NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15, 17 və 18 mart tarixli saylarımızda)

 

 

 

Lakin buna baxmayaraq, Mustafa Lütfi “Bürhani-tərəqqi” qəzeti redaksiyasının əməkdaşları ilə N.Nərimanov arasında mənəvi əlaqə, yaxın dostluq münasibəti yaratmağa çalışırdı.

Məlum olduğu kimi, Mustafa Lütfi “Bürhani-tərəqqi”nin naşiriredaktoru idi. 1906-cı ilin iyun ayından fəaliyyətə başlayan qəzet millətin maddi yardımı olmadığına görə bir ildən sonra qara haşiyə ilə çıxmışdı. Qəzetin naşiriredaktoruLütfi” imzası ilə “Bürhani-tərəqqi”nin ictimai həyat səhnəsindən çıxmasını öz oxucularına təəssüf hissi ilə bildirirdi. Ancaq beş aylıq fasilədən sonra yenidən çıxan qəzet 18 noyabr 1907-ci il tarixli ilk nömrəsində “Bürhani-tərəqqi yenidən dirildimi” sərlövhəli redaksiya məqaləsi ilə oxucularına bildirirdi ki, xalqın hümmət və qeyrəti sayəsində, mətbuat aləminə bir daha əlvida etməmək şərti ilə dirilmişdir. “Bürhani-tərəqqi” sonralar maddi ehtiyac üzündən bəzən fasilələrlə çıxsa da, Həştərxanın maarifpərvər ziyalılarının yardımı ilə yaşayırdı. Lakin buna baxmayaraq, cəhalətpərəst ziyalıların hücumu, intriqa və xəbərçiliyi redaksiyada gərgin vəziyyət yaratmışdı. Mustafa Lütfi inanırdı ki, qəzeti böhranlı vəziyyətdən bütün Qafqazda görkəmli ictimai xadim və yazıçı kimi tanınan N.Nərimanov öz mənəvi köməyi, qüdrətli qələmi ilə xilas edə bilər. O yanılmamışdı. Lakin N.Nərimanovu “Bürhani-tərəqqi” qəzetinə əməkdaşlığa birdən-birə cəlb etmək olmazdı.

Bu dövrdə N.Nərimanov geniş həkimlik fəaliyyətinə başlamışdı. Həştərxan quberniyası tibb şöbəsinin müfəttişi qubernatorun sorğusuna cavab raportunda yazırdı ki, N.Nərimanov 1909-cu il oktyabr ayının 13-də tibb şöbəsinə gəlib 20 oktyabr 1908-ci il tarixli 2163 nömrəli şəhadətnamə təqdim etmiş və həkim işləməsinə icazə istəmişdir.

Volqa çayının cənub hövzəsində yerləşən əyalət şəhəri Həştərxanda ciddi sanitariya tədbirləri görülmədiyindən yoluxucu xəstəliklər - vəba, tif, vərəm, difteriya, skarlatinas. epidemiya zamanı müsəlman kütlələri arasında böyük fəlakət törədirdi. Çünki yerli əhalinin dilinə, həyat tərzinə, adət-ənənəsinə bələd olan həkimlər yox idi. Volqa sahillərində əsrlər boyu - XIV əsrdən başlayaraq - tez-tez böyük fəlakətlər törədən vəba epidemiyası 1909-cu il noyabr ayının 15-də Həştərxan quberniyasında - Beşqulaqda yenidən baş qaldırmışdı. Ölüm kabusu 104 gün kəndbəkənd dolaşmış, yüzlərlə ocaqlar söndürmüşdü. Səhiyyə cəhətdən vəziyyət son dərəcə ağır idi. Hər 17 min nəfər əhaliyə bir həkim düşürdü.

Elə buna görə də N.Nərimanov Həştərxana gəldiyi ilk günlərdən bir sıra təxirəsalınmaz sanitariya tədbirlərini həyata keçirməyə, tibbi mövzuda mühazirələr oxumağa böyük əhəmiyyət verirdi. O, şəhərdə sağlamlığı və təmizliyi qorumaq üçün yoluxucu xəstəliklərə qarşı ümumxalq mübarizəsini təşkil etməyə çalışırdı. 1909-1913-cü illərdə N.Nərimanovun “Xolera-vəba”, “Çaxotka-Vərəm”, “Aləmi-nizvan”, “Tibbislam”, “Əyyaşlıq” kimi faydalı elmi-publisistik mövzularda mühazirə oxuması, məqalə və kitabçalar çap etdirməsi onu həqiqi xalq həkimi kimi tanıtdırmışdı.

Milli tərkibi müxtəlif olan bir şəhərdə N.Nərimanovun “müalicəxanasına” yalnız azərbaycanlılar deyil, rus, fars, tatar, türkmən, qırğız, özbək, qazax, kalmık və erməni fəhlələri də pənah gətirirdilər. Onun kiçik qəbul otağı həmişə xəstələrlə dolu olardı (yerli mətbuat N.Nərimanovun xəstələri qəbul etməsi barədə elanı bir neçə nömrəsində təkrar vermişdir. Həmin elan belədir: “Müsəlman doktoru Nəriman bəy Nərimanov daxili xəstəlik və qadın xəstəliklərinə baxmaq üçün hər gün qəbul edir: səhər saat 9-dan 12-yə qədər, axşam 6-dan 8-ə qədər. Adres: Staro-Kuzneçnı küçəsi (Əski poçta yanında) fotoqraf Klimaşevskinin evi ¹28”).

Hamı qayğıkeş, mehriban həkimin həssas münasibətinə heyran qalırdı. Böyük bir ailəni ehtiyac içərisində, güc-bəla ilə dolandırmasına baxmayaraq, N.Nərimanov xəstələrdən müalicə haqqı almaqdan imtina edir, hətta bəzən onlara özü dərman pulu verib yola salırdı. O, fəhlələrlə tez-tez görüşər, hifzüssəhhəyə dair maraqlı söhbətlərindən sonra hökmən deyərdi: “Yoldaşlar, hər kim xəstələnsə, xəbər verin, utanmayın, pulsuz müalicə edirəm”.

N.Nərimanov vətəndaş-həkim idi. O, yoxsul kütlələrin xəstəliklərlə şüurlu mübarizəsini təşkil edir, vərəmə qarşı cəmiyyətin Həştərxan şöbəsinin yaranması münasibətilə “İdel” və “Astraxanski kray” qəzetlərində dərc etdirdiyi məqalələrdə müsəlmanların vərəm xəstəliyinə etinasızlığının səbəblərini açıb göstərirdi. Bu cəmiyyətin gələcəkdə faydalı xidmətlərini nəzərə alaraq konkret təkliflər irəli sürürdü. N.Nərimanov səhiyyənin təbliği sahəsində ciddi əməli fəaliyyəti ilə də həmkarlarından fərqlənirdi. Vərəm epidemiyası dövründə Həştərxana gələn professor İ.İ.Meçnikov N.Nərimanovun səhiyyə tədbirlərini bəyənmişdi. Böyük rus alimi Həştərxana 1911-ci il may ayının 17-də “Dostoyevski” gəmisi ilə gəlmişdi. Onu təntənə ilə qarşılayan həkimlər arasında N.Nərimanov da vardı. Bu görüş zamanı professor İ.İ.Meçnikov öz həmkarlarına hələ Parisdə ikən onu düşündürən elmi işin planından söhbət açmış, sonra həyəcanla demişdi:Sizsiz bir görmək olmaz”.

Bir neçə gün sonra professor İ.İ.Meçnikovun gəlişi şərəfinə düzəldilmiş məclisdə “Şurayi-İslam” cəmiyyəti adından onu N.Nərimanov təbrik edir, xəstəliklərə qarşı elmi yolla apardığı inadlı mübarizəsini yüksək qiymətləndirir.

Bu məclisdə N.Nərimanov özünü saxlama, cavan qalmatez qocalmama problemini tibbin köməyi ilə, şüurlu öyrənməyin zəruriliyindən danışır, təbiət elmini dini ehkamlara qarşı qoyurdu. O, fanatik din xadimləri mühitində öz fikrini zəhmətkeş kütlələrə doğru-düzgün, anlaşıqlı çatdırmaq və onların dini uydurmalara inamını sarsıtmaq üçün İslam təlimindən məharətlə istifadə edirdi. İslam təliminə görə, müsəlman yeməyi, içməyi, ibadəti və s. ehkam çərçivəsində, məcburən yerinə yetirməlidir. Əlbəttə, bu da ona öz bədənini zərərli ünsürlərdən qeyri-şüuri olsa da, qorumağa səbəb olur. “İslamın əsasını qoyanözü də dünyəvi elmlərə üstünlük verirdi:Elm elman, elm ebdanelm edyan”. Bunu şərh edən N.Nərimanov deyir: “İslam dininin banisi öz kəlamı ilə sanki demək istəmişdir ki, qanunun hərfinə uyub özünüsaxlama məsələsinə şüursuz yanaşmaq bəşəriyyətə fayda verə bilməz, özünüsaxlama məsələsini şüurlu öyrənməyə, yəni təbiyyat və tibb elmlərini öyrənməyə çalışmaq lazımdır, orqanizm üçün zərərli olan ürsünlərə qarşı mübarizədə bəşəriyyətin işini yalnız bu asanlaşdıra bilər”.

Bundan sonra N.Nərimanov İ.İ.Meçnikovun elmi-tədqiqat yolu ilə bədəni zərərli mikroblardan xilas etmək uğrunda böyük fədakarlığından söhbət açır və göstərirdi ki, bəşəriyyətə məhəbbəti, insanın xəstəliklərə dözümlülüyünü öyrənmək cəhdi onu ucqar, geri qalmış Həştərxana gətirmişdir. O, geniş kütlələri amansız bəladan xilas etmək üçün köməyə gəlmişdi.

N.Nərimanov İ.İ.Meçnikova müraciətində bildirir ki, özgə xalqlar arasında müsəlman kütlələrinə də təsadüf edəcəksiniz. Siz onlar üçün arzu olunan əziz qonaqsınız. Çünki təbii-tibbi elmlərin köməyi ilə özünü hifz etmə məsələləri haqqında onlara məhz siz öz qüdrətli, nüfuzlu sözünüzü deyə bilərsiniz. Bu da müsəlman üçün özünü saxlama məsələlərinə dair şəriət qanunları mənasında olacaqdır.

N.Nərimanov “Şurayi-İslam” cəmiyyətinin müsəlman ziyalıları adından əmin edir ki, mətbuat və şifahi izahat yolu ilə cəhd ediləcəkdir ki, elmi-tədqiqat prosesində ona müsəlmanlar tərəfindən hər cür kömək göstərilsin.

Professor İ.İ.Meçnikov Həştərxanda bir neçə ay vərəm epidemiyasına qarşı fədakarlıqla mübarizə apardığı zaman N.Nərimanov da dünya şöhrəti tapmış böyük həmkarı ilə əməkdaşlıq etmiş, onun çıxış və mühazirələrinə qulaq asmışdır.

İ.İ.Meçnikovun tibb sahəsində inqilab yaradan nəzəriyyəsi ilə yaxından tanış olan N.Nərimanov sonralar heyranlıqla yazırdı: “...Meçnikovun gözəl bir leksiyasını eşidib təəccüb edirdim: əcəba, bu qoca, 70 yaşında olan kişinin insaniyyətə nə payədə məhəbbəti vardır!”

İ.İ.Meçnikovun şəxsiyyəti N.Nərimanovun xatirində dərin izlər buraxmışdı. Bu görüşdən təxminən beş il sonra, 1916-cı ildə N.Nərimanov böyük alimin vəfatı münasibətilə “İlya İliç Meçnikov” adlı məqaləsini dərc etdirmişdir. Həmin məqalədə böyük rus aliminin ölümü bütün dünya xalqlarının ağır itkisi kimi səciyyələndirilir: “İnsan var ki, ölər, yox olarbunun yoxluğunu ancaq yavuq qohum-əqrəbası hiss edər. İnsan var ki, ölər və bunun yoxluğu xüsusi bir milləti heyifsiləndirər. İnsan var ki, ölər və onun ölümü bütün millətlərə təsir edər.

İlya İliç Meçnikovun ölümü, yoxluğu doğrudan da hamı millətləri, bütün insanları ələm dəryasına qərq edə gərəkdir”.

N.Nərimanov bunun səbəbini aydınlaşdırmaq üçün İ.İ.Meçnikovun tibbi-elmiictimai fəaliyyətindən məlumat verir, onu doğma “vətəni Rusiyanı səmimi-qəlbdən sevən” vətəndaş-alim, görkəmli ictimai-xadim kimi təqdim edirdi.

İ.İ.Meçnikovun “idealı, son xəyal və arzusuömrü uzatmaq, həmişə cavan qalmaq problemi idi. O öz məqsədinə tam çatmasa da, bu yoldagizlin xəzinələrin aşkara” çıxmasına səbəb oldu, “yəni gələcək alimlər üçün gediləsi ağır və çətin olan yolu asanlaşdırdı. Qaranlıq nöqtəni işıqlandırdı”.

İ.İ.MeçnikovElm ancaq hürriyyət aləmində tərəqqi tapar” əqidəsində olduğuna görə Rusiya imperiyasında yaşaya bilməzdi. Ona görə də “İ.İ.Meçnikov sevgili vətənini tərk edib daha artıq sevdiyi elmin tərəqqisi üçün Fransanı özünə ikinci vətən seçdi...” Nurlu zəkası, böyük zəhməti ilə təbabət aləmində zirvələr fəth etməsi istedadlı alimə ümumdünya şöhrəti qazandırdı. “Meçnikov məktəbi” yarandı. XX əsrin əvvəllərində mühacirətdən doğma vətəninə - Rusiyaya qayıdan “İlya İliç Meçnikov şan-şövkətdə qraf Tolstoydan sonra ikinci bir adam idi”.

İ.İ.Meçnikovun taleyi çar Rusiyasında dövrün qabaqcıl adamlarının taleyi idi. N.Nərimanov böyük alimin humanizmini, vətənpərvərlik duyğularını və misilsiz xidmətlərini nəzərə çarpdırmaqla, çar hökumətinin ona qarşı olan düşmənçilik münasibətinə oxucularda qəzəb hissi oyadırdı.

N.Nərimanov bir həkim tək Hippokrat andına sədaqətlə çalışırdısa, bir ictimai xadim kimi də xalqı zülmistibdad əsarətindən həmişəlik xilas etmək yolunda ciddi addımlar atırdı. O, səhiyyə-sanitariya və gigiyena sahəsində gördüyü əməli işlərini gizli inqilabi fəaliyyətlə əlaqələndirməyi bacarırdı.

N.Nərimanov “Ümumrusiya vərəmə qarşı mübarizə cəmiyyəti” Həştərxan şöbəsinin üzvü idi. O, əhali arasında geniş yayılmış vərəmin profilaktikası, xəstəliyə tutulmuş adama münasibət, psixoloji təsir və s. barədə tez-tez elmi-kütləvi söhbətlər aparır, eyni zamanda, vərəmə qarşı ciddi mübarizə tədbirlərini həyata keçirməkdən ötrü çiçək” mərasiminin mütəşəkkil keçməsinə xüsusi qayğı göstərirdi.

Bu münasibətlə N.Nərimanov “Hacıtərxanda çaxotkaya qarşı cəmiyyətin açılışına dair (Mənim təəssüratım)” adlı məqaləsində ictimai fəlakət kimi səciyyələndirdiyi vərəm xəstəliyindən və ona qarşı mübarizə tədbirlərindən danışır. Tatarların vərəmə olan etinasız, laqeyd münasibətini, hər şeydən əvvəl, onların məkrli xəstəlik haqqında məlumatlarının azlığında görürdü.

N.Nərimanov vərəm xəstəliyinin törənməsi şəraiti və onun xarakteri barədə rus, tatar və erməni dilində mühazirələr təşkil etməyi cəmiyyətin başlıca vəzifəsi sayırdı: Bunu təklif etməyimin səbəbi budur ki, çaxotka xəstəliyini əvvəlcədən bilmək xəstələr üçün də, həkimlər üçün də faydalı olacaq, çaxotkanı əvvəlcədən biləndə ona qarşı mübarizə mümkün olub, xeyirli nəticələr verəcəkdir”.

Vərəm xəstəliyini vaxtında aşkar etməyin və profilaktik tədbirlər görməyin ümumən bütün xalqa, eyni zamanda müsəlmanlara “min zor faydalar” verməsinə N.Nərimanov “tibb elminin idealı”, məqsədi kimi baxırdı”. Ona görə də ənənəvi “ çiçək” mərasiminin faydalı keçirilməsinə istiqamət verir, özüyorulmaq bilmədən çalışırdı. Hər il bahar çağı xeyriyyə cəmiyyətlərinin təşkil etdikləri ümumxalq çiçək” bayramı (Qafqazda çiçək - birəotu və ya birə çiçəyi bir sıra xəstəliklərin müalicəsi üçün işlənir - T.Ə.) əsl həmrəylik nümayişinə çevrilirdi. Həştərxan zəhmətkeşləri bu bayramda axın-axın şəhər meydançasına doğru gəlir. Onlara çiçək təqdim edilir, hər bir şəxs çiçəyin əvəzində xüsusi qutuya pul salır. 1912-ci il aprel ayının 20-də “ çiçək” mərasimi zamanı 20 min manata yaxın pul toplanmışdı.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 19 mart.- S.4.