İnsanların sağlamlığı
keşiyində
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müharibə və Əmək Veteranlarının Respublika Xəstəxanasının həkimi Əliyeva Gülşən Əliqulu qızının həyat yolu, fəaliyyəti və dünyagörüşü ilə yaxından tanış olduqca, söhbətlərini dinlədikcə, hərəkətlərini müşahidə etdikcə, o, adamın gözündə yüksəldikcə yüksəlir. Bu dəyərli şəxsiyyəti, Azərbaycanın ən yaxşı təbiblərindən birini oxuculara daha yaxından tanıtmağın faydalı olacağı, maraqla qarşılanacağı əminliyi məni onun ömrünün izi ilə illərin dalğalarında səyahətə çıxmağa ruhlandırdı.
Gülşən Əliyeva 1968-ci il may ayının 23-də Bakı şəhəri Şüvələn qəsəbəsində ziyalı ailəsində anada olub. O, həmin qəsəbədə 156 saylı orta məktəbin 1-ci sinfinə 1975-ci ildə getmiş və 1985-ci ildə orta təhsilini bitirmişdir.
Hələ uşaq ikən Gülşən xanımın atası onu həkim balam deyə çağırırmış. Atasının onun həkimlik sənətinə yiyələnmək arzusu olub. Atasının arzusunu çin etmək üçün G.Əliyeva 1987-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 1993-cü ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmiş və bununla da o ali təhsilli həkimlik sənətinə yiyələnmişdir.
G.Əliyevanın 3 yaşı olarkən atası vəfat edib. Onu internat tipli məktəbdə tibb bacısı işləyən anası Elmira xanım zəhmətlə böyüdüb boya-başa çatdırmışdır.
Hələ tələbə ikən ailə vəziyyətinin ağırlığını duyan G.Əliyeva təhsil almaqla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müharibə və Əmək Veteranlarının Respublika Xəstəxanasında axşam növbəsində tibb bacısı vəzifəsinə işə düzəlir və xəstələrə xidmət edir. Ali təhsilini başa vurduqdan sonra həmin xəstəxanada terapiya şöbəsində həkimlik fəaliyyəti göstərir. O, işgüzar, bacaraqlı fəaliyyətinə görə 2016-cı ildən həmin xəstəxananın 1-ci terapiya şöbəsində şöbə müdiri vəzifəsinə irəli çəkilir.
G.Əliyeva öz mənəvi aləmini zənginləşdirməklə, həkimlik sənətinin sirlərini mükəmməl mənimsəməklə, biliyini artırmaqla, nümunəvi şəxsiyyət kimi xalq arasında yüksək etimad qazanmışdır.
Gülşən xanım ümumiyyətlə tibbin iki hissədən, səhhəti qorumaq və xəstəlikləri müalicə etməkdən ibarət olduğunu xüsusi olaraq vurğulayır. O, insanları sevdikləri sənətin sirlərini dərindən mənimsəyib, kamil mütəxəssis olmağa, əməksevərliyə, intizama, dostluğa və mehribanlığa çağırır, insani münasibətlərdə ülviliyi təbliğ edir. O, sağlamlığı, qaynar təbiəti oxumağa, elmi öyrənməyə həvəsi, təbiətə məhəbbəti, gözəlliyə vurğunluğu ilə digərlərindən fərqləndirən xüsusiyyətlərə malik insandır. O, ürəyinin incə, kövrək duyğuları ilə hamıya mehriban və qayğıkeşliklə yanaşı, hər bir xəstənin şəfa tapmasına çalışır. Onun gələcəyə nikbin gözlə baxan həkim ürəyinin dərinliyindən süzülən kövrək duyğuları, saf vicdanı ilə birlikdə bütöv bir ahəng yaradır. Sənətinə dərin sevgisindən irəli gələn tələbkarlığı onu daha da səylə, əzmkarlıqla işləməyə vadar edir.
G.Əliyeva həyatda əldə etdiklərinə əməyi, iradəsi, fədakarlığı, səyi sayəsində nail olmuşdur.
Gülşən xanım rəhbərliyi altında terapiya şöbəsində şəkərli daibet, hipertoniya (qan təzyiqi), qastrit, xroniki xolesestit, xroniki kolit və s. xəstəliklər uğurla müalicə edilir. Xəstəliklərin diaqnostika və müalicəsi yüksək səviyyədə yerinə yetirilir.
Gülşən xanımın fəaliyyəti layiqincə qiymətləndirilmişdir. Belə ki, “Zəngəzurun səsi” veteran qəzeti onu fəxri fərmanla ilin həkimi, Mərhəmət İctimai Birliyi “Milli Ordu - 100” medalı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) - “25 il” medalı ilə təltif edib.
Bu şərəfli yolda Əliyeva Gülşən Əliqulu qızına uğurlar olsun.
Şahvələd ƏLİYEV,
AMEA akademik H.Əliyev
adına Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi,
biologiya elmi üzrə
fəlsəfə doktoru.
Respublika.- 2020.- 13 may.- S.14.