Aqrar təhsilə dövlət dəstəyi

 

Dünyanı bürümüş koronavirus epidemiyası bütün ölkələrin iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır. Bu ərəfədə ölkə başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə böyük rəğbət doğurur. Koronavirus pandemiyasının respublikamızın iqtisadiyyatına və vətəndaşların sağlamlığına, sosial şəraitinə mənfi təsirlərinin azaldılması ilə bağlı ölkə başçısının həyata keçirdiyi tədbirlər çoxşaxəlidir. Bütün bunlar xalqın əhval-ruhiyyəsini və sosial müdafiəsinin gücləndirilməsinə olan qayğıdan irəli gəlir. Bu tədbirlər respublikamızda əsasən üç istiqamətdə: sosial təminat, sosial yardım və sosial dəstək formatında həyata keçirilir. Sosial dəstək tədbirlərinə, həmçinin, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi də daxildir. Bir pedaqoq olaraq bildirməliyəm ki, il ərzində bu məqsədlə 40 milyon manat vəsait nəzərdə tutulur.

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikamızda son illər iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə də böyük nailiyyətlər əldə edilib. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qlobal bazarlara daha sıx inteqrasiyanın təmin olunması iqtisadi siyasətin əsas prioritetləridir. Bu siyasətin tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi, aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi, fermerlərə dəstək, həmçinin, onların işgüzarlığının yüksəldilməsi dövlətin aqrar siyasətində başlıca yer tutur. Prioritet istiqamətlərdən biri də aqrar sahədə innovasiyaların geniş tətbiqinə nail olunmasıdır. Ən böyük innovasiyalardan biri Elektron Kənd Təsərrüfatı informasiya sisteminin tətbiqi, kənd təsərrüfatında dronlardan istifadə, ağıllı bağ, müasir texnologiyalarla pambığın becərilməsi, biotexnoloji laboratoriyalarda virussuz toxum, habelə ting yetişdirilməsi və s. Tətbiq edilən hər bir innovasiya insanların işini asanlaşdırır, gəlirlərini artırır, keyfiyyətli məhsul istehsalına zəmin yaradır.

 

Aqrar sahənin dayanıqlı inkişafı, ilk növbədə elm və təhsilin müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Uğurların əldə olunmasında, əhalinin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsində bu sahənin ali təhsilli mütəxəssislərlə təmin olunması, habelə elmi təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Prezidentinin dəstəyi ilə son illər ölkənin aqrar kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası dünya standartlarına uyğun yenilənib. Bütün laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub, tədris-təcrübə təsərrüfatı yenidən qurulub, heyvandarlıq kompleksi, quşçuluq mərkəzi, baytarlıq klinikası yaradılıb və s. ADAU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin yataqxana ilə təmin olunması imkan verir ki, qlobal əmək bazarının tələblərinə uyğun mütəxəssis-kadrlar hazırlansın. Prezident İlham Əliyevin Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında 2019-cu il 15 yanvar tarixli sərəncamı təhsil müəssisəsində rəğbətlə qarşılanıb. Sərəncama əsasən universitetin nəzdində yeni texniki-peşə məktəbinin tikintisi üçün 14 milyon 245 min manat vəsait ayrılıb.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması” üzrə Dövlət Proqramının tələbləri istiqamətində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budaq tərəfindən ikili diplom proqramının təsis olunmasına dair protokol imzalanmışdır. Məlumdur ki, müasir universitet təhsili sistemində beynəlxalq əlaqələrin xüsusi rolu var. Odur ki, Azərbaycan Dövlət Aqrar Universiteti son illər 25-dən çox ölkənin 100-ə qədər universiteti ilə işgüzar münasibətlər qurub. 2019-cu il noyabrın 6-8-də Amerikanın Oklahoma şəhərində keçirilən Azərbaycan Kənd Təsərrüfatı Forumu çərçivəsində ADAU və Oklahoma Dövlət Universiteti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalanıb. Bu memorandum çərçivəsində müəllim, tələbə, doktorant və digər işgüzar münasibətlərin qurulması nəzərdə tutulub. Məqsəd qabaqcıl elmi nailiyyətlərdən, innovativ texnologiyalardan yararlanaraq yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir.

 

Ali təhsil müəssisələrinin prioritetlərindən biri tələbələrin praktiki biliklərə daha mükəmməl yiyələnməsidir. Bununla bağlı ADAU-da bir neçə istiqamətdə işlər aparılır, müasir laboratoriyalar yaradılıb, tələbələrin ixtisaslarına uyğun istehsalat təcrübələri keçməsi üçün müvafiq şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb, tədris-təcrübə təsərrüfatı yenidən qurulub ki, burda tələbələr auditoriyada aldıqları nəzəri bilikləri istehsalata tətbiq etməyi öyrənirlər. ADAU-nun hazırkı səviyyəyə yüksəlməsi, elmi bazanın gücləndirilməsi, tələbələrin təcrübə keçmələri üçün zəruri şəraitin yaradılması, beynəlxalq əlaqələrin güclənməsi və digər amillər ölkə başçısının aqrar elmin inkişafına göstərdiyi qayğının bəhrəsidir.

 

AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun universitetdə apardığı islahatlar, yaratdığı şəffaf mühit burada çalışan professor və müəllim heyətində rəğbət doğurur. Universitetdə həyata keçirilən tədbirlər və görülən işlər Prezident İlham Əliyevin ölkənin inkişafı üçün müəyyənləşdirdiyi prioritet istiqamətlərə uyğun qurulmuşdur. Elmi biliklərin nəticələrinin tədqiqatçılardan istifadəçilərə, fermerlərə ötürülməsi məqsədilə universitetdə “Aqrar məsləhət xidməti” fəaliyyətdədir. Bir sözlə, Azərbaycan Dövlət Aqrar Universitetində yüksəkixtisaslı kadrların hazırlanması və tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hər bir şərait yaradılıb.

 

Xalqımıza xas olan xeyriyyəçilik ənənələrinə uyğun və xalqımızın həmrəyliyinin göstəricisi olaraq Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı ilə yaradılmış koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirmişdir. Gəncə şəhərində tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə universitetin tədris-təcrübə təsərrüfatından, istixanadan, quşçuluq-tədris mərkəzindən və heyvandarlıq kompleksindən əldə olunan tərəvəz, süd-quşçuluq və digər ərzaq məhsulları çatdırılmışdır.

 

Yarandığı gündən indiyədək çox şərəfli yol keçmiş Azərbaycan Dövlət Aqrar Universitetində ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlanmışdır. Qeyd etmək yerinə düşər ki, 2020-ci il dekabrın 14-də zəngin tarixi ənənələrə malik bu qocaman ali təhsil ocağının yaradılmasının 100 ili tamam olur.

 

 

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC

Hidrogeoloji-Meliorativ Xidmət

İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 6 may.- S.6.