Türkiyə-Azərbaycan qardaşlıq körpüsü dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərində olan, ölkəmizin təbii zənginliyinə və geostrateji mövqeyinə üstünlük verən dövlətlər bir-birinin ardınca müstəqilliyimizi tanımağa başladılar. Beləliklə, 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyi Türkiyə Böyük Millət Məclisi tərəfindən də tanındı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur.

Azərbaycan və Türkiyə ortaq milli-mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlətdir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsi Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir.

Türkiyə Respublikasında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yeni formasının ortaya çıxması və davamlı inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı hər kəsə məlumdur və insanlar bunu böyük qürurla xatırlayırlar. Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün önəmli hadisə idi. Çünki həmin dövrdə məkr və küdurətdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu.

Heydər Əliyev TBMM-dəki nitqində qardaş ölkələrin ortaq tarixi irs üzərində gələcəyə birgə addımlayacağını vurğulamışdı: Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət, iki dövlət” mərhələsinin əsasını qoydu. Bundan əvvəl isə iki qardaş xalq və ölkə arasında “Ümid körpüsü” adlı daha bir tarixi dastan yazıldı.

1992-ci il mayın 28-i dili, dini, mənəviyyatı, ruhu bir olan iki xalqın bir-birinə qovuşdurulması, yurddan-yurda, könüldən-könülə körpü salınması və ən nəhayət, ağır blokada vəziyyətində boğulan bir diyarın - Naxçıvanın nəfəs alması, mənfur düşmən önündə əyilməməsi və yaşaması üçün atılan önəmli bir addım baxımından tarixə qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan-Türkiyə sərhədində salınan, rəmzi adı “Ümid körpüsüolan həyati bir layihə reallaşdırıldı.

1992-ci il may ayının 28-də Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitəsi nümayəndələri ilə birgə Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr, ümumi smeta dəyəri 5 milyon manat olan yeni körpünün - “Ümid körpüsünün açılışını gerçəkləşdirmək üçün Naxçıvana gəldi. Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək demişdi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdurolacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik”.

Həmin dövrdə Naxçıvan MR Ali Məclisinin sədri olan, ulu öndər Heydər Əliyev “Ümid körpüsünün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarla Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etdi.

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda üzərində təşəkkül tapdı. O, Azərbaycana rəhbərlik etdiyi 10 ildə dəfələrlə Türkiyədə səfərlərdə olmuş, Türkiyənin dövlət və hökumət rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. Bu təmaslar müxtəlif beynəlxalq və regional tədbirlərdə də davam edirdi. Təkcə bir faktı qeyd etmək yetər ki, Heydər Əliyev on illik prezidentliyi dövründə xarici ölkələrin rəhbər şəxsləri ilə 500-dən çox görüş keçirmiş, bu görüşlərin təxminən 100-ü Türkiyənin payına düşmüşdü.

Bu intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti sıx koordinasiya içində bir-birini tamamlayırdı. Azərbaycan müstəqil dövlət quruculuğunda üzləşdiyi çətinliklərdə hər zaman Türkiyəni yanında gördü, eyni zamanda, atdığı addımlarda, həyata keçirdiyi iqtisadi layihələrdə daima Türkiyəni göz önündə tutdu.

Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə isə ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu.

Onun ardınca Bakı-Tbilisi-Ərzurum qaz xətti istifadəyə verildi. Hazırda inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycan-Türkiyə əlaqələrinə deyil, eləcə də Mərkəzi Asiya respublikalarının Xəzər və Azərbaycan üzərindən Türkiyəyə bağlanmasına, Avropa-Asiya nəqliyyat dəhlizinə tarixi töhfə olacaq.

Bu gün ölkəmizin Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərinə, həmin respublikaların Türkiyə ilə əməkdaşlıq mənzərəsinə, ortada olan layihələrə nəzər salsaq, onların hamısında Azərbaycanın təşəbbüslərini, Heydər Əliyevin müəllifliyini qeyd edə bilərik.

Türkiyədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və böyük hörmət əlaməti olaraq sözügedən ölkənin bir sıra şəhərlərində dahi öndərin abidə-kompleksləri ucaldılmış, ulu öndərin adına parklar salınmış, məktəb və liseylər açılmışdır. Bu hisslər Türkiyə bələdiyyələrinin fəaliyyətində də özünü büruzə vermişdir. Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə-kompleksinin yaradılması, mövcud parklardan birinə ümummilli liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyev adına Universitetin açılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması, Ankara, İzmir, Qarsİstanbulda dahi liderin xatirəsini əbədiləşdirmək üçün salınan park və abidə-kompleksləri bir daha türk dünyasının Heydər Əliyev şəxsiyyətinə verdiyi ən böyük dəyər hesab edilir. Beləliklə, Azərbaycan-Türk birliyi var olduqca bu adda abidə və parkların sayı da durmadan artacaq.

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 8 may.- S.13.