NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir...
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13 və 14 mart tarixli saylarımızda)
N.Nərimanov xalqın demokratik tələblərinə
şahın etinasız olmasını onun vətən və
millət işlərindən kənarda qalmasında
görürdü. Atabəy kimi dövlət
başçıları, vəzirlər xalqı qara-qorxu
altında saxlayır, beləliklə, məclis
çağırılmasına mane olurdular. N.Nərimanov belə bir fikri təlqin edirdi ki, əgər
zəhmətkeş xalq kütlələri öz gücünə
inanarsa, şüurlu siyasi mübarizəyə qalxarsa,
şahın taxt-tacını devirər. “Atabəyin
ümidi ancaq sərbazlaradır. Politikası
ancaq zoradır. Rusiyada topun, tüfəngin zoruna iş
görmək olar. İranda isə Rusiyada olan
iğtişaşın ondan biri olsa, dövlət davam gətirə
bilməz”.
1906-cı
il avqust ayının 5-də şahın
konstitusiya haqqında dekret verməyə məcbur olması da
inqilabi hərəkatın təsiri idi.
N.Nərimanov bu hadisəni zəhmətkeş xalq
kütlələrinin şah üsuli-idarəsini devirməsi
üçün başlanğıc hesab edirdi. Odur ki, bir tikə
çörək xatirinə vətənindən didərgin
düşüb, doğma balalarına həsrət qalan və
öz doğma yurdunda hüququnu zalımların ixtiyarına
verib “yüz min məşəqqətlə dövran” sürən
yoxsul kütlələri bu münasibətlə təbrik edir,
onlara müraciətlə deyirdi: “... Bu gündən siz deyə
bilərsiniz: bizim də vətənimiz var. Bəli, bugünədək
sizin vətəniniz yox idi. Məgər vətən o yerə
deyirlər ki, ancaq ata-babaların qəbirləri orada ola? Yainki orada təvəllüd
tapmış olasan? Məgər vətən
o yerdirmi ki, sənin günlük çörəyini verməyib
səni öz torpağından qovlaya, səni öz
balalarına həsrət qoya? Bir məmləkət
ki, sənin vücudunu heç hesab edə, sənin
qanını sorub əvəzində bədəninə
qüvvət, əqlinə siqəl, ruhuna qida verməyə, həmin
məmləkətə vətən demək olurmu? Bir məmləkət ki, yaman günündə səndən
kömək istəyə, yaxşı günündə səndən
üz çöndərə, belə bir məmləkətə
vətən deyə bilərmisən?
Yox, əfəndim!
Vətən insanın evidir, necə ki evində hər bir
şeyə ixtiyarın var, necə ki evin bədbəxtliyi səni
qəm dəryasına mübtəla edir, xoşbəxtliyi
şad edir, elə də özün üçün vətən
bildiyin məmləkətdə ixtiyarın gərəkdir ola,
onun bədbəxtliyi ürəyini gərəkdir dağlaya,
xoşbəxtliyi səni şad-xürrəm edə, bu
hissiyyat, bu məhəbbət, bu ixtiyar olmasa elə məmləkətə
vətən demək olmaz, belə bir evdə sahibəm deməyinizin
nə mənası?
Fəqət bu gündən İran namı ilə məşhur
ata-babanızın müqəddəs yerlərinə sahib olub
vətən deyə bilərsiniz. Bu gündən vətənin işlərinə
qarışıb onu düşmənlərin əlindən
xilas edə bilərsiniz...”.
N.Nərimanovun publisist əsərlərinin
başlıca motivlərindən biri də xalqlar dostluğu və
beynəlmiləlçilik ideyasıdır. Məlumdur ki, 1905-ci il inqilabı dövründə çarizm
Rusiyada və onun ucqar ölkələrində milli
ayrı-seçkilik siyasəti yeridir, xalqlar arasında fitnə-fəsad
törətməklə inqilabi hərəkatın
qarşısını almağa çalışırdı.
Belə ağır bir şəraitdə Azərbaycanda
şovinizm, panislamizm və pantürkizm ideyalarını təbliğ
edən millətçi burjua-mülkədar ziyalıların əksinə
olaraq, mütərəqqi ictimai xadimlər və
yazıçılar çarizmin, burjua millətçilərinin
riyakar siyasətini qəzəb və nifrətlə
damğalayır, xalqlar arasında etimad, dostluq əlaqələrinin
möhkəmlənməsinə ciddi səy göstərirdilər.
Leninin “xalqlar həbsxanası”
adlandırdığı çar Rusiyasında milli
zülmü aradan qaldırmaq üçün bütün zəhmətkeş
kütlələrin həmrəyliyi mühüm şərt
idi. N.Nərimanov ictimai-siyasi azadlıq
uğrunda mübarizə meydanına atılan hər bir
xalqın öz daxili qüvvələrini birləşdirməsini
ilkin şərt hesab edirdi. O yazırdı: “Ürəyi
bir, sözü bir, fikri bir, əqidəsi bir, dərdi bir olan
camaatla zarafat etmək olmaz... camaatın birliyi millət, vətən
üçün böyük bir xoşbəxtlikdir”.
Bu, əksinqilabçıların,
millətçi-irtica ünsürlərin təbliğ etdikləri
“din birliyi”, “bütün müsəlman millətlərinin”
birliyi deyil, qeyrətli, vətənpərvər, sadə
adamların həqiqi birliyi, ittifaqı demək idi. O
çalışırdı ki, adamları bir-birindən din,
dil və millət fərqi deyil, ictimai vəziyyətin
ayırdığını xalqa başa salsın. Çar
Rusiyasında yaşayan bütün millətlərin əsarət
altında yaşadıqlarını onlara anlatsın:
“Çarizm rus olmayan qeyri xalqlar — fin, polyak, belorus, türk (Azərbaycan
- T.Ə.), tatar, ləzgi, çərkəz, gürcü, erməni
və başqaları arasında ruslaşdırma siyasəti
yeridir, öz zülmü və “rəhmsiz qanunları” ilə
onları cana gətirirdi. Bu sitəmlər sahibi əql və huş olan mərifətli, qeyrətli
camaatı ayıltdı, ayıldıb da güclərini birləşdirdi
və bu surətlə hürriyyət yoluna ayaq qoydurdu. Bunu yəqin etdilər ki, dövlət öz xoşu
ilə ixtiyar verməyəcəkdir”.
N.Nərimanov “Müsəlman-erməni kasıb fəqirlərinə
bir neçə söz” adlı məqaləsində
Zaqafqaziyada milli ixtilaf törədən fitnəkarların
riyakar siyasətini ifşa edirdi. O, burada “vicdansız bir sinif”
adlandırdığı provakatorların cilddən-cildə
girib fitnə-fəsad yolu ilə xalqları bir-birinə
düşmən etmək cəhdini açıb göstərir.
Zəhmətkeşləri ayıq olmağa
çağırırdı. N.Nərimanov
hürriyyətpərəstlərin gözəl məqsəd
və əqidə yolunda canlarından keçdikləri bir
zamanda “şeytanın” düşmənin fitnəsinə uyub
ağılsız hərəkətlərə yol verməyi
böyük fəlakət hesab edir, xalqları həqiqi yola,
yekdilliyə çağırırdı. O, böyük
humanist, həqiqi beynəlmiləlçi publisist kimi hər
iki xalqın faciəsinin əsl mahiyyətini açır, zəhmətkeş
kütlələri yüz illər, min illər insan
hüququnu tapdalayan istismarçıların fitnəkar siyasətinə
qarşı mübarizəyə səfərbər etməyə
çalışırdı: “...Bu vaxtadək
düşünməyibsinizmi ki, dövlətli “mütəşəxxis”
adamlar siz fəqirlərə, siz kasıb adamlara nə nəzər
ilə baxırlar? Keçən davalardan sonra yetim
qalanların, sahibsiz arvadların hallarına bir diqqət
ediniz, onların əhvallarını sorunuz; görünüz
erməni-müsəlman davasından sonra necə qara günlər
çəkirlər...
Ey erməni-müsəlman
kasıb fəqirləri! Bunların hallarına
baxıb da ibrət ediniz. Sizin də
arvadlarınız, uşaqlarınız üçün
böylə qara günlər olacaqdır. Əqlinizi
uduzub bir para “adamların” hiyləsinə aldanmayınız.
“Ümid verən çox olar, çörək verən az” sözlərini unutmayınız: hümməti,
həmiyyəti, qeyrəti nə yerdə, nə məqamda
göstərməyi düşününüz...
Sizin
“böyükləri”nizdən sizə əlac yoxdur!
Özünüz öz dərdinizə dərman arayınız,
qoyun olub ixtiyarınızı qurdlara
tapşırmayınız!..
N.Nərimanov hər iki xalqın zəhmətkeşlərinə
başa salırdı ki, dövlətlilərə,
provakatorlara, çar polisinə etibar etməyin, birləşin,
azadlıq və istiqlaliyyət uğrunda mübarizədə
bir-birinizə arxalanın. O yazırdı ki, bunun
üçün öz aranızdan dərdinizi bilən sizin
kimi yoxsul, fəqir adamlardan böyüklər seçilməlidir.
“Hər iki millətin işlərini belə
böyüklərə etibar etmək olar. Əgər belə
olarsa, o vəqt yüz illər ilə bir-biri ilə mehriban
dolanan iki millət öz səhvlərini başa
düşüb, genə bir yerdə əkib, bir yerdə
biçəcəkdir... O vəqt iki millətin ancaq bir
ümumi dərdi olmağı anlaşılıb, hər iki tərəf
də bir ümumi dərdin dəf və rəf olmasına cəhd
və qeyrət edərlər”.
Çar hökuməti ucqar ölkələrdə
olduğu kimi, Rusiyada da zülmü, “insafsız, rəhmsiz
qanunları” ilə hamının səbir kasasını
daşdırmışdı.
“Bu yaşayış yaşayışmı” adlı məqaləsində
isə N.Nərimanov ölkədə irticanın güclənməsindən,
çar istibdadının azğınlaşmasından
danışır. O yazır ki, ümidini kəndlilərə və
Preobrajenski polkuna bağlayan çar hökuməti ümumxalq
tətillərindən sonra “başını itirmiş”,
provakatorluq yolunu tutub zülmünü daha da
artırmışdır. Çar hökuməti
millətlər arasında ixtilaf salır, günahsız
adamları həbs edir, beləliklə, xalqların
başını qatmağa çalışır. Lakin
hamı bir adam kimi birləşib
hürriyyət uğrunda mübarizə meydanına girmək əzmindədir.
Belə bir həlledici dövrdə N.Nərimanov
zəhmətkeş kütlələrin birgə səylə
yekdil olub “hürriyyət və müsavat yolu”nda
ölüm-dirim mübarizəsinə girişmədən vətənin
yüz illərlə bəslədiyi məqsədinə
çatmasının mümkün olmadığını
söyləyirdi. Odur ki, qətiyyətlə deyirdi: “Ya
hürr yaşamalı, ya hürriyyət yolunda getməli!.. Yoxsa bu yaşayış
yaşayış deyildir”.
İNQİLABÇI
HƏKİM
(1908-1909-cu
İLLƏR)
1. N.Nərimanovun
pulsuz müalicəxana açmaq cəhdi. Gizli mərkəzin
tapşırığı. İran
inqilabına qardaşlıq köməyi. Serqo
Orconikidzenin Rəştə səfəri. İnqilabçı
həkimin həbs edilməsi. Nəriman Nərimanov
1908-ci ildə Novorossiysk imperator universitetinin tibb fakültəsini
bitirib Bakıya qayıdır (dövri mətbuat N.Nərimanovun
ali təhsili başa vuracağını
oxuculara əvvəlcədən xəbər verir, onu təcrübəli
pedaqoq və publisist kimi səciyyələndirirdi). Gənc həkimi vətənə yola salan tələbə
dostları hörmət əlaməti olaraq ona bahalı və
zəngin cərrahlıq alətlərindən ibarət
komplekt bağışlayırlar.
“Tərəqqi”
və “Kaspi” qəzetləri öz oxucularını Odessadan
alınan bir teleqramın məzmunu ilə tanış
edir: Məlum olur ki, Novorossiysk imperator universitetində təhsil
alan azərbaycanlı tələbələr tibb fakültəsini
bitirib Bakıya yola düşən N.Nərimanovun şərəfinə
1908-ci il noyabr ayının 14-də ziyafət düzəltmişlər.
Qəzet teleqrama verilən redaksiya şərhində
yazırdı: “N.Nərimanovu Bakıda tanımayan yoxdur. O, ali təhsil almaq niyyəti ilə müəllimliyi
buraxıb Odessaya getmiş, orada Novorossiysk imperator universitetinin
tibb fakültəsini bitirmişdir. İndi isə
Bakı şəhərinə qayıtmışdır”.
N.Nərimanov Bakıda olduğu ilk günlər şəhər
duması nəzdində olan Bakı məktəbləri
komissiyasının sədrliyi vəzifəsinə namizədliyini
irəli sürürlər.
İş yeri hələ müəyyən olmasa da, N.Nərimanov
ictimai fəaliyyətindən qalmır. O, “Nicat” xeyriyyə cəmiyyətində
təbabətə dair mühazirələr oxuyur, zəhmətkeş
kütlələrlə daha sıx əlaqə yaratmağa
çalışır.
1908-ci il noyabr ayının axırlarında Həsən
bəy Zərdabinin vəfatının ildönümü
münasibətilə Bakıda, Aleksandr adına rus-tatar
qadın məktəbində keçirilən
yığıncaqda N.Nərimanov “Həsən bəy Zərdabi
və teatr binası” mövzusunda məruzə etmişdir. Nəcəf bəy Vəzirov da bu
yığıncaqda olmuşdur.
N.Nərimanov
H.Zərdabini müsəlman dram truppasının ilk təşkilatçısı
və müəllimi kimi səciyyələndirir, milli
teatrın çətin şəraitdə yaranmasını
xatırladaraq deyirdi: “Əvvəllər tamaşa günü
camaatı güc-bəla ilə toplayırdıq, küçə-küçə
gəzib bilet satırdıq, güc-bəla ilə 200 manatdan
bir az artıq pul yığırdıq. İndi isə “Nicat”
truppası oynayanda yer olmayacağından 200-dən çox adam geri qayıdır. Teatr
haqqında Həsən bəy qayğısının bəhrələri
budur”. “N.Nərimanov dövlət xərcinə
pulsuz müalicəxana açmaq niyyətilə Bakı şəhər
duması idarəsinə müraciət edir. Lakin şəhər duması öz təqaüdçüsünün
təklifini soyuq qarşılayır, hətta onu vaxtında
işlə təmin etmir. Bir aydan sonra gənc
həkim gözlənilmədən Tiflisə gedir. Rizvan Nərimanova görə, qardaşı Tiflisə
1909-cu ilin yanvarında yerli müsəlmanların xahişinə
əsasən təcrübəyə gəlmişdi. Onlar
N.Nərimanovun “altıncı sahəyə həkim təyin
olunması haqqında Tiflis şəhər idarəsinə
kollektiv xahişnamə də vermişdilər”. Bəzi tədqiqatçılar
güman edirlər ki, onun Bakıdan getməsinə səbəb
özünə iş tapa bilməməsi və ya mürtəce
fikirli ziyalıların, çar məmurlarının sərt
münasibəti olmuşdur. Halbuki N.Nərimanov şəhər
xəstəxana və poliklinikalarından birində
asanlıqla iş tapa bilərdi. Onun mübarizə
meydanından geri çəkildiyini də düşünmək
olmazdı. Arxiv sənədlərinin “xəsis
pıçıltıları” əsl həqiqəti, ötən
günlərin sinini açır...
Gürcüstanın
inqilab muzeyində saxlanan bir sənəddə deyilir: “Son
zamanlar, aprel ayından başlayaraq; mətbəədə
tatar (Azərbaycan - T.Ə.) şrifti tapılır, artıq
tatar dilində dörd vərəqə nəşr
edilmişdir. Bunların səbəbkarı
fevralda Bakıdan gələn tatar ziyalısıdır.
O, burada tatar dilində gizli ədəbiyyat tərcümə
etməklə məşğuldur, həmçinin Tiflisdə
və onun ətraf yerlərində yaşayan tatar əhalisi
arasında təbliğat aparır, böyük müvəffəqiyyət
qazanmışdır”.
Məxfi
sənəddə adı çəkilməyən hünərvər
inqilabçı kim olmuşdur? Ötən günlərin dumanında gorümnəz
olan bu mərd insanın taleyi tədqiqatçının xəyalını
istər-istəməz uzaqlara çəkib aparır.
İllərlə qatı açılmayan arxiv sənədlərini
vərəqlədikcə, göz önündə
keçmişdə baş verən hadisələr
canlanır. Budur, axtarılan tapılmışdır. Bu
tarixi həqiqətin “elçisi” sanki Prometeyin insanlara gətirdiyi
od parçasıdır. Elə bir od parçası ki, ürəklərə nur
çiləmiş, gözləri açmış, beyinlərdən
ətalət dumanını qovmuş, beləliklə,
hamını zülmətlər səltənətini tar-mar
etməyə, azad və məsud həyat uğrunda mübarizəyə
qaldırmışdır.
N.Nərimanovun
hələ bütövlükdə öyrənilməmiş
inqilabi fəaliyyəti haqqında arxiv sənədlərinin
“xəsis pıçıltıları”nı
oxuculara çatdırmaq bu baxımdan maraqlı deyilmi?!
Məlumdur
ki, 1905-ci il burjua-demokratik inqilabı
bütün Şərq ölkələrində — İranda,
Türkiyədə, Çində demokratik hərəkatın
güclənməsinə təkan vermişdi.
İranın əyalət və şəhərlərini bürüyən demokratik hərəkatın qorxusundan şah məclis çağırıb azadlıq haqqında manifest verməyə məcbur olmuşdu. 1906-cı ildə Tehranda çağırılan məclisi-müəssisan İranda inqilabi qüvvələrin artmasına geniş imkan yaratmışdı. Lakin beynəlxalq imperializm İran inqilabına hücuma keçdi. 1907-ci ilin avqustunda mütləqiyyət Rusiyası və “demokratik” İngiltərə İranı iki nüfuz dairəsinə böldü: Cənubi Azərbaycana və Gilana çar kazakları, İranın cənub əyalətlərinə isə işğalçı ingilis qoşunları hücum çəkdilər. Belə siyasi-ictimai şəraitdə yerli feodallar məclisi-müəssisanı dağıtmaq, yeni konstitusiyanı rədd etmək yolu ilə köhnə qayda-qanunu bərqərar etdilər. İrtica qüvvələrinin Tehrandakı əksinqilabi çevrilişi İranda gərgin vəziyyət yaratdı. Cənubi Azərbaycan, bir qədər sonra isə Gilan inqilabi mübarizənin mərkəzinə çevrildi. Bu zaman V.İ.Leninin rəhbərlik etdiyi Zaqafqaziya bolşevikləri İrana silah, hərbi ləvazimat, inqilabi ədəbiyyat, mətbəə avadanlığı, pul və döyüşçü dəstələri göndərirdilər.
İran inqilabına maddi və mənəvi köməyin təşkilatçısı N.Nərimanov idi. Məşrutə hərəkatının qızğın dövründə N.Nərimanov yalnız dövri mətbuatda çıxan publisist məqalələri ilə deyil, İrana göndərdiyi “Qafqaz mücahidləri”nin köməyilə də hadisələrin gedişinə istiqamət verir, milli azadlıq hərəkatının qələbəsinə çalışırdı.
İranda mütəşəkkil partiyanın — sosial-demokrat mücahidlər partiyasının yaradılması N.Nərimanovun adı ilə bağlı idi. 0,1905-ci ilin əvvəllərində, RSDFP-nin Bakı komitəsinin və “Hümmət” bolşevik qrupunun köməyilə mücahidlər partiyasının təməlini qoymuş və həmin gündən də İran inqilabçılarının başçılarından biri kimi əməli fəaliyyətə başlamışdır. N.Nərimanov İran xalqlarının sinfi, dini və məişət xüsusiyyətlərini nəzərə almadan qələbə qazanmağın qeyri-mümkün olduğunu söyləyirdi. O, dini hissiyyata son dərəcə ehtiyatla yanaşmağı məsləhət görürdü: “Müsəlmanların həyatında bu məsələ (yəni din - T.Ə.) o dərəcə ciddi və ehtiyatlı məsələdir ki, mən 1906-cı ildə proqramda (RSDFP-nin proqramında - T.Ə.) kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında maddəni pozmalı oldum.
Bu o vaxt idi ki, İran sosial-demokrat partiyasının rəhbəri olduğum zaman İrana təbliğatçılarla partiyamızın proqramını göndərirdim.
Tamamilə şüurlu, hazırlıqlı təbliğatçıların birinci dəstəsi (onlar sonradan İranda qəhrəmanlıqla həlak olmuşdular) oraya yola düşən günü məndən xahiş edir, yalvarırdılar ki, proqramı həmin maddəsiz intişar etdirməyə, yaymağa onlara icazə verim. Mən proqramdan həmin maddəni pozdum, bəlkə də bununla cinayət etdim, lakin əvəzində biz dünyanın ən səfeh cəlladlarından biri olan Məmmədəli şahın taxt-tacını yerlə-yeksan etdik”.
N.Nərimanovun təşəbbüsü, bilavasitə köməyilə Bakı, Tiflis, Culfa və digər şəhərlərdə İran inqilabına gizli yardım komitələri yaranmışdı.
Moskva quberniyasında, Serpuxovo və Tula şəhərlərində müəyyən adamların köməyi ilə satın alınan silah, patron və s. təkcə Culfa yolu ilə deyil, Həştərxan dəniz yolu vasitəsilə də İrana göndərilirdi. Bütün bu əməliyyata Tiflisdən rəhbərlik edilirdi.
1908-ci ilin axırlarında N.Nərimanov Odessadan qayıtdığı zaman xüsusi partiya tapşırığı ilə Tiflisə göndərilir. Elə bu vaxtlar 22 yaşlı peşəkar inqilabçı Serqo Orconikidze sürgün olunduğu Rusiyanın ucqar Yenisey quberniyasının Potosquy kəndindən qaçıb Bakıya gəlmişdi. M.Əzizbəyov və N.Nərimanov mətin inqilabçının təhlükəsizliyini təmin etmək üçün onu bir müddət Rusiya ərazisindən uzaqlaşdırmağı qərara aldılar. Gizli mərkəz S.Orconikidzeni mübariz dəstənin başçısı kimi xüsusi tapşırıqla İrana göndərdi. O, 1908-ci il noyabrın ortalarında “Qafqaz və Merkuri” cəmiyyətinin gəmisi ilə Bakıdan Ənzəliyə yola düşdü. Onu Gilan əyalətinin mərkəzi Rəştdə böyük inqilabi işlər gözləyirdi. S.Orconikidze İrana hazırlaşarkən N.Nərimanov ona İranın ictimai-siyasi həyatı, müasir vəziyyəti, yerli əhalinin adət və ənənəsi barədə ətraflı söhbət etmiş, eyni zamanda yerinə yetirəcəyi partiya tapşırığını vermişdir.
S.Orconikidze İranda inqilab düşmənlərinə qarşı iki il qəhrəmanlıqla vuruşdu. O, Rəştdə rus, Azərbaycan, gürcü və kürd xalqları nümayəndələrindən ibarət beynəlmiləl tərkibli “Qafqaz mücahidləri”nin silahlı inqilabi dəstəsinə başçılıq edirdi. Səttarxan qoşununa daxil olan bu dəstə heyrətamiz hünərlə döyüşürdü. Heç bir əzab-əziyyət və çətinlik “Qafqaz mücahidləri”ni inqilabi mübarizə yolundan döndərə bilmirdi. Onlar öz həyatları bahasına tarixdə yeni səhifələr açırdılar. S.Orconikidzenin “İranda inqilabi mübarizə tarixindən” adlı gündəliyində “Qafqaz mücahidləri”nin İran mürtəce qüvvələrinə və çar kazak qoşunlarına qarşı mübarizəsinin parlaq epizodları öz əksini tapmışdır (ədəbiyyatşünas-alim A.Abramişvili S.K.Orconikidzenin tərcümeyi-halının digər tədqiqatçılarından fərqli olaraq, onun ilk inqilabi fəaliyyəti dövründə bir sıra gizli ləqəblə mətbuatda publisist yazılar çap etdirdiyini aşkara çıxarmış, beləliklə, müəyyən etmişdir ki, Serqo Orconikidze “1908-ci ilin noyabrından 1910-cu ilin noyabrınadək İranda böyük partiya işi aparmış, silahlı inqilabi dəstəyə rəhbərlik etmiş və eyni zamanda bir çox gürcü qəzet və jurnallarının xüsusi müxbiri” kimi müntəzəm olaraq məqalələr göndərmişdir. Onun publisist yazılarında İranın ictimai-siyasi, iqtisadi və mədəni həyatı, demokratik dəyişiklik və milli istiqlaliyyət uğrunda inadlı mübarizə, “Qafqaz mücahidləri”nin qəhrəmanlıq hünəri, çarizmin müstəmləkəçilik siyasəti, İran mürtəce qüvvələrinin mütləqiyyətlə dilbirliyi və s. təsvir olunmuşdur. Həmin məqalələr 1908-ci ilin noyabrından 1909-cu il iyulun 5-dək İranda baş verən inqilabi hadisələri əhatə edir).
Bu gündəlik S.Orconikidzenin İran inqilabına bağlılığını sübut etməklə bərabər, həm də N.Nərimanovun rəhbərliyi altında İran mücahidlər partiyasının fəaliyyəti haqqında müəyyən təsəvvür yaradır. Məlumdur ki, İran mücahidlər partiyasının Mərkəzi Komitəsi Zaqafqaziyada, onun şöbələri isə İranda fəaliyyət göstərirdi. S.Orconikidze bu partiyanın böyük nüfuz və təsirini öz gündəliyində belə izah edirdi: “...Əslində burada böyük “İctimaiyyun-amiyyun” təşkilatının mövcud olması yaxşıdır... O, gizli fəaliyyət göstərir. Kimin bu komitənin üzvü və rəhbəri olduğunu heç kəs bilmir. Komitə haqqında şayiələr yerli hökumətdə və iri qolçomaqlarda dəhşət əmələ gətirir və onları lərzəyə salır. Bu komitə hökumətə hər cür təkliflər verir, hökumət də yerinə yetrilməsi mümkün olan təklifləri yerinə yetirməyə hazırdır. Belə bir şöhrəti sosial-demokrat partiyası burada inqilab zamanı, hər şey sosial-demokrat adı altında baş verdiyi zaman qazanmışdır”.
S.Orconikidzenin 1908-1910-cu illərdə Rəştdən Zaqafqaziyaya, gürcü dövri mətbuatına müntəzəm məqalələr göndərməsi onun Tiflislə sıx əlaqə saxladığını sübut edir (tarixçi-alim M.V.Ağacanov Tiflis bolşevik “Hümmət” qrupunun yaranması və fəaliyyəti haqqında əldə etdiyi yeni materiallara əsasən yazır ki, “...İranda inqilabi hərəkat başlananda İran inqilabçılarına kömək etmək üçün Tiflisdə komitə təşkil olunmuşdu. Həmin vaxt İranda olan S.K.Orconikidzenin xahişi ilə həmin bu komitəyə N.Nərimanov başçılıq edirdi). Əlbəttə, bunu nəzərə alsaq, cəsarətlə demək olar ki, S.Orconikidzenin İran məşrutə hərəkatının görkəmli xadimi N.Nərimanovla gizli yazışmaları olmuşdur. Ehtimal ki, Səttarxan və Bağırxanın inqilabi qoşunlarına könüllü dəstələr, silah və partlayıcı maddələr göndərən N.Nərimanov gizli mərkəzin xüsusi tapşırığı ilə Rəştə getmiş olan “Gürcü Serqo”nu partiya təlimatı, proqram və s. tapşırıqlarla da təmin etmişdir.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 15 mart.- S.5.