Heç kəsin bilmədiyi “gizli
görüş”
“Şahidi
olduğun bir əməl yaddaşda daha dərin iz qoyur, nəinki
bu barədə deyilən min söz”
Henrik İbsen,
Norveç şairi.
Baharın gəlhagəl, qışın isə qaçaqaç günləri idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinməsini gözləyirdilər. Rayon əhli adi günlərinin birini yaşayırdı. Mövsümün bu dövrü hər il belə olurdu bu yerlərdə.
1965-ci ilin ilk baharı da istisna deyildi.
Rayon rəhbərliyi də cari işlərlə məşğul
idi. Rayon
Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər
iş otağında daxil olan məktubları diqqətlə
oxuyub müvafiq şöbələr üzrə
tapşırıqlar verirdi. Telefon zəng
çaldı. Birinci katib Əli Həsənovla
birbaşa əlaqə telefonu idi.
- Buyurun,
yoldaş Həsənov.
-
Kazım, Ağbulaqdakı təsərrüfatlarla
bağlı fikrini bilmək istəyirəm. Bir
düşün, gələcəm sənin otağında
danışaq.
Aralarında
səmimi münasibətlər olsa da, bir az
gözlənilməz idi belə bir qeyri-formal zəng. Həm də axı Ağbulaq ərazisində
müzakirə oluna biləcək xüsusi mövzu da yox idi.
Əli Həsənov özü Kazım Əliyevin
otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin
adını çəkdikdən sonra gözləri ilə
Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli
Həsənov dedi:
-
Günorta qonağımız olacaq. Bu yerlərin
adamı deyil. Sizdə nahar edəcəyik.
Səməndər bacıya de hazır olsun.
Telefonla bir söz demə. İşdən
tez gedərsən. Bizim evdə qulaq var (Əli
Həsənov evində danışıqların izlənməsi
üçün cihaz quraşdırıldığını
nəzərdə tuturdu).
Qonağın
kim olduğunu soruşmazlar. Bu
yerlərin qaydası belə idi. Günorta
Kazım Əliyevin evi tərəfə “QAZ 69” markalı
maşın yaxınlaşdı. Ev sahibi və
Əli Həsənov qonağı eşikdə gözləyirdilər.
Maşından hündürboylu, idmançı cüssəli,
mavi gözlü, 40 yaşlarında bir adam
düşdü. Əli Həsənovla
görüşdü. Onlar tanış
idilər. Daha sonra Kazım Əliyevlə əl
sıxdı. Sonra diqqətlə Kazım Əliyevə
baxdı. Həyətə daxil oldular.
Gəlmə adam Əli Həsənovdan
soruşdu:
-
Haqqında danışdığın əməkdaşın
bu adamdır?
Əli Həsənov təsdiq etdi. Otağa
keçdilər. Səməndər
xanım məcməyidə xoruzpipiyi dəmlənmiş ətirli
çayla içəri daxil oldu.
- Sizin tərəfdə
kəklikotu çayı olmur?-qonaq gümrah səslə
soruşub otağa çökmüş rəsmiyyətə
bir sadəlik qatdı.
Az
keçmiş Səməndər xanım bu dəfə kəklikotu
çayını süfrəyə düzdü, yanında da
İrəvan kətəsi. Ətirli qoxu
otağı bürüdü. Çayın
qonağın ürəyincə olması sezilirdi. Qonaq tavana, divarlara göz gəzdirdi. Elə bil öz-özlüyündə nəyi isə
götür-qoy edir, əllərini yuyurmuş kimi gah sağ əli
ilə sol yumruğunu, gah da sol əli ilə sağ
yumruğunu sıxırdı. Saatına baxdı:
- Yemək
qalsın başqa vaxta. Çıxaq havaya, deyib
ayağa qalxdı.
Səməndər
xanıma minnətdarlığını bildirdi:
- Belə
yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.
İdmançı
görkəmli adam gəldiyi “QAZ 69”da, Əli Həsənovla
Kazım Əliyev “Volqa”da ermənilərin sıx məskunlaşdığı
Orconikidze kəndini keçərək Şınıx dərəsi
tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə,
Mutu dərəyə, Köhnə Baş Keçidə üz
tutdular. Bir qədər sonra maşınlar
dayandı. Qonaq “Qoy, əməkdaşın bizi burada
gözləsin”- dedi.
Həsənovla qonaq aralanıb şumluğa tərəf
yollandılar.
Kazım Əliyev maşının yanında
qaldı. Bir saat davam edən söhbətdən
sonra qonaqla Birinci katib geri döndülər. Qonaq hər
ikisi ilə görüşüb öz maşınına tərəf
irəliləməzdən əvvəl Əli Həsənova
sakit, lakin qətiyyətli səslə dedi:
-
Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin.
Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.
“QAZ-69” uzaqlaşdı. Əli Həsənov
qayğılı görünürdü, başını
bulayıb Kazım Əliyevə dedi:
- Bu adam
bizi böyük bəladan qurtarmağa gəlib. Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Komitəsinin rəis müavini Heydər Əliyevdir. Bakıdan
Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib.
Qonşularımız dinc durmurlar.
İki gün sonra rayonda görünməyən hadisələr
yaşandı.
Çəmbərəkə Moskvadan DTK-nın
nümayəndələri gəldilər. Sovet
rəhbərliyi milli məsələyə və millətçiliyin
hər hansı bir təzahürünə çox həssas
yanaşırdı. Rayonun DOSAAF (Dobrovolğnoe Obhestvo
Sodeystviə Armii, Aviaüii i Flotu) “Orduya, Aviasiyaya və
Donanmaya Könüllü Yardım Cəmiyyəti”nin binasındakı silah otağından yoxa
çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən
Orconikidze ermənilərindən yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon
milis şöbəsinin silah saxlanılma otağından
“itmiş” silahlar əvvəlcədən hazırlanmış
plana əsasən ermənilərə paylanıbmış.
Aprelin 24-ü, qondarma “erməni soyqırımı”
günündə Yerevandan gəlmiş dəstə ilə
yerli millətçilər təxribatlar törədərək
Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə
yaxın kəndlərində və Krasnoselonun Ardanış,
Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları
qırmağı planlaşdırmışdılar.
Qeyd etmək
yerinə düşər ki, qondarma “erməni
soyqırımı”nın 50 illiyi ərəfəsində Qərbdə,
o cümlədən Latın Amerikasında və Yaxın
Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə
genişmiqyaslı terror aksiyalarına start verməyi qərara
aldılar. Ondan əvvəl isə Azərbaycanda
və Ermənistanda azərbaycanlılara qarşı silsilə
təxribatlar planlaşdırılırdı. Erməni
lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi
prinsipsizlik nümayiş etdirərək 1965-ci ildə
“soyqırımla” bağlı Yerevanda məhdud çərçivədə
tədbir keçirilməsinə icazə verdi.
Əslində bu aqressiv erməni milliyyətçiliyinə
SSRİ məkanında da əl-qol açmağa imkan
yaratdı.
..Söhbətin əvvəlinə qayıdaq. Krasnoseloda dindirmələr, sorğu-suallar
başladı. Rayonun partiya-sovet və
hüquq-mühafizə orqanlarının rəhbərləri
də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən
şübhəlilər qismində təhqiqata cəlb
olundular. Yerli milis şöbəsinin rəisi
mayor Qaleçyan xüsusilə narahat görünürdü.
Əsaslar isə ciddi idi. Əvvəllər
də azərbaycanlılara qarşı nifrətini gizlətməyən
Qaleçyanın dinc əhalinin əmin-amanlığını
qorumaq əvəzinə terror şəbəkəsinin əsas
əlaqələndiricisi olması üzə
çıxmışdı.
Rayonda müxtəlif şayiələr yayılmağa
başladı.
Artıq rayon camaatı terror şəbəkəsinin
Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi.
Moskva komissiyasının rayonda işinin ikinci
günü isə Qaleçyanın
öldürüldüyü xəbəri yayıldı.
Rəsmi versiya “özünəqəsd” oldu.
Qaleçyanın kabinetində
ağzının içinə atəş
açılmışdı. Kriminal aləmdə
ağzından söz qaçıran şəbəkə
üzvləri belə cəzalandırılır. Bu ölüm əslində Moskva komissiyasının
da işinə yaradı. Şəbəkənin
əsas təşkilatçıları və üvzləri nə
bilindilər, nə də həbs olundular.
... Bu gerçək hadisə Heydər Əliyevin həyatından
olan epizodik bir andır. Yüzlərlə, minlərlə
soydaşımızı xilas edən an. Göyçəlilər
daha 23 il öz dədə-baba torpaqlarında
yaşayıb-yaratdılar. Əli Həsənov daha 4 il Birinci katib işlədi. Daha
sonra İrəvanda rəhbər vəzifələrdə
işləsə də, artıq o, ermənilərin qəzəbinə
tuş gəlmişdi. Onun erməni siyasi dairələri
tərəfindən təqibləri başlanmışdı,
hər an şərlənərək həbs
edilməsi zaman məsələsi idi. Heydər Əliyev
bu vətənpərvər azərbaycanlı kadrı erməni
şovinizminin cəngindən xilas edərək Azərbaycana dəvət
etdi və o, Azərbaycanda məsul vəzifələrdə
çalışdı. Həsənovdan
sonra azərbaycanlıların böyük əksəriyyət
təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna Azərbaycan
türkü təyin edilmədi.
O
dövrün gerçəkliyi elə idi ki, anti Azərbaycan
Sovet rejiminin sərt qadağaları çərçivəsində
Heydər Əliyevin belə fədakarlıqlarından
xalqımızın xəbəri olmurdu, amma az
sayda bilənlər Azərbaycan xalqının böyük
oğlunun belə əməllərini daim minnətdarlıqla
xatırlayırlar.
Nə yaxşı ki, həmfikrim, göyçəli həkim
Hüseyn Hüseynov kimi həmin hadisələrin canlı
şahidləri həyatdadır.
Tahir Kərimovun canlı şahidi olduğu xatirəsi xəyalən
məni İrəvanda mərkəzi qəzetdə (“Sovet Ermənistanı”nda)
işlədiyim 1950-1960-cı illərə apardı. İstər-istəməz
qəti bir fikrə gəldim ki, Prezident Heydər Əliyevin
şəxsi tərcüməçisi Tahir Kərimovun
heç kəsin bilmədiyi taleyüklü hadisənin sirrini
açdığı xatirəni oxucunun daha aydın başa
düşməsi üçün mən də bildiklərimi
deyim.
Ötən əsrin 50-ci illərində Ermənistan KP Mərkəzi
Komitəsinin Birinci katibi “Rostov” ermənisi Zarobyan idi. Erməni
dilini yaxşı bilmirdi, rus dilində danışması
etiraz doğurmuşdur. O, nəhayət öz dilini mənimsədi.
Amma mənəvi aləmində,
davranışında dəyişikliyə ehtiyacı yox idi.
Zarobyan kommunist libasında tipik erməni millətçisi
idi.
Onun hakimiyyəti dövründə erməni ictimai-siyasi
həyatında sakitlik görünsə də, alt qatında
narahatlıq var idi. Diktator Stalinin vahiməsindən xilas olan
ermənilərin əl-qol açmasına imkan
yaranmışdı. 40-cı illərdə
Ermənistan ərazisinə xarici ölkələrdən
köçürülmüş erməni köçkünlərinə
fıravan yaşamaq üçün tam şərait
yaradılmışdı. Bir neçə
ildən sonra, təxminən 1948-1949-cu illərdə məlum
olmuşdu ki, İrəvan və ətraf qəsəbələrdə
daşnakların gizli siyasi dərnəkləri
yaranmışdı. Stalinin göstərişi
ilə minlərlə daşnak iki eşalon yük
vaqonlarında təhlükəsizlik orqanları tərəfindən
həbs edilib, Sibirə sürgünə göndərilmişdi.
Hərdən eşidirdik ki, xaricdən
köçürülmüş ermənilər sərhədlərdən
dəstə-dəstə xaricə getməyə can
atırdı.
“Sovet Ermənistanı” qəzetinin qocaman redaktoru Cəfər
Vəlibəyov xəstələndiyinə görə,
hamı onun müavini Əli Həsənovun redaktor
olmasını gözləyirdi.
Lakin Həbib Həsənov qəzetə redaktor təyin
olundu. Əli Həsənovu sonra Cəmbərək
(Krasnoselo) rayonuna birinci katib göndərdilər. O
vaxtlar N.Xruşşov İrəvan səfərini başa
vurmuşdu. 1959-cu ilin payızı yerli partiya təşkilatlarının
hesabat-seçki yığıncaqları keçirilirdi.
Redaktor Həbib Həsənov məni
çağırıb İrəvanda çoxminlik fəhləsi
olan elektrik cihazıqayırma zavoduna göndərdi. Orada hesabat yığıncağına MK-nın
birinci katibi Zarobyan gəlməli idi. İclasın
başlanmasına yarım saat qalmış, jurnalistləri bir
otağa dəvət etdilər. Zarobyan
iclas zalına getmədən jurnalistlərlə
görüşdü. Onu müşayiət edən adam bir-bir Zarobyanın əl verib
görüşdüyü jurnalistin mənsub olduğu qəzetin
adını çəkirdi. Sonra Zarobyanı müşayiət
edən adam jurnalistlərə dedi:
“Sovet Ermənistanı”
və “Avanqart” “ErmənTA”-nın məqaləsini,
o biri qəzetlər isə sərbəst məqalə
hazırlasın. Zarobyanın bu fikri “Sovet Ermənistanı”
qəzetinə təhqiramiz bir münasibət idi.
Mən redaktora bu barədə məlumat vermədim. Yığıncaqda
iştirak etdim. Zarobyan səhnəyə tək
çıxdı, iki saat ayaq üstə minlərlə erməni
ilə ata-bala kimi söhbət etdi: “Xruşşov gəldi,
ondan nələri qoparda bildik”. Lap axırda
bütün zalda gurultu qopdu.
—Bəs Naxçıvanın məsələsi - deyə
qışqırırdılar.
Zarobyan əllərini qaldırdı, zalda səs-səmir
kəsildi.
—Biz xaricdən,
erməni kilsələrindən yepiskopları
çağırmışdıq. Xruşşova
bildirdik ki, xarici ölkə din xadimləri sizinlə
görüşmək istəyir. O qəbul etdi. Təzim edib, çox söz dedilər. “Siz yer üzündə erməni xalqının
ümidi, pənahı. Sizi deyib gəlmişik, biz inanırıq
ki, Siz Naxçıvanı bizə verəcəksiniz...”.
Xruşşov
dedi: mən bu dəqiqə Naxçıvanı Sizə verərdim.
Amma bu beynəlxalq münaqişəyə səbəb
olar. Sovet ölkəsi
ucsuz-bucaqsızdır. Harada istəsəniz, gəlin
yaşayın!
Bu sözdən sonra, elə bil arı pətəyinə
çöp uzatdım, bir uğultu, bir
qarışıqlıq düşdü ki, gəl görəsən. Zarobyanı
eşidən olmadı, o, səhnəni tərk etdi.
- İstədi
desin ki, ay nankorlar, bir sıra vergilərdən atanız
Xruşşov bizi xilas etdi. 7 milyard manata (Sovet
İttifaqı büdcəsi hesabına) Naxçıvanın
Arpa çayının Sevana tökülməsinə tunel
çəkdirdik. Amma deyə bilmədi.
...
1964-cü ilə qədər Cəmbərək rayon
(Krasnoselo) partiya komitəsinin I katibi Əli Həsənovla zəngləşirdik.
O məni rayona dəvət edirdi. Mən
Bakıda aspirant idim, getmək imkanım olmurdu.
60-cı illərin axırında Əli Həsənov gözlənilmədən Bakıya köçdü. Bir neçə ay xəstəxanada yatdı. Heydər Əliyev ona Bakıda münasib bir vəzifə verdi. Sən demə, daşnak gizli təşkilatının “soyqırım tədbiri”nin iflasa uğramasının intiqamını Əli Həsənovdan almaq istəyirmişlər. Heydər Əliyev Ermənistan KP MK birinci katibinə zəng vurub onun Bakıya dəyişilməsinə nail olmuşdu. Mən onunla tez-tez görüşürdüm.
Tahir KƏrimov,
Diplomat, Harvard Universitetinin
məzunu,
mərhum Prezident
Heydər Əliyevin şəxsi
tərcüməçisi.
Teymur ƏHMƏDOV.
Respublika.- 2020.- 5 may.- S.6.