Ulu öndərin siyasi kursu ölkəmizin dinamik inkişafının əsasıdır

 

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev müasir tariximizin parlaq səhifələrini yazmış, ölkəmizin inkişaf salnaməsində dərin iz qoyaraq, sözün həqiqi mənasında, onu qurub-yaratmışdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə çağdaş tariximizdə keyfiyyətcə yeni dövrün, müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu.

Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur. Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasiiqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur.

Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində nların rluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, - deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək çətindir. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır...

Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamentalhumanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

Məhz buna görə də ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründəki illər Azərbaycanın tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, kinoteatr, klub, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Mədəniyyətin bütün sahələrində görünməmiş uğurlar qazanıldı. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş yetişdi. Onlara fəxri adlar verilməsi, Bakıda və Moskvada yubileylərinin keçirilməsi ənənə halını aldı.

Ulu öndər Azərbaycanın elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafını düşünərkən bu sahədə fəaliyyət göstərən insanların əməyinə də böyük qiymət verir, onlara böyük hörmətlə yanaşırdı. Ulu öndər bütövlükdə sovet dövrü Azərbaycanının mədəniyyət xadimlərinin fəaliyyətini yüksək dəyərləndirərək deyirdi ki, o illər (yəni-sovet dövrü) mədəniyyətimizdə, ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, F.Əmirov, A.Məlikov kimi dahi bəstəkarlarımız yeni əsərlər yaratmışlar. Cəfər Cabbarlı kimi dahi yazıçımız Azərbaycan xalqına böyük ədəbi töhfələr vermişdir. Ədəbiyyatımızda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi böyük şəxsiyyətlər yetişmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir”.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ulu öndər haqqında fikirlərini belə bildirmişdir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türkdünya tarixində şərəfli yer tutmuşdur”.

Müasir dünya tarixində yaradıcı iz qoymuş tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir. Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir.

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

Müasir Azərbaycanın ötən əsrin son onilliyində yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağırışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.

Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ölkəmizin qədəm qoyduğu yeni ictimai-iqtisadi formasiyanın əsas atributlarından sayılan sahibkarlıq sinfinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Ulu öndərin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri ardıcıl və sistemli surətdə yerinə yetirmişdir.

Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss eləsin” - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin ötən illərdə ölkədə apardığı genişmiqyaslı islahatlar, respublikamızı bölgədə və bütövlükdə Avroatlantika məkanında nüfuzlu dövlətə çevirməsi həm daxildə, həm də xaricdə ciddi siyasi dəstək almasına zəmin yaradıb. Bir vaxtlar qeyri-mümkün kimi görünən transmilli layihələrin real həyata vəsiqə alması, paytaxt və regionlarımızın sürətlə abadlaşması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması məhz bu zaman kəsiyində reallaşıb.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yaşamaq heçbütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır.

Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və müdrik rəhbərliyi qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini daha da möhkəmləndirəcəkdir.

Hazırda respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və ideoloji həyatının bütün istiqamətlərində olduğu kimi, aqrar sektorda da ulu öndərimiz Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilməkdədir. Bu ardıcıllıq və prinsipiallıq isə Azərbaycan Respublikasının dinamik inkişafının əsasıdır.

 

Möhüb BABAYEV,

37 nömrəli uşaq musiqi

məktəbinin direktoru.

 

Respublika.- 2020.- 8 may.- S.12.