Dünya miqyaslı fenomenal şəxsiyyət
və dövlət xadimi
Hər
bir xalqın tarixinin həlledici mərhələlərində
meydana çıxan liderlər şəraitə uyğun
mükəmməl dövlətçilik konsepsiyasını
yaradır, sonrakı dövr üçün də siyasi
varislik ənənəsini formalaşdırırlar.
ümummilli lider Heydər Əliyevin anadan olmasından 97 il
ötür. Hər ötən il Heydər
Əliyev dühasının böyüklüyünü,
möhtəşəmliyini bir daha üzə
çıxarır. Zaman Heydər Əliyevin
siyasi baxışlarına daha dərin məna
qazandırır, onun Vətənimizin bu günü və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu
daha aydın göstərir. Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən
gözlənilməz dəyişikliklər və bütün
bu təlatümlərin fövqündə dayanan müasir
milli dövlətçiliyimiz əsası ulu öndər tərəfindən
qoyulmuş siyasi kursun rasional əsaslar üzərində,
mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir. Böyük
siyasi xadim kimi Heydər Əliyevin keçdiyi həyat yolu və
bütöv bir xalqın gələcəyini müəyyən
edən uğurlu siyasi kursun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılmışdır. Bu
araşdırmalarda Heydər Əliyev yeni tarixdə
xalqımızın yetişdirdiyi ən böyük düha
sahibi kimi öyrənilir və səciyyələndirilir.
Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin
qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə,
dövlət rəhbərləri ilə bir sırada nəzər
salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirir. Məhz bu
rakursda biz Heydər Əliyevi bütün ömrü boyu
müasir dünya siyasətinin qaynar məkanında, onun
yaradıcıları və yönləndiricilərinin ön
sıralarında görürük. Xüsusən,
dünya şöhrətli siyasətçi Heydər
Əliyevin sovet dövrünün son illərində, kommunist ideologiyasının
çöküşü fonunda yürüdülən
Qorbaçov siyasətinə qarşı çıxması və
heç kim tərəfindən
anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən
imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yüksək vəzifəli
yeganə sovet dövlət xadimi kimi tanıtmışdır.
Bütün siyasi karyerası boyunca Heydər
Əliyevə qarşı qısqanc münasibətin,
zaman-zaman edilən xəyanətlərin kökündə də
məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun “təhlükəsi” dayanırdı.
SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail
Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı. Baxışları isə zəmanəsinin
fövqünə yükəlmiş Heydər Əliyev təkcə
gələcəyi görmür, həm də onu
yaradırdı: sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edirdi. Heydər Əliyevlə müqayisədə onunla
eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək
pilləsində qərarlaşmış siyasətçilər
- Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət
tarixində uğursuz, unudulmuş fiqurlar kimi
görünürlər. Eyni siyasi
piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli
pilləsində dayanmış Heydər Əliyevin o
zamankı və sonrakı həyat yoluna nəzər
saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər
Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də
Sovet İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və
yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə
fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Sovet
İttifaqının süqutundan sonra müstəqilliyini bərpa
edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu,
regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə
başçılıq etmiş şəxslərin seçdikləri
siyasi xətlə birbaşa bağlıdır. Bunu postsovet ölkələrinin keçmiş rəhbərlərinin
fəaliyyəti və həmin ölkələrin
bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha
aydın görmək mümkündür. Belə
bir müqayisədə də fenomenal şəxsiyyət olan
Heydər Əliyevin siyasəti öz möhtəşəmliyi
ilə üzə çıxır.
Artıq tarix Heydər Əliyevin müasiri olmuş sovet
rəhbərlərinin, dünyaya hökm edən “Siyasi
büro” tərkibində olmuş bütün siyasətçilərin
adlarını yaddaşlardan silmişdir. Onlardan
heç birinin siyasi irsi yeni, müstəqil bir dövlətin
həyat yoluna çevrilmədi. Dünya
inkişafının perspektivini aydın görən, ona
doğru addımlayan və ölkəsini, xalqını ona
doğru istiqamətləndirən Heydər Əliyevin
uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasını təmin edərək
onun müstəqilliyini əbədi və dönməz etdi.
Hadisələrin sonrakı inkişafı da
göstərdi ki, sonuncu sovet liderləri arasında postsovet məkanında
müstəqilləşmə epoxasının zərurətlərini
duyan və siyasətdə yeni yolun inkişaf istiqamətini dəqiqliklə
cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji
kursunu ərsəyə gətirən yeganə siyasətçi
məhz Heydər Əliyev olmuşdur.
Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət olaraq, regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxmışdır. Keçən əsrin
60-cı illərinin sonundan başlayaraq Azərbaycanda baş
verən köklü dəyişikliklər məhz Heydər
Əliyevin dəqiq hədəflərə istiqamətlənmiş
məqsədyönlü fəaliyyəti və siyasi iradəsi
ilə baş verirdi. Təsadüfi deyil ki, məhz onun rəhbərliyi
dövründə ilk dəfə olaraq milli dövlətçilik
təfəkkürünə malik olan yerli milli kadrlar
hazırlandı və ali hakimiyyət
orqanlarında yerləşdirildi. Azərbaycanlı
mütəxəssislər sovet coğrafiyasının
bütün koordinatlarında işləməyə,
yaşamağa və tanınmağa başladılar. Azərbaycan
iqtisadiyyatı on beş “zorən müttəfiq”
respublikanın sırasında axırıncı yerlərdən
sürətlə irəliləyərək ön sıralara
yaxınlaşdı. Elmdə, incəsənətdə
xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin
bütün ərazisində tanındı və bu ucsuz-bucaqsız
ərazini məskunlaşdıran çoxsaylı millətlər
tərəfindən sevildi. Başqa cür gələcəkdə
“Sovet Azərbaycanı”nın içərisindən
“Müstəqil Azərbaycan Respublikasını” yetişdirmək
mümkün olmazdı. Hələ kommunist
ideologiyasının inadkarlıqla xalqları və millətləri
boğduğu bir şəraitdə qeyri-slavyan mənşəli
bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng
bir ölkənin ali siyasi hakimiyyətində
təmsil olunması özü nə qədər çətin
idisə, onun həmin mövqedə öz yurdunun milli mənafeyi
naminə çalışması da bir o qədər çətin
və demək olar ki, qeyri-mümkün idi. Belə
təzadlı bir dövrdə bütün sovet sistemindəki
bu qeyri-mümkünlüyü gerçək edən yeganə
siyasətçi məhz Heydər Əliyev oldu. Sovet İttifaqının o vaxtkı dövlət rəhbərlərindən
heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər
qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və siyasi kursu
yeni, müstəqil bir dövlətin həyat yoluna
çevrilmədi. Heydər Əliyev həyatının
“olum” ilə “ölüm” arasında uzun müddət davam edən
mücadilə səhifəsi Qələbə ilə başa
çatdı. Həyatın yeni səhifəsi
açıldı, yeni mübarizə başladı. Bütün addımlarında öz xalqına, onun
istedadına arxalanan və həqiqəti dərindən duymaq
qabiliyyətinə malik olan Heydər Əliyev müstəqil
Azərbaycan dövlətini onun tarixi ənənələri və
çağdaşlıq prinsipləri əsasında
qurmağın tarixi missiyasını da şərəflə
yerinə yetirdi. Ulu öndər
parçalanan Azərbaycanı bütövləşdirərək
regionun ən nüfuzlu dövlətinə çevirdi.
Müstəqillik dövründə Azərbaycan məhz
Heydər Əliyevin əsasını qoyduğu milli təməl
üzərində, onun siyasi iradəsi ilə öz milli-tarixi
ənənəsindən ayrılmadan suveren dövlətçiliyin
təkamül prosesinə başladı, qlobal siyasi situasiyaya
adaptasiya olunaraq, beynəlxalq münasibətlər sistemində
öz yerini tutdu. İki fərqli tarix, iki fərqli cəmiyyət
məhz Heydər Əliyevin simasında və fəaliyyətində
birləşdi, dövlətçiliyimizin əbədiliyini,
sarsılmazlığını və dönməzliyini təmin
etdi. Heydər Əliyev, sözün əsl
mənasında, siyasətdə “qələbə” simvoluna
çevrildi.
Azərbaycan
tarixinin ən mükəmməl şəxsiyyəti
olduğunu ali məramı və misilsiz
xidmətləri ilə sübut etmiş Heydər Əliyevin
siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci
yarısı ilə bağlıdır. Bütövlükdə,
XX əsr bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların
qaçılmaz olduğu və eyni zamanda, dünya
inkişafına təkan verən proseslərin
yaşandığı qlobal ziddiyyətlərlə dolu
dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər
dünyanın bugünkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı, həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə, bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi. Bəşəriyyət
məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya
keçid aldı. XX əsrin tarixi məhz
şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz
bir dövr oldu. Bu tarixi
Çörçillsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və
eləcə də Heydər Əliyevsiz təsəvvür etmək
mümkün deyil. Tarixi sınaqlar
qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən
böyük siyasi məharət hesabına
çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər
XX əsrin müxtəlif dövrlərində təkcə
öz ölkələrinin deyil, həm də regionun və bu
regionda yaşayan xalqların tarixində dönüş
yaratmağa nail olmuşlar. Müasir
dünya tarixində yaradıcı iz qoymuş tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı
üçün və bəzi hallarda isə həmin siyasi
xadimləri belə üstələyən keyfiyyətlərə
malik olduğu üçün Heydər Əliyev dünya
miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı,
Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir
çox siyasətçi müasirlərindən fərqli
olaraq təkcə öz dövrünün deyil, daha geniş
zaman çərçivəsində baş verən
ictimai-siyasi proseslərin axarını müəyyən edə
bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin
rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının rifahını, milli dövlətçiliyimizin
daha da güclənməsini hər şeydən üstün
tutan vətənpərvər lider idi. Xüsusilə,
ömrünün son on ilində ulu öndərin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər
zəngin oldu. Xarici ölkələrə
etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev Yeni Azərbaycanın əsasını qoydu.
İstənilən xarakterli böhrandan sabitliyə
keçidin uzunmüddətli və ağrılı proses
olduğu şübhəsizdir. Heydər
Əliyevin siyasi dühasının böyüklüyü isə
onda idi ki, uzaqgörən siyasi gedişləri ilə
bugünkü sürətli inkişafımızın
kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda
yorulmaz fəaliyyətini bir an belə
dayandırmadı. Yalnız Heydər Əliyevin
güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl
gətirə biləcək məsələlərdə
tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda
yanaşmanı dəyişdi. Məhz onun
yorulmaz səyləri nəticəsində Azərbaycan
konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və
regional müstəvidə sabit və davamlı inkişaf vəd
edən bərabərhüquqlu tərəfdaş kimi
tanınmağa başladı.
Qüdrətli lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında xidmətləri, regionda sabitliyin
bərqərar olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”. Bu fikirlər Heydər
Əliyev tərəfindən yürüdülən siyasətin
ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan
verdiyini ifadə etməklə yanaşı, ümummilli
liderimizin bütövlükdə regional müstəvidə kəsb
etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan
fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük
Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik amilini xüsusilə vurğulamışdı: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu
irs ilə fəxr edə bilər”. Qardaş Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev
şəxsiyyətinə Azərbaycan, region və
ümumdünya kontekstində yanaşaraq bildirmişdir: “Heydər
Əliyev Azərbaycanın xoşbəxtliyi və
firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur”. Doğrudan da, Heydər Əliyev
öz xalqının tarixi köklərinə bağlı olan
elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti
ərzində türk dünyasının birliyinə,
bütövləşməsinə və vahid güc mərkəzinə
çevrilməsinə böyük inam bəsləmiş və
bu prosesin də davamlı inkişafına
çalışmışdır. Dünya
miqyaslı siyasət və dövlət xadimi kimi Heydər
Əliyevin şəxsiyyəti və irsi o qədər zəngindir
ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız
fəaliyyətinin geniş okeanına çıxa bilirsən.
Öyrənildikcə öyrənilən,
heç zaman tükənməyən Heydər Əliyev irsi,
onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaq. Bu siyasət, hər
şeydən əvvəl: uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz
bu siyasət hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətlər Heydər Əliyev
yolunu qlobal siyasət səviyyəsinə yüksəldir və
onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir. Zaman keçdikcə bu bənzərsiz
tarixdə oynadığı əhəmiyyətli rol daha dərin
məzmunda, konseptual şəkildə açılacaq.
Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Heydər Əliyev müasir Azərbaycanımızın
qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına əsaslanan
geniş spektrli fəaliyyəti ilə bəşər
tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir! Bu gün Heydər Əliyevin timsalında bir
insanın öz düşüncələri və əməlləri
ilə öz həyatını bütünlüklə
doğma xalqına həsr etməyin nadir nümunəsi
göz önünə gəlir. Heydər
Əliyevin zamanla ayaqlaşmayıb, bir çox hallarda
zamanın özünü belə çəkib irəliyə
gətirən və yaxınlaşdıran bir şəxsiyyət
olması onun əməli fəaliyyətinin konkret məqamları
ilə təsdiq olunmuşdur. Öz ölkəsini
və öz xalqını hələ o dövrdə içərisində
bulunduğu sovet mexanizminin labirintlərindən məharətlə
keçirərək irəli çıxarmaq və on minlərlə
zəka sahiblərinin uğrunda qurban getdiyi tarixi gələcəyə
- müstəqilliyə qovuşdurmaq üçün möhkəm
özül yaratmaq Heydər Əliyevin bütün fəaliyyətinin
başlıca qayəsi olmuşdur.
Artıq
17 ildən çoxdur ki, Heydər Əliyevin xarizmatik
baxışlarını gündəlik qaynar hadisələrin
əks olunduğu canlı reportajlardan, millətin gələcəyi
üçün taleyüklü məsələlərin
müzakirə olunduğu gərgin müşavirələrdən,
Azərbaycanın haqlı tələblərini dönə-dönə
səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya
səmimi bir təbəssümlə baxan portretlərindən
izləyirik. Lakin siyasətimiz, ideologiyamız və
gələcəyə ümidlərimiz onun siyasi
baxışlarına, onun dəst-xəttinə və onun
öz xalqına olan sonsuz inamına əsaslanır. Şərqdə bir çox “ilk”lərin təşəbbüskarı
və müəllifi olmaqla bəşəriyyətin təkamül
tarixinə öz adını yazmış Azərbaycan bu
gün də əhatəsində yerləşdiyi regionun,
çox qədim zamanlardan geniş Avrasiya məkanında
lövbər salmış möhtəşəm türk
sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir.
Geosiyasi anlamda getdikcə çəkisi artan,
sivilizasiyaların, müxtəlif mədəniyyətlərin
dialoq və qarşılıqlı anlaşma məkanına
çevrilməklə dünya miqyasında daim nüfuzu
yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi
inkişafına öz töhfələrini verməkdədir.
Bu uğurlar ümummilli lider Heydər
Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə,
məqsəd və məramlarına cavab verən siyasi
praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi
böyük bir uzaqgörənliklə müjdələyən
Heydər Əliyev Azərbaycan dövlətinin gələcək
taleyinə nikbin baxışlarını belə ifadə
etmişdi: “Azərbaycan bütün dünyaya günəş
kimi doğacaq”. Bu günəşin istisinə
sığınan Azərbaycan xalqı isə onu bir daha
sönməyə qoymayacaqdır.
Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi” adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyev və Azərbaycan anlayışları eyni tarixi mənəviyyat bioqrafiyasında, eyni taledə ortaqlaşmışdır. Doğrudan da, ulu öndər Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş yolu isə Heydər Əliyevin ideya və əməlləri kimi həmişəyaşar, sonsuz və daimi olacaqdır.
Əlixan ƏLİZADƏ,
“AZ Logistika & Management Services” MMC-nin direktoru.
Respublika.- 2020.- 9 may.- S.4.