Baramaçılıq gəlirli sahədir
Baramaçılıq
ötən əsrin 70-80-ci illərində Füzuli rayonunda
inkişaf etmiş və gəlirli sahələrdən
olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq
2016-cı ildə yenidən bərpa edilməyə
başlanılıb.
“Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün Dövlət
Proqramı”nın icrası ilə əlaqədar olaraq cəbhə
bölgəsində də məqsədyönlü işlər görülür. Prezident İlham Əliyevin
tapşırığı ilə ənənəvi təsərrüfat
sahəsi olan baramaçılığın inkişaf etdirilməsi Füzuli rayonunda diqqət
mərkəzində saxlanılır.
Rayon ərazisinin xeyli hissəsi işğal altında
olmasına, yaşayış məntəqələrinin çoxunun təmas
xəttinə yaxın məsafədə yerləşməsinə baxmayaraq,
baramaçılığın keçmiş şöhrətinin
qaytarılmasını, barama istehsalına görə
ölkədə ön sırada olmağı hədəfləyən
füzulililər istəklərinə nail olublar.
Ötən il rayonda 49,5 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 1250 qutu (23
min 750 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 50 tondan çox barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, cəbhə xəttində yerləşən rayonda 2016-cı ildə 3070 kiloqram,
2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38
ton, 2019-cu ildə isə 49,5
ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200
min ədədə qədər tut tingi əkilib.
Salman ALIOĞLU
Respublika.- 2020.- 3 may.- S.7.