Ulu öndər Heydər Əliyev
müasir Azərbaycan dövlətinin qurucusudur
Azərbaycan xalqının ən böyük tarixi şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin bütün həyatı, fəaliyyəti doğma xalqına və vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Zəmanəmizin bir çox görkəmli dövlət xadimləri ulu öndərin müdrikliyinə, qətiyyətinə, fitri istedadına, idarəçilik qabiliyyətinə, insani keyfiyyətlərinə pərəstiş etdiklərini, hətta bəziləri həsəd apardıqlarını gizlətməmişlər. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin dünya birliyində özünəməxsus yer tutması ümummilli liderin uzaqgörən siyasətinin bəhrəsidir.
Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımı xalqımın bu günü və sabahı ilə yaşamışam” - söyləyən bu böyük şəxsiyyətin həyat amalı bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi, mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqına arxalanıb.
Dövlət o vaxt güclü və qüdrətli olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlaladan hifz edib, qoruyub. Ulu öndərin bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən ictimai-siyasi proseslərdə qazanılan uğurlar Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanıb. Bu dahi insan Azərbaycanı qüdrətli bir dövlət, xalqını isə güclü bir millət kimi formalaşdırmaq üçün son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq və yaradıcılıq salnaməmizə ən parlaq səhifələr kimi daxil olub. Əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli ötən əsrin 70-80-ci illərində qoyulmuş güclü sosial-iqtisadi bazaya və intellektual potensiala söykənir. Məhz o illərdə ölkəmizin gələcəyi üçün mühüm addımlar atılıb, infrastruktur yenilənib, neft sənayesi yenidən qurulub, nəhəng kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma müəssisələri yaradılıb, elmi-mədəni tərəqqiyə nail olunub, ölkəmizin iqtisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirib. Ulu öndər yeni inkişaf strategiyası müəyyənləşdirib və az vaxtda onu həyata keçirib.
Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Bakıya gələrək Ali Sovetin sədri, 1993-cü il oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə tabe olaraq 1993-cü ildə respublika rəhbərliyinə qayıtmaqla ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, milli dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı idi.
Azərbaycan dövlətçiliyinin qurulması, milli müstəqilliyimizin və milli azadlığımızın, milli-mədəni dəyərlərimizin qorunub saxlanılması, ölkəmizdə hüquqi demokratik dövlətin yaradılması, milli ordunun formalaşması, ictimai-siyasi, makroiqtisadi, makromaliyyə, sabitliyinin bərqərar olması, cəmiyyətin bütün sahələrində köklü islahatlar aparılması, “Əsrin müqaviləsi”nin bağlanması, tarixi İpək Yolunun bərpası istiqamətində aparılan işlər, sahibkarlıq fəaliyyətinin genişlənməsi ölkəmizdə investisiya qoyuluşunun geniş vüsət alması, Neft fondunun yaradılması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və deyiləsi o qədər möhtəşəm işlər var ki, onlar yalnız Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Bu gün həmin hadisələrin fonunda Heydər Əliyev dühasının qüdrəti, əzəməti aydın duyulur. Biz - indiki nəsil, ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərinin bilavasitə iştirakçılarıyıq.
Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir. Fəlakət qarşısında qalan Azərbaycan ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtulmuş, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrilmişdir. Dünya siyasətçiləri arasında öz yeri olan ulu öndər böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qoruyucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail olmuşdur. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorumuş və möhkəmləndirmişdir.
Sevindirici haldır ki, xalqın mütləq etimadını qazanan Prezident cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi və siyasi strategiyanı uğurla davam etdirir. Bunun nəticəsidir ki, ölkəmiz dünya birliyində Cənubi Qafqazda lider dövlət kimi tanınmışdır. Xalqımızın ümummili lideri Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi Azərbaycanın milli dövlət müstəqilliyinə əbədi təminatdır. Azərbaycan Prezidenti İlham Əliyev hər addımda xalqımızın milli maraq və mənafelərini uca tutur.
Emma ASLANOVA,
Əməkdar müəllim,
Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri,
dosent.
Respublika.- 2020.- 8 may.- S.10.