Ölkəmizdə koronavirusun mənfi təsirləri neytrallaşdırılır

 

“Dünyanı lərzəyə salan koronavirus infeksiyası qlobal həyatın bütün sferalarında ciddi problemlər törətdi. Pandemiyanın hətta ən inkişaf etmiş ölkələrin səhiyyə sistemini çökdürə bilən gücünü, yaşatdığı insanlıq faciəsini dünya mediasının gündəlik xəbərlərində izləmək mümkündür. Sıx məskunlaşmış şəhərlərin küçələri boşaldı, əksər biznes subyektlərinin fəaliyyəti dayandı. İnsanlar öz ölkələrində, şəhərlərində, evlərində təcrid olmağa məcbur qaldı, həyati tələbata çevrilmiş turizm, idman yarışları, əyləncə proqramları və s. tədbirlər ləğv olundu. Digər tərəfdən, beynəlxalq təşkilatlar planetar sosial-iqtisadi sistemin xaosa sürüklənməsi, son yüz ildə misli görünməmiş miqyasda böhrana məruz qala bilməsi ilə bağlı həyacan təbili çalır. Təbiidir ki, ayrı-ayrı ölkələrdə pandemiya ilə mübarizəyə əhəmiyyətli güc səfərbər edilir, onun törətdiyi sosial-iqtisadi fəsadların minimallaşdırılması məqsədilə kompleks dəstək proqramları işə salınır. Ölkəmizdə də problemin cilovlanması, mənfi təsirlərinin neytrallaşdırılması üçün çoxşaxəli tədbirlər reallaşdırılmaqdadır.” Bunu postpandemiya dövrünün sosial-iqtisadi özəlliklərini şərh edən müstəqil ekspert Yalçın Müslümov müxbirimizlə söhbəti zamanı deyib.

Ekspert koronavirusun təsirləri üzündən ciddi dəyişikliklərin qaçılmaz olduğunu vurğulayıb:

“Pandemiyanın ilk baxışdan qəribə görünən, lakin bəlkə də tarix boyu təbiətlə insan arasında gedən mübarizənin qanunauyğunluqlarından irəli gələn özəllikləri bəşəri dəyərlər sisteminə yenidən baxılmasına, getdikcə arxa plana ötürülən ənənəvi dəyərlərin qorunub saxlanmasına və möhkəmləndirilməsinə rəvac verəcək. Ekoloji tərbiyə, istehlak mədəniyyəti, qeyri-bərabərliyin azaldılması, qanuna əməletmə kimi fərdi və toplu məsuliyyətə söykənən prinsip və davranış qaydaları adi həyat tərzinə çevrilməli, bundan kənarlaşma isə sərt ictimai qınağa tuş gəlməlidir. Müxtəlif istiqamətlərdə qabaqlayıcı və bərpaedici işlərin aparılması, sosial-iqtisadi fəsadların aradan qaldırılması üçün dövlətlərin dəstəkləyici, tənzimləyici və nəzarət rolu xeyli güclənəcəkdir.”

Y.Müslümov ölkəmizdə mövcud şəraitdə qarşıda duran bir sıra mühüm sosial-iqtisadi vəzifələrdən də bəhs edib: “Strateji olaraq, iki istiqamət üzrə işləri qeyd etmək olar. Bir tərəfdən, koronavirusun fəsadlarının minimallaşdırılması üçün qəbul edilmiş proqram əsasında dəstəkləyici tədbirlərin davam etdirilməsi və gedişata uyğun adekvat dəyişdirilməsi, digər tərəfdən isə postpandemiya dövrünə hazırlıq işlərinin gücləndirilməsi zəruridir. Çünki növbəti mərhələdə inkişaf modelinin yeni konturlarının cızılması, bu yöndə adaptiv proqram və konsepsiyaların işlənməsi hazırda ən aktual məsələlərdəndir. Bu, eyni zamanda, son dövrlər yaşadığımız qlobal neft böhranının ortaya qoyduğu mənzərə üzündən də taleyüklü vəzifəyə çevrilir. Qeyri-neft sektorunun inkişafı, o cümlədən ərzaq təminatında idxaldan asılılığın azaldılması, məşğulluq tədbirlərinin genişləndirilməsi, kölgə iqtisadiyyatının daraldılması, biznesin gücləndirilməsi, kredit resurslarına çıxışının asanlaşdırılması, sığorta bazarının inkişafı kimi istiqamətlərdə görülən işlər daha da intensivləşdirilməlidir. Son çağırışlara uyğun korrektə edilən, yaxud yeni müəyyənləşdirilən inkişaf hədəflərinə sərt və səmərəli icra nəzarəti şəraitində sürətlə nail olunmalıdır.”

Ekspert fundamental olaraq, sosial düşüncə stilinin dəyişməsinin də vacibliyini vurğulayıb: Sosial siyasət modelində vətəndaşları öz sosial məsələlərinin həllindən uzaqlaşdıran, bütün təminatları dövlətdən ummalarını aşılayan himayəçilik prinsipindən imtina rasional və əmək bazarının əhəmiyyətli inkişafına paralel şəkildə sərtləşdirilməlidir. Bu qəbildən olan yeni yanaşmalar sosial sferada dövlətin, biznesin və fərdlərin optimal iştirakını, kollektiv və şəxsi məsuliyyət prinsiplərinin gücləndirilməsini ehtiva edir. Artıq yalnız dövlətin fəaliyyət sferası kimi qəbul edilməyən sosial problemlərin həllinə getdikcə digər iştirakçıların, o cümlədən vətəndaşların töhfə vermək imkanlarına daha çox əhəmiyyət verilir. Bu ona əsaslanır ki, vətəndaşlar öz rifah halları üçün daha geniş məsuliyyət götürə və bir çox risklərə nəzarət edə bilərlər.

Bu əsasda sosial sferada dövlətin iki mühüm vəzifəsinin aydın şəkildə sərhədləşdirilməsi və rasional icrası təmin olunmalıdır:

1) əmək qabiliyyətli əhali təbəqələrinin iqtisadi aktivləşməsinə, onların əmək bazarına uyğunlaşmasına, potensiallarını reallaşdırmağa geniş imkanlar yaratmaq;

2) ünvanlılıq əsasında güclü sosial müdafiə tədbirləri ilə dövlət dəstəyinə məhz real ehtiyacı olan əhali qruplarını əhatə etmək.

Müvafiq olaraq, əmək qabiliyyətli əhalinin sosial sistemin inkişafı və sosial problemlərinin həlli prosesinə fəal şəkildə cəlb edilməsi geniş vüsət almalıdır. İnsan mükəmməl varlıq olaraq, yaşaması və tələbatlarının ödənilməsi üçün ilk növbədə, özü öhdəlik daşımalıdır. Bu işdə, təbii ki, dövlətin və cəmiyyətin də üzərinə vəzifələr düşür. Dövlət insanların öz sosial ehtiyaclarını təmin etməsi üçün hər cür şərait yaradır, cəmiyyət isə bu prosesdə yaxından iştirak edir. Dövlətin əsas sosial strategiyası insana çətinlikləri dəf etmək və “öz ayağı üstündə durmaqüçün yardım etmək olmalıdır. Təqdim olunan müxtəlif sosial yardım, müavinət və kompensasiyalar ünvanlılıq prinsipinin dərinləşdirilməsinə əsaslanaraq uyğun şəxslərə yönəldilməlidir. Sosial tərəfdaşlıq, həmrəylik kimi prinsiplərin reallaşdırılması isə cəmiyyətin aktiv iştirakı ilə təmin olunur.

Əmək bazarının tələblərinə cavab verən və insan kapitalının təkrar istehsalını təmin edən əmək motivasiyasının möhkəm zəminin formalaşdırılması üçün hərtərəfli institusional təməlin yaradılması sosial siyasətin prioritet hədəflərindəndir. Təsadüfi deyil ki, sosial müdafiə sistemində getdikcə özünü daha qabarıq şəkildə büruzə verən preventiv tədbirlər sırasında məhz məşğulluq xüsusi yer tutur. Məşğulluq dayanıqlı iqtisadiyyatın əhəmiyyətli xarakteristikası, onun səviyyəsi vacib makroiqtisadi göstərici olmaqla bərabər, yalnız iqtisadi hadisə deyil, həm də əhalinin həyat səviyyəsinin təmin edilməsində, peşə imkanlarının formalaşması və inkişafında mühüm rol oynayan sosial konspesiyadır. Həmçinin aydındır ki, innovativ iqtisadi inkişafa dair genişmiqyaslı vəzifələrin həlli güclü əmək və intellektual potensialın olmasını, ondan daha effektiv istifadəni nəzərdə tuturbunun təmin edilməsi layiqli əmək prinsiplərinin tətbiqini şərtləndirir.”

Qeyd edilənlərin sosial sferanın müasir tələblərə uyğun şəkildə təşkilinin konseptual əsasları olduğunu söyləyən müstəqil ekspert bu yöndə orta və uzunmüddətli perspektivdə bəzi zəruri sosial texnologiyalara diqqət çəkib: “Birincisi, uğurlu modernləşmə proseslərinin əsas şərtlərindən biri kimi insanların şüurunda, baxış bucaqlarında köklü transformasiya baş verməlidir. Bu, cəmiyyət üzvlərinin aparılan islahatların məğzini hərtərəfli anlaması və onların reallaşdırılmasında motivasiyalı olması üçün çox vacibdirsosial layihələrin icrası zamanı adekvat informasiya-təbliğat təminatı təşkil edilməlidir.

İkincisi, əmək bazarı, məşğulluq, kölgə iqtisadiyyatı və s. istiqamətlərə dair yeni statistik və qiymətləndirmə bazası yaradılmalı, göstərilən sahələrlə əlaqəli olan mövcud statistik uçotqeydiyyat sistemi, dövlət orqanlarının tətbiq etdiyi müxtəlif informasiya idarəetmə sistemləri kompleks monitorinq edilməli, əhatəlilik, koordinasiya və səmərəlilik baxımından təkmilləşdirilməlidir. Zəruri araşdırma və təhlillər, sosial inkişafın ən aktual problemlərinin diaqnostikası aparılmalı, elmi-iqtisadi əsaslandırılmış və əmək potensialının təkrar istehsal prosesinin uzunmüddətli tendensiyalarına söykənən proqram işlənməlidir. Bütün bunlar həyata keçiriləcək islahatların güclü informasiya-analitik potensialını formalaşdıracaqdır.

Üçüncüsü, müasir şəraitdə əməyə olan tələbatın həcmi və tərkibində baş verən davamlı dəyişikliklər işəgötürənlər və işçilər arasında münasibətlərin, işçi qüvvəsinin keyfiyyət xarakteristikasının əmək bazarının dəyişən tələbləri ilə uzlaşdırılmasını vacib edir. Bu baxımdan əmək bazarında tələb və təklifin adekvat tənzimlənməsi və təhsil sistemi ilə sıx qarşılıqlı fəaliyyət əsasında uzunmüddətli institusional həll yolu təmin edilməlidir.

Dördüncüsü, ölkədə muzdla işləyənlərin sayının və iqtisadiyyatda əmək haqqı xərclərinin davamlı artması, habelə ayrı-ayrı şəxslərin əmək haqqı gəlirlərində qeyri-bərabərliyə yol verilməməsi yönündə ardıcıl və kompleks tədbirlər görülməlidir. Bu həm biznesin inkişafı və böyüməsi əsasında əmək bazarında tələbin artması, həm qeyri-formal məşğulluğun azaldılması, həm işçi qüvvəsinin bacarıqlara dair əmək bazarında daim yenilənən tələblərə uyğunlaşdırılması, həm əmək məhsuldarlığının ciddi şəkildə artırılması, həm bu tədbirlərlə yanaşı yaşayış minimumuna uyğun şəkildə minimum əmək haqqı məbləğinin (sektoral əmək haqları nəzərə alınmaqla) qaldırılması, həm də digər mümkün sosial-iqtisadi tədbirlər hesabına baş verməlidir.

Beşincisi, pensiya təminatında, işsizlikdən və tibbi sığorta sistemlərində tətbiq olunan sığorta prinsipi (təminatla ödənilmiş haqlar arasında asılılıq) qorunub saxlanılmalı, onun gücləndirilməsi imkanları nəzərdən keçirilməli, dövlətin üzərinə götürdüyü gələcək sosial öhdəliklərin aktuar modeli qurularaq zəruri resurs təminatı üçün sığorta haqları hesabına müvafiq ehtiyatlar formalaşdırılmalıdır. Bu sistemlərin xətti ilə aparılan sosial ödənişlərin təminat mənbəyinə görə (ödənilmiş haqlaryaxud dövlət büdcəsi) dəqiq ayrılması və maliyyələşmənin bu əsasda təşkili təmin edilməlidir.

Altıncısı, yardım, müavinətlər və s. qeyri-sığorta xarakterli dövlət sosial ödənişlər sisteminə (struktur, hüquq yaradan meyarlars.) kompleks şəkildə yenidən nəzərdən keçirilməli, ünvanlılığın daha da gücləndirilməsi, bunun hesabına aztəminatlı ailələrin sosial dəstəklənməsinə daha çox vəsaitin yönəldilməsi və nəticə etibarı ilə, həmin ödənişlərin kompensasiyaetmə imkanlarının möhkəmləndirilməsi araşdırılmalıdır.”

 

E.HÜSEYNBƏYLİ

 

Respublika.- 2020.- 1 may.- S.6.