Gənclər Təşkilatlarının IV Milli Konqresi işə başlayıb
Mayın
1-də onlayn formatda Gənclər Təşkilatlarının
IV Milli Konqresinin açılış mərasimi
keçirilib. Bu barədə AZƏRTAC-a Gənclər
və İdman Nazirliyinin mətbuat xidmətindən
bildiriblər.
Gənclər
və İdman nazirinin müavini İntiqam Babayev tədbirdə
çıxış edərək koronavirus (COVİD-19)
pandemiyası zamanı hər bir dövlətin gücünün və
imkanlarının sınağa çəkildiyini diqqətə
çatdırıb. Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev
tərəfindən irəli sürülən
qabaqlayıcı tədbirlər nəticəsində əhalinin
sağlamlığının və sosial rifahının
qorunması istiqamətində böyük işlər görülür.
Hətta pandemiya dövründə də bir çox layihələri icra etmək mümkün oldu, heç bir xəstəlik
gənclər siyasətinin inkişafına təsirini göstərə
bilmədi. Koronavirus pandemiyası zamanı dövlətlə
yanaşı, cəmiyyət də sınağa çəkildi. İ.Babayev nazirliyin həyata keçirdiyi “Heydər
Əliyev siyasi məktəbini öyrənirik
- 2020”, “İdeya var”, “Tələbə baharı”,
“Evdə addımla”, “Evdə qal, təbliğatdan qalma”
və digər layihələr haqqında məlumat verib.
Azərbaycan
Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid
Cəfərov çıxışında pandemiya dövründə
rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, o cümlədən Fond tərəfindən
gənclər üçün həyata keçirilən
“İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsi,
Gənc Fondu və BMT-nin Uşaq Fondunun birgə
gerçəkləşdirdikləri koronavirus infeksiyası
ilə bağlı ictimai maarifləndirmə layihəsi
və digər tədbirlər haqqında danışıb.
İcraçı direktor dövlət tərəfindən
atılan addımların gənclər təşkilatları
və gənclər tərəfindən dəstəkləndiyini
vurğulayıb. Fərid Cəfərov Prezident İlham Əliyevin
çağırışına cavab olaraq koronavirusla mübarizədə
dövlət tərəfindən atılan bütün zəruri
addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və
qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin
göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə
töhfə vermək məqsədilə ölkənin bütün könüllü təşkilatlarının
birləşdiyi Azərbaycan Könüllülərinin
Əlaqələndirmə Mərkəzinin fəaliyyətindən
də bəhs edib. O, gəncləri və gənclər təşkilatlarını
dövlət tərəfindən görülən işlərə
töhfə verməyə çağırıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan
dövlətinin pandemiya dövründə
atdığı mühüm addımlardan
danışıb, gənclərin ehtiyacı olan insanlara təmənnasız
yardımını xüsusi olaraq diqqətə
çatdırıb. Rezident əlaqələndirici gənclərin bu dönəmdə sosial mediadan istifadəsi
zamanı çox diqqətli olmalarının,
yalnız etibarlı informasiyaları bölüşmələrinin vacibliyini bildirib.
Prezident Administrasiyasının
Gənclər siyasəti və idman məsələləri
şöbəsinin sektor müdiri Həmid Nəsibov pandemiya dövründə
Azərbaycanda əhalinin ölkə
başçısının rəhbərliyi ilə atılan
addımları dəstəklədiyini, məhz bu tədbirlərin
və həmrəyliyin nəticəsində ölkəmizin pandemiya ilə
mübarizədə bir uğur hekayəsi yazmaqda olduğunu bildirib. Sektor müdiri mübarizənin
hələ başa çatmadığını,
maarifləndirmənin davam etdirilməli olduğunu, bu xüsusda gənclər
təşkilatlarının üzərinə önəmli vəzifə düşdüyünü qeyd edib.
Həmid Nəsibov postpandemiya dövrünə
hazırlıqların artıq indidən
başlanılmalı olduğunu deyib. O
vurğulayıb ki, pandemiyanın ziyan vurduğu bir sıra
sahələrdə çalışan insanlar arasında
gənclər də az deyil. Prezident Administrasiyasının
nümayəndəsi region gənclərinin inkişafı,
onların müasir bacarıqlara yiyələnməsi,
eləcə də qızların bilik və
bacarıqlarının artırılması və bu xüsusda virtual məkanda
təlimlərin təşkilinin vacibliyi barədə
də danışaraq, bu istiqamətdə də bir sıra mühüm addımların
atılmasının vacibliyini diqqətə
çatdırıb.
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının
sədri Məryəm Məcidova isə son iki ildə
görülən işlərlə bağlı təqdimatla
çıxış edərək, bu müddətdə
25 tədbir keçirdiklərini, bu tədbirlərdə
120 gənclər təşkilatlarının, ümumilikdə
4500 gəncin iştirakını təmin etdiklərini bildirib.
Mayın 2-dək davam edəcək konqresin ikinci günündə “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında panel müzakirələr olacaq. Eləcə də rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, onlayn platformalara inteqrasiyası, qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclərimiz üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında Gənclər Təşkilatlarının IV Respublika Sərgisində Prezident İlham Əliyevin sərgini ziyarəti zamanı irəli sürülüb. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015-ci və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.
AZƏRTAC
Respublika.- 2020.- 3 may.- S.4.