Əfkar-ümumiyyənin şeytan
əməli-koronavirus barədə mülahizələri
Planetimizdə qədim zamandan indiyədək bəşəriyyət üzləşdiyi pandemiya bəlasından milyon-milyon itki vermişdir. Mənşəyi məlum olan-olmayan virusların törətdiyi xəstəlik müəyyən ərazidə yayılırsa — epidemiya, daha böyük ərazilərdə - sürətlə ölkə-ölkə yayılırsa, pandemiya halında ölüm kabusuna çevrilir. Pandemiya yunan dilində “Pandemos” (bütün insanlar) sözündən götürülüb. Pandemiyalar böyük fəlakətlərə - sosial problemlərə, iqtisadi itkilərə, çətinliklərə səbəb olub. İqtisadi, siyasi və demoqrafik nəticələri ilə dünya düzəninə ciddi təsir göstərib. Ən ağır bəşəri bəla kimi ağrılı mənəvi və fiziki iz qoyub.
Bu qəbildən XIV əsrdə Avropada əhalinin 30-60 faizini azaltmış, yüz milyona yaxın insan itkisinə səbəb olmuş Qara vəba, 1545-1548-ci illərdə Meksikada 15 milyon yerli əhalini öldürmüş, Kokoliztli, XIX əsrin əvvəllərində Asiyanı, Avropanı, Osmanlı imperiyasını, Yaponiyanı, Moskva, Berlin, Paris və London şəhərlərini bürüyən pandemiya kimi saysız-hesabsız insan ölümünə səbəb olan, hətta hazırda milyondan artıq yoluxma halında dünyada mövcud olan Xolera, 1918-1929-cu illərdə dünyada yayılan, 18 ay ərzində 100 milyon insanın həyatına son qoyan, müasir dünya tarixində ən dəhşətli İspan qripi, 1889-1890 və 1968-1969-cu illərdə Rusiya və Honkonqda bir milyon, 1957-1968-ci illərdə təxminən 2 milyon, 2009-cu ildə 284-500 nəfərin ömrünə son qoyan Donuz qripi, 2013-2016-cı illərdə Afrika ölkələrində yayılan 11300 nəfərdən çox insanın həyatına son qoyan, tarixə ən ölümcül epidemiya kimi daxil olan Ebola, Çiçək, Tif və sairə xəstəliklər bəşəriyyət tarixində ən ağır epidemiyalar adlanmışdı.
İndi dünyanı təşvişə salan pandemiyalarla müqayisədə koronavirus bir çox pandemiyalardan daha zəif sayılır.
Hətta, İsveç Krallığı bugünə qədər “sərhədlərini bağlamayıb, burada bütün ictimai yerlər açıqdır: təhsil müəssisələri, kafelər, restoranlar, trenajor zalları işləməkdə davam edir”. “Hökumət təhlükəli koronavirusun qarşısının alınması üçün heç bir fövqəladə ölçülər tətbiq etmir”. İsveç alimləri iddia edirlər ki, koronavirus təhlükəsizdir!” (İsveç krallığında koronavirusdan min nəfər xəstələnib 3 nəfər ağır xəstə var, ölüm halı 2 faizdir. Son zamanlar bundan artıq yoluxma halları qeydə alınmayıb, sanki heç nə baş verməyib). İsveç həkimlərinə görə, təhlükəli virusdan daha qorxulusu “qorxu virusudur”. Bütün bununla yanaşı, koronavirusdan ehtiyatlı olmaq üçün dərc olunan tövsiyələrdə ölkə rəhbərliyinin təlimatlarına sağlam düşüncə ilə yanaşmaq, özünü xəstəhal hiss edənin evində qalması, ictimai yerlərdə adamlarla məsafə saxlamaq tövsiyə olunur. İndiki şəraitdə bəşəriyyətin taleyi ilə bağlı məsələyə “İsveç yanaşması” zənnimcə yolverilməzdir.
Koronavirus pandemiyası dövrümüzün ən böyük səhiyyə böhranıdır. 2019-cu ilin dekabrından ötən müddət ərzində (5 ayda) səmum yeli kimi yayılıb dünya ölkələrində tüğyan edir. Dünyanın 208 ölkə və bölgəsinin indiyədək 3 milyon 646 min 468 nəfərində koronavirus infeksiyası aşkarlanıb, sağalanların sayı 1 milyon 203 min 850 nəfər olsa da, dərin hüznlə deməliyik ki, 252 min 675 nəfər dünyasını dəyişmişdir.
Bununla belə, yadda saxlamaq lazımdır ki, koronavirus xəstəsi 5 sutka ərzində daha iki-üç xəstəni yoluxdura bilər.
Mikrovirus şeytan əməlidir, amerikalı alim, mənəviyyatsız şarlatan, qəlbinə hakim olan şeytan vəsvəsəsi ilə eybəcər, qorxulu virusu yaratdı. Akademik Könül Bünyadzadə demişkən... “başına tac, Bank hesabına böyük məbləğlər qoymaq üçün. Viruslarla müqavilə bağlamalı olmuşdur”.
Akademik Könül Bünyadzadə koronavirusun peyda olmasının günahını mənəviyyatsızlıqda, imansızlıqda, vicdansızlıqda, həzrət Əli dediyi kimi, qəlbinə iblis, şeytan girmiş adamların əməlində görür. İndi “COVİD-19” virusu XXI əsrdə insanlığı sınağa çəkir.
Beynəlxalq mətbuat yazır: Koronavirus Çinin Uhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıntı nəticəsində təbii yolla əmələ gəlib. Virusologiya institutu koronavirus pandemiyasının başlanğıc ocağı hesab edilir.
Çin hakimiyyəti ilkin mərhələdə şəffaf olmamış, koronavirusla bağlı ilk xəbərin geniş yayılmasına etinasız yanaşmışdır. Hubey vilayətinin Uhan şəhərində yeni ilin gəlişini keçirəndən sonra evlərinə dönən on minlərlə insan arasında koronavirusa yoluxması faktı gizlin saxlanmışdır. Çin hökumətinin 16 gün infeksiyanı gizlətməsi müddətində minlərlə insanın koronavirusa yoluxmasının yayılmasının qarşısı alınmaz olmuşdur.
Almaniyada yaşayan həkim Ağabəy Azərbaycani koronavirus haqqında göndərdiyi məqalədə yazır: yeni növ virus - COVİD-19 hüceyrələrə çox tez girir, inkişaf edir və mutasiyaya uğrayır. Onun inkubasiya dövrü 2-4 gündür, amma 12 gün çəkə bilər (Simptomları: çox vaxt soyuqdəymə əlamətləri kimi başlayır: halsızlıq, 38 dərəcədən yuxarı qızdırma, baş ağrısı, quru öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, iybilmənin itirilməsi və bəzən də ishal kimi əlamətlərlə müşahidə olunur).
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, koronavirusa qarşı mübarizələrdə müayinə və testlərin sayı artırılmalıdır: “bizim çağrışımız çox sadədir: Test edin, test edin, test edin! Gözləri bağlı halda alova qarşı mübarizə aparmaq mümkün deyil!”.
ÜST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test və müayinələrlə yanaşı, yoluxanlar və onlarla təmasda olan şəxslərin ciddi şəkildə cəmiyyətdən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ ki həftə boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində karantində olan şəxslər və onların yaxınları ehtiyatlı tədbirlər görməli, qaydalara ciddi riayət etməlidirlər.
(Həkim Ağabəy Azərbaycani məsləhət görür ki, bədəninizi təmiz saxlayıb, əllərinizin hər tərəfini 20 saniyə boyunca sabunla yumalı, çöldə əlcək geyinməli, küçədə, hətta evdə belə bir-birinizlə 1,5-2 metr məsafə saxlayın. Əllərinizi yumadan, yaxud da 70 faizdən az olmayan spirtlə təmizləmədən üzünüzə, ağzınıza, gözünüzə sürtməyin, çölə çıxarkən ancaq 95 maska ilə qorunun).
Məlumdur ki, 2019-2020-ci illər ərzində 5 ay müddətində “gözəgörünməz” koronavirus bəşəriyyətə ağır, bərpası mümkün olmayan itkilər verib (ABŞ rəsmi dairələri cari ilin payızı, 2021-ci ilin əvvəllərinə koronavirusun ikinci dalğasını proqnozlaşdırır).
ABŞ prezidenti Donald Tramp Koronavirus pandemiyasına görə, ölkədə tətbiq edilmiş karantin rejiminin üç mərhələli ləğvi planını təqdim edib. Tramp vurğulayıb ki, hazırlanmış plan bəzi alimlərin də xəbərbarlıq etdiyi kimi, payızda koronavirusun mümkün yeni dalğasını nəzərə alır (infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş sanitar-gigiyenik tələblər qüvvədə qalır) “Əgər virus bəzi alimlərin güman etdiyi kimi, payızda qayıtsa, bu tövsiyələr bizim ona sürətli reaksiya verməyə hazır olmadığımıza zəmanət verir”, — deyə Donald Tramp bəyan edib.
İstanbul universitetinin tibb fakültəsinin professoru Zeki Kılıçaslan deyib: “dünyada pandemiya öz zirvəsinə mayın əvvəlində çatacaq, bundan sonra xəstələnmələrin sayı əyri xətt enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər, ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcəkdir”.
Tanınmış amerikalı diplomat Henri Kissincer yazır: “Koronavirus görünməmiş bir miqyasda reallığa zərbə vurur İndiki iqtisadi böhran isə daha mürəkkəbdir: koronavirusun səbəb olduğu böhran qlobal miqyasda, tarixdə heç vaxt olmayıb. Sosial məsafə, məktəblərin və müəssisələrin bağlanması kimi zəruri tədbirlər iqtisadi çətinlikləri daha da artırır. Bu baxımdan proqramlar, eyni zamanda dünya əhalisi üçün yaxınlaşan xaosun azaldılmasına yönəldilməlidir.
İndi əlamətdar bir dövrdə yaşayırıq. Liderlər üçün tarixi problem böhranla mübarizə aparmaq və gələcəyi qurmaqdır. Uğursuzluq dünyanı alovlandıra bilər”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus öz çıxışında deyib: Hazırda dünyada pandemiya ən ağır şəkildə Avropada cərəyan edir. Avropada Çin istisna olmaqla dünyanın bütün digər ölkələrindən daha çox yoluxma və ölüm halı qeydə alınıb. Gebreyesus dünya ölkələrini virusla mübarizədə fəal olmağa, yoluxmuş şəxsləri müəyyən edərək, onları nəzarətə götürməyə çağırıb.
Bu çağırışa cavab olaraq Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Dünyanı lərzəyə salan koronavirus bu ayda bəşəriyyətdə ağlasığmaz qorxu və həyəcan yaratdı. Sanki, dünyanın sonu çatıb, məhşərdir
Həkim - infeksionist, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin keçmiş rəhbəri Tom Friden həyəcanla yazır: “Peyvənd hazırlanana qədər insanlar qadağalara əməl etməsə, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayacaq”.
Əhalinin virüsla bağlı tətbiq edilən qaydalara əməl etməsi olduqca vacibdir. Belə ki, peyvəndin hazırlanması bir və ya iki il davam edə bilər.
“Əminliklə deyə bilərik ki, insanların çoxu hələ virusa yoxulmayıb. Nyu-York kimi koronavirusun daha çox yayıldığı şəhərdə belə insanların böyük əksəriyyəti “COVİD-19” daşıyıcısı deyil. Buna görə də insanlar yenidən çölə çıxmağa başlasalar, virus insandan insana ötürülməyə davam edəcək və onun yayılmasını eyni dərəcədə müşahidə edəcəyik”,— deyə həkim-infeksionist vurğulayıb.
Mütəxəssis, hazırda hər hansı bir proqnoz verməyin çətin olduğunu söyləyib. Belə ki, virusun davranışının bir çox tərəfi hələ öyrənilməyib.
“Virusun digər hava şəraitində necə davranacağını, mutasiya olub-olmadığını, digər fəsillərdə də ölümcül olaraq sürətlə yayılacağını bilmirik. Lakin bu günə qədər apardığımız müşahidələrə əsasən, insanlar yenidən ictimai həyatını bərpa etsə, virusun yayılması yenidən aktivləşəcək. Buna görə də əhalinin ən həssas təbəqələrini - yaşlı nəsil nümayəndələrini və xroniki xəstəliklərdən əziyyət çəkənləri koronavirusun təsirindən qorumaq çox vacibdir”.
Həkimlər qaydalara son dərəcə ciddi əməl etməyi vacib bilirlər. Əks halda peyvənd hazırlanana qədər əməl edilməsə, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayacaqdır.
Bilmək lazımdır ki, koronavirus havada 30 dəqiqə qala bilir. “COVİD-19” xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur. “Report” agentliyin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə çinli epidemioloqların apardığı araşdırmada qeyd olunub.
Məlumata görə, Hunan əyalətinin alimləri virusa yoluxmuş çinlinin maskasız halda mindiyi avtobusda koronavirusun yayılması ilə bağlı konkret halı təhlil ediblər.
Bildirilir ki, təhlil edilən halda həmin şəxs salonun müxtəlif yerlərində əyləşmiş 7 sərnişini, o cümlədən ondan 6 sıra və 4,5 metr uzaqlıqda olan cütlüyü yoluxdurub. Bundan əlavə, virus təyinat nöqtəsinə çatdıqdan sonra 30 dəqiqə sonra yenidən yola çıxan növbəti reysin sərnişininə də keçib.
Alimlər, həmçinin koronavirusun öskürək və ya asqırmaq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyini müəyyən ediblər.
İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə temperaturdan və materialın növündən asılıdır. Məsələn, şüşə, parça, metal, plastik maddə və ya kağız səthində virus 37 dərəcə istilikdə iki-üç gün qala bilir.
Eyni zamanda, çinli alimlər əl yumağın və ictimai yerlərdə, xüsusilə nəqliyyatda maska taxmağın vacibliyini qeyd ediblər.
Belə fərz edirlər ki, dünyada insanların 95 faizi gigiyenik qaydalara düzgün əməl etmirlər. Koronavirus infeksiya riskini azaltmaq üçün ən təsirli yol əlləri qayda ilə yumaq vərdişini mənimsəmək lazımdır:
Əllərin yuyulmasının 5 qızıl qaydası:
1. Ən azı 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız və beləliklə minimum iyirmiyə qədər sayın.
2. Yalnız ovucunuzu deyil, həm də hər iki əlinizin də arxa hissəsini yuduğunuza əmin olun.
3. Ayaqyolundan istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürəkdən və ya asqırmaqdan sonra əllərinizi mütləq yuyun.
4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.
5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu səthdə 5-10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.
Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən az 60 faiz spirt olmalıdır.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib: “Ölkəmizdə çox geniş bugünkü epidemioloji vəziyyətdə adekvat olan kompleks tədbirlər həyata keçirilir”.
Mikrovirusun xəstəliklə bağlı ölüm göstəricilərinin “o qədər də təhlükəli” olmadığını vurğulayan Əhliman Əmiraslanov deyib: “Ancaq dünyada bunun pandemiya elan olmasının birinci səbəbi sürətlə yayılmasıdır. Digər tərəfdən, bu xəstəliyin inkubasiya dövrü kifayət qədər uzun - 21 gündür. Xəstəliklə bağlı xüsusi dərman və vaksin müalicəsi yoxdur. Ölkəmiz bu gün ÜST-lə çox sıx təmasda işləyir.
Hər bir vətəndaşımız karantin tədbirlərinə tələb olunan qaydada əməl edərsə, məsuliyyətlə yanaşarsa, bu anlaşılmaz bəla xalqımızdan uzaq olar. Birlik dirilikdir.
Bir nəfər virus daşıyıcısı bir neçə yüz insanı xəstələndirə bilər. Ona görə də karantinə çox ciddi fikir verməliyik. Sosial izolyasiya prosesi də ölkəmizdə çox zəifdir. İnsanlar ailəliklə, toplu şəkildə mağazalara və digər yerlərə gedirlər. Bu, böyük təhlükədir. Koronavirus təhlükəli xəstəlikdir və bu epidemiyadan qorxmaq lazımdır. Ancaq təşvişə düşmək olmaz. İnsanlar sadəcə dərk etməlidir ki, bu virus çox təhlükəli virusdur. Hər birimiz şəxsi gigiyena və sosial izolyasiya ilə bağlı tədbirləri görməliyik”.
Bəşəriyyət koronavirusla bağlı gözlənilən çətin sınaqlardan çıxmaq, virusun törətdiyi faciənin qarşısını almaq, onu birdəfəlik yox etmək üçün bütün ölkələr səylərini birləşdirməlidir. Mikrovirusun öhdəsindən qlobal müqavimət və beynəlxalq həmrəylik hesabına gəlmək olar.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hansı Kluqe koronavirusla bağlı hazırkı mövcud vəziyyətdə sərt tədbirləri mülayimləşdirməyi düzgün addım hesab etməyir.
O, bildirib ki, virusun təbiəti haqqında məlumatların artması və bəzi ölkələrdə infeksiyanın yayılmasının nəzarət altına alınması hələ virus üzərində qələbə anlamına gələ bilməz. Müsbət irəliləyişlər tədbirləri yumşaltmağa deyil, virusa qarşı mübarizəni daha yaxşı davam etdirməyə xidmət etməlidir.
ÜST rəsmisi bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə marafonunda qarşıda qət ediləsi uzun məsafə var. Qeyd edilib ki, heç bir dövlət təkbaşına virus üzərində qələbə çala bilməyəcək və buna görə də bu böhrana qarşı mübarizə tədbirləri beynəlxalq səviyyədə koordinasiya edilməlidir.
İcmalı “Evdəqal” tədbirinə vətəndaş borcu kimi əməl edib həmrəylik göstərmək, səbri tükənmiş “Didərgin”in “Koronavirus”a müraciəti ilə bitirirəm:
Allahın bəlasına gələsən
Koronavirus:
Sən şeytan əməlisən
Lənət sənə, min lənət...
Nə üçün
İnsanlığa əl uzatdın
Günahsız bəşəri girdaba atdın?!
Söylə,
Nə idi qəsdin?!
Şərqdən Qərbə
Səmum yeli tək əsdin
İnsanların səbrini kəsdin
Lənət sənə, min lənət
Koronavirus!..
Şükürlər olsun, sona çatır dəlilik.
Qüdrətin hökmü ilə
Gömüləcəksən
Birdəfəlik!..
Koronavirus
Lənət sənə, min lənət.
Respublika.- 2020.- 6 may.- S.6.