Müasir Azərbaycanla Ukrayna
dostluğunda ulu
öndərin xüsusi xidmətləri olub
Çağdaş Azərbaycan tarixi dedikdə ilk öncə göz önünə dahi Heydər Əliyev şəxsiyyəti gəlir. O, ömrünün 40 ildən çoxunu xalqımızın rifahının yüksəldilməsinə sərf etməklə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı zirvəsinə yüksəlib. Heydər Əliyev bəşər tarixinin dahilər salnaməsinə əbədi imza atmış müdriklik təcəssümü kimi daxil olub. Onun Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunmasına, qədim adət-ənənələrinin və zəngin mədəniyyətinin inkişaf etdirilməsindəki misilsiz xidmətləri ölçüyəgəlməzdir.
1993-cü ildə xalqımızın təkidli tələbi ilə ölkəmizin xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin dəmir iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində respublikamız parçalanmaq təhlükəsindən, xalqımız isə bir çox bəlalardan xilas oldu. Bu baxımdan ulu öndərin vaxtı ilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı bu gün həyatda öz reallığına qovuşub.
Ümummilli lider ölkəmizə rəhbərlik etdiyi illərdə dünyanın ən aparıcı ölkələri ilə iqdisadi, siyasi, elmi, mədəni, hümanitar və diplomatik əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayıraraq, bu sahədə böyük nailiyyətlər əldə edib. Bu baxımdan Ulu öndərin xalqımız və dövlətimiz naminə apardığı müdrik və uzaqğörən siyasəti Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Belə dövlətlərdən biri də, Azərbaycanın ən etibarlı strateji tərəfdaşlarından biri olan Ukraynadır. Heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Dahi Öndərin SSRİ nazirlər kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna və Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri, o illərdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik, zavod, mədəniyyət və idman komplekslərinin tikintisinə yardımçı olması, xüsusən də Çernobil faciəsinin aradan qaldırılmasında onun göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması, ölkələrimizin GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq etməsi birbaşa ulu öndərin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrük siyasətin nəticəsidir ki, ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi, siyasi, elmi mədəni əməkdaşlıq münasibətləri qurulub. 1997-ci ildə ulu öndər Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasnda müstəsna rol oynayıb. Səfər çərçivəsində Heydər Əliyevlə Ukraynanın 2-ci prezidenti Leonid Kuçma arasında keçirilən tarixi görüş ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edib. Əsasən də Azərbaycanla Ukrayna arasında neft, qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına çevrilib. O zaman ümummilli liderə Ukraynanın ali mükafatı olan “Yaroslav Mudrı” ordeninin və Kiyev şəhərinin fəxri vətəndaşı adının verilməsi birmənalı olaraq dahilik və müdrükliyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir.
Həmin vaxtdan bu günədək ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. Belə ki, ötən dövr ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənmiş və strateji səviyyəyə çatmışdır. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin parlamentariləri bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində ciddi əməkdaşlıq edir, müstəqil dövlətlərimizin gələcək müqəddəratı naminə eyni mövqedən çıxış edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası və GUAM çərçivəsində tərəfdaşlıq edirlər.
Ötən dövr ərzində iqtisadi inkişaf qüdrətinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində böyük nailiyyətlər əldə edib. Bu mənada, inamla demək olar ki, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələr durmadan inkişaf edərək, strateji müttəfiqlik zirvəsinə yüksəlib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək prinsipial məsələlərdə bir-birinə dəstək verirlər. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gün də böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: “Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1995-ci ildə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Əsl dost həmişə çətin anda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukrayna dövlətinə təmənnəsız yardım göstərməklə xalqımıza arxa-dayaq olub. O, Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq Ukraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman ağır sınaqla üzləşən Ukraynanı xilas etmək demək idi. Heydər Əliyev böyük dövlət adamı olmaqla yanaşı, həm də dar günün dostu idi. Bu hər siyasətçiyə xas olan keyfiyyət deyil. Bu baxımdan onun ən çətin məqamlarda Ukrayna xalqına verdiyi dəstək heç zaman unudulmayacaq.” Cənab Kuçmanın dahi öndərimizlə bağlı söylədiyi səmimi fikirləri bu gün Ukraynanın istənilən dovlət və hökumət rəsmilərinin, o cümlədən sadə vətəndaşlarının dilindən eşitmək olur. Məhz Ulu Öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması, onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə “Heydər Əliyev adına Beynəlxalq Sosial Elmlər İnstitutu “nun verilməsi heç də təsadüfi deyil. Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman-zaman bir xalqın qəlbində yer alan əbədi sevginin bariz nümunəsidir.
Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmdə artan nüfuzu ilk növbədə siyasi sahədə, eləcə də ticari-iqtisadi, energetika, tikinti, nəqliyyat, aerokosmik və hərbi-texniki sahələrdə Ukrayna Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Ukrayna və Azərbaycan mədəni-humanitar sahədə də fəal əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın perspektivli olması xüsusi qeyd edilməlidir. İki ölkənin ali məktəbləri arasında sıx əlaqələr bu əməkdaşlığın səciyyəvi cəhətidir. Müstəqilliyimizdən keçən 28 il müddətində Azərbaycanda Ukraynanın, Ukraynada isə Azərbaycanın ən görkəmli dövlət və mədəniyyət xadimlərinin abidələri ucaldılıb. Bu istiqamətdə Bakı şəhərinin Qaradağ rayonunda Lesya Ukrainkanın büstü, Bakı şəhərinin mərkəzində dahi Ukrayna şairi Taras Şevçenkonun abidəsi ucaldılıb. Onların adına park salınıb. İrpen şəhərində isə görkəmli oftallmoloq alim, akademik Zərifə Əliyevanın adına park salınıb. Bu parkda mərhum akademikin şərəfinə abidə ucaldılıb. İrpen şəhərinin mərkəzi küçələrindən biri və 12 saylı orta məktəb akademik Zərifə Əliyevanın adını daşıyır. Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxananın önündə, dahi şairimizin büstü ucaldılıb. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, son 2 ildə Kiyev şəhərinin mərkəzində, Müslüm Maqomayevin və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidələri ucaldılıb və onların adına istirahət parkı salınıb. Göstərilən faktlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanla Ukrayna müstəqillik illərində nəinki iqtisadi, siyasi, həmçinin, mədəni, humanitar sahədə dostluq əlaqələrini möhkəm əsaslar üzərində qurmağa müvəffəq olublar.
Vaxtı ilə ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini uzun əsrlərə hesablanmış hədəf üzərində qurub. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanıb, görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənib.
Möhkəm özül üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafina əsaslı təkan verib. Azərbaycanla Ukrayna arasında bir çox istiqamətlərlə yanaşı energetika sahəsində imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına səmərəli töhvələr verib. Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 130-dan çox dövlət, hökumətlərarası müqavilə, saziş və digər sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış beş sənəd bu hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayıb. Azərbaycan və Ukrayna arasında hərbi-texniki sahədə də səmərəli əməkdaşlıq əlaqələri var. Birmənalı olaraq qeyd etmək istəyirəm ki, ölkələrimiz arasındakı mehriban dostluq əlaqələri, starteji əməkdaşlıq və uğurlu diplomatık münasibətlər birbaşa dahi öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Hər iki ölkənin beynəlxalq arenada qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti də kifayət qədər yüksək səviyyədə qurulub. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib və bu fikrində sonadək israrlı qalacağını bildirib. Azərbaycanda beynəlxalq müstəvidə daima dost ölkənin ərazi bütövlüyünə dəstək verməklə, qarşılıqlı münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsini əsas prioritet kimi qoruyub saxlayır.
Fərəhləndirici haldır ki, bu gün Azərbaycanla Ukrayna arasındakı strateji dostluq əlaqələri bütün sahələrdə inkişaf edir. Möhkəm təməl üzərində qurulan ikitərəfli münasibətlər birmənalı olaraq mehriban dostluğa və səmimiyyətə söykənir. Təbii ki, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukrayna dostluğu getdikcə daha da möhkəmlənəcək. Çünki bu dostluğun və strateji tərəfdaşlığın kökündə dahi Heydər Əliyev ideologiyasının məntiqi dayanır.
Möhsüm QƏDİROĞLU ,
“Respublika” qəzetinin Ukrayna və
Şərqi Avropa ölkələri
üzrə xüsusi müxbiri.
Respublika.- 2020.- 9 may.- S.5.