Tarixin böyük şəxsiyyəti

 

Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.

 

Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi. Cəmiyyət həyatının ən müxtəlif sahələrinə kamil mütəxəssis səviyyəsində dərindən bələd olmaqda onunla müqayisə edilə biləcək dövlət xadimi göstərmək çətindir. Haqlı olaraq onun adını dünya siyasətində özünü təsdiq etmiş Corc Vaşinqton, Vilyam Çörçil, Şarl de Qoll, Mustafa Kamal Atatürk kimi qüdrətli dövlət xadimləri ilə bir sırada çəkirlər. Həqiqətən, dünyada gedən siyasi prosesləri dərindən təhlil edib dəyərləndirməkdə, nəticələr çıxarmaqda, həll yollarını proqnozlaşdırmaqda da Heydər Əliyev əlçatmaz zirvədə dayanır.

 

Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının xilaskarı və memarı, Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcısı ulu öndər Heydər Əliyev dühasının əzəməti, onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bu günədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir. Heydər Əliyev tarixin gedişatını dəyişə bilən, yeni tarix yaradan dövlət xadimi idi. Onu Mustafa Kamal Atatürklə, Uinston Çörçillə, Den Syaopinlə müqayisə etmək olar. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycana zaman-zaman böyük dövlət xadimləri, sərkərdələr, siyasətçilər rəhbərlik etmişlər. Lakin Heydər Əliyev qədər Azərbaycan tarixində mühüm rol oynayan, xalqına, millətinə və dövlətçiliyinə xidmətlər göstərən, onun inkişafı üçün sözün tam mənasında xilaskarlıq missiyasını yerinə yetirən ikinci dövlət xadimini təsəvvür etmək çox çətindir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə xalqı üçün gördüyü taleyüklü işlərin əhəmiyyətinə görə Azərbaycanın bütün dövlətçilik tarixində heç kimlə müqayisə olunmayan böyük dövlət xadimidir.

 

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyinimilli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu gün biz ötən dövrlərin siyasi durumunu dərk etməyə çalışarkən başa düşürük ki, bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir. Bu zirvədən yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, günü, sabahı görünür. Bu zirvə Heydər Əliyev simasında bütün Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tariximizin yüksəldiyi zirvədir.

 

Həyatı daim xalqhaqq yolunda mübarizədə keçən Heydər Əliyev məhz özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxartmışdır. Heydər Əliyev bütün varlığı ilə Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətçiliyinə bağlı idi və O, lazım gələrsə, həyatını belə bu yolda əsirgəməzdi. Ulu öndərin keçdiyi zəngin və şərəfli həyat yolu, xalqımızın mənafelərini qorumaq üçün bütün dövrlərdə apardığı qətiyyətli mübarizələr, gördüyü işlər, nümayiş etdirdiyi siyasi iradə və Azərbaycanın həqiqi müstəqilliyi yolunda göstərdiyi misilsiz fədakarlıqlar bunun əyani sübutudur. Məhz bütün bunların nəticəsidir ki, həyat fəaliyyətinə dövlət təhlükəsizlik orqanlarında gənc bir əməkdaş kimi başlayan Heydər Əliyev müstəqillik dövründə nəinki Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının, eləcə də Türk dünyasının lideri səviyyəsinə yüksəldi. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev epoxası bir insan ömrünə sığışmayan və hər kəsə nəsib olmayan əlçatmaz zirvə və təkrarolunmaz taledir.

 

Dahi şəxsiyyət Heydər Əliyev məqsədyönlü fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. Ölkəmizin bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qəbul edilir ki, bu, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin, düzgün strategiyanın, dərin islahatların ardıcıl davam etdirilməsinin nəticəsidir.

 

Ulu öndərin müəyyən etdiyi siyasi xətdən danışarkən istər-istəməz onun birinci dəfə siyasi hakimiyyətə gəlişini xatırlamaq lazımdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev ölkəmizi xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu.

 

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır.

 

Ulu öndərin “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə - XX əsrin son onilliyində isə ümummilli liderin qoyub getdiyi inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Bu mənzərə onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.

 

Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev isə təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik Azərbaycan onun əvəzolunmaz zəhmətinin bəhrəsidir.

 

Çoxəsrlik dövlətçilik ənənələrimizi qoruyub saxlamaq, sivil vətəndaş cəmiyyəti yaratmaq, dünyəvi-bəşəri dəyərlər uğrunda mübarizə aparmaq böyük öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Mürəkkəb geosiyasi mühitlə əhatələnmiş Azərbaycan məhz onun sayəsində dövlətlər arasında yüksək mövqe nümayiş etdirərək bayrağımızın dünya dövlətlərinin bayraqları sırasında əbədi olaraq dalğalanmasını təmin etdi. Ulu öndər deyirdi: “Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinə sahib olması, özünün milli-mənəvi dəyərlərinə arxalanması tarixi bir hadisədir. Xalqımız qədim xalqdır, böyük tarixə, yüksək mədəniyyətə malik olan xalqdır. Biz mədəniyyətimizə, milli əxlaqımıza, tariximizə sadiqik”.

 

Heydər Əliyev bütün sahələrdə xalqımızın milli maraqlarının təmin olunması üçün var-gücü ilə çalışırdı. O, müstəqil dövlətçilik konsepsiyasının uğurlarını təmin edən dövlət xadimi kimi əbədilik qazanmış böyük bir şəxsiyyətdir. Heydər Əliyevin yürütdüyü iqtisadi siyasət həm sosial ədalətə, həm də iqtisadiyyat prinsiplərinə əsaslanırdı, elə buna görə də Azərbaycanda islahatların uğurlu təməlinin qoyulması milli inkişaf modelini təkmilləşdirdi.

 

Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı məişət kondisionerləri və dərin özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

 

Heydər Əliyev fenomeni çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. O, həm dövlətçilikdə, həm də siyasi idarəetmədə novator idi, müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyası onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikanı parlaq zirvələrə qaldırmışdı. Nəhəng sovet dövlətində ali rəhbər vəzifədə təmsil olunması onun yenilməz iradəsini və işıqlı zəkasını təcəssüm etdirirdi. Heydər Əliyev yaradıcı, gərgin əməyi, strateji mükəmməlliyi, iqtisadi islahatlardemokratik cəmiyyət uğrunda apardığı mübarizələr nəticəsində müstəqilliyimizin əbədi, dönməz xarakter almasına nail oldu. Böyük öndər deyirdi: “Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır. Ən böyük potensialımız vətənə, torpağa bağlılığımız, vətəni-torpağı sevməyimiz və onu qorumaq hissimizdir”.

 

1993-2003-cü illərdə ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə Ümumi Daxili Məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu öndərin müdrik siyasəti sayəsində düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.

 

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlarından danışarkən Prezident cənab İlham Əliyevin sözlərini diqqətə çatdırmaq istəyirəm: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmlı yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdürbütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.

 

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə doğrultdu.

 

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir.

 

Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xaricidaxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.

 

Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.

 

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş ulu öndərimiz Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla qürur duyuruq ki, ümummilli liderin cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.

 

Azərbaycan xalqına son müraciətində ulu öndər cənab İlham Əliyev haqqında “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrini səsləndirməklə həm layiqli varis yetirdiyinin müjdəsini xalqa verir, həm də vətəndaşlarının da bu rəydə olduğunu ifadə edirdi. Həqiqətən də, 2003-cü ilədək cənab İlham Əliyev Azərbaycanda Heydər Əliyev kursunun yeganə davamçısı kimi qəbul edilir, onun liderliyinin alternativsizliyi birmənalı həqiqət sayılırdı. Fəaliyyətə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” məramı ilə başlayan dövlət başçısı son on yeddi ildə əsas məqsədinin məhz real - konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca, daha da möhtəşəm təsir bağışlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fikrincə desək: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

 

Vəli ALBƏNDOV,

 

Qarabağ- E.R” MMC-nin baş direktoru, Əməkdar mühəndis,

 

Yeni Azərbaycan Partiyasının üzvü.

 

Respublika.- 2020.- 6 may.- S.3.