Meliorasiya işləri davam etdirilir

 

Aqrar sahədə işlərin qızğın dövrüdür. Pambıq sahələrində çiyid səpini aparılır, taxıl sahələri suvarılır, bağ-bostan sahələrində aqrotexniki işlər görülür. Koronovirus pandemiyasının yartdığı karantin rejiminə əməl edən kənd təsərrüfatı işçiləri əkin yerlərinə suvarma suyunun normal şəkildə çatdırılması, meliorativ tədbirlərin ara verməməsi üçün öz fəliyyətlərini əvvəlki ritmlə davam etdirirlər. Əməkdaşımız Sabirabad Meliorasiya İdarəsinin rəisi Alim Mürşüdovla əlaqə saxlayıb ondan görülən işlər barədə danışmağı xahiş etmişdir. Alim müəllim demişdir:

 

- Sabirabad Meliorasiya İdarəsi rayonun 67.2 min hektar drenləşmiş ərazisində çəkilmiş 3045 kilometr kollektor-drenaj şəbəkəsinə xidmət edir. Drenaj sistemlərinin hamisi açıq şəbəkələrdir və onlar üzərində 3244 hidrotexniki qurğular vardır ki, bunlarda əsasən borulu körpü keçidlərdir. İdarənin balansında maşın mexanizimlərdən - 11 avtomaşın, 9 ekskovator, 4 buldozer, 5 nasos stansiyası vardır ki, bunlarla rayonun təsərrüfatdaxili ərazilərdə meliorativ tədbirlərin həyata keçirilməsi təmin olunur.

 

İdarəmizin əsas məqsədi balansımızda olan kollektor drenaj şəbəkələrini və onlar üzərində olan hidrotexniki qurğuların, drenaj suları ötürən nasos stansiyalarının işlək vəziyyətdə saxlanılması üçün lazım olan tədbirləri müəyyən edib həyata keçirməkdir.

 

2020-ci ildə 512 km uzunluğunda kollektor-dren şəbəkəsinin lildən təmizlənməsi, hidrotexniki qurğularda 98 ədəd təmir işlərinin aparılması və Qasımbəyli icra nümayəndəliyində 1 aqreqatlı yeni nasos stansiyasının quraşdırılması planlaşdırılmışdır.

 

Cari ilin yanvar-aprel aylarında idarə üzrə 149.09 kilometr uzunluqda kollektor dren şəbəkələri lildən təmizlənmiş, 27 ədəd hidrotexniki qurğularda təmir işləri aparılmışdır. Qasımbəyli icra nümayəndəliyinin pay torpaq sahələrində qrunt sularının axıdılmasını yaxşılaşdırmaq məqsədi ilə 1 (bir) aqreqatlı nasos stansiyasında tikinti işlərinə başlanılmışdır. Nasos stansiyaları vasitəsi ilə mütəmadi olaraq qrunt suları ötürülür.

 

Bundan əlavə, bütün icra nümayəndəlikləri üzrə pambıq əkin dövriyəsinin genişləndirilməsi ilə bağlı cari ilin pambıq əkininə hazırlıqla əlaqədar ərazilərdə meliorasiya işlərinin aparılması üçün tədbirlər görülmüş və bu kimi işlər növbəti illərdə davamlı olaraq aparılacaqdır.

 

Hazırda dünyanı narahat edən ən böyük problem koronavirusdur. Pandemiya şəraitində yaşamağımıza baxmayaraq kənd təsərrüfatının inkişafına dəstək olaraq vəzifə məsuliyyətimizi dərindən hiss edərək işimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.

 

İdarəmizdə karantin dövründə də fasiləsiz iş rejimimiz təmin olunmuşdur. Meloratorlar təqvim planına uyğun olaraq təmir bərpa işlərini gələcəkdə də davam etdirəcəkdir.

 

Hazırda mövcud nasos stansiyaları saz və işlək vəziyyətdədir. Kollektor dren şəbəkələrində qurunt sularının səviyyəsi qənaətbəxşdir.

 

Taxıl sahələrində bol məhsul gözlənilir. Bir çox ərazilərdə çiyid səpini başa çatdırılmışdır.

 

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2020.- 3 may.- S.7.