AZƏRBAYCAN KİTABININ MİNİLLİK TƏRTİBAT TARİXİ

 

İradə Hacı qızı Ələsgərovanın “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” adlı monoqrafiyası Odlar Yurdu Universiteti Elmi Şurasının 19 yanvar 2020-ci il tarixli iclasında (protokol 05) geniş müzakirə olunmuş, mütəxəssis alimlər yüksək rəy söyləmişlər.

Azərbaycan kitabı yaranandan keçdiyi minillik trixi inkişaf yolunun pillə-pillə izlənildiyi, hazırda hazırlanan kitablarla yanaşı, çoxsaylı əski çap və əlyazma kitablarımızın da tədqiqat obyektinə çevrilib araşdırıldığı monoqrafiyada kitab ilk dəfə tədqiqata tək texniki oxu vasitəsi, poliqrafiya məmulatı kimi deyil, yazar, poliqrafiya mütəxəssisləri, elmi, ədəbi, texniki və bədii redaktorların birgə əməyinin məhsulu kimi cəlb edilmiş, kitabı yaradanların funksiyalarının qarşılıqlı uzlaşdırılması aparılmış, onlardan hər birinin vəzifəsi və nəşrdə yeri dəqiqləşdirilmişdir. Kitab tərtibatına dair məsələləri hərtərəfli araşdırıb təhlil edən müəllif, bədii və texniki ifadə vasitələrinin qarşılıqlı uzlaşdırılmasını aparıb bədii tərtibat üsullarının təsnifatını vermiş, nəşrin başlıca tərtibat meyarlarını və maddi-texniki bazanın kitab tərtibatında yerini dəqiqləşdirmişdir.

Əsərdə, kitabın bədii və texniki tərtibat xüsusiyyətlərinin ilk dəfə çap üsullarının texniki imkanları, poliqrafiya texnikası və texnologiyasının inkişaf səviyyəsi, kitab istehsalında istifadə edilən materiallarının texnoloji xüsusiyyətləri ilə əlaqəli araşdırılması həyata keçirilmiş, uğursuzluqları şərtləndirən amillər üzə çıxarılmaqla yanaşı, bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafına əngəl olan çatışmazlıqlar və onların aradan qaldırılması yolları da göstərilmişdir. Bu da müəllifin tədqiqat prosesində əldə etdiyi qənaətlərin kitabçılığın və bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafına təsirini tək elmi yox, həm də təcrübi müstəvidə tədqiq edib dəyərləndirməsinə imkan vermişdir.

Əsərdə, bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafını - kitab nəşri, reklam və yayımını, poliqrafiya materialları istehsalını və bu sahədə kadr hazırlığını təşkil etməyə, eləcə də bütün bu funksiyaları həyata keçirməli olan subyektlər arasında qarşılıqlı əlaqələri tənzimləməyə imkan verən real müddəalar irəli sürülür. Nəşrin “Nəticə” hissəsində yer almış bu təklif və tövsiyələr kitabçılığın və bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin gələcək inkişafına təkan verib, tək kitab tərtibatı sahəsində yox, həm də yazı qrafikası, sənətşünaslıq, standartlaşdırma, texnologiya, kadr hazırlığı, psixofiziologiya, informatika, poliqrafiya materialları istehsalı və s. sahələrdə də gələcək tədqiqatların istiqamətini müəyyənləşdirir. Bu da mövzunun aktuallığını göstərib elmi işin bir çox sahələr üzrə növbəti axtarışlara zəmin hazırlaya biləcək qədər yüksək səviyyədə işlənilmiş fundamental və dəyərli monoqrafik tədqiqat olduğunu təsdiqləyir.

Müəllif kitaba verilən tərtibatda hər bir elementin vahid ardıcıllığa və ahəngə köklənməsi yolu ilə vəhdət yaratmasının zəruriliyini, bu vəhdətin mətnin oxucu tərəfindən yüksək səviyyədə dərk edilməsini təmin edəcəyini isbat edir. Nəşrin oxucu auditoriyasına göstərə biləcəyi təsirin əvvəlcədən hesablanmasının mümkünlüyü isə cəmiyyətdə ictimai rəyin tənzimlənməsinə zəmin yaradır. Bu həm də yazar, redaktornaşirin ictimai rəyə təsir imkanlarının genişlənməsi, onlardan hər birinin statusunun daha da yüksəlməsi, ölkədə sabitliyin qorunub saxlanılması və milli birliyin bərqərar olması, bir sözlə, müstəqilliyini yenidən bərpa etmiş dövlətin daha da möhkəmlənməsi deməkdir. Bir sözlə, müəllif mövcud stereotipləri dağıdıb tək kitabşünaslıq nöqteyi-nəzərindən yox, həm də ideoloji baxımdan strateji əhəmiyyət kəsb edən elmi uğura imza atmış, informasiya məkanına nəzarət mexanizminin (əlbəttə ki, sivil yolla) işlənilib hazırlanmasının və həyata keçirilməsinin reallığını isbata yetirmişdir. Bu da idarəetmə sisteminin ideoloji nöqteyi-nəzərdən təkmilləşdirilməsi yolu ilə cəmiyyətdə olan mənfiliklərin sivil yolla aradan qaldırılması, ölkədə sabitliyin və vəziyyətə nəzarətin tam təmin olunması deməkdir.

Dövlətimizin müdafiə qüdrətinin gündən-günə artması, hərbi büdcənin gücləndirilməsi, sözsüz ki, bizi sevindirir, amma əgər aldığımız və ya istehsal etdiyimiz silahları etibar edə biləcəyimiz gənclərin şüuruna təsir göstərmək şansımız günü-gündən azalsa, bu silahlar bizim, düşmən üzərində qələbəmizi təmin etmək üçün yetərli ola bilərmi? Yaxın tariximizə müraciət edək: öz dövrü üçün ən güclü silah bazasına malik faşist Almaniyası, problemlər girdabında boğulan, primitiv silahlarla silahlanmış SSRİ üzərində qələbə çala bildimi? Belə çıxır ki, kütlənin bütün maddi dəyərlərdən yüksəkdə duran, insanı öz arxasınca göz qırpmadan ölümə belə apara biləcək ideya ilə silahlanması daha önəmlidir. Belə olan halda, niyə çapa hazırlanan nəşrlərin ideya yönümünə və bədii-texniki tərtibatına nəzarəti bu sahədə təhsili, təcrübəsi olmayan şəxslərə etibar edirik? Axı, bizdən çox-çox əvvəllər demokratiya əldə etmiş, zəngin idarəetmə ənənələrinə malik olan dövlətlərdə belə informasiya məkanı təsadüfi şəxslərə etibar edilmir, nəşrlərdə xəlqilik, dövlətçilik, ideyalılıq və s. kimi redaktə prinsiplərinin gözlənilməsinə nəzarət olunur.

Bu gün informasiya məkanının mənəvi dəyərlərimizi maddiyyata qurban verən təsadüfi şəxslərdən təmizlənməsi, milli maraqlarımızı təmin edə biləcək əxlaqlı, mənəvi dəyərlərə sayğı ilə yanaşmağı bacaran bilikli, təcrübəli redaktorların ictimai rəyə təsir imkanlarının artırılması tək ideoloji yox, həm də dövləti əhəmiyyət kəsb edən mühüm strateji məsələdir. Tədqiqat və son vaxtlar respublikamızda baş verənlər, bu sahədə çoxdan öz həllini gözləyən ciddi problemlərin olduğunu təsdiqləyir. İstənilən əsəri yazıb yaymaqda başlıca məqsəd cəmiyyətə buya digər ideyanı çatdırmaq, onu qoyulmuş məsələnin buya digər şəkildə həllinə kökləməkdir. Bu gün çapdan çıxan əsərlərin böyük əksəriyyətində bu prinsipin pozulması və oxucunun yazarın nə istədiyini anlamaqda çətinlik çəkməsi kitabın ən etibarlı oxu vasitəsi imicinioxucular arasında populyarlığını itirməsinə səbəb olur. Bu gün nəşriyyat fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur. Bu fəaliyyətlə məşğul olanların bu sahədə təhsil alıb təcrübə məktəbi keçməsinə nəzarət edilmir. Nəşriyyatların qarşısında ixtisaslaşma tələbi qoyulmur, elmi-ədəbi tənqid yox dərəcəsindədir, kim nə yazırsa, çapa verib dövriyyəyə buraxır. Əksər hallarda nəşrlərin ideya yönümünə, faktların inandırıcılıq dərəcəsinə və düzgünlüyünə, fikirlərin ardıcıllığına və məntiqliliyinə, redaktə prinsiplərinin gözlənilməsinə diqqət edilmir. Ümumiyyətlə, bu sahədə qeyri-peşəkarlıq hökm sürür. Nəticədə, çoxsaylı kitab kütləsi içərisində dəyərli əsəri tapıb müəyyənləşdirməyə səbri çatmayan gənc və hazırlıqsız oxucu kitabdan üz çevirir, şagird dərslikdən oxuduğunu anlamaqda çətinlik çəkir. Bu da, ölkədə savadsızlığın baş alıb getməsinə, gənclərin dini təriqətlərin təsiri altına düşməsinə, intiharların təhlükəli həddə yaxınlaşmasına səbəb olur. Hesab edirəm ki, bu mexanizmin tez bir zamanda işlənilib hazırlanması və həyata keçirilməsi üçün Dövlət Proqramı hazırlanmalı, orada nəşrdə haqqında söhbət gedən orta məktəb dərsliklərinin və s. nəşrlərin məzmun, bədii və texniki tərtibat cəhətdən qiymətləndirilməsi, ali məktəb dərsliklərinin dövlət tərəfindən maliyyələşdirilməsi, onları yazıb ərsəyə gətirə bilən yüksəkixtisaslı mütəxəssislərin əməyinin dəyərləndirilməsi mexanizmləri, nəşriyyatların lisenziyalaşdırılması, ixtisaslaşdırılması, kitabs. nəşri, istehsalı, reklam və yayımını təşkil edib tənzimləyən, nəşriyyat, mətbəə və kitab satışı obyektlərinin fəaliyyətinə, eləcə də, bütövlükdə informasiya məkanına nəzarət mexanizmini işləyib hazırlayan, bütün bu subyektlərin işini bir-biri ilə əlaqələndirib onların fəaliyyətinə nəzarəti həyata keçirən, həmçinin poliqrafiya materialları istehsalını və nəşriyyat-poliqrafiya sahəsində kadr hazırlığının günün tələbləri səviyyəsində təşkilini təmin edə biləcək müstəqil bir qurumun yaradılması, ya da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (ya da Təhsil Nazirliyi) nəzdində fəaliyyət göstərən nəşriyyat şöbəsinə (təsir dairəsini genişləndirmək şərtilə) müstəqil idarə statusunun verilməsi məsələsinin gündəmə gətirilməsi və s. kimi bu gün bu sahədə mövcud olan çoxsaylı problemlərin həlli öz əksini tapmalıdır.

Müəllifin gəldiyi qənaətlər tək nəzəri materiala yox, həm də tədqiqatçının 40 ilə yaxın bir müddətdə bilavasitə Azərbaycanın ən böyük nəşriyyatında çalışıb istehsalatda topladığı zəngin təcrübəyə söykənir. Bunu, onun respublika səviyyəli Elmi seminarda dinlənilən mühazirəsi (“Respublika” qəzeti, 23.12.2012, “Azərbaycan kitabının bədii-texniki tərtibat məsələləri və inkişaf perspektivləri”) və aparılan tədqiqatın “Respublika” qəzetinin ümumrespublika müstəvisinə çıxardığı nəticələri (təklif və tövsiyələrin, müddəaların reallığı) ilə bağlı müzakirələrdə Abuzər Xələfli, Çingiz Əlioğlu, Knyaz Aslan, Lətifə Məmmədova, Bəhruz Axundov, Kərim Tahirov, Mahmud Mahmudov, Əvəz İdrisoğlu, Pərviz Kazımi, Azər Hüseynov, Teymur Əhmədov və digər peşəkar naşir və poliqrafçıların, kitabşünasların yer almış fikirləri və müzakirəyə vurulmuş yekun (“Azərbaycan kitabının taleyi hamını düşündürməlidir”) da təsdiqləyir.

Monoqrafiya, humanitar elm sahəsində yazılan çox nadir elmi-tədqiqat əsərlərindəndir ki, təcrübi istifadəsi genişdir, tətbiqi var, məzmun və forma etibarilə özündə bir sıra sahələr üzrə əhəmiyyətli elmi yenilikləri əks etdirir. Nəşrdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn məsələlərin və işsizlik probleminin həllinə kömək, sahibkarlığa dəstək baxımından da faydalı olan bir sıra iqtisadi, texnikitexnoloji işləmələr yer alır, onların həyata keçirilməsi respublikada elmi-texniki tərəqqinin sürətlənməsinə əhəmiyyətli töhfə verə bilər.

Monoqrafiya, gələcək tədqiqatçılar üçün zəngin material daşıyıcısı sayıla biləcək qədər etibarlı və sanballı elmi-təcrübi mənbə, respublikamızın ali təhsil ocaqlarında milli irsimizi öyrənən tələbələrin - gələcək redaktor və naşirlərin ixtisas səviyyəsini yüksəltməyə xidmət edə biləcək dərslik kimixüsusi dəyər kəsb edir. Nəşrdən hazırda Bakı Dövlət Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərslik (müəllifin eyni adlı proqramı əsasında), dərs vəsaiti kimi də istifadə edilir.

Deyilənlər elmin fərqli sahələrində özünü təsdiqləmiş tarix elmləri doktoru, prof. Abuzər Xələfov, tarix elmləri doktoru, prof. Bayram Allahverdiyev, tarix elmləri doktoru, prof. Qabil Əliyev, tarix elmləri doktoru, prof. Q.Ə.Hacıyev, tarix üzrə fəlsəfə doktoru B.F.Ağayev, siyasət elmləri doktoru Gülzar İbrahimova, filologiya elmləri doktoru, prof. Aqşin Babayev, filologiya elmləri doktoru, prof. Asif Rüstəmli, filologiya elmləri doktoru, prof. Nadir Məmmədli, filologiya elmləri doktoru, prof. Ə.A.Vəliyev, filologiya elmləri doktoru, prof. N.Q.Cəfərov, filologiya üzrə elmlər doktoru, prof. Alxan Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, dos. Əli Əliyev, filologiya üzrə fəlsəfə doktoru, “Xudafərin” qəzetinin Baş redaktoru Şakir Albalıyev, filologiya üzrə fəlsəfə doktoru, dos. Ə.Ç.Ağamirzəyev, sənətşünaslıq üzrə elmlər doktoru, prof. Məryəm Əlizadə, pedaqogika üzrə fəlsəfə doktoru X.T.Ağayeva, texnika elmləri namizədi Cavanşir Rzayev, Naşirlər və Poliqrafçılar Birliyinin sədri, “Təhsil” nəşriyyatının direktoru, dos. Bəhruz Axundov, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayev, “Şuşa” nəşriyyatının direktoru Vasif Quliyev, “Vətən” nəşriyyatının və “Bakı mətbəəsi” ASC-nin direktoru, poliqrafçı alim Şəddat Cəfərov və digər alim və peşəkarların adıçəkilən tədqiqat işinin respublikanın ali təhsil ocaqlarının (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Odlar Yurdu Universiteti) Elmi şuralarının protokollarında, eləcə də, “Azərbaycan” ¹ 145, 08.07.2015 (“Azərbaycan kitabının tərtibat tarixi haqqında yeni əsər”), “Respublika” ¹ 120, 06.06.2015 (Zülfüqar Şahsevənli “Azərbaycan kitabının minillik tərtibat tarixi”), “Kredo” ¹ 28, 07.07.2015 (Şakir Albalıyev “Milli Mətbuatımızın 140 illiyinə dəyərli töhfə”), “Xalq” ¹ 161, 30.07.2015 (“Kitab haqqında kitab”), “525-ci qəzet” ¹ 120, 07.07.2015 (Hikmət Məlikzadə “Kitabçılıqla bağlı sanballı elmi-təcrübi tədqiqat işi”), “Ədalət” ¹ 126, 16.07.2015 (Ənvər Məşədiyev “Yüksək mükafata layiq əsər”), “Respublika gəncləri” ¹ 50, 10.10.2015 (Aqşin BabayevKitab sənətinin yorulmaz fədaisi”), “Şərq” ¹ 200, 31.10.2015 (Rəşad Rzalıoğlu “Kitablar haqqında kitabya elm kitabdan başlanır...”), Respublika” ¹ 120, 56, 12 mart 2016, s. 7 (Şəddat Cəfərov “Dövlət mükafatına təqdim olunan əsər”), “Respublika gəncləri” ¹ 70, 01 aprel 2016, s.10-12 (Mais Hacıyev “Onları siz də tanıyın... Azərbaycanda kitab mədəniyyətinin yaradıcıları: İradə Ələsgərova”), “525-ci qəzet” ¹ 45, 10 mart 2016, s.8 (Nəsir Əhmədli “Azərbaycan kitabçılığının tədqiqinə dəyərli töhfə”), “Yeni təfəkkür” qəzeti ¹ 13 (467), 15 aprel 2016, s.4 (Mahmud Mahmudov “Dəyərli tədqiqat əsəri”), “İki sahil” qəzeti ¹ 83 (6606), 11 may 2016, s.23 (Aygün Səfərova “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”) və b. KİV-də dərc olunmuş məqalələrdə yer almış fikirlər, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası (“Səs” qəzeti ¹ 84/5072, 12 may 2016, s.12. AMEA-da “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” adlı monoqrafiyanın müzakirəsi olub”), “Naşirlər və Poliqrafçılar Birliyi” (“525-ci qəzet” ¹ 88, 18 may 2016, s.2. Nadir Məmmədli “Naşirlər və Poliqrafçılar Birliyində Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi” kitabının müzakirəsi keçirilib”), “Kitab klubu” (“Yeni təfəkkür” qəzeti ¹ 13/467, 18 may 2016, s.4 Rəşad RzaquluoğluKitab klubunda Dövlət mükafatına təqdim olunmuş monoqrafiyanın müzakirəsi olub”) və d. təşkilatlarda keçirilmiş müzakirələrin iştirakçıları: çoxsaylı alim, yazıçı, poliqrafiya mütəxəssisləri, elmi, ədəbi, bədii və texniki redaktorların, jurnalistlərin verdiyi rəylərlə də təsdiqlənir.

Bu gün dünya çapında minillik kitab tərtibatı tarixi ilə öyünməyə haqqı olan millətlər çox deyil. Amma, əfsus ki, bu gün tariximizin ən qürurdoğurucu səhifələrindən biri olan kitab tərtibatı tarixinin təbliği diqqətdən kənarda qalıb. Əlyazmalarımız dünyanın ən məşhur muzeylərini, ən zəngin şəxsi kolleksiyaları bəzəsə də, ölkə xaricində bu mövzuda yazılmış nəşrlərdə bir qayda olaraq onların tarixi ərazimizdə hazırlanması, zəngin tarixi irsimizlə bağlı məlumat verilmir.

Ümid edirəm ki, kitab tərtibatı sahəsində olan boşluğu dolduran bu dəyərli nəşr öz fəaliyyətində milli mədəniyyətimizin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondununonun sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətindən kənarda qalmayacaq: rus, ingilis dillərinə tərcümə edilib zəngin tarixi irsimizə sahib çıxmağımızı reallaşdıracaq. İstənilən xalqın mədəni səviyyəsinin başlıca göstəricisi sayılan, bütün dövrlərdə siyasi-ideoloji mübarizə silahı, təbliğat-təşviqat vasitəsi, ən etibarlı informasiya mənbəyi kimi qəbul olunan kitabın dövlətçilik ənənələrinin möhkəmlənməsinə, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə və onlarda milli təfəkkürün formalaşmasına istiqamətləndirilməsi, yenidən müstəqilliyini bərpa etmiş xalqımızın tarixi köklərinə və milli-mənəvi dəyərlərinə qayıdışını təmin etmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Nəşr, bu mənada milli kitab sənətimizin zənginliyini bir daha təsdiqləyib göstərməklə yanaşı, həm də xalqımızın müstəqillik illərində beynəlxalq aləmdə yeni-yeni formalaşmağa başlamış imicinin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verib milli kitab sənətimizin qədimliyinin, bədii və texniki kitab tərtibatı mədəniyyətimizin rəngarəngliyinin təbliği üçün geniş imkanlar açmış olur. Monoqrafiya, bu mənada, Azərbaycan elminə və mədəniyyətinə verilmiş ən layiqli töhfədir və onun müəllifi İradə xanım minillik kitab tərtibatı tariximizin tədqiqatçısı kimi ən yüksək mükafata layiqdir.

Bütün bunlar, bizə “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixinin Azərbaycan Respublikasının Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tələblərinə tam cavab verdiyini deməyə, nəşri 2020-ci ilin ən sanballı tədqiqatı, ən mühüm elmi nəticəsi kimi dəyərləndirməyə və Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Hacı qızı Ələsgərovanın Dövlət mükafatına layiq olduğunu komissiya üzvlərinin diqqətinə çatdırmağa əsas verir.

 

Şəddat CƏFƏROV,

Azərbaycanın ilk poliqrafçı alimi.

 

Respublika.- 2020.- 13 may.- S.13.