Heydər Əliyevin həyatı və fəaliyyəti
xalqa xidmət simvoludur
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası ildən-ilə güclənir və inkişaf edir. Bu inkişafın təməli çox möhkəm, etibarlı və uzunömürlüdür. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarə etmək bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Heydər Əliyev şəxsiyyəti hələ də tam öyrənilməmiş bütöv bir dünyadır. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü optimal çıxış yolu tapmaq bacarığı ulu Tanrının ona bəxş etdiyi vergi idi. Zəmanəmizin görkəmli dövlət xadimi olan ulu öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, ərazi bütövlüyünün qorunması, müstəqil dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi yolunda apardığı müdrik və uzaqgörən siyasəti ölkəmizə həmişə başucalığı gətirib.
Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycan tarixinin 34 illik dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, böyük siyasətçilərin və dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyət nadir hallarda elə dühalar da yetişdirir ki, onlar özləri bütöv bir salnamə, tarix yaradır, həm ölkə daxilində, həm də regionda və dünyada cərəyan edən prosesləri dövlətin və xalqın maraqlarının təmin olunmasına yönəltməyi, başlıcası isə tarixin təkərini nizamlamağı bacarırlar.
Vaxt gələcək, nəsillər bizə məhz ümummilli lider Heydər Əliyevin müasiri olduğumuza görə qibtə edəcəklər. Yalnız bu səbəbdən ki, müdrik xalqımızın ötən əsrdə yetirdiyi bu böyük şəxsiyyətin müasiri olmaq, onun vətən, xalq naminə cahanşümul fəaliyyətinin hər bir mərhələsini izləmək, əslində, Azərbaycanın son yarım əsrlik tarixinin bələdçisi, cığırdaşı olmaq deməkdir. Bu tarixə boylandıqca, bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini dahaaydın görürük. Ulu öndər Heydər Əliyev çağdaş tariximizə təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanıb.
Tarixə öz möhürünü vurmuş bir çox böyük liderlər kimi, ümummilli lider Heydər Əliyevin də siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənir. Ulu Öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanıb, ən böyük dəstəyi xalqdan alıb.
Müstəqil və qüdrətli dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət və alternativsiz milli lider kimi XX əsrin sonlarında Azərbaycanı başının üstünü almış bütün bəlalardan qorudu, onun suverenliyini saxlaya bildi. Həmin dövrdə Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü, siyasi və iqtisadi böhran dərinləşmişdi. Dərin böhranı aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda vardı. Çünki xalq hələ 1969-cu ildə hakimiyyətə gələndən sonra Heydər Əliyevin nəyə qadir olduğunu görmüşdü.
Heydər Əliyev fenomeni dünyanın tanınmış siyasətçi və tarixçilərinin, filosoflarının geniş tədqiqat mövzusudur və onlar belə bir məntiqi sualın araşdırılmasına çalışıblar ki, görəsən ulu Tanrı Heydər Əliyevi Azərbaycana bəxş etməsəydi, bu xalqın taleyi necə olardı? Bu sualın cavabı Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin ifadələrində öz əksini kifayət qədər tapıb: “Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu, xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, de Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək heç kim yox idi. Yaxşı ki, o vardı!”.
Heydər Əliyev yalnız 1993-cü ildə deyil, ondan əvvəlki və sonrakı bütün dövrlərdə — Dövlət Təhlükəsizliyi orqanlarında işlədiyi 40-60-cı illərdə də, Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə də, Moskvada çalışdığı müddətdə də, xalqımızın qəddar düşməni M.Qorbaçovun göstərişi ilə SSRİ rəhbərliyindən xaincəsinə uzaqlaşdırıldığı və ciddi təzyiqlərə məruz qaldığı o ağrı-acılı günlərdə də, 88-93-cü illərin təlatümlü hadisələrində də, Naxçıvandakı fəaliyyəti illərində də, Azərbaycanın öz müstəqilliyini möhkəmləndirdiyi və ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoyduğu vaxtlarda da, bir sözlə, həyatının son 60 ilinin hər saatında, hər anında millətimizə, sözün həqiqi mənasında lazım olub. Heydər Əliyevi bəşəriyyətin digər dahi şəxsiyyətlərindən fərqləndirən, onu xalqımızın bir neçə nəslinin sevimlisinə, inam və ümid yerinə çevirən, millətimizin qəlbində müqəddəslik zirvəsinə ucaldan məhz bu fövqəlbəşər insanın xalqı üçün gördüyü işlər və həmişə xalqına lazım olmasıdır.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu tipli epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən öncə, belə bir vacib aspekti önə çəkmək vacibdir ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib. Ulu Öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşəriyyətin beşiyi olan ölkələrdən biri, xalqımızı isə nadir bir irsin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də məhz Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatmasıdır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına qeyri-mümkün kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.
Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar.
Bu gün ola bilsin ki, bizlərdən bir çoxumuz hələ o qədər də dərk edə bilmirik ki, vətənimiz ötən yüzillikdə dünyaya kimi bəxş etmişdir, bu dünyanın pəncərəsindən necə böyük bir insan baxıb keçmişdir. Vaxt ötəcək, nəsillər bir-birini əvəz edəcək, onda hamı bir daha keçmişimizi araşdıranda görəcək ki, Heydər Əliyev böyük və tükənməz düha sahibi kimi ölkəmizin bu günü və gələcəyi üçün nələr etmişdir, necə əzəmətli tədbirlər həyata keçirmişdir. O, Azərbaycanın salnaməsində təkrarolunmaz rəhbər, unudulmaz el oğlu, fədakar insan kimi qalmışdır.
Hamımız üçün çox doğma və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın, sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən gələni əsirgəməmişdir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsində, pensiyaçıların, əlillərin, çoxuşaqlı ailələrin, əmək qabiliyyəti olmayan insanların sosial problemləri həmişə onun diqqət və qayğısı ilə əhatə olunmuşdur. Heydər Əliyev ümumxalq məhəbbətini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər onu həmişə yüksək qiymətləndirir, onunla razılaşırdılar. O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq.
Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmışdı. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın Prezidenti olduğu son 10 ildə həyat devizi, amalı idi. Ümummilli Liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb.
Heydər Əliyev respublikamızın hansı bölgəsinə ayaq basıbsa, xalq onu ən əziz adamı kimi qarşılayıb, onun qədəmləri altında qurbanlar kəsib, onun gəlişinə sevinib. Hər bir böyük siyasətçinin qibtə edəcəyi bir ömür yaşadı Heydər Əliyev. O, zəngin, mübarizələrlə və qalibiyyətlə dolu həyatının hər gününü, hər anını doğma xalqına bağışladı. Bu xalqı parçalanmaqdan, məhv olmaqdan, əzilməkdən xilas etdi, onu dünyada layiq olduğu şöhrətə çatdırdı. Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətini qurdu. Bu gənc və zəif dövləti öz qüdrətli əllərilə ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbaycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi.
Azərbaycan dövlətinə müstəqillik, əbədiyaşarlıq, xalqa bəxtiyarlıq bəxş edərək əbədiyyətə qovuşan böyük liderimiz əbədiyaşarlıq qazandı. Nə qədər ki dünyada müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev yaşayacaqdır.
Ümummilli liderimiz, möhtərəm Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaq və qalib gələcəkdir. Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün ən əsas istiqamət isə ümummilli liderimizin siyasi kursuna axıradək sədaqətli olmaqdır. Ümummilli Liderimizin ideyalarının təntənəsi yolunda ləyaqətlə çalışmaq, müstəqil Azərbaycanın tərəqqisi naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək, milli birliyə nail olmaq onun xatirəsinə ən böyük ehtiramdır.
Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycanın və regionumuzun yeni praqmatik lideri, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində, ondan sonrakı çıxışlarında xalqa vəd edib ki, Heydər Əliyev siyasətini davam etdirəcəkdir. Çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi: “Mən ondan çox şey öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şey əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir. Ona görə mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Müstəqil Azərbaycanın inkişafında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasının yaradılması da ümummilli liderimizin xalqı qarşısında əvəzsiz xidmətlərindəndir. Ulu Öndərin 1992-ci ildə hələ Naxçıvanda ikən Azərbaycan ziyalılarının böyük bir hissəsinin çağırışına səs verərək Yeni Azərbaycan Partiyasını yaratması zərurətdən doğan bir hadisə kimi ölkəmizin taleyində önəmli rol oynadı. Möhtərəm Heydər Əliyev tədqiqatçılara, siyasi elmlər sahəsində araşdırma aparanlara məsləhət görürdü ki, tədqiqat aparsınlar, başqa partiyalara YAP-ın proqramını müqayisə etsinlər. Onda fərqi də görər, Yeni Azərbaycan Partiyasının Naxçıvanda, ağır şəraitdə yazılmış proqramında müstəqil Azərbaycanın dövlətçiliyinin, xarici və daxili siyasətinin əsaslarını, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında yaranması və qurulması müddəalarının hamısını orada tapa bilərlər.
Təsadüfi deyil ki, 1992-ci ilin sonlarında, 1993-cü ilin əvvəllərində ovaxtkı iqtidarın bütün təzyiq və maneələrinə baxmayaraq, Bakıda və Azərbaycanın digər bölgələrində YAP-ın ilk təşkilatları formalaşdı. Heç bir il keçmədən Yeni Azərbaycan Partiyası və onun dahi rəhbəri, lideri Heydər Əliyev respublikamızda yaranmış siyasi-iqtisadi, sosial böhranın, vətəndaş müharibəsinin aradan qaldırılması vəzifəsini öz üzərinə götürdü. YAP-ın gücü dünya səviyyəli siyasi-ictimai xadim Heydər Əliyevdə, bu dahi şəxsiyyətə sonsuz ümumxalq məhəbbətində öz təcəssümünü tapmışdı. Odur ki, qısa zamanda onun sıraları mətin, vətənpərvər insanlar hesabına yüz minləri keçdi, monolit və sarsılmaz qüvvəyə çevrildi.
Bu gün Yeni Azərbaycan Partiyası regionumuzun yeni praqmatik lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni, daha yüksək zirvələri fəth etməyə doğru inamla irəliləyir, Yeni Azərbaycan Partiyasının rəhbərliyi partiyanın daim yeniləşməsinə və güclənməsinə mühüm önəm verir. Çünki bu partiya, eyni zamanda, Heydər Əliyev siyasi irsinin ideoloji bazasını təşkil edən güc mərkəzidir.
Ümummilli Liderimizin bizlərə ərməğan qoyub getdiyi gərgin irsi bu gün də, sabah da, gələcəkdə də daim öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütun dirəkləridir. Məhz qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızın elə bir sahə və istiqamətini tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin izi, hərarəti duyulmasın. Ulu Öndərimizin hələ on səkkiz il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu bu gün öz möhtəşəm bəhrələrini verir.
Ulu öndər Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Onun formalaşdırdığı və həyata keçirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, dünya azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə, həmrəylik nümayiş etdirməsinə səbəb olmuşdur.
Təsadüfi deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul” — adlandırıb. Rusiya Xalqları Assambleyasının sədri Ramazan Abdullatipov demişdir: “O, elə nəhəng adamdır, elə çoxşaxəli və intəhasızdır ki, bu dahi insanın Qafqazın tarixindəki rolunu yalnız əlli ildən sonra anlamaq və dərk etmək mümkün olacaq”.
Bu gün ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədilə 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib.
Ulu Öndərin adını daşıyan Fond milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına xüsusilə köməklik göstərib. Bununla yanaşı, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirlər, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələr Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Mehriban xanım rəhbərlik etdiyi Fond uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirib. Ona görə də Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilib.
Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, ölkənin birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında daim mühüm və fəal rol oynayır. Mehriban xanımın vaxtilə Milli Məclisin deputatı kimi də çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir. O, təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, vaxtilə fəal deputat kimi də seçiciləri ilə daim təmasda olub. Mehriban Əliyevanın fəaliyyətində yaddaqalan məqamlardan biri də onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Bu təşəbbüslərin dövlət başçısı İlham Əliyev tərəfindən dəstəklənməsi sayəsində minlərlə məhbus azadlığa qovuşub. UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkə daxilində və xaricində mühüm layihələrə imza atan Mehriban Əliyeva Azərbaycanın birinci xanım statusunu da şərəflə daşıyıb. Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai, sosial, mədəni həyatını əhatə etməklə tükənmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Qadın gözəlliyinin zərif örnəyi olan Mehriban Əliyeva bütün dünyaya xeyirxahlığın zirvə nümunəsini sərgiləməkdə davam edir. Ən parlaq işlər isə hələ qabaqdadır. Onun getdikcə yeni çalar qazanan ictimai-siyasi fəaliyyəti bunu diqtə edir. Burada Prezident cənab İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür: “O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaqdır.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli Liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi konsepsiyalarını işləyib hazırlayıb, onların dönmədən həyata keçirilməsini təmin edib. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Xalqımızı Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident cənab İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.
İnanırıq ki, dövlətimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunu yeniləşdirərək əzmlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik və idarəçilik bacarığı, rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək. Ulu öndər Heydər Əliyevin Azərbaycan dünyaya bir günəş kimi doğacaqdır” devizi artıq gələcəkdən çox bu günün reallığıdır.
Aydın QASIMOV,
Hüquq elmləri
doktoru, professor.
Respublika.- 2020.- 7 may.- S.3.