Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir
Koronavirus
pandemiyası bütün ölkələr və cəmiyyətlər
üçün tibbi, sosial, iqtisadi və humanitar baxımdan
ciddi sınaq oldu. Təəssüf ki, pandemiya ən inkişaf etmiş ölkələrdə
belə gündə yüzlərlə insanın həyatına son qoyur.
Qabaqlayıcı və təsirli tədbirlər görülən
ölkələrdə pandemiyanın ağır fəsadlarını
önləmək mümkün olsa da, hələ
də bir sıra ölkələr ağır vəziyyətdən
çıxa bilməyib. Xüsusilə qeyd etmək
lazımdır ki, Azərbaycanda koronavirus infeksiyasına
qarşı mübarizədə Prezident İlham Əliyevin
çağırışına səs verən milyonlarla vətəndaşın
həmrəyliyini müşahidə etmək bu problemi mümkün olan az itkilərlə
həll edəcəyimizə əminlik yaradır. Ölkəmizdə bütün resurslar əhalinin
sağlamlığının qorunması və sosial məsələlərin
vətəndaşların mənafeyi nəzərə
alınmaqla aradan qaldırılmasına yönəldilib.
Artıq ilkin müsbət nəticələr
müşahidə olunur, xüsusi karantin rejiminin tələblərinə
yenidən baxılır, bəzi sahələrin fəaliyyətinə
icazə ilə bağlı qərarlar verilir. Bütün uğurlu nəticələrlə
yanaşı, onu da qeyd etməliyik ki, bəzən
müəyyənləşdirilmiş qaydalara riayət
edilmədiyi də müşahidə olunur. Hər kəs
qəbul etməlidir ki, görülən bütün tədbirlərlə
yanaşı, müsbət nəticələrin qorunub saxlanması
və inkişafı üçün hər kəsin
üzərinə vətəndaşlıq məsuliyyəti düşür.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri Rəşad
Tağıyev söyləyib. O bildirib ki, hər bir vətəndaş
dövlət tərəfindən mövcud təhlükənin
qarşısının maksimum dərəcədə
alınmasına yönəlmiş tədbirlərə bundan sonra da dəstək
verməlidir. Hər kəs ancaq rəsmi məlumatlara istinad etməli, koronavirus infeksiyası
ilə mübarizədə məsuliyyətini tam anlamalıdır. İnfeksiyadan qorunmaqla bağlı qoyulan qaydalara şərtsiz
əməl olunmalıdır. Təqdirəlayiq
haldır ki, koronavirus təhlükəsinin Azərbaycanda geniş yayılmasının
qarşısının alınması istiqamətində təsirli
qabaqlayıcı və profilaktik tədbirlərin
vaxtında həyata keçirilməsi nəticəsində
ölkəmizdə epidemiyanın geniş yayılmasına imkan verilmədi. Prezident İlham Əliyevin bildirdiyi kimi,
qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə
addımlar atılması insanların həyatının,
sağlamlığının qorunmasına və bu xəstəliyin geniş yayılmasının
qarşısının alınmasına xidmət edir. Bu baxımdan
dövlət zəruri olan bütün addımları
atdı, əhalinin sosial müdafiəsi, sahibkarlıq
subyektlərinin dəstəklənməsi istiqamətində səmərəli
və operativ tədbirlər görüldü. Azərbaycanda koronavirus infeksiyasına
qarşı vaxtında həyata keçirilən preventiv tədbirlərə
rəğmən, həyatımızın bir sıra
istiqamətlərində, o cümlədən təhsil
sahəsində də koronavirus infeksiyası səbəbindən
fasilə yaranıb. Təhsil Nazirliyi tərəfindən
təqdim olunan operativ həll variantları, ənənəvi
tədrisin müxtəlif vasitələrlə əvəz
olunması, məktəblilərin təhsildən kənarda
qalmaması üçün görülən işlər
çərçivəsində biz də üzərimizə
düşən vəzifələri yerinə yetiririk. Bütün imkanlar səfərbər olunub ki, onlayn və ya distant təhsil
imkanları daha da artırılsın. Təqdirəlayiq
haldır ki, koronavirus pandemiyası dövründə
Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək
hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində
müəllimlərimizin fədakarlığı, peşəkar
yanaşması, ilk günlərdən öz təşəbbüsləri
ilə distant dərslər keçmələri də
xüsusilə qeyd olunmalıdır. Təbii ki, bütün bunlar təsadüfi deyil.
Müəllimlər üçün dövlət tərəfindən
öncəki dövrdə aparılmış İKT
hazırlığı təlimləri məhz bu mərhələdə özünü daha aydın
şəkildə büruzə verdi. Müəllimlərin
İKT bacarıqları distant və onlayn dərslərdə özünü göstərir,
təhsilin fasiləsizliyi təmin olunur.
Rəşad Tağıyev diqqətə çatdırıb ki, hazırda şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlər aparılır. Təhsil Nazirliyinin rəhbərliyi ilə “Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün müvafiq işlər həyata keçirilir. Artıq 100 minlərlə şagird və müəllim layihə üzrə qeydiyyatdan keçib. Koronavirus infeksiyası səbəbindən hələ fevral ayından məktəblərdə kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, martın əvvəllərindən tədris prosesinin dayandırılması, təhsil müəssisələrində aparılan dezinfeksiya tədbirləri sayəsində ümumi təhsil müəssisələrində yoluxma halları müşahidə edilmədi. Həmçinin məktəblərdə fərdi gigiyena qaydaları və respirator xəstəliklərə qarşı hər zaman aparılan qabaqlayıcı maarifləndirici tədbirlər şagirdlərin və təhsil müəssisələri rəhbərlərinin bu məsələyə daha həssas və diqqətli yanaşmasında mühüm rol oynadı. Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, biz də fəaliyyətimizi əsasən məsafədən təşkil edirik. Müvafiq müzakirələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır, onlayn sərgi və müsabiqələr təşkil olunur. Pandemiya sınağı Azərbaycandakı sarsılmaz həmrəyliyi, ictimaiyyətin ölkə rəhbərliyi ilə həmrəyliyini, xalqın birliyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı tərəfindən irəli sürülən “Biz birlikdə güclüyük” devizi hər addımda özünü doğruldur, xalqımız həm mənəvi, həm də maddi yardımlaşma baxımından vəhdət nümayiş etdirir.
“Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş düzgün qərarlar sayəsində tezliklə Azərbaycanda koronavirus infeksiyasına qarşı görülən tədbirlərin müsbət nəticələri daha da genişlənəcək, həyatımızın bütün sahələrinin fəaliyyəti normal axara düşəcək”, - deyə R.Tağıyev bildirib.
AZƏRTAC
Respublika.- 2020.- 3 may.- S.5.