Heydər Əliyev - hüquq
islahatlarının banisi
Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur. Ümummilli lider bütün sahələrdə dərin bir irs qoyub getmişdir. Heydər Əliyev siyasətinin istər ölkədə, istərsə də dünya müstəvisində öz ədəbi, öz əxlaqı vardır. Onun nitqi, insanpərvərliyi, hərəkət və davranışları unikal və bütün siyasətçilərə nümunə idi.
ümummilli liderimizin dərin zəkası, xarizması, milli ideallara, adət-ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə həmin dövrdə “Qoy ədalət zəfər çalsın!” şüarını o zamanın ictimai postulatına çevirməyi bacardı. Heydər Əliyev qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi üçün prinsipial addımlar atdı. Doğma xalqının bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisi kimi çıxış edən ulu öndər milli ruh, iradə və özünüdərk meyillərinin ictimai fikirdə möhkəmlənməsinə nail oldu.
Xalqlar tarix boyu öz qüdrətli oğulları ilə öyünür, qürur duyurlar. Uzun illərdir ki, Heydər Əliyevin siyasi kursu bizi aydın sabahlara qovuşdurur. Onun parlaq ideyaları bütöv bir xalqın ilham mənbəyinə çevrilmişdir. O dahi insanın göstərdiyi yol dövlətimizi, xalqımızı zamanın fırtınalarından uğurla çıxarıb zirvələrə aparır. O, bütün şüurlu həyatını doğma xalqının xoşbəxtliyi, qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin var olması, dünyaya günəş kimi doğması uğrunda mübarizəyə həsr etmişdir. Ulu öndər Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevir, insanlarla isti təmasdan, səmimi görüşlərdən sanki tükənməz enerji alırdı. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevə ümumxalq məhəbbətinin əsasında duran bu amil xüsusi rola malik idi.
Hamımıza yaxşı məlumdur ki, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş, cəmiyyətimizdə qanunçuluğun əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimiyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi altına salmışdı. Ulu öndərin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə ölkənin tarixində tamam yeni bir inkişaf dövrünün əsası qoyuldu. Biz bu proseslərin canlı şahidiyik. Ulu öndərin gəlişinə qədər ölkədə xaos və anarxiya pik həddə çatmış, dövlət idarəçiliyi prinsipləri pozulmuş, təsadüfi adamlar hakimiyyətə yiyələnmiş, iqtisadiyyat dağılmış, müharibə vəziyyətində olan, torpaqları işğal altına düşən ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Amma təcrübəli siyasətçi bu çətinliklərin öhdəsindən gəlməyi bacardı.
Azərbaycan cəmiyyətində hüquqi dövlət quruculuğu sahəsində ilk mühüm addım 1995-ci ildə ulu öndərin rəhbərliyi altında müstəqil dövlətimizin Konstitusiyasının qəbul edilməsi oldu. Əsas Qanunda hakimiyyətin bölgü prinsipi, insan hüquq və azadlıqlarının təmin edilməsi, şəxsiyyət azadlığı və toxunulmazlığı, məhkəmə hakimiyyətinin formalaşdırılması və demokratik cəmiyyətdə vətəndaş amilinin qorunması istiqamətləri öz əksini tapmış, bu strateji məqsəd isə hüquqi islahatların aparılmasına təkan vermişdir. Dövlətlə vətəndaş arasındakı münasibətlərdə qanunun aliliyinə xidmət edən “Mülki”, “Cinayət”, “Cinayət-Prosessual”, “Gömrük”, “Əmək” məcəllələri, “Prokurorluq”, “Notariat”, “Terrorizmə qarşı mübarizə”, “Əməliyyat-axtarış fəaliyyəti”, “Polis”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Konstitusiya Məhkəməsi”, “Məhkəmələr və hakimlər”, “Gömrük orqanlarında xidmət”, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunlar qüvvəyə minmişdir.
Ulu öndərimiz tərəfindən 1996-cı il iyulun 18-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” imzalanmış sərəncamlar və həyata keçirilən hüquqi islahatlar dövlətimizin Avropa Şurasına üzvlüyünü təmin etmişdir.
Ümummilli lider Heydər Əliyev o dövrdə Azərbaycanda baş alıb gedən böhranın, siyasi hakimiyyətsizliyin, vətəndaş qarşıdurması və digər xoşagəlməz ünsürlərin qarşısını aldı, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. O vaxt ölkədə dövləti parçalamağa, xarici təcavüzün daha da gücləndirilməsinə yardım etməyə çalışan qüvvələr mövcud idi. Şimal bölgələrində “Sadval” adı altında yaradılan qruplaşmalar bir sıra maraqlı xarici dairələr tərəfindən maliyyələşdirilirdi. Təbii ki, burada bir sıra məqsədlər vardı. İlk növbədə tarixi Azərbaycan torpaqlarında yeni bir separatçı hərəkatın başlanması, silahlı qarşıdurmanın yaranması Azərbaycanın inkişafına maneə törədəcəkdi. Separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və silahla təmin edən həmin xarici qüvvələr isə ulu öndər Heydər Əliyevin siyasi bacarığına yaxından bələd idilər. Onlar bilirdilər ki, Azərbaycanda siyasi sabitliyin yaranması qısa müddət ərzində yeni inkişaf konsepsiyasının hazırlanmasına və Azərbaycanın qüdrətlənməsinə yol açacaq. Məhz bunun qarşısını almaq üçün onlar hər vasitədən istifadə edir, AXC-Müsavat hakimiyyətinin etnik ayrı-seçkiliyi özündə əks etdirən bəyanatlarından ustalıqla istifadə edirdilər.
Dövlətimiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədi ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə geniş sahədə köklü islahatlar aparılmağa başlandı. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə referendum yolu ilə ilk Milli Konstitusiyamızın qəbul edilməsi məhkəmə-hüquq islahatının əsas mərhələsinin başlanğıcı oldu.
Konstitusiyanın qəbulu Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu, hüquqi islahatların aparılmasına zəmin yaratdı. Konstitusiyada demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas komponentlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılması məqsədi ilə məhkəmə-hüquq sisteminin islahatıdır.
1995-ci ildə parlamentə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ölkənin insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT ilə Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci il fevralın 22-də ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. Bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il iyulun 18-də isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Bir məqamı da xüsusilə qeyd etmək istərdim ki, dahi şəxsiyyət Heydər Əliyevin dövlət başçısı imicini şərtləndirən ən başlıca amillərdən biri də bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması idi. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan az sonra əfvetmə institutunu bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvənini, ümid və etimadını artırdı. 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirdi. Bu məqsədlə eyni zamanda məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etdi. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı. İlk növbədə, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini daha da humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi.
Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının aparılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli fərman imzalandı. Ümummilli liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.
İnamla deyə bilərik ki, 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Prezident İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji, kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş demokratiya kursunu inamla davam etdirmişdir. Respublikamız hazırda inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində tərəqqi və intibaha, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna xidmət edən, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan islahatları əzmlə gerçəkləşdirmək imkanı yaradır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyərək qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer tutan respublikamızda xalqın inamlı sabahı baxımından strateji əhəmiyyət daşıyan demokratikləşmə prosesinin sürətləndirilməsi xüsusi diqqət mərkəzindədir.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir. Hüquq sisteminin təkmilləşdirilməsi yüksək iqtisadi inkişafı şərtləndirən və onun ayrılmaz hissəsidir. Eyni zamanda uyğun hüquqi çərçivə təmin edilmədən iqtisadi inkişaf uzunömürlü ola bilməz. Bu qarşılıqlı asılılığı hər mənada dərk edən və idarəçiliyi buna uyğun təşkil edən dövlətlərin inkişafı digərlərindən müsbət mənada xeyli fərqlənir. Hüquqi islahatlarla bağlı son 17 ildə Prezident İlham Əliyevin iradəsi və mövcud nailiyyətlər, tətbiq edilən yanaşmanın səmərəli və düzgün olmasını bir daha təsdiq edir və gələcəkdə bu sahənin inkişafını, iqtisadiyyatın daha da güclənməsini və vətəndaş rifahının artmasını təmin edəcəkdir.
Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı mahiyyət, məzmun və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir. Müdrik liderin ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsinə, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsinə və digər mühüm məsələlərin həll olunmasına hesablanmış fərmanında Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə olunmuşdur.
Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür. Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.
Babək QASIMOV,
Bakı şəhəri, Nizami Rayon
Məhkəməsinin hakimi.
Respublika.- 2020.- 9 may.- S.5.