kompleksini özündə ehtiva edən Zərdüştlük orta əsrlər dövrünədək bir çox həyata baxış sistemlərinə təsir göstərmiş, ictimai və humanitar elm sahələrinin inkişaf tendensiyasına təkan vermiş, insana azadlıq, ədalət və hüquq bərabərliyi kimi konseptual dəyərlər aşılamışdır. Həmin təsir sahəsində maqlar və manilik də olmuşdur. Maqlar insanın mənəviyyatı məsələlərinə xüsusi önəm vermiş və öz dövrünün təbiyyat elmlərinin nailiyyətlərindən çıxış etmişlər: İşıq və Zülmət qarşıdurması haqqındakı sosial təlimləri kahinlər vasitəsilə insanlar arasında yaymışlar.
Bütün bunlar tədricən insan amilinin sosial dəyərini qətiləşdirmişdir. Ona görə də hər bir haqsızlığa insana dəyən zərər üzərindən yanaşılmış və onun aradan qaldırılmasına cəhd edilmişdir.
İlk kütləvi etiraz səsi olan Məzdəkin başçılıq etdiyi üsyanın (481 - 529-cu illər) qayəsi insanın insanlıq üçün sosial ədalətə dəvət və tələb addımı idi. “Avesta”da da fikrə dəstək yetərincədir. Əsərin “Torpaq” adlı fraqardında tanrı Hörmüz bərəkətli və bərəkətsiz yurd yerlərini xeyir və şər motivləri əsasında şərh edir, əkinçi əməyinin və maldarlığın, torpağa sevinc bəxş edən insanın uca tutulması ilə yanaşı, torpağı təhqir edənə, insan qanına bulaşdırana veriləcək cəzaları da göstərir. Buradakı dünyaya baxış sülh, əmin-amanlıq içərisində əkib-becərmək, günahın ədalətlə çözülməsi üzərində kamala çatır; insanın ölümü günahın son həddi, qatillik Şərin zirvəsi kimi təqdim edilir. 4-cü fraqardın “Zorakı hərəkətlərin siyahısı və bunların qarşılığında cəzalar” adlı yarımbaşlığında insanın əlinə silah alması, başqasına hədə-qorxu gəlməsi, hücum etməsi, qan tökməsi günah olaraq təqdim edilir və həmin günahların hər birinin xarakterinə uyğun cəza növləri göstərilir. Və yaxud “Divlər üzərində qələbə” fraqardında tanrı Hörmüz onu öldürməyə gələn divlər Divi ilə mübarizəyə silahla deyil, məhz sözlə - Həqiqəti ifadə edən sözlərlə başlayacağını bəyan edir.
Sonralar Qurani-Kərimin mənəvi qüdrətinə bağlılıq və onun vicdan ölçüləri ilə düşünən [“<...> yazıb hökm etdik ki, hər kəs <...> yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur <...>”] Azərbaycan insanının multikultural dəyərlərinin daha da zənginləşməsi yeni mədəniyyət məntiqini - bərabərlik, itaət və ancaq tək olan Allaha səmimi sitayiş - ictimai fikir sisteminə çevirmişdir. Həmin məntiq Azərbaycan dünyagörüşündəki humanizmə, çoxmədəniyyətliyə və sosial dözümlülüyə xüsusi rənglər əlavə etmiş, uzun əsrlərdən keçərək bu günə gəlib çatmışdır.
Sonrakı dövrlərdə yaranan Xürrəmilik (VIII əsrin sonu - IX əsrin I yarısı) də sosial xarakterli ədalət prinsipinin gündəmə gətirilməsi və qorunması çərçivəsini genişləndirərək, siyasi xarakterli məsələlərin də kollektiv qərar qəbulu şəklində ədalətli həllini önə çəkmiş, o dövrün milli düşüncəsində azad insan və düşməndən azad vətən anlayışını qabardaraq həyat eşqi səviyyəsinə yüksəltmişdir. Bu yoldakı davalar nə hakimiyyət davası idi, nə də qılınc xoşbəxtliyi idi, Azərbaycan insanı, sözün ən geniş mənasında, sosial ədalət tələb edirdi və onun uğrunda çarpışırdı.
XI əsrdə Səlcuq türklərinin fəallaşması və geniş coğrafiyaya yiyələnməsi, XII əsrdən başlayaraq Azərbaycan intibahına doğru müxtəlif elm və sənət sahələrinin inkişafı özünün yüksək zirvəsinə çatmışdır. Bu tarixi xronologiyanın hüdudlarında məhz humanizm, sosial ədalət və müdrik hökmdar axtarışı o dövrün özünəməxsus demokratizmi ilə yaşamaq eşqini yaratmışdır.
Orta əsrlərin silah qəhrəmanlığı və hərb şücaəti, əslində, Vətən və xalq qarşısında mənəvi borc əxlaqı idi, insanı qanına qəltan etmək həyatın mənası deyildi, lənət obyekti idi; beləliklə, silahın təntənəsi ilə tökülən insan qanı süjetlərinə əsaslanan əski qəhrəmanlıq eposlarına yeni baxış yaranırdı, yeni mərd, müdrik, elmli insan tərbiyəsi - mənəvi saflıq, ruhən ucalıq yeni tipli humanizm göstəricisi əsasında aparılırdı. Bu xronologiyanın davamında formalaşan “Ənəl-həqq” dünyagörüşü insanın ən uca varlıq kimi qəbulunu və təbliğini önə çəkmişdir. Qan tökməklə deyil, humanist, müdrik və elmli sözlə (bunu “Avesta”da təqdir olunan idrakın təntənəsi kimi də xatırlatmaq mümkündür) fatehlik bəyənilən idi. Beləliklə, azərbaycanlı ictimai-siyasi və bədii-fəlsəfi fikrində məhz Xeyir istiqamət öz inkişafını davam etdirmişdir. Ona görə də azərbaycanlı dünyagörüşündəki əzazil və adil hökmdar qarşıdurması, hakimiyyətin dinc yolla müdrik, ədalətli və humanist dövlət başçısı ilə əvəzləndirilməsi fikri və yolları cəmiyyətdə silah gücünə vəhşətlər törətməklə deyil, tarixin insansevərlik yaddaşı və ictimaiyyətdə sosial ədalətin zirvəsindən təbliğ edilirdi. Bu səbəbdən də hətta şahlara və hökmdarlara yazılmış mədhiyyələr də, əsasən, kiməsə yarınmaq, kimdənsə maddi qazanc almaq üsulu deyildi, insanı həyatda kamilliyə səsləməyin, bəşəri gözəlliyi qavramaqda insansevərliyin əsas ölçü olmasının konsepti idi.
“Kitabi-Dədə Qorqud” eposu “insan və cəmiyyət”, “vətəndaş və dövlət” münasibətləri, vicdan dəyərlərinin daha da güclənməsi, yayılması və s. vacib tarixi inkişaf mərhələlərinin yüzilliklərlə ölçülən alın yazısıdır. Bu dastandakı “Hərb və Sülh” dünyagörüşünün ancaq humanizm prinsipləri, yeni ictimai-humanitar gözəllik ölçüləri ilə bitkinləşməsi müasir azərbaycanlıların əcdadının ədalət və sədaqət, müdriklik və mərdlik, Vətənə, yaşca böyüyə, ata-anaya, sevgiyə-qadına sədaqət və məhəbbət, hökmdara və qanuna hörmət süjetləri ilə bəzənmişdir; ona görə də “Kitabi-Dədə Qorqud” hücum, işğal deyil, müdafiə olunmaq, işğaldan azad etmək doktrinasını təbliğ edən bədii abidədir və özünəqədərki vicdan azadlığı və sosial ədalət prinsipləri ilə formalaşmış qədim azərbaycanlıların dünyabaxışındakı humanist və vətənpərvər döyüşçü-müdafiəçi təsəvvürlü cəngavərliyin təntənəsi kimi qəbul olunur. Bu dastanın yaradıcısı, yaşadıcısı olan xalq Şərə qarşıdır, bu günün şəri olan terrora, hətta terrorun oxşarına münasibətdə yad tərbiyə alaraq, həmin tərbiyə ilə də yaşamaqdadır.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri arasında da bu fikrə dəstəkçi faktlar çoxdur.
Azərbaycan nəsrində də bu ideyalar boldur. M.F.Axundovun “Kəmalüddövlə
məktubları” Şərqdə,
Asiya xalqlarının
yaşadığı regionda
mənəvi düşkünlüyün,
dövlətdəki haqsızlıqların,
xalqı zülmətdə
və zillətdə saxlamaq şərtinin, bütövlükdə, ümumsavadsızlığın
səbəb olaraq kəskin tənqidi, Şərə xidmətin
qarşısının alınması
üsulu kimi təqdim edilir. Üsyan və qətllərə şərait yaratmamaq fikrini təbliğ edən ictimai-siyasi traktat müəllifi “hər yaxşı və pis əməlin
mükafatı və cəzası müəyyən
edilmiş” “Peymani-fərhəng”
- qanun məcəlləsinin
adını bu baxımdan xüsusi olaraq xatırlatması da təsadüfi deyil. M.F.Axundov həmin məcəlləni
belə təqdim edir: “məmləkətin heç yerində vilayət hakimlərindən
bir nəfərinin də olsun adam öldürməyə
ixtiyarı yox idi. Hətta qətli vacib
olan adamlar haqqında belə əvvəlcə yazıb,
padişaha bildirməli
idilər. Ancaq padişah
“Peymani-fərhəng” əhkamına
müvafiq olaraq nə cür fərman versəydi, onu icra edərdilər.
Ümumiyyətlə, adam öldürmək
cəzasından mümkün
qədər çəkinərdilər”
[Kəmalüddövlə məktubları.
Bakı: Gənclik,
1969, s. 21].
Beləliklə, Azərbaycan ictimai-humanitar
fikrində məhz
elm, zəka aləmi, yaradıcı təfəkkür
yüksək dəyər
ölçüsü idi,
ağır zəhmətlə
həyatına davam edən insan haqq-ədalət işığında
müdafiə olunurdu,
ona zülm verən əzazil ədalətə dəvət
edilir, ədalət müstəvisində mühakimə
edilirdi.
Xronoloji
ardıcıllığın davamında da təsdiq olunur ki, sonralar Azərbaycan
ictimai-mədəni həyatında
yaranan əsas ictimai-mədəni cərəyanların,
birlik, məclis və dərnəklərin,
ədəbi-mədəni məktəblərin
təbliğat, təşviqat
və təşkilatçılıq
ideyası insanı öldürmək deyil, insanı yaşatmaq, xilaskarlıq, elm və maarifin yayılması, insanı vicdan dəyərlərilə qorumaq
üzərində formalaşdırılmışdı.
Qeyd edək
ki, Azərbaycana münasibətdə işğal
siyasətinin davamlı
olması üçün
bu regiona gəlmə elementlərin
etnosiyasi psixologiyasındakı
boşluqlardan hərbi-siyasi
təzyiq vasitəsi kimi istifadə edən dairələr burada terrorun oxşarlarının, sonra
isə terrorun özünün təhdid
sistemi olaraq kök salmasında maraqlı idi. Bu amil Azərbaycan cəmiyyətində terrora
münasibət və
ona qarşı mübarizə məsələlərinə
xüsusi yanaşma düşüncəsini yaratmışdır.
Buna görə də müasir Azərbaycan ictimai-humanitar
fikrində terror probleminə
münasibət milli tarix yaddaşına bağlılığı ilə
fərqlənir, onun tələblərilə terrora
qarşı mübarizə
strategiyasının işlənib
hazırlanması və
təcrübədə tətbiqi
dövlət tələbi
olaraq qəbul edilir.
Təbiidir ki, minilliklər ərzində müasir azərbaycanlıların əcdadlarının
yaşadıqları ərazilərdə,
qurduqları dövlətlərdə
bu və ya digər motivlərə
bağlı terrorun
forma və məzmununu
xatırladan hadisələr
olmuşdur; onların
əksəriyyətini terror hadisəsi kimi qəbul etmək terrorşünaslığın nəzəri prinsiplərinə
cavab vermir. Beləliklə:
a. Terror
Azərbaycan əxlaqına
ziddir;
b. Müasir Azərbaycan dövlət quruculuğu fəlsəfəsində ənənəvi
ictimai-humanitar baxışlar
və fundamental milli-mənəvi
dəyərlər güclüdür.
Qeyd olunanlar səbəbindən Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etdikdən sonra onun milli-mənəvi dəyərlər sisteminin ölkənin müasir dövlətçilik fəlsəfəsinə hopması və yeni reallıqlar üzərində humanist insan ölçüsü ilə canlanması qanunauyğunluq olaraq qəbul edilir; buna görə də hazırda:
1. Azərbaycanda terroru dəstəkləyən siyasət aparılmır;
2. Azərbaycanda terrogen situasiya yarada biləcək səbəblər
islah edilir;
3. Azərbaycan dövləti
terror ilə təzyiqə
məruz qalsa da, onun daxili-xarici
siyasətində milli
qisasçılığın təbliği və təşviqi qanundankənar
hesab olunur, dövlətin mövcud qanunvericilik bazası hər cür Şər formatını
qadağan edir;
4. Azərbaycan dövləti
Ermənistan tərəfindən
dövlət terroru ilə işğal olunmuş tarixi ərazilərini azad etmək üçün,
yumşaq diplomatiyaya -
danışıqlar prosesinə
və hüquq normalarına üstünlük
verir;
5. Azərbaycanda dövlət
büdcəsi sosialyönlü
formalaşdırılır;
6. Ölkədə investisiya
yönlü siyasət
prioritetdir;
7. Dövlətin əsas məqsədi və hədəfi humanist insan ölçüsünün səviyyəsini
yüksəltməkdir.
Azərbaycan Respublikasında terrora qarşı mübarizə
onun tarix yaddaşına uyğun yaradılan hüquqi baza, milli-mənəvi və bəşəri dəyərlər əsasında
formalaşır və
bu istiqamətdə aparılır. Bu prosesdə
insan hüquqlarının
qorunması əsas şərt olaraq qəbul edilir.
Elçin CABBAROV,
filologiya elmləri namizədi.
Respublika.- 2020.- 14 mart.- S.5.