Müstəqil Azərbaycan daha inamla işıqlı sabahlara doğru

 

Ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınması, insanların saglamlığının qorunması, əhalinin rifah halının yüksəldilməsi istiqamətində respublikamızda aparılan yüksək səviyyəli tədbirlərə görə ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanıb. Bunların arasında cəmiyyətin həssas qruplarından olan insanların məktubları daha çoxdur. Bu günlərdə redaksiyamıza Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun həyat yoldaşı tərəfindən göndərilən məktubu oxucularımıza təqdim edirik.

 

 

Zamandan uca olanlar, xalqının bir neçə on illər və bəzən də yüz illər sonrakı inkişaf yolunu əvvəlcədən müəyyənləşdirən, ömrünü xalqın tərəqqisi, dövlətinin qüdrətlənməsinə həsr edən insanlardır.

 

Çox xoşbəxt bir xalqıq ki, ulu öndər Heydər Əliyevin səyi nəticəsində qüdrətli dövlətin vətəndaşı şərəfinə nail olmuşuq. “Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir.” Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonikdüzgün qiyməti özündə əks etdirir. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafını təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

 

Son 17 ildə isə ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında milli intibahın şərəfli mərhələsini yaşayır. Azərbaycanı bir dövlət olaraq dünyanın diqqətində saxlayan ən mühüm səbəb isə Azərbaycan Prezidentinin gərgin əməyi, yorulmaz fəaliyyəti və şəxsi nüfuzudur. Dövlət başçısı İlham Əliyevin bütün siyasi fəaliyyətində yalnız dövlətçiliyimizə bəxş etdiyi ilklər onun əbədi olaraq Azərbaycan tarixində qalmasına kifayət edir.

 

Prezidentimiz İlham Əliyevin xalqla hakimiyyətin vəhdətinə, ümumxalq etimadına əsaslanan düşünülmüş dövlət idarəçiliyi siyasəti ölkəmizin irəliyə doğru və hərtərəfli inkişafında xüsusi bir mərhələnin yaranmasını təmin etmişdir. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, cəmiyyət həyatının müasirləşdirilməsi, çoxcəhətli böyük inkişafın gerçəkliyə çevrilməsi, regionlarımızın sürətli yüksəlişinə nail olunması bu mərhələnin mühüm reallıqlarını özündə əks etdirir. Ümumiyyətlə, 2003-cü ildən sonrakı dövrün təhlili göstərir ki, Azərbaycan Respublikasının Prezidentinin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müəllifi olduğu, millətinə və dövlətinə başucalığı və qürur gətirən bu ilklərə daim müraciət ediləcək və onlardan öyrəniləcəkdir. Çünki Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla uyğun olaraq olduqca rəngarəng və maraqlı forma almışdır. Fond xeyriyyəçilikdən tutmuş, təhsil, səhiyyə, mədəniyyət, beynəlxalq imicin formalaşdırılmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Əlbəttə, bütün bu uğurları şərtləndirən  şəxsiyyət amilidir. Bu mənada əsas məsələ Mehriban Əliyeva kimi kübar ziyalının, Azərbaycan qadınının ən parlaq cizgilərini xarakterində cəmləyən nəcib xanımın bu quruma rəhbərlik etməsidir.

 

Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb. Ordumuz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan ordusu öz gücünüdöyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Bu döyüşlərdə həyat yoldaşım İmanov Samid Gülağa oğlu qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə ucalmış, ölümündən sonra Ali Baş Komandan İlham  Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bir şəhid ailəsi olaraq, daim Prezidentimizin diqqət və qayğısının əhatəsində olduğumuza bir daha əmin olduq.

 

Son dövrlər dünyanı cənginə almış koronavirus pandemiyası və bu pandemiyadan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və firavanlığı məqsədilə əhaliyə tibbi yardımın göstərilməsi sahəsində islahatlara yönəldilmiş müdrik siyasət, ölkə vətəndaşlarına tibbi yardımın və tibbi xidmətlərin yaxşılaşdırılması üzrə strateji proqram, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən operativ tədbirlər müsbət nəticəsini verib. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdiyiYeni klinikatibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verilməsi Prezidentimiz tərəfindən əhalinin sağlamlığının qorunmasına yüksək diqqətinin bariz nümunəsidir. Eyni zamanda cənab Prezidentin göstərişi və bilavasitə nəzarəti ilə pandemiyaya qarşı mübarizədə əhalinin qorunmasına və iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyinin göstərilməsinə istiqamətlənən tədbirləri alqışlayırıq. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəinki Azərbaycan vətəndaşları, həmçinin beynəlxalq siyasətçilər tərəfindən yüksək dəyərləndirilir.

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünün birdəfəlik kəsilməsinə hədəflənib. Son zamanlar Ağstafa, Yevlax, Biləsuvar, Neftçala, İsmayıllı və İmişli rayonlarında əməliyyatların keçirilməsi, icra hakimiyyəti başçıları, inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən qanuna zidd əməllərə yol verilməsinin qarşısının alınması bir daha onu göstərdi ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mane olan mənfi amillər qətiyyətlə aradan qaldırılır. Əminik ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların deyil, hər bir vətəndaşın işi olmalıdır.

 

May ayının 1-də ölkə başçısı İlham Əliyev respublikamızın yeni baş prokurorunu, Kamran Əliyevi videoformatda qəbul etdi. Prezident qəbul zamanı yeni Baş prokurora öz tapşırıq və tövsiyələrini verdi. Eyni zamanda ölkə başçısı son dövrlərdə rüşvətxorluqla bağlı aparılan mübarizəyə də toxunmuş və gələcəkdə də ölkə üçün vacib olan vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə olduğunu xüsusi qeyd etmişdir. İnkişaf özü davamlı proses olduğu üçün, inkişafın davamlılığını təmin etmək üçün islahatlar həyata keçirilməlidir. Xalqımız ölkə başçısı tərəfindən həm daxili, həm xarici, həm iqtisadi, həm siyasi, həm sosial, həm hüquqi dövlət quruculuğu, həm də digər sahələrlə bağlı mütəmadi şəkildə islahatların şahidi olur. Bu istiqamətdə atılan addımlar struktur islahatlarının daha da modernləşməsinə, şəffaflığına, idarəçiliyin optimallaşmasına, çevikliyinə xidmət edir. Ölkə başçısının rəhbərliyi altında aparılan islahatların güclü siyasi iradəyə söykənməsi bu islahatların ümumdövlət mənafeyi nöqteyi-nəzərindən obyektiv və nəticə əsaslı aparılmasının sübutudur. Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi kadr siyasətinin də, islahatlarının da əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayandığını göstərir.

 

 

 

Badam İMANOVA

 

Respublika.- 2020.- 14 may.- S.5.