Gözlərinizin qeydinə qalın
El arasında “qara su” adlanan qlaukoma çox geniş
yayılmış xroniki göz xəstəliyidir. Qlaukomaya
tutulmuş gözün təzyiqi qalxır, görmə sahəsi
daralır, görmə itiliyi zəifləyir, görmə
siniri atrofilləşir. Son nəticədə
korluq meydana gəlir.
Qlaukoma xəstəliyinə, əsasən, yaşı
40-ı ötmüş insanlar tutulur. Statistika sübut edir
ki, planetimizdə yaşı 40-ı ötmüş
insanların 2 faizi qlaukoma xəstəliyindən əziyyət
çəkir. Lakin bəzi hallarda bu xəstəliyə
azyaşlılar və yeniyetmələr arasında da rast gəlinir.
Hətta, anadangəlmə qlaukomaya da təsadüf
etmək mümkündür. Yalnız
öz səhhətinin qeydinə qalanlar, bütövlükdə
öz orqanizminə və onun ən həssas hissəsi olan
gözlərə müntəzəm qulluq etməyi ön plana
çəkənlər qlaukoma xəstəliyindən yan
keçə bilirlər.
Qlaukoma baş verdikdə görmə sinirində atrofiya
gedir. Bu proses
necə baş verir?
Göz bir növ fotoaparata bənzəyir. Obyektiv rolunu
buynuz qişa və büllur oynayır, onlar gözə daxil
olan işıq şüasını içəri buraxarkən
sındırır. Həssas hissiyyatlı
plyonka rolunu torlu qişa oynayır, torlu qişa
işığa qarşı çox həssas olan hüceyrələrdən
təşkil olunub. Gözlə görünən obraz
torlu qişada peyda olur və həmin hüceyrə
çıxıntıları vasitəsilə görmə
sinirlərinə ötürülür, sonra bu ötürmə
prosesi görmə sinirlərində də davam edir, proses
beyində başa çatır. Hansı bir hissəsinin
zədələnməsi, sıradan çıxması - zəncirvari
prosesin pozulmasına səbəb olur. Görmə
sinirinin zədələnməsi göz alması ilə beyin
arasındakı əlaqəni pozur, torlu qişada yaranan şəkil
beynə daxil olmur.
Göz daxilində müntəzəm olaraq ifraz edilən
duru və şəffaf maye qida maddələri və oksigenlə
zəngin olub, bülluru, buynuz qişasını və
şüşəvari cismi yuyur, həm də
qidalandırır. Bu maye öz yükünü
boşaldandan sonra, yəni qida maddələrini, oksigeni
paylayıb qurtaranda, yol boyu rast gəldiyi işlənmiş
maddələri (həzmolma materiallarını)
götürüb, geri qayıdır, onları gözdən kənarlaşdırır.
Sutka ərzində gözdə 4 millilitrə
yaxın maye yaranır və o qədər də gözdən
kənar edilir. Gözdaxili mayenin əsas
axın yolu gözün ön kamerasının
küncüdür - drenaj sistemi məhz burada qurulub. Gözdaxili mayeni göz yaşı ilə
qarışdırmayın. Vəzi tərəfindən
hasil olunan göz yaşı duru maye olub, göz
almasını çöl tərəfdən yuyur və
gözün daxili küncündən burun boşluğuna
axır. Gözdaxili maye isə
gözün içində hasil olur, göz almasını
daxildən yuyur, drenaj sistemi ilə axaraq, damarların venoz
sisteminə tökülür. Gözdə hasil olunan maye
ilə gözdən çıxan maye, sanki mədaxillə məxaric
arasında olan tarazlıq gözdaxili təzyiqi civə
sütunu ilə 10-dan 22 mm hesab edirlər,
gözdaxili təzyiq iki əsas səbəb üzündən
arta bilər: gözdaxili maye həddən çox hasil
olunduqda; gözdaxili mayenin gözdən xaric olmasına maneə
olduqda.
Qlaukoma o zaman yaranır ki, drenaj sistemi çirklənir və
daxili mayenin kənara axını ləngiyir. Bu da daxili təzyiqi
qaldırır, yüksək təzyiq isə görmə
sinirini sıxıb məhv edir. Valideynləri
qlaukoma xəstəliyinə tutulan adamlar daha çox
ehtiyatlı olmalı, çünki eyni həyat tərzini
yaşayan, öz valideynləri kimi qidalanan, onların göz xəstəliklərini
də “qazana” bilər. İldə bir dəfə
oftalmoloqa müraciət etməklə baş verə biləcək
bəlanın qarşısını vaxtında almaq
mümkündür. Mütəxəssislər
qlaukomanın bir neçə formasını müəyyən
ediblər. Bu xəstəliyin
qarşısını vaxtında almaq üçün həmin
formaların ilkin əlamətlərini bilmək çox
vacibdir.
Geniş yayılmış forma “açıqbucaqlı”
qlaukomadır.
Qeyd edək ki, bu çox hiyləgər
formadır. Çünki onun simptomları
o dərəcədə yaxşı gözə
çarpmır. Ola bilər ki, siz
gözdaxili təzyiqin müntəzəm şəkildə
artdığını heç hiss etməyəsiniz (ona
görə də ildə bir dəfə həkim müayinəsindən
keçməyi məsləhət görürük), amma xəstəlik
tədricən öz dağıdıcı təsirini həyata
keçirir. Qlaukoma xəstəliyinə
tutularkən, öncə periferik görmə (ətrafgörmə)
korlanır, mərkəzi görmə isə hələlik
normal qalır.
Xəstəlik inkişaf etdikcə, xəstə həm
periferik, həm də mərkəzi görməni itirir. Gözdaxili təzyiqin
aşağıdakı əlamətləri mövcuddur:
-gözün
dumanlanması, göz qabağında “tor” əmələ gəlməsi;
-işıq
mənbəyinə (məsələn, elektrik lampasına)
baxdıqda, göz qabağında dairələr əmələ
gəlməsi;
- gözlərdə narahatlıq, müəyyən
ağırlıq və gərginlik hiss olunması;
-gözlərdə
zəif göynərti və nəmlənmə hissi olması;
-toran
qovuşanda görmə qabiliyyətinin zəifləməsi;
-göz ətrafında zəif ağrılar.
Əksər hallarda qlaukoma xəstəliyinin bu forması
sezilmədən inkişaf edir və xəstə onun baş
verməsi barədə, adətən, təsadüfən, pis
gördüyünü başa düşdükdən sonra xəbər
tutur. Həm də belə göz zahirən sağlam
gözdən heç nə ilə fərqlənmir.
Qlaukomanın başqa bir forması bağlıbucaq
qlaukomadır.
Bu forma tutma şəklində ağrılarla keçir.
Qlaukomanın kəskin tutması çox qabarıq əlamətlərə
malik olur, gözdaxili təzyiqin kəskin şəkildə
yüksəlməsi ilə nəticələnir - civə
sütununu 60-80 mm-ə (norma 10-22) qalxır, gözlərdə
güclü ağrılar olur, baş ağrıyır. Çox vaxt ürək bulanır, xəstə qusur,
ümumi zəiflik hiss edir. Gözə baxarkən
aşağıdakı nişanələr diqqəti
özünə cəlb edir:
-göz əllənərkən
daş kimi bərk olur;
-buynuz
qişası qeyri-şəffafdır, bulanıqdır, tərləmiş
şüşə görkəmi alıb;
-göz
qırmızıdır, göz pərdəsi şişib;
- bəbək sağlam gözün bəbəyinə
nisbətən genişlənib və uzunsov forma alıb.
Çox vaxt qlaukomanın kəskin tutmasını miqren
(daimi baş ağrısı) ilə səhv salırlar. Onu diş ağrısı,
qrip, mədə xəstəlikləri, meningit kimi qəbul edənlər
də az olmur. Çünki
dediyimiz kimi, xəstə baş ağrısından, ürək
bulanmasından, ümumi zəiflikdən şikayət edə
bilər və bu halda göz xəstəliyi heç
ağlına da gəlmir. Buna görə xəstə
kəskin tutmanın ilk saatında çox önəmli olan
yardımı almaya da bilər. Həm də
müalicə tamam başqa istiqamətdə gedər və əks
nəticə verər.
Qlaukoma keçici xəstəlik deyil. Adətən,
bu xəstəlik müxtəlif vaxtlarda hər iki gözdə
yaranır. İkinci gözdə xəstəlik
bir neçə aydan, hətta bir neçə ildən sonra da
yarana bilər. Odur ki, bir gözü
müalicə edərkən ikinci gözün qeydinə qalmaq
lazımdır ki, təkrarlanmasın. Gözdə
baş verən hər kiçik dəyişikliyi diqqətinizdən
qaçırmayın, vaxtında həkimə müraciət
edin, məsləhət alın. Bunu etsəniz,
gözü itirmək kimi böyük fəlakətin
qarşısını ilkin mərhələdə almaq qat-qat
asandır, nəinki tüğyan etmiş xəstəliklə
mübarizə aparmaq.
Oftalmoloqlar gözdaxili təzyiqi ölçməklə
(tonometriya), görmə sahəsini tətbiq etməklə
(perimetriya) və göz dibində görmə sinirinin vəziyyətini
müəyyən etməklə (oftalmoskopiya) diaqnoz qoya bilər
və məsləhət verərlər. Bu, ilkin
müayinədir. Ehtiyac duyulsa, həkim sizə
əlavə müayinə təyin edə bilər. Bəzən gözdaxili təzyiq yüksək olur,
lakin yuxarıda göstərdiyimiz digər nişanələr
müşahidə olunmur. Bu, müxtəlif
endokrin pozuntuları zamanı baş verir və xəstənin
hərtərəfli müayinəsini tələb edir.
Bilməyiniz vacibdir: şəkərli diabetdən, hipertonik xəstəlikdən
və aterosklerozdan əziyyət çəkən xəstələr
çox vaxt qlaukoma xəstəliyinə də tutulur. Odur ki, belə adamlar, terapevt və endokrinoloqla bərabər,
ildə iki dəfə oftalmoloqdan da məsləhət
almalıdır.
Qlaukoma xəstəliyinə tutulanlar uzun müddət həkim
nəzarəti altında müalicə olunmalı, ilk vaxtlar dərman
preparatları, sonra isə təbii üsullarla müalicə
almalıdırlar. Kritik vəziyyətdən çıxmaq
üçün gözlərə həkimin təyin etdiyi dərmanı
damızdırmaq və təzyiqi aşağı salmaq
lazımdır. Görmə sinirini və
torlu qişanı qidalandıran həblər də atmaq olar.
Əgər dərmanla müalicə bir nəticə
vermirsə, yaxud xəstə onu yaxşı keçirmirsə,
o zaman həkim lazer şüası ilə müalicə və
yaxud cərrahiyyə əməliyyatı təklif edə bilər.
Lazer şüası ilə müalicənin
üstünlüyü ondadır ki, göz alması kəsilmir,
bütöv qalır. Lazer şüası gözə maneəsiz daxil olur,
drenaj sisteminə təsir göstərir və gözdaxili
mayenin rəvan axması prosesini
yaxşılaşdırır, həm də lazer
şüası ilə müalicə ağrısız
keçir, az vaxt tələb edir. Onu ambulator şəraitdə aparmaq
mümkündür. Lakin lazer
şüası bəzi hallarda lazımi səmərəni verə
bilmir. Belə müalicə xəstəliyin
ilkin mərhələsində tətbiq edildikdə
yaxşı nəticəni almaq olur. Əksər
hallarda radikal tədbirlərə əl atmaq - cərrahiyyə
əməliyyatı aparmaqla lazımi nəticəni almaq
mümkündür. Bütün dünyada
şöhrət tapmış məşhur oftalmoloq, akademik
S.N.Fyodorovun fikrincə, qlaukomanı indikindən daha tez
diaqnozlaşdırmaq və radikal müalicə etmək
lazımdır. O, belə hesab edir ki, tətbiq olunan dərmanlar
bir çox hallarda nəinki kömək etmir, əksinə,
gözə pis təsir göstərir. Yalnız
cərrahiyyə əməliyyatı sayəsində
yaradılan yeni drenaj sistemi gözdaxili mayenin kənara
axması və görmə qabiliyyətinin qorunub
saxlanmasına imkan yaratmışdır. “Gözün
mikrocərrahiyyəsi” antiqlaukomotoz əməliyyatı
hazırlanıb aparılır. Bu əməliyyat
“dəlib keçən” və “dəlib keçməyən dərin
skleroktomiya” adlanır. Bu üsul minlərlə
adamın görmə qabiliyyətini qoruyub saxlamağa imkan
vermişdir. Əməliyyat xüsusi
mikroskop altında keçirilir. Mikroskop həm
əməliyyat sahəsini işıqlandırır, həm də
böyüdür. Həkimlər xüsusi
mikrocərrahiyyə alətlərindən istifadə edirlər.
Onların ülgücü çox qiymətli
daşlardan (almaz, sapfir və s.) hazırlanır. Əməliyyat anestezioloq həkimin nəzarəti
altında, yerli keyitmə üsulu ilə aparılır.
Anestezioloq həkim xəstəni əməliyyata
hazırlayır, xəstədə əsəb gərginliyini
aradan götürür. Əməliyyat,
orta hesabla, 20 dəqiqə çəkir. Əməliyyatdan
sonra gözlərə (yaxud gözə) iltihab əleyhinə
dərman damızdırmaq məsləhət
görülür.
Təxminən 10-14 gündən sonra (həkimin təyinatına
düzgün əməl etsəniz), əməliyyat
aparılmış gözün qızartısı keçəcək,
siz işığa çəkinmədən baxa biləcəksiniz,
göz yaşarması və yad cismin olması hissləri daha
sizi narahat etməyəcək.
Əgər əməliyyat vaxtında, yəni
qlaukomanın ilkin mərhələsində aparılıbsa,
mütləq gözdaxili təzyiq normaya düşəcək
və gözün görmə qabiliyyəti qorunub
saxlanılacaq.
Yaşınız
40-ı ötübsə, hər il göz
həkiminə müraciət edin, müayinədən
keçin və ondan məsləhət alın. Yuxarıda qeyd etdiyimiz əlamətlər aşkar
edildikdə, müalicəni gecikdirməyin. Vaxtında aşkar edilmiş qlaukoma xəstəliyinin
qarşısını almaq və gözün nurunu qoruyub
saxlamaq mümkündür.
Bir daha xatırladırıq ki, beyinə daxil olan informasiyanın 90 faizi göz vasitəsilə verilir. Belə bir orqanın qeydinə qalmayan adam, bütün orqanizmin qeydinə qalmır.
Ev şəraitində müalicə olunanlara bəzi konkret məsləhətlər vermək istərdik: gözünüzə dərman damızdırarkən, başınızı dik tutun, yuxarı baxın. Alt göz qapağını barmağınızla bir qədər aşağı dartın, dərmanı alt göz qapağının arxa tərəfinə damızdırın: 1-2 damcı kifayətdir. Əgər həkim sizə bir neçə dərman yazıbsa, o zaman onları 2-3 dəqiqə intervalla tökün. Aşağıdakı qaydalara əməl edin: çalışın cərrahiyyə əməliyyatından sonra 1 ay ərzində əməliyyata məruz qalmış gözünüz tərəfdə yatmayın; yerdən bir şey götürmək istədikdə, əyilməyin, dizlərinizi büküb oturun; 5 kiloqramdan artıq yük qaldırmayın, gözdaxili təzyiq yüksələ bilər; 20-30 gün maşın sürməyin və görməni gərginləşdirən işdən çəkinin; Cərrahi əməliyyatdan sonra gözə əl vurmayın, onu dəsmalla silərkən sıxmayın; Küçədə rəngli eynəkdən istifadə edin (açıq yaşıl rəng daha məsləhətlidir); Uzun müddət qaranlıq və yarımqaranlıq otaqda qalmayın (qaranlıqda gözüaçıq çox qaldıqda - gözdaxili təzyiq qalxır), yarım işıqlı yerdə yatın; Ayda 1-2 dəfə göz təzyiqini yoxladaraq, göz həkiminin müayinəsindən keçmək məsləhət görülür.
Kərəm KƏRİMOV,
Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri,
Əməkdar
elm xadimi, professor,
Nigar
KƏRİMOVA,
Bakı
Elmi-Tədqiqat Göz xəstəlikləri klinikasının
direktoru,
tibb üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 14 mart.- S.7.