Görkəmli alim,
bacarıqlı elm təşkilatçısı və
humanist insan
Görkəmli
alim və elm təşkilatçısı, Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm
xadimi, funksional analiz və diferensial tənliklər sahəsində
görkəmli alim - Fəraməz Qəzənfər oğlu
Maqsudovun anadan olmasından 90 il ötür. O, 1930-cu il
martın 20-də doğma vətənimizə çoxlu sayda
tarixi şəxsiyyətlər bəxş etmiş
Naxçıvan şəhərində anadan olmuş, 1949-cu
ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsinə daxil olmuş və 1954-cü ildə həmin
fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə
diplomu ilə bitirmişdir. Hələ tələbə
ikən elmi-tədqiqat işlərinə böyük maraq
göstərən Maqsudov bütün mənalı həyatını
elmə həsr etmiş, aspirantdan institut direktoru və Azərbaycan
Milli Elmlər Akademiyasının Prezidenti vəzifəsinə
qədər şərəfli həyat yolu keçmişdir.
Fəraməz Maqsudov elmi fəaliyyətə Azərbaycan
riyaziyyat məktəbinin banilərindən biri olan akademik Zahid
Xəlilovun tələbəsi kimi başlamışdır. 1959-cu ildə
o, “Öz-özünə qoşma olmayan diferensial
operatorların spektrinin diskretliyi, məxsusi və
qoşulmuş funksiyaların tamlığı” mövzusunda
yazdığı namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə etmişdir. 1964-cü ildə
o, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunun elmi işlər üzrə direktor
müavini vəzifəsinə təyin edilmişdir. Fəraməz
müəllim 10 il - 1974-cü ilə qədər
akademik Zahid Xəlilovun elmi işlər üzrə müavini
vəzifəsində çalışarkən böyük
elmi və idarəçilik məktəbi keçmişdir. Operatorların spektral nəzəriyyəsi haqqındakı
sonrakı tədqiqatları onun 1974-cü ildə müvəffəqiyyətlə
müdafiə etdiyi “Kəsilməz spektrə malik polinomial
operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi
məsələləri” mövzusunda yazdığı
doktorluq dissertasiyasında öz əksini tapmışdır.
1974-cü ildən Azərbaycan SSR EA Riyaziyyat və
Mexanika İnstitutuna rəhbərlik edən Fəraməz
Maqsudov 1976-cı ildə Respublika Elmlər Akademiyasının
müxbir üzvü, 1980-ci ildə isə Akademiyanın həqiqi
üzvü seçilmişdir. 50 illik elmi fəaliyyəti
dövründə riyaziyyatın və mexanikanın bir
sıra sahələrində əldə etdiyi fundamental elmi nəticələr
onu təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə
də yaxşı tanıtmışdı.
1981-ci ildən
Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və
Texnika Elmləri Bölməsinə, 1997-ci ildən isə Azərbaycan
Elmlər Akademiyasına rəhbərlik edən akademik Fəraməz
Maqsudov özünü yorulmaz elm təşkilatçısı
kimi göstərmiş və Akademiyanın institutları ilə
ölkənin və dünyanın bir çox elm mərkəzləri
arasında çoxşaxəli elmi əlaqələrin
yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsində
və müasirləşdirilməsində, onların
fundamental elmi tədqiqatlarla yanaşı, xalq təsərrüfatı
əhəmiyyətli problemləri həll etməsində də
böyük rol oynamışdır.
Fəraməz Maqsudov 1974-cü ildən
ömrünün sonuna qədər AMEA-nın Riyaziyyat və
Mexanika İnstitutuna bacarıqla rəhbərlik etmiş və
bu illər ərzində institutun qazandığı
uğurlara öz sanballı töhfəsini vermişdir. Həmin illərdə
institutda Azərbaycan üçün artıq çoxdan ənənəvi
hesab olıunan funksional analiz, diferensial tənliklər və
funksiyalar nəzəriyyəsi sahəsində bir sıra
yüksək səviyyəli elmi nəticələr
alınmışdır.
Bütöv mühit mexanikası sahəsində
institutun əldə etdiyi nailiyyətlər isə hətta ən
optimist mexaniklər və riyaziyyatçılar
üçün də gözlənilməz olmuş, nisbətən
qısa müddət ərzində institutda mexaniklərdən
ibarət güclü kollektiv yaranmış və bu kollektiv
mexanikanın aktual nəzəri və tətbiqi sahələrinin
problemlərini həll etmişdir. Təsadüfi deyil ki,
həmin mexaniklərin bir qrupu 1983-cü ildə Fəraməz
Maqsudovun rəhbərliyi ilə nəhəng energetika sistemlərinin
dözümlülüyünün tədqiqi üçün
işləyib hazırladıqları metoda görə həmin
dövrün ən yüksək mükafatlarından biri olan
SSRİ Nazirlər Sovetinin mükafatını
almışdır.
Ömrü boyu gənclərə böyük diqqət
göstərmiş, elmə gənc istedadlı tədqiqatçıların
gəlməsi daim onun diqqət mərkəzində
olmuşdur. Bu böyük alimin elmi rəhbərliyi altında
100-dən artıq namizədlik və doktorluq dissertasiyaları
müdafiə olunmuş, o, 300-dən çox elmi əsərin,
11 monoqrafiya və dərsliklərin müəllifi olmuşdur.
Fəraməz Maqsudovun elmi fəaliyyətinin əsas
istiqamətlərindən biri də polinomial operatorların
spektral nəzəriyyəsinin yaradılmasından ibarət
olmuşdur. Məlumdur ki, diferensial tənliklər, riyazi fizika,
elastiklik nəzəriyyəsi və hidrodinamikanın bir
çox məsələlərinin həlli polinomial operatorlar
dəstələrinin spektral analizi ilə bağlı problemlərə
gətirilir. Bu sahədə dünya
riyaziyyatçılarının intensiv tədqiqatları
öz başlanğıcını akademik Mstislav
Keldışın keçən əsrin 50-ci illərində
aldığı məşhur nəticələrdən
götürmüşdür. Nisbətən az vaxt ərzində diskret spektrli dəstələr
nəzəriyyəsində ciddi elmi nəticələr
alınmasına baxmayaraq, daha mürəkkəb struktura malik
spektrli operatorlar dəstəsi üçün
tamamlanmış nəzəriyyə yox idi. Bu istiqamətdə
çox mühüm elmi nəticələr almaqla, Fəraməz
Maqsudov, spektrində kəsilməz komponenti olan operatorlar dəstəsinin
geniş sinfi üçün spektral nəzəriyyəni
işləyib hazırlamış, spektral məxsusiyyətlərin
ətrafında rezolventanın baş hissəsinin aşkar
şəklini tapmış, ümumləşmiş məxsusi
və qoşma elementlərə görə çoxqat
ayrılış teoremini isbat etmişdir. Kəsilməz
spektrli operatorlar dəstəsi nəzəriyyəsində ona məxsus
ideyalar, metodlar və nəticələr sonralar onun çox
saylı tələbələri və ardıcılları tərəfindən
inkişaf etdirilmiş və daha da zənginləşdirilmişdir.
Fəraməz Maqsudovun bir qrup işləri
öz-özünə qoşma olmayan sinqulyar diferensial
operatorların spektrlərinin tədqiqinə həsr
olunmuşdur.
Kompleks qiymətli potensiala malik
çoxölçülü Şredinger operatorunun məxsusi
və qoşma funksiyaları sisteminin tamlığı və
spektrinin diskretliyi barədə o, bir sıra mühüm nəticələr
almışdır. İstənilən
cüt tərtibli, sinqulyar, öz-özünə qoşma
olmayan adi diferensial operatorların spektrinin strukturu
haqqındakı nəticələr də onun maraqlı elmi
işlərindəndir.
Fəraməz Maqsudov yarımoxda verilmiş kompleks qiymətli,
eksponensial azalan potensiala malik və koordinat
başlanğıcında müəyyən sərhəd
şərti ilə təyin olunan Şturm-Liuvill operatorunun
kifayət qədər tam spektral analizini vermiş və bu nəticələrin
yüksək tərtibli diferensial operatorlar üçün də
analoqlarını almışdır.
Bunlardan əlavə o, bütün oxda verilmiş
öz-özünə qoşma olmayan Dirak operatorları
üçün ümumiləşmiş spektral matrisin
varlığını isbat etmiş və məxsusi funksiyalar
üzrə ayrılış düsturu almışdır. Bu qəbildən
olan nəticələr içərisində periodik əmsallı,
öz-özünə qoşma diferensial operatorların
spektrinin strukturu haqqındakı teoremlər xüsusi əhəmiyyət
kəsb edir.
Fəraməz Maqsudovun yaradıcılığında
spektral analizin tərs məsələləri də xüsusi
yer tutur. Spektral analizin tərs məsələləri adlanan
və mahiyyət etibarilə, spektrin bu və ya digər
xarakteristikasına əsasən operatorun özünün bərpa
edilməsi ilə bağlı olan nəzəriyyə, təbiətşünaslığın
bir çox mühüm ehtiyaclarının doğurduğu məsələlərdəndir.
Məsələn, mexanikadakı rəqslərin
tezliyinə əsasən qeyri-bircins simin
sıxlığının paylanmasının təyini, kvant
mexanikasında enerjinin məlum səviyyələrinə və
ya səpilmənin xassələrinə əsasən hissəciklər
arasında təsir edən qüvvələrin hesablanması,
geofizikada faydalı qazıntıların axtarılması məsələləri
və s. bu qəbildən olan problemlərdəndir. Haqqında danışılan problematikaya həsr
olunmuş işlərinin birində Fəraməz Maqsudov
Şturm-Liuvill operatoru üçün tərs məsələ
ilə bağlı olan kvadratı ilə inteqrallanan funksiyalar
fəzasında tam ortoqonal sistemin qurulması məsələsini
həll etmişdir.
Akademik Fəraməz Maqsudov bütün oxda əmsalları
həqiqi olan və eksponensial azalan Dirak sistemi
üçün spektral matrisə görə tərs səpilmə
məsələsini də həll etmişdir.
Həqiqi qiymətli və sonsuzluqda sıfıra
yaxınlaşan əmsallara malik bir ölçülü
Şredinger operatorlarından düzəlmiş kvadratik dəstə
üçün səpilmənin tərs məsələsinin
həlli də Fəraməz müəllimin bu sahədə
maraq doğuran işlərindəndir.
Akademik Fəraməz Maqsudov öz-özünə
qoşma və qoşma olmayan operator funksiyaların spektral nəzəriyyəsi
sahəsində də bir sıra mühüm nəticələr
almışdır. Bu işlərdə həyəcanlanmış
operatorun spektri və rezolventası tədqiq edilmiş,
rezolventanın spektral məxsusiyyətlər ətrafında
ayrılışı, operatorun təyin oblastından olan istənilən
funksiyanın isə, məxsusi və qoşulmuş funksiyalara
uyğun kanonik sistem üzrə ayrılışı
alınmışdır.
O,
sinqulyar diferensial Dirak ifadəsinin doğurduğu dissipativ
operatorun xarakteristik funksiyasının analitik xassələrini
tədqiq etmiş və bu nəticələrin əsasında
məxsusi və qoşulmuş vektor-funksiyaların
tamlığını isbat etmişdir.
Akademik Fəraməz Maqsudov yüksək tərtibli
öz-özünə qoşma qeyri-məhdud operator əmsallı
diferensial operatorun mənfi məxsusi ədədləri
üçün asimptotik düstur, əmsallar məhdud olan
halda isə bu diferensial operatorun
requlyarlaşdırılmış izi üçün
aşkar ifadə almışdır. Bu düstur məşhur
Levitan-Dikiy düsturunun ümumiləşməsidir.
O, təkrar
köklərə malik operator-funksiyaların məxsusi ədədlərini
variasiya prinsipinin köməyi ilə tədqiq etmiş,
baxılan məsələ üçün Kurant-Fişer-Veyl
və Puankare-Riss teoremlərinin analoqlarını
almışdır.
Akademik Fəraməz
Maqsudov bir və yüksək tərtibli diferensial
operatorların genişlənməsi nəzəriyyəsi sahəsində
- sonlu və sonsuz intervallarda sərhəd şərtləri
terminlərində minimal operatorun bütün normal genişlənmələrinin
konstruktiv təsvirini vermiş, onların başqa tip genişlənmələrlə
əlaqəsini və spektral xassələrini tədqiq
etmişdir.
O, Banax cəbrlərinin
epimorfizmlərinin törətdiyi operatorların
obrazlarının bölünənliyi şərtlərini
tapmış və cəbri operatorlar vasitəsilə
doğrulduğunu isbat etmişdir.
Diferensial tənliklər nəzəriyyəsi sahəsində
olan işləri Fəraməz Maqsudovun
yaradıcılığında xüsusi yer tutur. Bu işlər
içərisində onun dəyişən potensiallı
Şredinger tənliyinin həllinin asimptotikasına həsr
olunmuş işlərini qeyd etmək yerinə düşərdi.
Hilbert fəzasında operator-diferensial tənliklərin həlli
üçün verdiyi incə metodun köməyi ilə, xüsusi
halda, azalan əmsallı Şredinger operatorunun məxsusi ədədlərinin
yoxluğu üçün akademik Fəraməz Maqsudov yeni
kriteriya vermişdir, bu da tanınmış alim T.Katonun
kriteriyasından fərqli olaraq, daha geniş sinif məsələlərin
tədqiqində tətbiq olunur. Onun təklif
etdiyi metodun köməyi ilə ikinci tərtib
operator-diferensial tənliklər üçün qoyulmuş
Koşi məsələsinin həllinin energetik qiymətləndirmələri
alınmış və bunlar geniş sinif evolyusiya tənlikləri
və xüsusi törəməli tənliklər sistemi
üçün qoyulmuş başlanğıc-sərhəd məsələsinin
həllini asimptotik tədqiq etməyə imkan vermişdir.
Fəraməz Maqsudovun bir sıra elmi işləri
xüsusi törəməli tənliklər sistemi
üçün qoyulmuş başlanğıc-sərhəd məsələlərinin
korrektliyi və qlobal həll edilə bilməsi probleminə həsr
olunmuşdur.
Bu işlərə həm onun qeyri-məhdud
oblastlarda verilmiş evolyusiya tənlikləri üçün
başlanğıc-sərhəd məsələlərinə
həsr olunmuş ilk işlərini, həm də qeyri-xətti
diferensial tənliklər üçün qoyulmuş sərhəd
və başlanğıc-sərhəd məsələlərinə
dair son illərdəki işlərini aid etmək olar.
Onun bir sıra işləri öz-özünə
qoşma olmayan operator funksiyaların rezolventalarının kəsilməz
spektrdə analitik davam etdirilməsi məsələsinə həsr
olunmuşdur.
O, məxsusi qiymətlərin, spektral məxsusiyyətlərin
və kvazistasionar vəziyyətlərə uyğun nöqtələrin
ətrafında rezolventanın baş hissəsi
üçün aşkar formul almışdır. Bundan əlavə kəsilməz spektrli
öz-özünə qoşma olmayan operator funksiyaların
ümumiləşmiş məxsusi və qoşma vektorları
üzrə çoxqat ayrılış teoremini isbat
etmişdir.
1999-cu ildə
akademik Fəraməz Maqsudovun ingilis dilində müasir qeyri-xətti
analiz və qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə
həsr edilmiş “Abstracts of Mathematics. Selected topics”
(Riyaziyyatda abstraksiya və seçilmiş məsələlər)
və akademik Akif Hacıyevlə birlikdə yazdığı
“Sferik ayrılışın rəqs edən
multiplikatorları” monoqrafiyaları nəşr edilmişdir.
Birinci monoqrafiyada qeyri-xətti analizin və qeyri-xətti
diferensial tənliklər nəzəriyyəsinin əsas məsələləri
verilmiş və onların əsasında keyfiyyət məsələlərinin
inkişafı istiqamətləri şərh edilmiş,
sinqulyarlığa malik qeyri-xətti tənliklərin lokal həll
oluna bilməsi və qeyri-xətti tənliklərin
qeyri-requlyar oblastlarda keyfiyyət nəzəriyyəsinin
öyrənilməsi metodları və həll olunmamış
bir sıra məsələ və problemlər öz əksini
tapmışdır.
İkinci monoqrafiya isə, sinqulyar inteqral tənliklər
və psevdodiferensial operatorlar nəzəriyyəsi
üçün böyük əhəmiyyət kəsb edən
multiplikatorlar nəzəriyyəsinə həsr olunmuş, əsərdə
rəqs edən multiplikatoların sferada Xardi fəzası
terminində bir sıra mühüm məsələlərinin
tam həlli verilmişdir.
Fəraməz Maqsudovun bütöv mühit
mexanikasının riyazi problemlərinə həsr olunmuş əsərlərində
özlü-elastikiyyət nəzəriyyəsinin dinamik məsələlərini
həll etmək üçün effektiv metodlar işlənib
hazırlanmışdır. Onu da qeyd etmək
lazımdır ki, xətti özlüelastikiyyət nəzəriyyəsinin
qeyri-stasionar dinamik məsələlərinə həsr
olunmuş işlərdə ciddi riyazi çətinliklər
yarandığından, ya sadə “varislik nüvələrinə”
malik birölçülü məsələlərə, ya
da bir “varislik funksiyası” olan iki, yaxud
üçölçülü məsələlərə
baxılırdı. Bu, əsas etibarilə
həllin Laplas-orijinalının hesablanması zamanı ortaya
çıxan kontur inteqralı metodunun çətinlikləri
ilə bağlı idi. Fəraməz
Maqsudov bir sıra işlərində elastiklik və xətti
özlü-elastiklik xassələrinə malik olan cisimlər və
qeyri-stasionar dinamik məsələlərin həllərinin
orijinalları üçün ilk dəfə olaraq
“uyğunluq prinsipi” ideyasını irəli
sürmüşdür.
Onun və tələbələrinin bu sahədə təklif
etdikləri orijinal həll üsulları Laplas çevirməsi
və kontur inteqralı nəzəriyyələrinə əhəmiyyətli
yeniliklər gətirmişdir.
Fəraməz Maqsudovun mühüm elmi nəticələrinin
bir hissəsi də elastikiyyət, maqnit-elastiklik, maqnitli termo
özlü-elastiklik nəzəriyyələrinin qeyri-xətti
tənliklərinin və tənliklər sisteminin
qarışıq məsələlərinin qlobal həll
olunması problemlərinə aiddir. Neftin yeraltı
laylardan sıxışdırılıb
çıxarılması prosesini riyazi şəkildə
modelləşdirən qeyri-xətti inteqro-diferensial tənliklər
sisteminin həlli üçün onun təklif etdiyi iterasiyalar
metodu mütəxəssislər tərəfindən maraqla
qarşılanmışdır.
Ömrünün son illərində Fəraməz
Maqsudov əməkdaşları ilə birlikdə deformasiya
olunan bərk cisimlərin mexanikası sahəsində
böyük nəzəri və praktiki əhəmiyyəti
olan qiymətli tədqiqatlar aparmışdır. Bu işlər
siyahısında qeyri-bircins və çoxlaylı tirlərin
rəqsləri və dayanıqlığı məsələsinə
həsr olunmuş tədqiqatları xüsusi qeyd etmək
lazımdır. Mexanikanın dağılma
nəzəriyyəsi sahəsində də Fəraməz
Maqsudov həmkarları ilə birlikdə maraqlı nəticələr
əldə etmişdir. Onların bielastik
mühitlərin dağılması probleminin həlli
üçün təklif etdikləri ümumi yanaşma tərzi
özünün bilavasitə nəzəri və praktiki əhəmiyyətindən
əlavə, həm də gələcək tədqiqatlar
üçün istiqamətverici rol oynamışdır.
Fəraməz Maqsudovun işlərinin bir qismi də
külçələrin soyudulma rejiminin optimal idarə edilməsinə
və anizotrop, qeyri-xətti elastik örtüklərin
hesabatı üçün yeni metodun işlənib
hazırlanmasına həsr olunmuşdur. Onun
və əməkdaşlarının bu sahədəki işləri
mexanika elminin inkişafı üçün səmərəli
rol oynamışdır.
Akademik Fəraməz Maqsudov elmi nəticələrini bir
çox mötəbər elmi məclislərdə, beynəlxalq
konfrans və simpoziumlarda müvəffəqiyyətlə məruzə
etmişdir (Rusiya, Türkiyə, Gürcüstan, İran,
İsrail, Fransa, Polşa, Yaponiya, Yunanıstan, Macarıstan,
İngiltərə, ABŞ və s.).
O,
1986-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin
qərarı ilə yüksək ixtisaslı kadrlar
hazırladığına və elmdə böyük nailiyyətlərinə
görə “Xalqlar dostluğu” ordeni ilə təltif
olunmuşdur. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin
həllinə görə Fəraməz Maqsudova 1994-cü ildə
“Zeynalabdin Tağıyev” adına
mükafat verilmişdir. 2000-ci ildə
“İstiqlal” ordeni ilə təltif olunmuşdur.
O, 1995-ci
ildə Milli Məclisin üzvü, 1997-ci ildə Azərbaycan-Amerika
Mədəniyyət, Elm və İqtisadiyyat Mərkəzinin həmsədri,
1997-ci ildə İslam Akademiyasının həqiqi
üzvü seçilmişdir.
Fəraməz Maqsudov həmçinin elmin yorulmaz təbliğatçısı
idi. Onun bilavasitə rəhbərliyi və fəal
iştirakı ilə məktəblərdə riyaziyyat üzrə
olimpiadalar keçirilirdi, Azərbaycan dilində elmi-kütləvi
ədəbiyyat buraxılırdı, məktəblilər və
tələbələrlə görüşlər və
televiziya verilişləri təşkil olunurdu.
Azərbaycanın
müstəqilliyinin ilk illərində, ölkəmizdə
siyasi və iqtisadi sabitliyin pozulduğu, elmin və alimlərin
sosial vəziyyətlərinin çətin olduğu dövrdə
akademik Fəraməz Maqsudov Türkiyə Cümhuriyyətinin
ali məktəblərinin rektorları ilə yaxından əlaqə
saxlayır, nüfuzlu Azərbaycan alimlərinin qardaş
ölkənin ali məktəblərində onlar
üçün əlverişli olan vəzifələrdə
çalışmalarına da diqqət yetirirdi. Həmin alimlərin bir hissəsi ölkəmizdə
ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından və iqtisadi tərəqqi
dövründən başlayaraq vətənə qayıtsalar
da, bəziləri bu gün də qardaş ölkənin
universitetlərində fəaliyyətlərini uğurla davam
etdirir, Azərbaycan elmini ləyaqətlə təmsil edirlər.
Bütün bunlarla yanaşı Fəraməz müəllim
Azərbaycanda tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan
Partiyasının əsasını qoyan şəxslərdən
biri, “Əlincə” cəmiyyətinin rəhbəri olaraq daim
ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyirdi.
1994-1997-ci illərdə o, Nazirlər Kabineti yanında Ali Ekspert Komissiyasının sədri olmuş, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçkilərində seçki kampaniyasına uğurla rəhbərlik etmişdi.
Azərbaycan ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, uzun illər rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Fəraməz Maqsudovun əziz xatirəsini daim hörmətlə yad edir, ona Allahdan rəhmət diləyirlər.
Misir Mərdanov,
AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru,
professor.
Respublika.- 2020.- 19 mart.- S.5.